Edebiyyat.az » Proza » Akşin Xəyal - Yas mərasimi (hekayə)

Akşin Xəyal - Yas mərasimi (hekayə)

Akşin Xəyal - Yas mərasimi (hekayə)
Proza
nemət
Müəllif:
11:04, 11 mart 2019
1 930
0
Akşin Xəyal - Yas mərasimi (hekayə)



 Atam öləndə mənim doqquz yaşım vardı. O, üç il qara ciyər serrozundan əziyyət çəkərək bir səhər gözlərini əbədi olaraq yumdu. Əslində atamın xəstəliyinin müalicəsi vardı və tam sağalaraq yaşaya bilərdi. Amma bizim maddi imkanımız zəif olduğundan onun müalicəsini davam etdirə bilmədik. Məndən böyük iki qardaşım var. Atam öləndə Ramilin iyirmi beş, Rasimin isə iyirmi üç yaşı vardı. Ramil hələ də adını xatırlamadığım özəl bir şirkətdə, Rasim isə mebel sexində usta vəzifəsində çalışmağına baxmayaraq, aldıqları məvacib aylıq dolanışığımıza güclə çatırdı.
 Atam can verən zaman anamı, məni və qardaşlarımı əl işarəsiylə yanına çağıraraq, çuxura düşmüş gözləriylə dördümüzü də son dəfə süzərək keçindi. Qardaşlarım onu yerə sərilmiş döşəyə uzadıb, üzünü qibləyə çevirib, çənəsini və ayaqlarını bintlə bağlayaraq, üzünü örtdülər. Anam qonşulara, qardaşlarım isə telefonla qohum - əqrabaya xəbər verdilər. Qonşu arvadlar yavaş – yavaş bizə axışmağa başladılar. Qohumlardansa ilk gələn əmim oldu. Əmim bizə son dəfə üç il qabaq, atam təzə xəstələnəndə gəlmişdi. Onda da heç çox oturmamış, “Əşi yaxşı olacaq, sağalacaqsan” – sonra da işi olduğunu, tələsdiyini deyib getmişdi. Amma indi otaqda var- gəl edərək, tez – tez “Vah qardaşım, vah!” deməsi mənə biraz qəribə gəlirdi.
 Evimiz yavaş – yavaş adamla dolurdu. Dəhlizdə sanki ayaqqabı sərgisi açılmışdı. Qadınlar atamın meyiti yanında, anamın yanında oturub ağlaşır, kişilər isə qardaşlarıma nəyi necə edəcəkləri haqda məsləhətlər verirdi. Axır qərara gəldilər ki, atamı yumaq üçün məscidə aparmalıdılar.
 Atamı xalçaya bükərək, cənazə daşıyan maşına qoyub məscidə apardıq. İçəridə yuylma işləri gedənə kimi Ramil dedi ki:
- Gedək məsciddən molla götürək.
Dedim:
- Qaqa axı sən deistsən, belə şeylərə inanmırsan.
- Camaatdan ayıbdır, deyəcəklər atasını mollasız götürdü. – Deyib, məscid binasına tərəf yön aldı, mən də onun dalınca.
Məscidin qapısında bizi özünü məscidin baş axundu kimi təqdim edən, əynində uzun əba, başında ağ əmmamə olan biri qarşılayıb:
- Buyurun, nə kimi mökək edə bilərəm? – Dedi.
 Ramil ona, yas məclisi üçün molla lazım olduğunu, amma boş – boş və çox danışan biri olmamasını dedi. Axund gülümsünərək:
- Mollalar içəridə oturublar. Get ürəyin hansını istəyir seç apar, xoşuna gəlməsə o biri məclislərdə gətirib dəyişərsən. – Deyib, əbasının ətəyini yellədə - yellədə məscidin həyətində dayanmış qara rəngli bahalı maşınına tərəf getdi.
Ramil içəri girib, heç beş dəqiqə keçməmiş bir mollayla qayıtdı.
 Atamın meyiti yuyulduqdan sonra, cənazəsini həyətimizə gətirib blokun ağzına qoydular. Molla ağlaşan arvadları sakitləşdirib, kişilərə cənazə namazı qılınması üçün sıraya düzülmələrini tapşırdı. Fikir verdim ki, mollanın özündən savayı kimsə cənazə namazını qılmır. Kimisi siqaret çəkir, kimisi telefonla danışır, kimisi əlindəki dırnaq tutanla dırnaqlarını tuturdu.
Üç mərasimində həyətimizdə böyük bir çadır qurdular. Hava soyuq və şaxtalı olduğundan çadırın hər küncündə bir qaz peçi quraşdırdılar. Mən də elə bu peçlərin birinin yanında büzüşüb oturmuşdum. Yeməklər paylanır, camaat həvəslə yeyirdi. Qardaşlarım borca girib camaatdan ayıbdır deyə qışın oğlan çağında tər xiyar, pomidora kimi almışdılar. Süfrədə ən bahalı meyvələr, ən bahalı mineral sular düzülmüşdü.
Gözüm mənlə üzbəüz oturan bir dayıya sataşdı. Dayı hər dəfə aş dolu qaşığı ağzına aparanda ağzını dörd o qaşıq boyda açır, dovğadan bir qurtum içərək, göy soğanı ortadan büküb, duza batıraraq görməmişcəsinə ağzına dürtürdü. Qabındakı aş qutardıqda, yemək paylayan uşaqlardan birini çağırıb, yenə gətirməsini dedi. Dayı sanki ömrü boyu özünü ac saxlamışdı ki, atam öləndə gəlib onun yasında yeyəcək. Digər bir yekə qarın dayı yeyib qutardıqdan sonra, bir siqaret yandırıb, dərin bur qullab vuraraq əliylə qarnını sığallayırdı. Başqa birisi başını aşağı salıb qarşısındakı aşı qaşıqlaya – qaşıqlaya yanında oturmuş telefonla oynayan cavan oğlanın dirsəyinə vuraraq, gözüylə süfrəni göstərərək, “ye” işarəsini verirdi.
 Çadırın plastikdən olan qapısı açıldı və içəri əllərində mobil telefon və maşın açarları olan bir neçə yekə qarınlı kişi girdi. Havanın şaxtalı olmasına baxmayaraq, adamların buğlana – buğlana gəlmələrindən bəlli olurdu ki, isti maşınlarından düşüb, çadıra giriblər. Bunları görən Ramil çadırın o başından az qala qaçaraq gəlib, qarşılarında əyilərək, hər biriylə iki əlli salamlaşdı və əliylə “buyurun” işarəsi verib qabağa düşdü. Ramil bir – iki addım ataraq arxaya çönür, onlara dodaqucu gülümsünərək yenə yoluna davam edirdi. Nəhayət çadırın lap o başındakı, mollanın stoluna yaxın boş bir stolda onlara əyləşmək təklif etdi. Ortada yemək paylayan uşaqlardan birini çağırıb, qulağına “Bu stola xüsusi nəzarət elə” pıçıldadı.
Ramilin bu hərəkəti mənə nənəmgilin kəntdəki iti Topuşu xatırlatdı. Topuşun yeməyini hər zaman babam özü verərdi. Babam hardansa evə gələndə darvazadan içəri girən kimi Topuş qaçar onun qabağında təzim edər, sonra da qabağa düşüb, quyruğunu bulayaraq öndə gedər, arada bir arxaya çevrilib, babama yaltaqcasına baxar və düz evin qapısına kimi belə davam edərdi.
Nəhayət molla da yeməyini yeyib bitirdi. Ağzına bir xurma ataraq marça marçla çeynədi və xurmanın çəyirədiyini ovcuna tüpürübnəlbəkinin qırağına qoyub, çayından bir qurtum içərək dedi:
- Oruc Allah – Təlanın bizlərə əmr etdiyi ən vacib beş əməldən biridir. Qardaşlar, bu ayı oruc tutmanız vacibdir. Nəfsinizə güç gəlin, oruc tutun ki, o dünyada mükafatınız cəhənnəm olmasın!
Sonra Qurandan hansısa bir – iki ayəni əlindəki yaşıl üzlü kitabdan ərəbcə oxuyub, Fatihə verərək, gələnlərə təşəkkür etdi. Beləcə hamı iki bir, üç bir yerindən qalxaraq, qapının ağzında qarşısında dəftər oturmuş, qonşumuz Əkbər dayıya yaxınlaşaraq, adlarını o dəftərə yazdırıb, pul verib getdilər.
 Axşam Əkbər dayı qardaşlarrıma bir xeyli pul verdi. Qardaşlarım pulu sayıb, hesablayıb, götürdükləri borcu çıxdılar və yerdən qalan pulla atama çox bahalı bir qəbir daşı sifariş verməyi qərara aldılar. Onlar pulları saydıqca mən həsədlə pullara baxıb düşündüm ki, bu pulla atamın müalicəsini başa çatdırmaq olardı hətta artıq da qalardı.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)