Edebiyyat.az » Proza » Əli bəy Hüseynzadə - Öksüz yaxud son busə

Əli bəy Hüseynzadə - Öksüz yaxud son busə

Əli bəy Hüseynzadə - Öksüz yaxud son busə
Proza
admin
Müəllif:
21:10, 23 dekabr 2020
299
0
Əli bəy Hüseynzadə - Öksüz yaxud son busə



 Altunsaçın atası Daşdəmir müharibə başlanarkən arkadaşı Hamid bəyin yanına gedər, kəndisini könüllü olaraq yazdırır, müharibə meydanına tələsir. İki ay qəhrəmancasına böyük davalarda bulunduqdan sonra, nəhayət dəhşətli bir vuruşmada köksündən yaralanır. Arxada bulunan xəstəxanaya gətirilir. Tam üç gün duyğusuz düşdükdən sonra uyğudan oyanıb, öləcəyini hiss edər-edəməz gözündən yaş axar bir hal ilə üzünü səmaya tutar:
- Ey böyük Yaradan! Bu ağlamam yaramın ağrısı, ölmək qorxusundan deyil. Zira ağlamaq ərlərin şanına yaraşar şeylərdən olmadığı məlumdur. Burasını eyicə düşünür, gözəlcəsinə bilirəm ki, damarlarında cılxa türk qanı olanlar Vətən, Millət, Hürriyyət uğrunda şəhid olurlarsa, cismən fəqət qayib olurlar, ruhən daima yaşayacaqlarına ümidim pürkamaldır. Tökdüyüm bu həsrət yaşı ilə vətənə istədiyim kibi yardım etmədiyimdəndir. Bunu gözəl anlayıram ki, vətənini sevməyən millətini sevməz, millətini sevməyən hürriyyətini də layiqincə anlamaz.
Bir az sükutdan sonra gözünün yaşını silərək dedi:
- Bu nə, ya? Bir kərə söyləyim ki, ağlamaq ərlərin şanına yaraşar şeylərdən deyildir.
 
Yadındamı doğduğun zamanlar?
Sən ağlar idin, gülərdi aləm!
Bir eyləcə ömür sür ki, olsun,
Mövtün sənə xəndə, xalqa matəm!
 
İş bu həqiqətləri anladıqda ağlamaq olurmu? Ağlamaqdan vücuddakı qeyrətin qayib olduğunu bilmiyormusan? Şimdi vətən duyğusu ilə millət bayrağını yüksəltmək üçün hürriyyət uğrunda ölürkən ağlamaq deyil, gülməliyəm. Bir dəqiqədən sonra yenə duyğusuz olaraq uyuyur. Xəstəxanadakı şəfqət bacılarından Leyla xanım Daşdəmirin bu haliyyətini gördükdə yanına gedər, əlini başının altına qoyur, digərilə ağzına qaç damcı su damlatiyor. Neçə dəqiqədən sonra Daşdəmir gözünü açdıqda Leyla xanımı yanında görüncə işarə ilə ona ərzi-təşəkkür və nəvaziş etdiyini anlatiyor. Bir az sonra yavaşca səslə:
- Xanım əfəndi! Son nəfəsimdir, bənə bir qələm ilə bir də kağız vermənizi rica ediyoram, - dedikdə Leyla xanım bir kağız ilə bir də qələm gətirib Daşdəmirə veriyor. Təşəkkürdən sonra Daşdəmir qızı Altunsaça işbu sözləri yazıyor:
"Sevimli qızım! Səndən ayrılalı tam iki aydır. İki gün bundan qabaq düşmənlə etdiyimiz davada ağır bir surətdə yaralandım. Bir daha diriləcəyimə ümid yoxdur. Son nəfəsimdir ki, sənə işbu bitigi yazıyoram. Ölüm xəbərimi eşitdikdə ağlama! Ağlamaqla ruhumu rahat deyil, incidəcəyini bil,  anla! Mən yüksək bir ideal uğrunda tərki-həyat ediyorum. Təmini-həyat və istiqbalın üçün heç bir qəmim yoxdur. Zira türk milləti-nəcibəsinin yüksək himmətli olmasına ümidim bərkamal olduğu üçün sənin müqəddəratını yalnız millətə buraxdım. Qızım, türkə yaraşar əxlaq yiyəsi ol, həyanı saxla, canın çıxınca namusuna riayət et. Budur, son vəsiyyətim! Anana məndən salam söylə, əvəzimdən onu öpməyi ayrıca bildiriyoram. Son busəmdir deyə, al yanaqlarının yerinə işbu məktubu öpər, əlvida diyorum".
Daşdəmir bitigi şəfqət bacısı Leyla xanıma verərək: Bu bitigi qızım Altunsaça göndərməyinizi rica edər idim... Sizə də əlvida diyorum, - deyə sözünü bitirincə təslimi-ruh edir. Leyla xanım vəqeyi-dilxəraşə ağladıqdan sonra bitigi Altunsaça göndərir.
Qış fəsli... Axşam çağıydı. Soyuğun şiddətindən küçələrdə bir nəfər belə zihəyat görünməyirdi. Altunsaç ürəyi qəmli, gözü yaşlı olaraq kəndi odasında gah əyləşir, gah dolaşıyordu.
- Aman, ya rəbbi! İki aydır öksüzlər kibi yaşayıram, müharibədə bulunan babacığımdan haçan bir xəbər gələcək? - deyə sözünü bitirərkən qapı şiddətli döyülməyə başlar. Altunsaç qapıya doğru gedər, nəhayət, qasiddən bitigi alır-almaz sevinc bir hal ilə anasının yanına əcələ edər:
- Annəciyim! Muştuluğumu ver, babaçığımdan xəbər var. İştə göndərdiyi bitig!" Altunsaçın anası "muştuluğumu ver, babacığımdan xəbər var" sözünü eşidən kibi xəstələnmiş vücuduna yeni bir ruh daxil olur ki, yatağından durur:
- Haydı, oxu, görəlim, babacığın nə yazmışdır, - dedikdə Altunsaç bitigi açaraq oxuyarkən bitig əlindən düşür, kəndisi də bayılır. Anası bu halı gördükdə yavrusunun öksüz qaldığını anlayıb, o da ağlamağa başlar. Nəhayət, ağlamaqdan taqəti gedərək bayılır. Yarım saatdan sonra Altunsaç gözlərini açıb ətrafa baxdıqda anasının da bayıldığını gördükcə ayağa durub bir az sükutdan sonra atasının yazdığını bir də oxuyur: "Bənim üçün ağlama, ağlamaqla ruhumu rahat deyil, incidəcəyini bil, anla!" cümləsilə, "təmini-həyatın üçün para toplamağa müvəffəq olmadımsa, qəmim yoxdur. Zira türk milləti-nəcibəsinin yüksək himmətli olmasına ümidim bərkamal olduğu üçün sənin müqəddəratını yalnız millətə buraxdım" cümləsini oxuyorkən zavallı anasının yanına gedər, atası onların müqəddəratını millətin himmətinə buraxdığını bir həqiqət şəklində anasına göstərməklə həm kəndisini, həm də anasını mütəsəlli edər.
Qəhrəman Daşdəmirlərin öksüz Altunsaçlarını baxalım türk milləti-nəcibəsi nasıl himayə ediyor və edəcək?!
 
"Bəsirət" qəzeti,
22 iyul 1917
Mənbə: Edebiyyatqazeti.az
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)