Ziqfrid Lenz - Bir hökümət tərəfdarı
Bir dəfə “həftəsonu gəzintisinə” dəvət edilmişdik. Xalqın höküməti nə qədər ürəkdən dəstəklədiyini biz jurnalistərə göstərmək istəyirdilər.
Gedəcəyimiz yer ilə bağlı qəzetlərdə yazılanların heç birinin əsli-əsası yox idi: deyirdilər oranın xalqına təzyiq və işgəncə edildiyi, camaatın acından qırıldığı və hələ bir üstəlik xalqının müstəqil olması üçün ayağa qalxdıqları ilə bağlı xəbərlərin hamısı uydurmadır, yalandır! Bütün bunların yalan olduğunu göstərmək üçün çox nəzakətli şəkildə bizə o bölgəyə getmək təklif olunmuşdu. Opera binasının arxasında, tərtəmiz qiyafətdə bizi gözləyən məmur da bizləri böyük nəzakətlə qarşıladı və orada duran bələdiyyə avtobusuna mindirdi.
Avtobus təptəzə, yağın içində idi. İçərisində hələ də cilanın və dərinin təzə-tər qoxusu vardı. Radiodan ahəstə bir musiqi havalanırdı. Avtobus tərpənən kimi, məmur mikrofonu dartıb əlinə aldı, əvvəlcə dırnağını gümüş sim hörgüsünün üstündə gəzdirdi, sonra mülayim səslə, hamımıza yenidən “Xoş gəlmisiniz!” dedi və özünü təqdim etdi: - Mənim adım Qarekdir – dedi. Səsində xeyli hörmətcil bir əda var idi. Daha sonra Qarek bizə paytaxtın gözəlliklərini göstərib danışmağa başladı: parkların adlarını və saylarını deyir, kiçik təpənin üstündə tikilmiş nümunəvi məhəlləyə diqqətimizi çəkir, səhər şəfəqlərindən par-par parıldayan məhəllənin necə tikildiyini bittə-bittə söyləyirdi.
Şəhərdən çıxanda yol iki yerə ayrılırdı, biz dənizi arxamızda qoyub düzənlik tərəfə üz tutduq. İki yanımızda da qəhvəyi rəngdə yamaclar, irili-xırdalı daşların bol olduğu çöllüklər uzanırdı. Dar bir keçiddən keçib yoxuşdan aşağıya doğru endik, bir quru çayın yatağı üzərindən keçən körpünü adladıq. Körpünün üstündə çiynindəki avtomatı ilə qürrələnirmiş kimi dayanmış gənc bir zabit görünürdü, yanından keçəndə gülümsəyərək bizi salamladı. Qupquru çay yatağında, suyun böyür-başını yalamasından qar kimi ağarmış çay daşlarının arxasında da iki gənc əsgər dayanmışdı. Qarek, hərbi təlim keçirilən ərazidən ötdüyümüzü bildirdi.
Yüngülvari yoxuşluq yoldan keçib düzənliyə çıxdıq. Ətrafdakı istidən adamın dili çölə çıxırdı. Açıq pəncərədən içəriyə dolan toz-torpaq gözlərimizi yandırırdı. Dodaqlarımızda torpağın dadı hiss olunurdu. İstidən pencəklərimizi çıxarmalı olduq. Təkcə Qarek pencəyini soyunmamışdı. O, asta səslə, əlində tutduğu mikrofonla açıqlamalar edir, burdakı ölü torpağı əkin-biçinə yararlı hala gətirmək üçün hökümətin gördüyü tədbirləri sayıb tökürdü. Bu dəmdə yanımda oturan yoldaşımın başını arxaya söykəyib gözlərini yumduğunu hiss etdim. Dodaqları tozdan ağappaq olmuşdu, oturacağın nikelli künclərinə dirədiyi əllərinin üzərində səthə çıxmış mavi damarları gözə çarpırdı. Avtobusun güzgüsündən mehriban baxışlı bir cüt gözün bizi süzdüyünü görəndə yanımdakı yoldaşımı dürtmələmək istədim. Amma, mənim hərəkət etməyimə ehtiyac qalmadan Qarek gülümsəyərək ayağa qalxdı, yanımızdan keçərək arxaya doğru addımladı. Əvvəlcə hamıya nazik kağıza sarılmış çöplər payladı, sonra isə buzxanadan çıxardığı meyvə sularına, qazlı suya oxşayan içkilərə bizi qonaq elədi.
Günorta üstü bir kəntdən keçdik, bu kəntdəki evlərin pəncərələri portağal yeşiklərindən sökülmüş taxta parçaları ilə mismarlanmışdı, quru budaqlardan hörülmüş dəlik-deşik çəpərlər çöldən əsən küləyin təsiri ilə üzüqoyulu yerə sərilmişdi. Evlərin düz damlarının üstündəki paltar iplərindən bircə paltar da asıldığını görmədik. Hətta, kəndin bulaqları da taxta pərdələri ilə örtülmüşdü. Nə avtobusun arxasınca qaçan bir it səsi eşidilir, nə də insan qaraltısı gözə dəyirdi. Sürətimizi heç yavaşlatmadan kəndin içindən keçib getdik. Avtobus keçdiyi yerlərdə toz-torpaqdan ibarət kül rəngli bir iz qoyub gedirdi: bu bir növ uzanıb gedən bir cəfa, dərd izi idi.
Qarek, oturacaqların arasındakı dar cığırdan keçərək, arxaya, yanımıza gəlib sandviçlər payladı, gülər üzlə gedəcəyimiz yerə lap yaxınlaşdığımızı xəbər verdi.
Artıq düzənliyi keçmiş, qırmızı torpaqlı, çala-çuxur bir yerə girmişdik. Ətrafa səpələnmiş irili-xırdalı qayalar, bunların arasında adda-budda boz kolluqlar gözə dəyirdi. İki təpəliyin arasından tunelə oxşayan dar bir keçiddən keçərək yüngülvari aşağıya doğru əyilən bir yoxuşla enirdik. Barıtın zərbəsi ilə parça-parça olmuş qaya qalıqlarının kölgələri qəribə şəkildə dik daşların üstünə düşürdü.
Avtobusun içinə cəhənnəm istisi dolmuşdu. Tədricən yol genişləndi və qarşımızda bir çay yatağının uzandığı vadi və çayın kənarında salınmış kənd görünməyə başladı.
Qarekin əl işarəsiylə pencəklərimizi əynimizə geyindik, avtobus yavaşladı, palçığın günəşin istisindən bərkiyib daşlaşdığı bir yerdə, ağ əhənglə suvanmış bir daxmanın qarşısında dayandıq.
Avtobusdan düşərkən üzümüzə vuran əhəng ağlığından gözlərimiz qamaşdı. Avtobusun kölgəsinə sığındıq və siqaretlərimizi ağzımızdan çıxarıb atdıq. Gözlərimizi qıyaraq Qarekin içinə girib yoxa çıxdığı daxmaya baxırdıq.
Bir müddət eləcə gözlədik, axırda Qarek heç birimizin tanımadığı bir nəfəri yanına salıb bayıra çıxardı.
Buyurun, bu Bela Banzodur! – deyib, kişini göstərərək: Banzo bəyin əlindəki işini qurtarmasını gözlədiyimçün bir az gecikdik. Ürəyiniz istəyəni özündən soruşa bilərsiniz, sizə hər şeyi deyəcək. Buyurun, onu sizin ixtiyarınıza buraxıram!
Biz gözlərimizi Banzoya tikmişdik, baxışlarımızla ürkütməmək üçün onu anlamadığımızı göstərməyə çalışırdıq. O, baxışlarımıza başını yüngülcə irəliyə əyərək qarşılıq verdi. Üzünə baxanda yaşlı olduğu görünürdü, qarayanız idi... Boynunun arxasında qaraya çalan, dərin qırışlar gözə çarpırdı. Evində nəsə bir işlə məşğul olduğu yerdə götürülüb bizim yanımıza gətirilən Banzonun saçları düzgün daranmışdı. Nazik boğazının qırışmış dərisinin üstündəki qurumuş qançırlar sezilirdi, yəqin ki, üzünü qırxarkən ülgücün dəriyə dərindən batırılması nəticəsində ortaya çıxmışdı. Əynində pambıqdan tikilmiş tərtəmiz bir köynək vardı, eynilə pambıq parçadan tikilmiş şalvarı isə ayaq topuqlarına zornan çatırdı.
Banzonun ayağında açıq boz rəngli dərindən tikilmiş, əsgərlərin təlim vaxtı geyindiklərinə çox bənzəyən bir cüt təzə ayaqqabı vardı.
Hamımız bir-bir Bela Banzonun əlini sıxaraq onu salamladıq, sonra başı ilə bizə evin qapısını göstərərk, bizi evə dəvət etdi.
Banzo evə öndən bizim girməyimizi istədi. Girdiyimiz yarıqaranlıq və sərin zalda yaşlı bir qadın vardı, üzü aydın görünməsə də, içəri sızan işıqdan təkcə başındakı yaylığını seçə bilirdik.
Yaşlı qadın bizi əvvəl heç vaxt dadmadığımı bir meyvəyə qonaq elədi. Yumruq böyüklüyündə, içi qırmızıya çalan bu meyvə bol sulu idi. Birinci dəfə dişləyəndə elə bilirsən açıq bir yaranı dişləyirsən.
Bir qədər Banzonun daxmasında oturduqdan sonra yenidən o toz-torpaqlı yerə çıxdıq. Avtobusun ətrafına ayağıyalın uşaqlar yığışmışdı. Onlar yerlərindən tərpənmədən, öz aralarında danışmadan durub Banzoya baxırdılar. Heç biri ondan gözünü çəkib bizlə danışmırdı. Banzo isə üzündən çətin anlaşılan bir ifadə ilə, qürurlu bir təbəssümlə gülümsəyirdi.
Pottiqiysser ondan soruşdu: Uşağınız varmı?. Bu ona ünvanlanan ilk sual oldu. Banzo qəribə bir şəkildə gülümsəyib: - Bir oğlumuz var idi – dedi, - İndi onu unutmağa çalışırıq. Hökümətin tərsinə getdi. Özü də tənbəlin biri idi. Əlindən heç bir iş gəlmirdi. Gedib ölkəni qarışdıran anarxistlərə qoşuldu. Güya, höküməti devirəcəkdi kişinin oğlu. Güya, bunlar gələndə hər şey daha yaxşı olacaqdı!” Banzo bunları asta, ancaq insanı deşib keçən bir səslə deyirdi. O danışarkən qabaq dişlərindən birinin yerində olmadığını gördüm.
Pottiqiysser ona cavab verdi: - Nə bilirsən, bəlkə həqiqətən daha yaxşı olacaqdı?
Bu sualı eşidən Qarekin kefi açıldı və güldü.
Banzo: - Hökümətlə hökümətlik eləmək olmaz. Xalqın işi hökümətə boyun əyməkdir. Kimsə zorla, kimsə də öz xoşu ilə əvvəl-axır boyun əyər. Bu hökümət getsə güya kim gələcək ki, o birilərini də tanıyırıq də, işləri-gücləri vəd verməkdir.
Uşaqlar uzun-uzadı bir-birlərinə baxırdılar.
- Axı, müstəqillikdən daha yaxşı vəd nə olsun?
- Müstəqillik qarın doyurmur. Ölkə kasıb olandan sonra müstəqil olub neynəyəcəyik? Bu hökümət gələndən sonra biz xaricə mal satmağa başladıq. Bu hökümət yollar, xəstəxanalar, məktəblər tikdi. Ölkəyə mədəniyyət gətirdi və mədəniyyəti yaymağa çalışır. Hələ bütün bunlar bir yana, hamımıza seçmək hüququ verdi.
Uşaqlar arasında ani bir sıxlaşma oldu, ələ-ələ tutub özləri də bilmədən bir az önə doğru gəldilər.
Banzo başını aşağı əydi, üzündə həmin anlaşılmaz razılıq ifadəsi və utancaq bir təbəssüm ortaya çıxdı. Sonra başını qaldırdı, ehtiramlı və çəkinən tərzdə, arxamızda dayanmış Qarekin üzünə zilləndi.
- Həm də - deyə gözlənilmədən sözünə davam etdi – Bizim müstəqil olmağımız üçün müəyyən bir səviyyəyə çatmağımız lazımdır. Tutaq ki, sabah müstəqil olduq, onda nə edəcəyimizi özümüz də bilməyəcəyik. Xalqların da özlərinə görə “həddi-buluğa” çatma yaşları var. Axı, biz hələ o yaşa çatmamışıq. Mən öz adımdam bu höküməti dəstəkləyirəm, çünki o bizə hələ lazımi səviyyəyə çatmadığımız dövrdə atalıq edir. Ürəyimdə hökümətə bağlılıq hissi duyuram. Sözümün kəsəsi budur.
Qarek avtobusa tərəf getdi, Banzo diqqətlə ona baxırdı, avtobusun qapısının örtülmə səsi gələndən sonra biz qupquru torpağın üstündə, onunla birlikdə qaldıq. Özümüzü Banzo ilə rahat hiss edəndən sonra Radioda işləyən dostumuz Finke söhbətə girdi:
- Bizə həqiqəti denən, əslində burda nə baş verir. Tez elə, bax, bu dəqiqə təkik!
Banzo udqundu, təəccüblü və özünün bilməməzliyə vuraraq Finikenin üzünə baxdı: - Sualınızı başa düşmədim! – dedi.
- İndi hər şeyi açıq-aydın danışa bilərsiniz. - Finike həyacanla dedi.
- Nəyi açıq danışım anlamıram? – deyə Banzo ağır-ağır dilləndi. Sonra yenə üzündə həmin saxta və qəribə təbəssümlə başını aşağı saldı, qabaq dişlərinin boş yeri açıq-aydın nəzərə çarpırdı.
- Dediklərim kifayət qədər aydın deyil? Biz bu hökümətin tərəfindəyik. Arvadım da, mən də... Bu gün nəyimiz varsa, nə əldə etmişiksə bu hökümətə borcluyuq. Doğrudur, bu hökümətin etdiyi işləri görən insanlar azdır, biz isə bağlılığımızı qəlbimizdə hiss edirik! Qonşum da eynilə mənim kimi düşünür, burdakı uşaqlar da. Qısası, kəndimizdə hamı belə düşünür. Gedin istədiyiniz qapını döyün və soruşun. Hamısı mənim dediklərimi deyəcəklər. Biz bu hökümətə sadiq adamlarıq.
Solğun bənizli, gənc bir jurnalist olan Qum birdən irəliyə atılıb Banzonun qoluna girdi, ağzını qulağına yaxınlaşdırıb sakit səslə:
- Etibarlı mənbədən aldığım məlumata görə oğlunuzu tutublar, paytaxtın həbsxanalarının birində gecə-gündüz işkəncə verirlər. Buna bir şərh verərsinizmi?
Banzo gözlərini yumdu, göz qapaqlarının üstünə toz-torpaq yapışmışdı; yenə əvvəlkitək qəribə ədayla gülümsəyərək dilləndi:
- Hansı oğlum? Mənim oğlum yoxdur ki, ona işkəncə də versinlər. Biz hamımız hökümətin tərəfindəyik, başa düşdünüzmü? Mən bu hökümətin tərəfdarıyam!
Banzo öz əli ilə bükdüyü siqareti yandırıb dərin bir qullab aldı. Gözlərini tam o əsnada avtobusun açılan qapılarına zillədi. Qerek yanımıza gəldi və söhbətimizin yekunlaşıb-yekunlaşmadığını soruşdu. Banzo onu görən kimi, eləbil xəfifləndi. Ayaqlarının dabanını və pəncəsini növbəylə yerə basaraq, bir növ əylənə-əylənə başqa suallarımızı da cavablayır, danışarkən arada-bir dili qabaq dişlərinin boş yerlərinə keçərkən fısıltılı səs çıxarırdı.
O əsnada qarşımızdan dəryazı çiynində bir kəndli keçdi. Banzo onu yanımıza çağırdı, ayağını sürüyə-sürüyə gəldi, dəryazının dəstəyini yerə dayadı və Banzonun ondan soruşduğu suallara cavab verdi. Bunlar bizim Banzodan soruşduğumuz suallar idi. Kəndli əsəbi-əsəbi başını sağa-sola yellədi, höküməti möhkəm dəstəklədiyini dedi. Aldığı cavablar onun dediklərini təsdiqlədikcə Banzonun üzündə zəfər qazanmış insanın ədası sezilirdi. Axırda hər iki şəxs hakimiyyətə olan sadiqliklərini təsdiqləmək istəyərcəsinə bizim qarşımızdaca bir-birlərinin əllərini sıxdılar.
Artıq sağollaşmaq növbəsi bizə gəlmişdi. Hamı sırayla Banzonun əlini sıxarkən mən ən axıra qalmışdım. Onun sərt, qabarlı əlini əlimə alanda ovcuma kiçicik bir yumrunun düşdüyünü hiss etdim. Barmaqlarımı qatlayaraq yumrunu əlimin içində saxladım və cibimə atdım. Bela Banzo ayaqüstə dayanır, siqaretini tez-tez dodaqlarının arasına apararaq ard-arda dərin qullablar alırdı. Biz getməyə hazırlaşanda arvadı da gəlib Banzonun yanında durmuşdu. Avtobus ordan uzaqlaşarkən Banzo, arvadı və çiynində dəryazı olan kəndli arxamızca baxır, oraya yığışmış uşaqlar qayalar və yöndəmsiz kolluqlarla örtülmüş təpəliklərə dırmaşıb uzaqlaşırdılar.
Gəldiyimiz yoldan qayıtmadıq, göydən od ələnən başqa bir çöllükdən keçib bir dəmir yoluna gəlib yetişdik. Dəmir yolunun yanı ilə uzanıb gedən qumlu və daşlı bir yolla irəliləməyə başladıq. Yol boyu, Banzonun mənə verdiyi bükülü kağız parçasını barmaqlarımın arasında tutur, onu o üz, bu üzə çevirərək içində nə olduğunu müəyyənləşdirməyə çalışırdım. Deyəsən, kağızın ortasında sərt bir şey vardı, dırnaqlarımla nə qədər sıxsam da onu iki yerə bölə bilmirdim. Yumrulanmış kağızı cibimdən çıxara bilməzdəm, çünki sürücünün avtobusun içini göstərən güzgüsündə Qarekin şübhəli baxışı tez-tez mənim baxışlarımla toqquşurdu
Qəflətən üstümüzdən qorxunc bir kölgə keçdi və sonra bu ucsuz-bucaqsız quraqlıq torpaqların üstündə dağılaraq yoxa çıxdı. Pərvanənin gurultusundan bunun dəmir yolunun üstü ilə paytaxta doğru yola çıxmış, xeyli alçaqdan uçan bir təyyarə olduğunu müəyyənləşdirdik. Təyyarə üfüqdə dairə vuraraq böyük bir sürətlə yenidən üstümüzə doğru gəldi və daha yol boyu bizi müşayət etməyə başladı.
İçində sərt bir şey olan kiçik kağız yumrusunu əlimdə möhkəm-möhkəm tutur və Bela Banzonu düşünürdüm. Ovcumun içi azca nəmlənmişdi. Yolun axırında get-gedə bizə yaxınlaşan bir qaraltı gördük. Bu, içində gənc əsgərlərin oturduğu yük maşını idi. Onlar gülər üzlə əllərindəki avtomatları yelləyərək bizi salamlayıb, yanımızdan keçdilər. Diqqətlə cibimdəki kağız yumrusunu çıxarıb heç üzünə də baxmadan pencəyimin saat qoyulan kiçik cibinə atdım və cibimin düyməsini bağladım. Paltarımda bundan başqa düyməli cib yox idi.
Hökümət tərəfdarı Bela Banzonu təzədən düşünməyə başladım. Açıq qəhvəyi rəngli ayaqqabıları, kədərli bir mehribanlıq ifadəsi yüklənmiş üzü, ağzını açıb danışarkən nəzərə çarpan dişinin boşalmış yeri gəlib gözümün önündə durdu. Heç birimiz onun həqiqətən hökümət tərəfdarı olduğundan şübhələnmirdik.
Avtobusumuz bir müddət də dənizin kənarıyla gedərək axırda paytaxta çatdı. Külək, qayalara çırpılan suyun aramsız öpüş səsini qulaqlarımıza gətirirdi. Opera binasının qarşısında Qareklə vidalaşıb bir-birimizdən ayrıldıq.
Tək başına otelə qayıtdım, liftə minərək otağıma çıxdım və ayaqyoluna girərək hökümət tərəfdarının mənə gizlincə verdiyi yumrulanmış kağız topunu diqqətlə açdım. Kağız ağappaq idi, üstünə nə bir hərif, nə də işarə var idi. Bu ağ kağızın ortasına diş qoyulmuşdu. Sarımtıl, üstündə nikotin ləkələri olan qırılmış bir qabaq diş idi. Mən bu dişin kimə aid olduğunu bilirdim.
Tərcümə: Namiq Hüseynli