Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı (Hekayə)
Səbəbini bilmirəm, amma həmişə mənə elə gəlib ki, bir də heç vaxt Ayşəni görə bilməyəcəm. Qarayanız, ürəyəyatan çöhrəsi, çalışqan, dərslərinə məsuliyyətlə yanaşan, buna baxmayaraq, heç vaxt mənə təbəssüm etməyən Ayşəni nəzərdə tuturam. Hər halda, müşahidələrim bunu deməyə əsas verir.
Kənd uşağı olduğum və kənd məktəbində oxuduğum üçün qəribə bir adətə düçar olmuşduq. Daha doğrusu, bu adəti məktəbin böyük siniflərində təhsil alan uşaqlar yaratmışdılar. Özündən bir neçə yaş kiçik qız sevmirdinsə, işin qəliz olurdu. Lakin bu ənənə sayəsində çox uşaqlar elə ilk sevdikləri qızlarla sonradan ailə qurmuşdular. Deyəsən, mən də küyə düşüb sinif yoldaşım Əlinin bacısı Ayşənə aşiq olmuşdum. Dərd orasında idi ki, Ayşəni məndən başqa gözaltı edən iki nəfər də var idi. Hətta, günlərim onlarla dava-dalaş etməklə keçirdi. Elə buna görə də Ayşən məktəbdə yeniyetmələrin bağrına od salan qız kimi tanınırdı. Bəlkə də heç Əlinin bundan xəbəri yox idi.
Yadıma gəlir, bir dəfə sevgililər günündə uşaq ağlımla onu təbrik etmişdim. O isə “neyniyim” deyə cavab vermişdi. Ayşən mənim yaddaşımda soyadından tutmuş, səs tonuna qədər bütün davranışı və xarakteri ilə yadda qalan uşaqlıq xatirələrimin təcəssümü, dolaşıq və heç bir zaman düyününü aça bilmədiyim yaşantılarımın önəmli hissəsi olmuşdu. Bütün bu olanlar isə sirrini aça bilmədiyim bir söz kimi uzun illər boğazımda düyünlənib qalmışdı. Heç vaxt da başa düşə bilmədim ki, bu nə sirdir?!
İnsanın ən qəddar dövrü uşaqlıq dövrüdür məncə. Kim deyirsə ki, uşaqlar mələk kimi məsumdurlar, bəlkə də yalan deyir. Axı, uşaqlar hərdən çox amansız olurlar? Ona görə ki, onların qeyri-səmimi olub-olmamaq kimi bir seçimləri yoxdur. Onlar ən sərt və ən sonuncu həqiqətləri bütün çılpaqlıqları ilə insanın üzünə vura bilirlər. Ayşən də köhnə məktəbə gətiridiyi qəfil yeniliklə hər gün bu həqiqətlərlə üz-üzə qalmaq məcburiyyətində idi. Demək olar ki, bizim məktəbdə 3-4 oğlan bir qıza dəlicəsinə aşiq olub dava-dalaş salmamışdı. Amma Ayşən bunu bacarmışdı. O, həm də nadir hallarda uşaqlarla ünsiyyət saxlayar və dostluq edərdi. Ola bilsin ki, ünsiyyət saxlamaq istəyirdi, lakin cəhd etməyə qorxurdu. Bütün bu problemlərin fonunda Ayşən sükutun nə demək olduğunu az yaşında öyrənə bilmişdi. Elə indi də Ayşən mənim yaddaşımda dinib-danışmayan bir qız kimi qalıb.
Məktəbi bitirəndən sonra Ayşəni bir daha görə bilmədim. Ailəsi ilə birlikdə kəndi tərk etmişdi. Mən bunu universitetin üçüncü kursunda oxuyarkən öyrənmişdim və uyğunlaşa bilmədiyim şəhər həyatında əlavə zərbə almışdım. Mənə elə gəlmişdi ki, valideynləri onu məktəbə uyğunlaşa bilmədiyi və heç kimlə ünsiyyət saxlamadığı üçün məktəbdən çıxarmış və onun zərər görməməsi üçün kənddən getmişdilər. Lakin sonralar həqiqətin əslini öyrənəndə az qala yer ayağımın altından qaçmışdı. Hətta, hərdən elə bilirəm ki, köhnə rəqiblərdən kimsə qarşıma çxacaq və Ayşənə görə, mənimlə dalaşmağa başlayacaq.
Üçüncü kursu bitirib kəndə gəlmişdim. Bütün küçə yığışıb bizim kəndi su ilə təmin edən arxın girişinə boru salmağa getmişdik. Mən də artıq şəhər həyatı görmüş və ali təhsil alan gənc kimi bu məsuliyyətli işdən boyun qaçırmağı özümə rəva bilməmişdim və bir dəstə adama qoşulub arxa getmişdim. Həmişə olduğu kimi, bu dəfə də bəlkə onu görərəm deyə evlərinin qarşısından keçib qaplarına baxdım və onu görə bilmədim. Halbuki o qapıya baxmaq mənim üçün əzabdan başqa bir işə yaramırdı. Təsadüfən yaddaşım oyanmış və anam tərəfə çevrilib soruşmuşdum:
-Ana, Ayşən yadına gəlir?
Anamın verdiyi cavabdan sonra dünya başıma fırlanmışdı:
-Əlbəttə ki, gəlir. Sənə demək istəmirdim. Ayşənin qardaşı, sinif yoldaşın Əli bir həftə əvvəl həyətdəki tut ağacından özünü asıb öldürüb. Ailəsi də daha kənddə yaşaya bilməyəcəkləri üçün Bakıya köçüb. Eşitdiyimə görə, dünən Ayşənin elçiliyi də olub.
Əlinin ölümü mənim kənddə eşitdiyim ilk intihar hadisəsi idi. O vaxtlar gənc olduğumdan və mənəvi məsələlərə görə, bu hadisə məni həddindən artıq sarsıtmışdı. Lakin yaş ötdükcə eşidənlərdən və bilənlərdən, hətta, o hadisənin canlı şahidi olanların dediklərinə əsasən, öyrəndiklərim mənəvi zərbədən çox, bəşəri faciə kimi yadımda qalmışdı. Əli çox zəhmətkeş həyat yaşamışdı. Atasının istəyi ilə gecə-gündüz evin bütün yükünü çəkməli olan bu gənc oğlan ömrünün bahar çağında məhz ölüm qorxusundan özünü öldürmüşdü. Elə hər şey də onun üzərinə atılan məsuliyyətin nəticəsinə görə, baş vermişdi.
Bir gün mal-qaranı tövləyə salıb qapını bağlayandan sonra bir müddət gəzib, dolanan Əli açarların cibində olmadığını görüb. Həyatını onsuz da qorxuyla keçirən Əli açarları tapa bilməyəcəyi halda başına nə gələcəyini yadına salıb. Bu səbəbdən də hadisəni bir müddət gizlətməyə çalışsa da sonradan vəziyyəti atasına danışıb. Atasının cavabı isə qısa olub: Əgər, axşama qədər o açarları tapmasan, həyətdəki ağacdan səni asacam.
Təkcə, Əlinin özünü asması faciə olmamışdı. Əsl faciə həyətin girişindəki tut ağacından sallanan Əlinin cansız bədəninin şalvarına ilişib qalan açarlar idi. Şahidlərin dediklərinə görə, ağacdan sallanan meyidə baxarkən, adamın gözünə sataşan ilk şey o açarlar imiş. Bilmirəm, Əlinin atası sonralar özünü bağışlayacaqdı, ya yox, ancaq bildiyim o idi ki, heç bir gənc bir tövlə açarlarına görə, ağacdan asılmağa laiq deyildi. Əli qorxudan özünü asmışdı və lazımsız bir açar onun həyatına son qoymuşdu. Əlinin ölümünə səbəb o açarların itməsi idisə, o açarın tapılmasına da səbəb Əlinin ölümü idi. Yəqin ki, Əli kəndirdə çabaladıqca, biraz da sonsuz rahatlığa qədəm qoymuşdu və son nəfəsinə qədər açarların cırıq cibindən şalvarının ətəyinə düşdüyünü bilməmişdi. Həyat isə davam edəcəkdi. Anasının “kaş ki, şalvarın cibini vaxtında tikərdim” deyə nalə çəkməsi və atasının ağlaya-ağlaya üz-gözünü cırması ilə.
Bu yaxınlarında qəbirstanlığa gedəndə Əlinin məzarını da ziyarət etmək istədim. Məzara yaxınlaşanda gənc bir qız və azyaşlı oğlan uşağı gördüm. Kim olduğunu əvvəlcə bilmədim. Lakin qəbrə lap yaxınlaşanda həmin qızın Ayşən olduğunu gördüm. Qəfildən üzümə təbəssüm qondu və gözlərim yaşardı. Ayşən də məni tanımışdı. Özümü toparlayıb salam verdim:
-Salam. Necəsən?
-Salam, çox sağol. Sən necəsən?
-Yaxşıyam. Şəhər həyatına yəqin ki, öyrəşmisən.Niyə də öyrəşmiyəsən, uzun müddətdir oradasan. Ailə qurmusan, yəqin ki, bu da oğlundur?
-Hə, oğlumdur. Adı da Əlidir. Əlinin xatirəsinə görə, qoymuşam. Amma artıq evli deyiləm. Boşanmışam. Həyat yoldaşım içkiyə və narkotikə qurşandı. Nəyimiz varsa satdı. Nəhayət, dözə bilməyib boşandım. Düzü, indi heç harada olduğunu da bilmirəm.
Bir anlıq yanağımın islandığını hiss elədim. Sanki Ayşən dünyaya əzab çəkmək üçün gəlmişdi. Nitqim qurudu və nə deyəcəyimi bilmədim. Əllərimi açıb Əli üçün dua elədim. Başqa nə edə bilərdim ki? Hər şey aydın idi. Balaca Əlinin üzündən öpüb Ayşənlə sağollaşdım və oradan ayrıldım.
Həyatımın bu silinməz xatirələri köhnə, ağ-qara film lenti kimi gəlib, keçir gözlərimin önündən. Ayşənin soyadından tutmuş, Bakıdan kəndimizə gələrkən, sinif yoldaşım olan qardaşının intihar xəbərini almağıma kimi, hamsını xatırlayıram. İndi isə Əlinin illər öncə özünü asdığı ağacın altında oturub xatirələri yada salıram. Bu, o yerdir ki, burada illər öncə Ayşən yaşamışdı. İnsan əzablarına şahid olan bu xaraba qalmış həyət, bu xaraba qalmış ev gecənin vahiməli səssizliyinə qulaq asırmış kimi sükuta qərq olub. Mən isə həmin ağacın altında oturub keçənləri yada salıram. Gözüm uzun illər bəlkə Ayşəni görərəm deyə həsrətlə baxdığım göy darvazaya sataşdı.
-Yaş otun üzərində oturma, soyuqdur. Dur gedək, artıq gecdir.
Dostumun qəfil səsi məni diksindirdi. Ayağa qalxdım. Həzin meh əsirdi. Meh Əlinin özünü asdığı tut ağacının yarpaqlarını oynatdıqca, havanı üzümə üfürürdü. Dərindən nəfəs alıb, ah çəkdim: Allah sənə rəhmət eləsin, Əli!