Edebiyyat.az » Proza » Murad Muradov - Qisas

Murad Muradov - Qisas

Murad Muradov - Qisas
Proza
nemət
Müəllif:
17:38, 12 aprel 2020
1 845
0
Murad Muradov - Qisas

 


 

Səbirsizliklə gözlədiyim gün, nəhayət ki, gəlib çatdı. Yay tətili başladı. Beşinci sinifi əla qiymətlərlə bitirdim. Səsli-küylü, haylı-həşirli doğma Bakımdan bir müddətə ayrıldım. Babamın, nənəmin yaşadığı kəndə getdim. Bu tətili çox səmərəli, faydalı keçirməli idim. Əvvəlcə sizə kəndimizdən danışım.

Quş baxışı kəndimizə baxsaq görərik ki,  yaşıllıqlar içində, dörd bir yanı sıx meşələr olan kənddir. Hər səhər dağların arxasından günəş boylanır. Evlərin damları qırmızı kirəmitlərlə örtülüb. Divarları sarı palçıqla  suvanıb. Qırmızı damları, qızılı rəngli divarları, mavi rənglə boyanmış taxtadan pəncərə və qapıları olan evlər çox gözəl görünür. Evlərin hasarları isə çay daşlarından və çubuqlardan hörülüb. Hasar daşları arasında nəmişlikdən əmələ gələn mamırları baş barmağımla ovub  qoparmağı çox xoşlayardım. Hələ mən sizə buz bulaqların diş göynədən suyunu, insana hüzur verən quşların cəh-cəhini demirəm.

Kəndin saf havasını, bacalardan çıxan tüstünün ətrini heç nə əvəz edə bilməz. Saatlarla iri gövdəli qoz ağacına söykənib kəndimizin mənzərəsinə heyran-heyran tamaşa edərdim. Babam məni hər gün mal örüşünə aparardı. Biz qayıdarkən meşədən quru ağac qırıntılarını şələləyib evə gətirərdik. Bağımızdan müxtəlif meyvələr dərərdik. Dirrikdə bitən göy-göyərti ilə qoyun pendirinin, isti təndir çörəyinin dadından doymaq olmazdı. Kənddə xeyli dostlarım və tanışlarım da var idi. Mirzə, Sərdar və Rafiqlə vaxtımı maraqlı keçirirdim. Mən xasiyyətcə  fağır və utancaq uşaq idim. Hər kəslə dil tapa bilirdim. Qəribə burasıdır ki, bir tək yola getmədiyim- dayım İlyasın qara rəngli, al qırmızı pipikli, uzun və iti mahmızlı xoruzu idi. Ondan zəhləm gedirdi. Dayım bayramlarda kəndin cavanları ilə mərcə gələr, bu görünüşü qorxulu xoruzu başqa xoruzlarla döyüşdürüb pul qazanardı. O, hər gün xoruzu  qucağına alıb, ovucunda qarğıdalı yedirər, bəzən isə ona qara istiot verərdi. Soruşanda mənə demişdi ki, qara istiot yeyən  xoruz həmişə qalib gəlir. Xoruz həyət-bacada toyuq cücəyə, ona baxan hər kəsə  bükülməyən qamətini göstərib, gərilə-gərilə gəzib dolanardı. Hər səhər günəş çıxanda bu axmaq xoruz zəhlə tökən səsi ilə yuxuma haram qatırdı. Bəlkə də, o zənn edirdi ki, məhz onun banlaması ilə səhər açılır. Mənim ondan heç xoşum gəlmirdi. Bu xoruz kənddə olan rahatlığımı pozurdu. Onun əlindən sərbəst gəzə bilmirdim. Bir neçə dəfə fürsət tapıb üstümə də hoppanmışdı. Qorxudan qışqırıb babamı, dayımı səsləmişdim. Bizim xoruzla münasibətimiz hər gün daha da pisləşirdi. Mən ondan qorxduqca o bu vəziyyətdən daha çox yararlanırdı. Hər fürsət düşdükcə mənə hücum çəkirdi.

Budəfəki hücumu pis nəticələndi. Üstümə tullanmaqla kifayətlənməyib mənə xəsarət də yetirdi. Sağ qolumda mahmızlarının izi vardı. Qolumdakı yaradan qan axırdı və göynəyirdi. Bunu gözləmirdim. Bərk qorxdum və çaşmış halda qışqırdım. Babam məni xoruzun əlindən aldı. Yarpaq kimi əsirdim. Ürəyim ağzıma gəlmişdi. Başa düşdüm ki, işlər fırıqdı. Bu belə olmayacaqdı. Bu kənddə ya xoruz, ya da mən qalmalı idim! 

Nəyin bahasına olursa-olsun, bu müşkül məsələni öz xeyrinə həll etməli idim. Qisas alacağıma and içdim. Çox vaxt insanlar ürəklərini sakitləşdirmək üçün intiqam almağa çalışırlar. Mən də belə etdim.

Doqqazı enli, hasarı çubuqdan olan həyətə girdim. Dostum Sərdarı səsləyib çağırdım. Fikrimi ona bildirdim. Dedim ki, mənə kömək eləsin.

Ondan sapand tapmasını xahiş etdim. Sağ olsun. Çox keçmədi ki, tapıb gətirdi. Nəhayət, xoruzla aramızdakı bu xoşagəlməz münasibətə aydınlıq gətirməyin zamanı gəlmişdi. Uzun uzadı həyətimizdə onu güdüb, hücuma keçmək üçün münasib zamanı səbirlə gözlədim. Amma çox keçmədi ki, hövsələm daralmağa başladı. Yaşadıqlarımdan təngə gəlmişdim. Nəhayət, istədiyim oldu. Çömbəlib oturduğum yerdən qalxdım. Cibimdə gəzdirdiyim daşlardan birini sapanda qoyub nişan aldım. Xoruzun çığırtısı   bütün toyuq cücəni qorxutdu. Hərəsi bir tərəfə qaçıb gözdən itdi. Xoruz isə dəyən zərbədən özünü itirib çaş-baş qalmışdı. Onu belə gördükcə qisas hissi mənə ayrı bir zövq verirdi.

Gecikmək olmazdı. İkinci atışla vurduğum zərbə də pis alınmadı. Xoruz qanad çırpır, gah sağ ayağı, gah da sol ayağı üstə atılıb-düşürdü. Mən isə gülür, onun düşdüyü vəziyyətindən həzz alırdım. Üçüncü zərbəm düz başından tutdu. Qəribə səs çıxarıb, yerindəcə hərəkətsiz qaldı. Bax bu, deyəsən, yaxşı olmadı...

Ətrafa   boylandım. Heç kəs gözə dəymirdi. İçimdəki əsməcəni büruzə verməməyə çalışırdım. Ehtiyatla yaxınlaşıb xoruzu ayağımla tərpətdim. Yumağa dönmüşdü. Heç bir hərəkət yox idi...

Yavaşca öz-özümə:

-Aman Allah, mən onu öldürmüşəm,- pıçıldadım.  

“Asta qacan namərddi”- deyib, heç bir şey olmayıbmış kimi, hadisə yerindən uzaqlaşdım. Bir neçə saat evin həndəvərində görünmədim. Məni nə gözlədiyini fikirləşmək dəhşətli idi. Hava da qaralırdı. Məni gözləyən rüsvayçılıqla barışmışdım. Kəndə tərəf qayıdanda rastlaşdığım dostlarım dayımın məni əsəbi halda axtardığını dedilər.

Gizlincə, qapını ehtiyatla açıb, həyətə girəndə qulağımın dibinə dəyən şapalağın təsirindən ayaqlarım yerdən üzüldü. İçimdə nəyinsə qırıldığını hiss etdim. Sinəm, boğazım acı-acı göynədi. Gözlərimdən yanağıma axan yaşı əlimin dalı ilə sildim. Birtəhər özümə gəldim. Qulağımı ovuşdura-ovuşdura dayıma baxdım. 

Dayım başımın üstündə durub, bilmirdi neynəsin, nə danışsın. Bəlkə dişinin dibindən çıxanı desin, bəlkə basıb döysün? 

-“Ay oğraş”, heç bilirsən nə etmisən? dedi. Babam məni  onun əlindən aldı. Yoxsa əzib suyumu çıxardacaqdı, bəlkə də. Halvalıq olacaqdım... 

Bir müddət adamların gözünə görünməyə utanırdım. Elə bilirdim, hamının nəzəri mənə dikilib, hamı mənim sözümü danışır. Uğurlu və ya uğursuz, hər kəsin bir hekayəsi var. Artıq bu əhvalatdan uzun zaman keçib. Mənim qırx yaşım var. Bu gün mənə qarşı kimsə bir pislik etsə yadıma bu əhvalat düşür. Qisas almaq istəyinə görə illər əvvəl qatil olmuşdum. Bir canlının həyatını almışdım. Və ağrısı, cingiltisi hələ də qulağımdan getməyən sillə yemişdim. Çalışıram, hər zaman mərhəmətli olum. Bağışlamaq böyüklükdür. Mən o qara xoruza qarşı qisas hissi ilə alışarkən, bu duyğunun o an üçün yaxşı təsir etdiyini, amma uzun davam etmədiyini indi daha yaxşi bilirdim...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)