Özdəmir Asəfin şeirləri Azad Qaradərəlinin tərcüməsində...
ÖZDƏMİR ASƏF
(1923-1981)
Hər dəfə Türkiyədən vətənə dönəndə bir xeyli kitabla gəlirəm. O kitab bağlamalarında sevdiyim türk şairi Özdəmir Asəfin də kitabları hökmən olur. Şairin şeirlərindən bir bölümünü “Yazı” dərgisinin hansısa sayında vermişdim. Yeni ilin lap ilk günlərində böyük şairi yenə yad etdim. Oxudum və bir neçəsini də çevirdim. Köhnə çevirdiklərimlə yeniləri qarışdırıb edebiyyat.az-ın oxucularına yeni il hədiyyəsi kimi göndərirəm.
Azad Qaradərəli
YENİ ÇEVRİLƏR
Eşq
Sən böyük çöllərdə bir qələbəlik kimisən,
Dərin dənizlərdə nadir bir balıq kimisən.
Bir isidir, bir üşüdür, bir ağladır, bir güldürür;
Sən həm bir xəstəlik, həm də sağlıq kimisən.
Həsrət
Səni tapmaqdan öncə aramaq istədim.
Səni sevməkdən öncə anlamaq istədim.
Səni bir yaşam boyu bitirmək deyil də,
Səni lap, lap yenidən başlamaq istədim.
Lavinia
Sənə getmə demiyəcəm.
Üşüyürsən pencəyimi al.
Günün ən gözəl saatların bunlar.
Yanımda qal.
Sənə getmə demiyəcəm.
Yenə də sən bilərsən.
Yalan istəyirsən yalan deyim
İsinirsən.
Sənə getmə demiyəcəm.
Amma getmə, Lavinia.
Adını gizləyəcəm
Sən də bilmə, Lavinia.
“YAZI”NIN ARXİVİNDƏN
Təlaş
Yaşamaq deyil,
Məni bu təlaş öldürəcək
Altıncı gün
Mənim söyləmək üçün çırpındığım gecələrdə,
Siz yoxdunuz.
Eqo
Son qədəh içilmiş,
Son söz deyilmiş.
Bir düşüncə sardı hamısını..
Bir xatirə,
Bir ehtiras.
Bir qısqanclıq,
Bir azmaq,
Bir qardaşlıq,
Bir yanlışlıq,
Bir kin,
Bir ümid.
Bir şey..
İnsana aid.
Altro*
Nəğmə söyləyirmişəm
Küçələrdə,
Görmüşlər.
Yerə baxırmışam
Qaçarkən,
Duymuşlar.
Sonrasını özləri uydurmuşlar.
-------------------------------------------------------------------------------------------
*İtalyanca, dəyişik, başqa.
Jüri
Bütün rənglər eyni dərəcədə kirlənirdi,
Birinciliyi ağa verdilər.
Saatınız
Bir baxırsan üç
Baxırsan heç.