Tural Turan - Xalça oğrusu (Hekayə)
Proza
Tural Turan - Xalça oğrusu (Hekayə)
Məscidin həyətinə toplaşmış kənd camaatı qaşlarını düyünləyib bir qolu polis serjantının biləyinə qandallanmış Sayalı arvada baxırdı. Sayalı arvad başını yerdən qaldırmırdı. Arabir şalını gözünün üstünə çəkirdi ki, ona baxan qonum-qonşuları ilə göz-gözə gəlməsin.
Camaatı məscidin önünə Axundun köməkçisi Yelli Möşü küyləmişdi. Axundunmu tapşırığı idi, ya öz yastığının altından çıxmışdı, orasını bilmirəm. Qarayallı camaatına da bir hay bəsdi. Hamı hoqqa-mərəkə armağıdı. Nəsə olsa, camaat işini-gücünü atır, tamaşaya durur, kişilər çayçıda, arvadlar yolda-yolaqda, bulaq üstə bir həftə həmin hadisədən gap edir... Ta təzə hoqqa-mərəkə, tamaşa qurulana kimi...
Kəndin cavan dindarları bir qolu qandallı arvada atmaca atmağa başladılar:
-Əxlaxsızın biri, əxlaxsız!
-O göydəki Allah səninq əllərinqi qurudajax!
-Tutduğu işə bax bir!
-Ayıvına kül olmuş!
İncəvara, məscidin çəpərinin o tayında qalmış bulaqbaşı, yol-yolaq arvadları dinmirdilər. Eləcə olub-bitənə baxırdılar. Hamını süzürdülər. Bəzən Sayalının danışığından bezib burnunu eşən Kalsühsün Qasıma baxırdılar, bəzən də yanqırları ətinə batmış dırnağını yeyən Tərəkə Temiri süzüb irişirdilər...
...Müstəntiq Tumarlı sözə başlamazdan əvvəl səsini arıtlamağa başladı. Udqundu. Camaatın səsi kəsildi. Dillərindən çıxanlarını baxışlarına çuval-çuval baxışlarına yüklədilər. Sayalı arvada zillənən o baxışları mənəm-mənəm deyən gönü qalın təlxək də həmin yükün altında arxı o tərəfə keçə bilməzdi.
Sonra müstəntiq Sayalı arvada birinci sualını verdi?
-Nə vaxt oğurladın xalçanı?
-Gecə birə işləmiş. Axund gedəndən sonra...
Axundun qaşları düyünləndi. Yumruğu sıxıldı. Sonra müstəntiqə baxıb əlini boşaltdı. Baxışlarını Sayalı arvaddan çəkib aşağı dikdi, sol əlindəki üzüyü ilə oynamağa başladı.
Kapitan Tumarlı isə camaatın baxışları altında sorğu-suala davam edirdi. Aranı yumşaltmaq üçün sualları da mollasayaq verməyə üz qoydu:
-Niyə oğurladın Allah evinin xalçasını?
-Evimiz soyuqdur. Üzr istəyirəm, uşaqlar körpədi. Balacanın 5 yaşı var. Titrəşirdilər. Ürəyim dözmədi. Yoldaşım şəhiddi. Dörd ildir ki, ailəni mən dolandırıram. Səhərdən axşama kimi xəstəxanada oluram. Süpürgəçi işləyirəm. Uşaqlar da torpaq döşəməli damın altında qalır. Birdən ağlıma gəldi ki, məscidin xalçasından kəsib evə gətirim, uşaqların ayağının altına salım.
-Sonra gedib kəsib gətirdinq eləmi?
-Yox, birinci dəfəmə ürəy eləyə bilmədim. Qorxdum.
-Kimdən qorxdun?
-Allahdan, axunddan, dindarlardan, adamlardan, sizin özünüzdən.
-Bəs sonra niyə qərarını dəyişdin?
-Balaca gədəmin üzünə baxdım. Göm-göy göyərmişdi. Sanki tanrı da dedi ki, bu uşağa yazıqdı, nətəri anasan, dur get kəs...
- Bəs niyə kəsirdin, bütöv aparardın də?
-Artığı mənim nəyimə lazım - bir anlıq duruxur - hamı bilir, komamız dördün-üçə bir daxmadı. Başımdakı şalımı açdım, bu şalla evi metrələdim. 7 şal uzunu gəldi, 5 şal eni... Cehizlik yorğan qayçımı çəkməcədən götürüb getdim məscidə. Elə girişdəncə kəsdim. Ayağımda palçıqlı qaloş vardı deyə çox içəri keçmədim. Xalçanı evə gətirdim. Sonra da ürəyim durmadı. Gedib “uçasqovıya” dedim...
Müstəntiq tutuldu. Camaatın zilə qalxan tənəli sözlərini bir qədər yumşaltmaq üçün ikinci sualını verdi:
-Bəs qorxmadınmı Allahın qəzəbinə tuş gələrsən?
Sayalı arvadın çiyinləri titrədi. Bir qədər duruxdu. Xəfifcə udqunduqdan sonra aramla dilləndi:
-Bu 45 ildə Tanrıdan 3 metrlik xalça oğurlamışam. Allah böyühdü, rəis. Bağışdıyar yəqin... Məni bağışlamasa da, atasız tifillərimə görə keçər günahımdan... Kaş ərimi müharibəyə aparmıyeydılar, ölmüyəydi, bu gün mən yox, o çıxaydı camahatın qavağına...
Məscidin qabağına yığışan yaşlılar Sayalı arvadın sözün mıxını hara çaldığını o saat anladılar. Başları yorğun saat əqrəbləri təki ağır-ağrı aşağı dikildi.
..Hamı susmuşdu. Sayalı arvadı polis maşınına mindirib aparmaq istəyəndə başını qaldırıb məscidlə üzbəüz qəbristanlığa – müharibədə həlak olmuş ərinin məzarına baxdı. Kişinin qəbri camaata arxasını çevirmişdi. Elə o da arxadan dilləndi:
-Məni bağışla, kişi. Allahla bu gündən küsülüyük, uşaqlarımızı sənə tapşırıram.
Müstəntiq Sayalı arvadı polis maşınına mindirib apardıqdan sonra azan verildi. Dindarlar məscidə doluşdular. Sayalının tamaşasına gələn yamşaqlı kənd arvadları isə evlərinə dağılışdı. Mən qoyunları xalxaldan açıb örüşə aparanda xalça oğrusunun ayağı qaloşlu körpələri hələ də məscidin qabağında torpağın üstündə oturub oynaşırdılar...
20 noyabr 2019-cu il
Bakı
Qeyd: "Xalça oğrusu" hekayəsi Parisdə nəşr olunacaq "Qafqaz hekayələri"ndə yer alacaq.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ