Edebiyyat.az » Poeziya » Saqif Qaratorpağın şeirləri

Saqif Qaratorpağın şeirləri

Saqif Qaratorpağın şeirləri
Poeziya
nemət
Müəllif:
22:32, 22 dekabr 2019
1 572
0
Saqif Qaratorpağın şeirləri

 

                        

 

 



Səndən başlanar yollar,

Illər səndən keçər.

əllərindən içər

könlüm sevda camını.

Mən səndən sərxoş,

Sən şeirlərimdən...

Dodaqlarından qanadlanar sözlərim,

Uçub qalxar havaya.

Mən nə birinciyəm,

Nə də sonuncu eşq adlı davaya.

Pəncərəmdə ulduz-ulduz

Sayrışar baxışın.

Bəlkə də bir yağışın

Altında islanmaqdı səadət.

Məhəbbət bitməyən savaşdı,

Qalibi olmaz amma.

İndi hardasan?!

Gözlərindən yol çək bu məhbəsə,

Tellərindən bir ip hör,

At həyatın dibinə...

Tutub çıxım göy üzünə.

 

            ***


Gedirsən,get…

Getməyə

Yerin varsa,qayıtma!

Get,sənə məndən yaxın

Biri varsa,qayıtma!

 

Indi getmək dəbdədi,

Hamıdan getmək olur.

Ancaq yoxdu özündən

Çıxıb getməyin yolu.

 

Mən də çıxıb getmişəm

Gör bir neçə adamdan.

Bəlkə köçəköç oldu,

Yığ boxçanı axşamdan.

 

Tərs kimi,yubanmağa

Nə yağış,nə də qar var.

Getmək istəməyəndə

Heç gecikmir qatarlar.

 

Gör bir neçə il keçib…

Donub getdiyin cığır.

Üşüyən əllərimdən

Sağlarına qar yağır.


            ***


Harda olsam,

mənə bir pəncərə verin,

bir ovuc göy üzü,

bir damla dəniz,

bir zərrə günəş...

ilıq şüaların işığında yuyunsun fikirlərim.

Harda olsam,

gözlərimdən baş alıb

getsin üfüqlər,

Baxışımı üşütsün dağların qarı,

könlümdə ləpələnsin

dənizin suları.

Harda olsam,

yuxuma layla desin anadilin səsi,

eyvanımı isitsin

ətcə balaları civildəşən qaranquşun nəfəsi.

Bir əlçim bulud da bəsimdi...

sıxım közərən həsrətimin üstünə.

Bir ömür yetər mənə,

ulduzları muncuq-muncuq

Iydə qoxulu bir gecə,

bir masa,

bir qələm,

bir ağ varaq.

Bir də

təzəcə doğulan

pişik balası kimi

gözləri açılacaq bir sabah...


 

            ***


Qoy bir azca aldadım

Mən də özümü bu gün.

Deyim,yaman gözəldi

Hər addımı bu ömrün.

 

Kefim ala buludda,

Yoxdu bir ağrım-acım.

Yollarıma düzülən 

Tikanlar da gül açıb.

 

İçimdəki səhrada

Çiçəklər qucaq-qucaq.

Bir də gördün alışdı

Tüstüləyən  bir ocaq...

 

 

Göyərdi doqqazdakı

Quruyan tut ağacı.

Sonsuzluğa göndərdik

Bu səhər ehtiyacı.

 

Uzanıb barmaqlarım,

Uzaq üfüqə çatıb.

Bir qərib ağ gecəni

Çəkib üstünə,yatıb...

 

Sən də fikir eləmə,

Məndən ötrü çəkmə ah...

Xoşbəxtlikdən ölürəm,

Hər şey gözəldi,vallah!


 

                        ***


Çox gözlədin,çıxmadı qanadların,uçasan,

Yüyürüb bir sevginin arxasınca yıxıldın.

Bir yetim bənövşəydi ümidin kol dibində,

Bir gecikən bahara göz açınca yıxıldın…

 

Sən demə yalan imiş div də,qızıl alma da…

Eşitdiyin nağılın hamısı boşa  çıxdı.

İçib göz yaşlarını dərdin elə böyüdü,

Çoxu küsənib dedi,bəxtəvər dağa çıxdı.

 

İndi özün tutuşub öz oduna yanırsan,

Bir əlçim bulud da yox,qəzəbini soyuda.

Dərdini danışmağa bir uçuq divar da yox,

Axı uşaq deyilsən,səni kimsə ovuda.

 

Bəs kimə üz tutasan,kimə gileylənəsən?

Dünya çoxdan beləymiş, vəfasız çıxdı hamı…

Deyirdi “qayıdacam” o zalım balası da…

Gedənlər geri dönmür,yollar udur adamı.

 

 

Nə gələn var,nə gedən…durnalar köçüb gedir...

Qapını külək döyür,pəncərəni yağışlar.

Sən onun günahından ürəyində keçmisən,

Nə ola,dönüb deyə bircə dəfə “bağışla...”

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)