ŞƏHRAM SADIQZADƏ - GÜZGÜ(hekayə)
-Güzgülər ilk dəfə Misirdə istifadə olunub. O zamanlar ruhun yansıması kimi düşünürdülər. Güzgüyə baxırsan və gördüyün şey sənin oradakı əksin yox, məhz ruhundur.
-Professor, bəs bu nə zaman inkar olundu? ,- Rəşid sakitliyi pozacaq ilk sualı verdi.
Professor kürsüsündən ayrılıb auditoriyaya tərəf gəldi. Əllərini döşündə birləşdirib Rəşidi daha sonra isə bütün auditoriyanı süzdü. Doğru sözləri seçərək cavablamaq istəyirdi. Metafizika təhlükəli sahə idi bir dəfə səhv etdinsə bunun ardı da gələcək.
-Əslində inkar olunmadı. Şamanlar var olduqca bu öz təsdiqliyini qoruyacaq. ,- Professor yenidən slaydlara dönərək davam etdi. Növbəti slaydda üstü örtülmüş meyidin üzərində tərs çevrilmiş güzgü vardı.
-Türkiyənin Anadolu bölgəsində hələ də bu adət qalır. Elmin inkişaf etməsi metafizikanın yox olması deyil. Ölən insanların üzərinə səbəbini bilməsələr belə tərs çevrilmiş güzgü qoyurlar. Bu ruhu ilə birləşməsi üçündür.
Artıq auditoriyanın diqqəti əvvəlkindən daha çox cəmlənmişdi. Digər dərslərdə zalı az qala dağıdan tələbələr indi ölü kimi dərsə qulaq asırdılar. Professor slaydı çevirərək yenidən auditoriyaya döndü. Bu dəfə əlində güzgü tutub tonqalın başında duran şaman vardı.
-Öncələr insanlar o biri dünyadakı yansımalarına baxmaq üçün parlaq şeylərə, göllərə, hovuzlara baxarlarmış. Əgər baxdıqları yerdə dalğalanma və ya titrəmə varsa bu fəlakət anlamına gəlirmiş. Buna görə də Qədim Misir və Yunanıstanda qırılmaz metal aynalar hazırlanırdı, beləcə o biri tərəfdəki görüntülərinin pozulmamasını qarantiyə alırlarmış, - Professor bunu deyib susdu. Dərsin müddəti bitmişdi.
Rəşid həmin gün ancaq bu mülahizələri düşünürdü. Vaxtilə metafizikanı çox araşdırmışdı və ixtisas fənni olmamasına baxmayaraq o patokdan başqa birinin əvəzinə girmişdi. Girməsinə səbəb hər gecə güzgü ilə bağlı yuxular görməsi idi. “Yəqin ki, yuxudur” deyirdi öz-özünə.
Gecə yatağında uzanarkən gözlərini tavana dikib özünü hər şeyin təkrarlanmasına hazırlayırdı. Ailəsi rayona hansısa bilmədiyi qohumun üzrünə getmişdilər. Dərsləri olduğu üçün də Rəşid evdə tək qalmışdı. Öz-özünə “Avarkın dediklərin edəcəm, iynəni götürəcəm, hər şey bitəcək” deyirdi. Əslində bütün bunlar evdə gecə boyu tək olacaq birini qorxutmalı idi amma Rəşid zərrə qədər qorxu hiss etmirdi. Öncəki gecə yuxusunda üzünü xatırlamadığı bir avark bu təlimatları vermişdi ona. Hər şeyin bitməsi üçün bunları etməli idi.
Bir gün öncə...
Rəşid yorğun halda evə gəlib birbaşa otağına getdi. Bir neçə gündür ki, normal halda yata bilmirdi. Yatdığını düşünürdü amma gecə boyu gördüyü yuxular ucbatından bütün gün yatmamış kimi əzgin idi. Ən maraqlısı da oyandığı zaman çarpayısında yox, otağındakı güzgünün qarşısında uzanması idi. Bu dəfə də otağına çəkilib bütün bunlar haqqında araşdırmağa başladı. Qarşısına çıxan bütün mənbələr ya rem yuxusundan, ya tez-ləng yuxu fazalarından ya da hansısa beyin problemlərindən danışırdı. Üç saatlıq araşdırmadan sonra axşamtərəfi kompüterini bağlamadan yerinə uzandı. Göz qapaqları çəki daşlarının ağırlığını alıb qalxmağa imkan vermirdi. Yavaş-yavaş qapaqlar bağlandı. Rəşid artıq yatmışdı. Saatın neçə olduğunu bilmədiyi bir vaxtda, birdən bədənində bir hərəkətlənmə başladı. Gözlərini açdığını xatırlamırdı amma torlu da olsa qarşısındakıları görə bilirdi. Otağındakı şkaf güzgüsü ilə üzbəüz dayanmışdı. Yan tərəfdəki kompüter yuxu rejiminə salmışdı özünü. Çarpayıda isə bilmədiyi bir cisim uzanmışdı. O hissəni qaraltı kimi görsə də önəmsəmədi. Addım-addım, yavaş-yavaş güzgüyə yaxınlaşırdı. Güzgüyə yaxınlaşdıqca otağı, yan tərəfdəki kompüteri daha da bulanıqlaşırdı. “Boşluğa doğru gedirəm” deyə düşündü. Düşündüyü kimi də oldu, artıq otağında deyildi. Bayaqkından daha ayıq olsa da hələ də bir çox şey bulanıq idi. Bulanıqlıq aydınlanınca balaca evləri gördü. Bura hara idisə çox qaranlıq və keçmişdən qalma bir yer idi. Balaca daxmalar, bol ağaclar və hansısa sənaye fabrikinin iyi də yox idi. Qorxusuz və sakit vəziyyətdə ağacların arası ilə gəzirdi. Başını qaldırıb səmaya baxdı. Göy üzü onu qorxudan ilk şey idi. Qırmızımtıl rəngdə və mavi ulduzlarla bəzənmiş halda sanki yerə axacaqmış kimi başının üzərində idi. Bura necə gəldiyi və haradan gəldiyini xatırlamırdı amma bütün yolların kənarlarında güzgülər olması ona nəsə deməyə çalışırdı. Bir az da getdikdən sonra işığı yanan bir daxma gördü. İşıq sarı yox düm ağ idi. Əslində insanın gözünü kor etməli idi amma burda elə də mənfi təsir etmirdi. Ağ işıqlı daxmaya yaxınlaşıb qapısını döydü. “Yəqin ki, biri çıxıb harada olduğumu izah edəcək” düşüncəsi ilə göy üzünün fərqli olması fikrini içində basdırıb, qorxmamağa çalışırdı. Uzaqda heyvan nərildədi. Qapını daha sürətli döyürdü. Nəhayət beşinci cəhdində qapı açıldı. Uzun mavi saqqallı, balacaboy, tək gözlü varlıq qarşısında dayanmışdı. Bu varlıq avark irqindən idi. Rəşid avarkı görən kimi yerindəcə donub qaldı. Əlləri və ayaqları əsdiyindən sabit formada dayana bilmirdi, ən sonda dizi üstə çöküb var gücü ilə qışqırmağa başladı:
-Məənnn hardayammmmm?
Avark gülümsəyib Rəşidə yaxınlaşdı. Rəşidin oturmuş halı belə varlıqdan hündür idi.
-Rəşid, mən səni uzun zamandır gözləyirəm.
-Mm...əə..nni? Olanlara anlam verə bilmədiyi üçün dili topuq vurmağa başlamışdı.
-Hə, səni.
-Si.ii.z mm..ə..əni hardan tanıyırsız?
-Sən uzun zamandır ki, buralara gəlirsən. Avark bir az arxaya çəkilib əlini uzaqlıqdakı ağaclara sarı uzadıb davam elədi:
-Hər dəfə gələndə bu evlərə yaxınlaşmırdın. Ağacların arasında dolaşıb gedirdin və mən hər dəfə sənin gəlişini gözləyirdim. Nə zaman gəlirdinsə, ilk dəfə gəlmiş kimi davranıb qayıdırdın.
Rəşid işıq görmüş dovşan kimi boş gözlərlə avarka baxırdı. Bu uzun baxışmağı və səssizliyi yenə də avark böldü:
-Gəl, keçək evə, orada hər şeyi izah edərəm.
Rəşid başqa bir əlac olmadığını görüb daxmaya girdi. Bayaq eşitdiyi heyvan səsi indi daha yaxından gəlirdi. “Ümidvaram heyvandır” deyə düşündü.
Rəşid daxmaya girdikdən sonra çöldən balaca olduğunu görünsə də içəridən çox geniş olduğunu hiss etdi. Hər şey isə ağaclardan, otlardan hazırlanma təbii idi. Hətta peç və üzərində çaydan da vardı. Odundan hazırlanma fərqli bir çaydan idi amma deyəsən yola vermək olardı. Rəşidin çaydana maraqla baxdığını görən avark gülümsəyərək izah etdi:
-Buradakı bir çox şeyi bizə insanlar öyrətdi. Elə bu çaydanı da, bu peçi də.
-İnsanlar? Rəşid yavaş-yavaş özünə gəlirdi.
-Güzgülər kəşf olunduqdan sonra sizin aləmdən bizim aləmə keçidlər açıldı. Fərqli-fərqli keçidlər. Kimisi varlı olmaq üçün gəldi, kimisi də sənin kimi nə olduğunu bilmədən. Bu keçidlər gecələr açılıb, səhərlər bağlanırdı.
Avark çay tökə-tökə, bir tərəfdən də qarışıq da olsa izahını verirdi.
Rəşid hələ ki, nəsə başa düşməmişdi.
-Bunu əvvəldən izah edə bilərsən? Mən necə gəlmişəm? Ümumən bundan əvvəl necə gəlirdim? Rəşid tətikdən əlini çəkməyən döyüşçü kimi suallarını yağdırırdı.
Avark balaca əlləri ilə masadan tutub qalxaraq üzərində oturdu və yenidən gülümsəyərək danışmağa başladı:
-Bizim bu dünyada heç kim ölmür, heç kim də doğulmur. Yəni mən səni, hətta sizin dünyanın bütün sivilizasiyaların belə görmüşəm. Əvvəl bura qılıncla gələn insanlar bir müddət sonra tüfənglə gəlməyə başladılar. Burada sizin dünyadakı kimi sevişmə, cinsi əlaqə də yoxdur. Bunu ömrümüz boyu bir dəfə edirik və uşaqlar da həmin ilk cinsi əlaqədən yaranır. Bizim yaradılma məqsədimiz sizin dünyanızla digər dünyalar arasında tarazlığı saxlamaqdır. Bizə avarklar deyirlər , - Varlıq dayanmadan danışır, Rəşid isə artıq çaşqınlıqdan ziyadə maraqla qulaq asırdı. - Bura gələndə heyvan səsi eşitmisən?
-Bəli, eşitdim. Hətta çox nəhəng idi deyəsən.
-Bax bu pis oldu. Burada heyvan yoxdur, cavan oğlan.
Rəşid tok vurmuş kimi geri çəkildi. Artıq nəsə deyə bilmirdi. Onsuz da bura ayaq basdığı ilk dəqiqələrdən çox şey qaydasında deyildi. Ona görə də bu qoca avarkın izahını gözləyirdi.
Avark davam elədi:
-Burada heyvan yoxdur, o nərildəyən isə bir zamanlar ailəsini qılıncdan keçirən insanları axtaran avarklardan biridir. Yəqin ki, sənin də gəlişini hiss edib.
-Bu avarklar yəni sizlər kimlərsiz? Rəşid stuldan ayağa qalxıb yerdə bardaş qurub oturdu. Bu halda varlığa daha yaxın olurdu. Daha yaxşı eşidirdi.
-Cavan oğlan, fikrin məndə deyil deyəsən. Biz tarazlığı qorumaq üçün yaradılmış irqik. Sadəcə sizin insanlardan tamam fərqliyik. Bir çox irqləri var. Sizdən metrlərcə böyük qiqantlar, cücələr, cin adlandırılıb hisdən yaranan görünməzlər. Hər biri fərqli dünyalardadı və bütün dünyaların G nöqtəsində isə biz varıq.
-Burada hər kəsin boyu belə balacadı?
-Hər kəsin, sadəcə qəzəblilərdən başqa.
-Qəzəblilər? Rəşid bütün bunları yadında saxlamağın mümkünsüzlüyünü başa düşsə də, suallarını yağdırmaqdan çəkinmirdi.
-Qəzəblilər adlandırdığımız bayaq nəriltisin eşidib heyvan sandığın qəbilədir. Bu dünyaya keçən hansısa irq buradan kiməsə zərər verərsə həmin ailə bir müddət sonra qəzəbliyə çevrilib ona zərər verənləri axtarır. Fərqi yoxdur, o irqdən olsa belə kifayətdir. Qisasını aldıqdan sonra andına uyğun olaraq yenidən normal həyatına qayıdır.
-Bəs onların görünüşü necədir?
-Qiqant görmüsən? Qoca avark stoldan düşüb daxmanın küncünə tərəf gedərkən soruşdu. Daxmanın küncündə sandığa oxşar, ağacdan hazırlanma nəsə vardı. Avark onu açıb içindən eskizləri çıxardı. Sualın cavabını gözləmədən davam elədi:
-Bax, belə olurlar əsasən.
Rəşid eskizi avarkın əlindən alıb baxdı. Gördüyü şey düşündüyündən tamam fərqli idi. Qəzəblilər iki metr boyunda qanadlı, boyun fəqərələri çıxıq və yırtıcı heyvan kimi caynaqları , indi gördüyü irqlə bağlılığı təkcə gözü olan varlıqlar idilər.
-Yəqin ki, bunlara görsənmədən qayıtmalıyam?!
-Bəli, amma mən sənə qayıtmaqda kömək edəcəm.
-Yaxşı, bəs sizə necə güvənə bilərəm?
-Başqa çıxış yolun varmı?
Rəşid artıq dalana rast gəldiyini bilirdi və dalandasansa bircə çıxış yolun var: arxaya dönüb addımlamaq. Bütün bunlara baxmayaraq hər şey aydın olmadan da harasa getmək istəmirdi.
-Yaxşı, bəs, bütün bunlar tam olaraq nə deməkdir? Bütün insanlar bu dünyaya gələ bilir?
Qoca avark əlini saqqalına atıb oradan bir tük qopardı. Tükü ovucunun içinə qoyub üzərinə üfürdü. Daha sonra saqqalından bir tük də qoparıb paralel olaraq o birisinin yanına qoyub ona da üfürdü. Rəşid başını uzadıb baxanda artıq iki mavi tük arasında balaca güzgü əmələ gəlmişdi. Güzgü ona öz dünyasını, hətta öz evini göstərirdi. Bir az da diqqətli baxdıqdan sonra otağında olan hər bir şeyi görə bilirdi.
-İzahını verəcəksiz? Bayaqdan hər şeyə baxmaqla kifayətlənirəm, - Rəşidin bütün hisləri bir-birinə qarışmışdı. Dalandan çıxa bilmədikcə də əsəb onun bütün qarışıq hislərini ələ keçirməyə çalışırdı.
Avark isə böyük səbr göstərirdi. Bu dəfə də dərindən və aram-aram nəfəs aldıqdan sonra sözünə başladı:
- Yəqin ki, sənə maraqlıdır o qədər daxmanın içindən niyə mənim daxmama sarı gəlməyin?! Bu ...
Rəşid varlığın sözünü kəsib, sualın cavabını bilən məktəbli kimi həyəcanla önə atılıb:
-Bunda nəsə xüsusi bir şey yox idi, sadəcə bu daxmadan işıq gəlirdi. Mən də nə olduğunu, harada olduğumu bilmək üçün bura gəldim, - dedi.
Qoca varlıq bu dəfə gülümsəməkdən ziyadə qarnını tutub uzun bir şaqqanaq çəkdi. Rəşid istəmisizcə pəncərədən baxıb, səsi çöldəki Qəzəblinin eşidib eşitmədiyinə əmin olmaq istəyirdi. Nəhayət gülməyi dayandırdıqdan sonra davam elədi:
-Sən bura gələndə bütün daxmalarda işıq yanırdı, cavan oğlan. Sənin bu daxmanı görmənə səbəb mənim öz aləmimdən sənin evini izləyə bilməyimdir. Gördüyün bu saqqallar bir başa sənin otağındakı güzgüyə bağlıdır. Sənin bura gəlməyinin səbəbi də elə o otaqdakı güzgüdür.
Bu dəfə gülmə sırası Rəşiddə idi. Ancaq Rəşidin gülüşü əlacsızlıq və qorxudan yaranan gülüş idi.
-Necə yəni? Demək istəyirsən ki, mən otağımdakı güzgü ilə bura gəlmişəm? Bu mümkünsüzdür, qoca.
-Bayaqdan gördüyün hər şey mümkündür bir bu yox? Qoca alçaldıcı baxışlarla Rəşidə baxdı. – Cavan oğlan, imkan ver izah edib bitirim, bir azdan səhər açılacaq və getməsən növbəti gecəyə qədər sağ çıxmağına söz verə bilmərəm.
- Yaxşı, susuram, buyur.
- Sənin otağındakı güzgü hazırlanan zaman necə olubsa bu saqqaldan olan bir tük ora düşüb. Yəqin ki güzgü çox qədimidir, çünki bir zamanlar yaxşı güzgü hazırlamaq üçün insanlar bu dünyadan avarkları aparırdılar. Avarklar çəlimsiz, əlləri balaca və incə olsa da güzgü işindən yaxşı anlayırdılar. Sonra zaman keçdikcə insanlar güzgünün sirrini avarklardan oğurlayıb özləri hazırlamağa başladılar. Avarklardan biri qisas almaq üçün insanlara güzgülərin daxilinə avark saqqalından qoyulmasını da tapşırmışdı. Ona görə də vaxtilə insanlar bütün avarkların saqqalından bir tutam tük götürüb getdilər. Bunu zaman-zaman təkrar edirdilər amma bir müddət sonra heç gəlmədilər.
-Həmin avark bunu niyə eləmişdi?
-İnsanlar avarkların dünyasında çoxlu qiymətli daş-qaş olduğun düşünürdülər. Ona görə də bura gəlib bir çoxumuza işgəncə edərək onların yerini öyrənməyə çalışırdılar. Daha sonra sizin dünyada güzgülərə daha çox ehtiyac oldu və buradan avarkları aparıb dayanmadan işlədərək güzgü hazırladırdılar. Buna görə də içimizdən biri insanlar bilərək deyil də daha çox çaşaraq və gəldikdən sonra da geri dönmə imkanı bizim əlimizdə olsun deyə mavi tük məsələsini ortaya atdı. İnsanlarınız da təbii ki buna inandı.
-Yaxşı bəs mən niyə öncəki gəlişlərimi xatırlamıram? İlk dəfə gəlirmişəm kimidir çox şey.
-Xatırlamırsan, çünki bu da mavi tükün gücüdür. Bayaq dedim axı, idarə etmək bizim əlimizə keçir və necə istəsək elə də edirik. Sən məni tapana qədər bütün gəlişlərini izlədim və hamısını burdan getdiyin anda unutdurdum. Sən hər gəldiyində saqqalımdan bir tük çıxarıb gedişini gördüyüm anda yandırırdım. Öz dünyana qayıtdığında dərhal yuxuya gedib, hər şeyi unudurdun.
-Bəs bu gün də eynisi olacaq?
-Yox,- Avark bir az daha Rəşidə yaxınlaşıb davam etdi,- Bu dəfə elə olmayacaq. Bu dəfə sənə hər şeyi sonlandırman üçün kömək edəcəm. Onun üçün də bəzi şeyləri deyəcəm amma növbəti gecə mütləq etməlisən.
Qoca avark dərindən nəfəs alıb pəncərəyə sarı getdi. Göy üzünün qırmızılığı get-gedə daha çox tündləşirdi. Çöldəki Qəzəblinin nəriltisi dayanmışdı. “Hər şey sonlanacaq” dedi öz-özünə.
Rəşid isə başını əlləri arasına salıb az öncə ortaya çıxan dözülməz ağrını dayandırmağa çalışırdı.
Avark yenidən Rəşidə tərəf dönüb danışmağa davam etdi:
-Bu gün gedəndə bütün bu olanlar yadında qalacaq. Səhər oyananda başında olan indiki ağrılar daha da şiddətlənəcək. Ancaq bütün bunlara rəğmən bu dediklərimi etməlisən. Yoxsa get-gedə davaml bura gəlib getməyin tamamilə ağlını əlindən alacaq. İlk öncə sənə saqqalımdakı tükdən beş ədəd verirəm. Sabah gecə düşən vaxtı ay ən parlaq vaxtında bü tüklərin hər birini yan-yana qoy. Biri uzun biri qısa olsa da yan-yana qoyduğunda hər biri eyni uzunluqda olacaq. Eyni uzunluqda olan kimi beşi də birləşib mavi ışıq saçan, balaca iynəyə çevriləcək. İynəni əlinə aldıqdan sonra ehtiyyatlı olmalısan. Çox itidir.
Rəşid sakit halda qulaq asırdı. Artıq verəcək sualı ya da öyrənmək istədiyi əlavə nəsə yox idi.
Avark danışmağa davam edirdi:
-O iynəni bura keçib gördüyün ilk güzgünün ortasından gələn işığa vurmalısan. İynə boyda dəlikdən keçən işığı iynə ilə tutmalısan.
-İynə ilə tutduqdan sonra nə olacaq?
-Geri dönüb bütün bu olanları unudacaqsan və aramızdakı bütün əlaqə bitəcək.
Bu cavabdan sonra bir müddət səssizlik oldu. Rəşid artıq getməli olduğunu hiss edirdi. Avark yavaş addımlarla qapıya tərəf addımlayıb daxmanın qapısını açdı. Rəşid çətinliklə ayağa qalxıb avarkın arxasınca qapıdan çıxdı. Üzünü göyə tutanda artıq qırmızımtıl yox qırmızı olduğunu görürdü.
-Geri necə dönəcəm? Rəşid bir anlıq bu dünyadan çıxıb getmək istəyirdi.
-Bax bu daxma ilə üzbəüz sonsuz cığırı görürsən?
Rəşid gözünü qıyıb qarşıya baxanda cığırı gördü.
-Bəli. Görürəm.
-O cığırı izlə, Qəzəblilər bu yoldan uzaq olurlar. Cığırla getdikcə bir çox güzgülər çıxacaq qarşına. Hasında öz əksini görsən o güzgüyə tərəf dön. Həmin güzgü otağına açılan qapıdı.
Rəşid heç bir Qəzəbliyə rast gəlmədən otağına geri dönmüşdü. Səhər oyandığında isə yenə güzgünün qarşısında yatıb qaldığını gördü. Bu dəfə nələrisə xatırlayırdı amma yuxudamı yoxsa realdamı olduğunu bilmirdi.
İndi
Artıq hər şey hazır idi. Avarkın dediyi vaxt da gəlib çatmışdı. Rəşid güzgünün qarşısına gəlib beş mavi tükü yan-yana qoydu. Qorxu ilə qarışıq başqa bir hiss də vardı içində. Niyə o qoca avarka inandığını bilmirdi.
Mavi tüklər artıq yaxınlaşmağa başlamışdı.
Bütün bunların nə vaxt başlandığından xəbərsiz idi. Avarkla söhbəti də parça-parça yadında idi. Nədənsə təlimatları unutmamışdı bircə.
Mavi tüklər parlaq işıq saçan iynəyə çevrildi.
Otağına özündən asılı olmadan nəzər saldı. Otağı bir az dağınıq idi. Valideynləri sabah ax.am gələcəyi üçün, bütün bunları həll etdikdən sonra otağı təmizləyə biləcəyini düşündü.
İynəni yerdən ehtiyatla götürüb, əlində saxladı. Yavaş və ürkək addımlarla güzgüyə tərəf yaxınlaşdı. Güzgü hər zaman fərqində olmadan onu öz daxilinə aparırdısa bu dəfə iliklərinə qədər hiss edirdi. Güzgünün içinə girdikcə bütün bədəninin parçalara ayrıldığını hiss edirdi. Turbulent axına düşdükdən sonra özünü dünən yuxusunda gördüyünü düşündüyü dünyada hiss etdi. Bütün bədəni yavaş-yavaş birləşib, özünü tamamladı. Avark “Gördüyü ilk güzgüyə yaxınlaş” demişdi. Rəşid arxasına dönən kimi elə gəldiyi güzgünü gördü. Ortasından incə, mavi işıq süzülürdü. Əlindəki iynəni düşünmədən həmin dəliyə keçirdi.
Boşluqda yuvarlanırdı. Yanından nə keçdiyi bəlli deyildi amma bir çox kölgələr keçib gedirdi.
Boşluqda idi və heç nə düşünə bilmirdi.
Boşluqda idi.
Axından çıxan kimi yerə yuvarlandı. İlk öncə otağına gəldiyi, hər şeyin bitdiyini düşündü amma daha sonra nəm torpaq qoxusunu hiss etdi. Qalxmağa gücü yox idi. Birdən nəsə tərəfindən tutulub dartıldığını hiss etdi. Arxasına dönə bilmirdi. Harasa çatdılar. Nəsə onu dartmağı dayandırdı. Kimsə səsləndi.
-Rəşid, Rəşid, Rəşid...
-Sən..
Rəşid səs gələn tərəfə dönəndə dünən gecə görüb də üzünü xatırlamadığı həmin o qoca avarkı gördü.
-Mən hardayam?
-Bu sual tanış gəlir mənə,- deyib, avark gülümsədi.
-Hələ də sizin bu zibil dünyada nə itim azıb?
Rəşid qorxu içində titrəyə-titrəyə danışırdı.
-Sənin yeni evin bundan sonra buradı. Daha doğrusu son günündü və burdan başqa dünyaya keçid edəcəksən.
Avark bunu demişdi ki, uzaqdan dünən gecə rəsmini gördüyü Qəzəblilərdən biri ona tərəf yaxınlaşırdı. Rəşid nəsə demək istədisə də sözlər ağzından çıxa bilməyib, dilində kilidləndi.
-Çox sağ ol, ulu Atamız.
Qəzəbli qoca avarkın yanında diz çöküb sağ əlini sinəsinə yasladı. Daha sonra ayağa qalxıb Rəşidə tərəf addımladı.
SON