Amin Namazlı - Dibçəkdəki adamlar.
Proza
Amin Namazlı - Dibçəkdəki adamlar.
Səsləri göydə burula-burula zəngulə kimi qırıq-qırıq olub qayaların üstünə calanan uşaqları lap uzaqdan gördüm. Buludların günün altında işləməkdən yorulub dincəlməyə gedən vaxtıydı deyə gün azacıq dazlaşan kəlləmə vurub keçəlimi işıldadırdı. Bir ayaqlarını yerə qoyub digəriylə taytıya-taytıya gedən uşaq ayaqqabılarının özüylə qaldırdığı tozun, qum dənələrinin içində uşaq olanlarını-yüngül olanlarını külək sevincək uçurdur, qabaqda uşaqlar, arxalarınca isə qum dənələri həvəslə oynaşır. Küləyin qaldırıb yerə çırpdığı bəlkə də mənim kimi təpəsi üstə yerə dəyməkdən keçəlləşən qocaman qum dənələri müdrik adamlar kimi gənc qum dənələrinə baxıb düşüncələrə dalırdılar...
Anam həmişə deyir ki, sənin başın uşaqlıqdan bəlalı olub. Ayağım yurdumuza sayalı olmayıb. Mən anadan olan gün yanı balalı inəyimiz dağdan uçub.İndiyədək də bilmirik ki, bu iş kiminsə qəsdi olub ya inəyimizin başını cavan cöngələrdən hansısa bişirib. Elə vaxt olurmuş ki, günlərlə yeməyə bir qismət çörək olmurmuş. Yadıma gəlir anam çay daşlarından ovuclayıb qazanın içinə töküb qaynamağa qoyar, oxlovla da qarışdırardı. Məni də yuxuya verib inandırardı ki, yatıb- dursam yerin-göyün əyəsi qazanı xaşılnan dolduracaq. ..
Başımızı barmaqlarımızın dərisi daşda-yalaqda qala-qala dərman otları, şəhərlilərin alıb dibçəkdə yetişdirdikləri güllərdən, çiçəklərdən yığıb satmaqla girləyirdik. Bir dəfə yuxuda dibçəkdəki güllərin ağladığını görüb səhər duranda anamdan gizlin bütün dibçəkdəki gülləri çıxarıb arxa tökmüşdüm ki, yurd-yuvalarından ayrılmasınlar, gözlərinin yaşları arxın içində gözəgörünməz olsun ki, heç kim güllərin ağladığını bilməsin. Həmin gün anam dəmir maşanı əlinə alıb kənd aşağı məni teyim-teyim teyləmişdi. Çata bilmədikcə də maşanı arxamca salavoylayıb dabanlarımı, yanbızımı nişan alırdı. Həmin gün axşama kimi evimizdən, anamdan gen gəzsəm də axşamın sazağı məni qulaqlayıb evimizin həndəvərinə kimi gətirdi. İçəri girəndə də bir dəfə anam mitilimi atandan sonra yaylığının ucuyla həm öz gözünün yaşını həm də mənimkini sildi. Əslində məni vurmağa, qarğımağa əli, dili gəlmirdi. Elə olurdu ki, məni döyəndən sonra saatlarla oturub ağlayırdı. İndi fikirləşirəm ki, gör arvadı necə yandırıb-yaxmısamsa, bir gün axşama qədər hirsi soyumayıb. Ağlaşıb, barışandan sonra qolumdan tutub yanında oturdu. Mənə yüzillərin sirrini deyirmiş kimi böyrümə sinib pıçıltıyla güllərin,çiçəklərin nağılını danışmağa başladı:
GİCİTKƏN
Diyarların birində gözəl bir qız olur. O qədər gözəl olur ki, o yana da gedəndə üzərlik fırlamadıqları yeri qalmır, bu yana da gedəndə elə olmur ki, duzu ocağın üstünə əldənləyib kəm gözlərə üfürməsinlər. Az qalırmışlar elə rübəndləsinlər, çarşablasınlar ki, iynə ucu boyda nədir, heç saçın teli naziklikdə açıq yeri qalmasın. Bir yana gedəndə kəndin oğlanları yollara pələsəng olub hərəsi bir qayanın, kolun dalından onu seyr edər, daşı qayanı da özlərinə sipər edib, əlləriylə ağızlarını bərk-bərk qapayar, nəfəs almağa belə ürək eləməzlərmiş ki, qızdan ayıbdır. Elçi elçi dalında gəlir, axşama kimi qapılarında ərasət millət olurmuş. Amma qız heç kimə getmirmiş ki, getmirmiş. Sən demə qızın ürək verdiyi bir kasıb balası varmış. Anası, atası bunu biləndə daş atıb başlarını tuturlar ki, millətdən ayıbdır. Sonra deyəcəklər ki, o cürə varlı hallı, köklü, əsilli-nəcabətli nəsil o cürə qızlarını aparıb lütün birinə verdilər.
Qızın anas- atasının fikrini bilən oğlan pul qazanmaqdan ötrü baş götürüb uzaq ellərə gedir.
Qız da başlayır oğlanı gözləməyə. Nağıl dili yüyürək olar, vaxt ötür, vədə dolanır oğlan gəlmir ki, gəlmir. Bir gün qızın atası qızı zorla varlı-hallı bir oğlana nişanlayır. Vaxt o vaxt olur ki, qızı aparmağa gəlirlər.Elə ki, karvan gəlir qapının ağzını kəsdirir, qız eşiyə çıxıb qapının dalında zibilli bir yerdə oturub oxam-küləm olmuş arzularına ağlayır. Gah sanki qarnına doğru sıxılıb gizlənməyə deşik axtaran gah da şaxa qalxan atlar kimi boğazında döyüntüsünü hiss etdiyi ürəyinin ağrısından qapının dalına sinir. Üzünü göyə, əngin səmaya tutub:
- İstəmədiyimə qismət olunca, zir-zibil olub ayaq altında qalaydım, ot olub heyvanlara yem olaydım.
Elə bu vaxt kəndin hələ gözü açılmamış, həyatın ağrı-acısını görməmiş, boyları uzansa da, lap elə evlənmək yaşına çatsa da hər şeyi oyun bilən, hər şeydə səadət axtaran, axşama kimi özlərinə ər baxınan qızlardan bir dəstəsi qızın başına yığılır ki, gedək səni bəzəyək, başını bağlayaq. Oğlan evi qapının ağzını kəsdirib. Qız elə bir ah çəkir ki, nəfəsi ağzından çıxınca od tutur, nəmlənib sinəsindən baş aşağı su kimi axır. Qızlar onu aparmaq üçün qolundan tutub dartmaq istədiyi vaxt qız durduğu yerdəcə tikanlı bir bitkiyə çevrilir, xırda tikanları qızların əlini dalayır. Qızlar mat-məəttəl qalıb qorxularından və əllərinin acısından dalın-dalın nə təhər götürülürlərsə, onları bir də tinin başında haqlamaq olur. Camaat olanları eşidib tökülüb gəlir.
Elə o vaxtdan həmin bu tikanlı bitki qapı-bacada, zibilli yerlərdə bitir. Elə olur ki, analar əllərinə parçadan, bezdən dolayıb övladlarını onunla döyərək qorxudurlar. Eşq kimi xırda tikanlarının ağrısını heç zaman unutmaq olmur. O gündən bu bitkiyə gicitkən deyirlər. Toxumlayır, törəyir və düzə-dünyaya yayılır.Yayılır ki, əhvalatına inanmayanlara öz ağrı -acısının dadını tikanları ilə göstərsin.
GÜLXƏTMİ
Xətmi adlı bir qızın nişanlısı bərk xəstələnir. Dərdinə dərman tapılmır. Eləmədikləri dava-dərman, gəzmədikləri ocaq,pir qalmır. Oğlan nə yemək yeyir nə su içir, ölü kimi bir qıraqdaca durur. Ət parçasından fərqsiz oğlanın gözlərinin işığı da günü gündən öləziyir. Xətmi hər gün dağdan, düzdən çiçəklər yığır, dərman düzəldir. Yenə də heç bir xeyri dəymir. Oğlan göz görə görə əriyir, əriyib-əriyib yox olur. Ölməmiş, nəfəs ala- ala təbiətə qarışır.
Bir gün Xətmi dağdan çiçək yığanda daşın birinin üstündə oturub ağlayır. Yanağından süzülən göz yaşları qızların barmaqlarına xına yaxdığı daşın, torpağın üstünə düşür. Xınalı daşı allandırır, qızardır. Daş rəngdən rəngə düşür, adam hissləri kimi bu göz yaşından hissə bürünür. Xınalı daş qulaq batırıcı bir səslə ortadan iki bölünür. Xətminin göz yaşları xınalı daşı dilləndirir. Xınalı daş:
- Xətmi, niyə ağlayırsan?
Xətmi cavab verir:
- Bəs nə edim? Elə bir gül qalmadı ki, dərman eləməyim. Hər dərdin dərmanı olan təbiətdə nişanlımın dərdinə dərman yoxdur.
Xınalı daş deyir:
- Elə bir gül bitər ki, sənin nişanlına dərman olar.
Xətmi deyir:
- Kaş mən özüm elə bu rəngdən-rəngə dönən, dünya durduqca duran daşların böyründəcə gül olub nişanlımın dərdinə dərman olardım.Təki nişanlım sağalaydı...
Söz ağzında qurtarmamış Xətmi gülə çevrilir. Elə bir gül olur ki, təkcə nişanlısına yox, bütün insanlara dərman olur. O gülə bir zamanlar Xətmi gülü deyərlərmiş. Sonradan hər yaddan çıxdığı kimi bu gülün də əhvalatı unudulur. Dünyanın üstündən sirr pərdəsi götürülcək, belə şeyləri bilən, eşidən adamlar da bu əhvalatı unudur. Daşları susqunlaşan dünyada nə yaxşı ki, Gülxətmi gülünün özü unudulmayıb.
LALAXAŞ
İrəli zamanda əmi qızı, əmi oğlu olur. Bunlar bir-birilərini sevirlər. Bir birilərindən beşcə dəqiqə aralı dura bilmirlər. Qız haçan ki, səhəngi belinə şəlləyib su gətirməyə gedərmiş oğlan da yanına düşərmiş. Oğlan odun gətirməyə gedəndə də qız atın tərkində gedər, çatını çəkməyə, odunu yükləyib gətirməyə kömək edərmiş. Bir birindən ayrı düşəndə qalanda nəfəsləri kəsilər, gözləri yolları yalayıb iz güdərmiş.Evləri də yan-yana olduğundan bu iki sevgili iki evin də işini birdən tutarlarmış. Əmisi də qardaşı oğlunu harda görsə deyərmiş ki, necə də olsa qızımı sənə verəcəm.
Qız həddi-büluğa çatır. Atası da yavaş-yavaş qızının ayaqlarını əmisi gildən kəsir. Hər iki cavan dərd əlindən bilmirlər başlarına haranın daşını, qayasını çevirsinlər. Üzlərini kimə tutub, yalvarıb-yaxarırlarsa da , heç kəsdən onlara imdad olmur.
Bir gün qız çox çətinliklə bir məktub yazıb toyuğun sinəsinə sarıyıb əmisi gilin həyətinə buraxır. Qapıda odun yaran oğlan qırıntıların içində eşələnən və ayağıyla acgözlüklə bu odun qımpalaqlarının arasında yeməyə nəsə axtaran toyuğu görür. Oğlan da məktubu toyuğun sinəsindən açıb oxuyur, görür ki, qız onu görüşə çağırır. Qız necəsə gözdən yayınır və gəlir çıxır görüş yerinə. Onlar söhbət elədikləri yerdə qəfildən bir oğlan onlara sarı gəlir. Atası qızı həmin bu gələn oğlana vermək istəyirmiş. Qızı da ona tapşırırlar ki, hara getsə gizli-gizli, sinə-sinə güd gör harada veyillənir.Oğlan gəlib onları görüş üstündə tutanda qız əmisi oğluna yalvarır ki, məni bu uçurumdan aşağı at, ölüm.Bununla da hər şey bitsin.
Oğlan razı olmur. O biri oğlan da qollarını çırmalayıb qızmış buğa kimi bunlara sarı gəlirmiş. Bunu görən qız özünü aşağı atmaq istəyəndə əmisi oğlu saçlarından yapışır və ikisi də özlərini saxlaya bilməyib dərəaşağı uçuruma yuvarlanırlar. Araya girən oğlan da peşman olub özünü bunların arxasınca dərədən atır. Üçünün də parçaları, qanları biri-birinə qarışır. Necə deyərlər çıtmıqları göyə çıxır. Parçalarını günlərlə gəzirlər, amma heç cürə yığıb yığışdıra bilmirlər. Günlərlə itlər,toyuqlar onlardan qalan tikələri ağızlarında ora-bura aparırmışlar
Bunların öldüyü yerdə qırmızı ləçəkləri olan bir gül bitir. Ləçəklərin ortasında bir düyməcik, düyməciklə ləçəklərin arasında da qara saçaqlı tellər olur. Deyilənə görə,qırmızı ləçəklər qız, düyməcik sevgilisi, yəni əmisi oğlu, qara tellər isə araya girən oğlan olur. Gülün adına Lalaxaş deyirlər. O gündən sonra bu gül ən çox uca dağ ətəklərində, uçurumlu yerlərdə bitir. Sonra el dilində adı Lalə qalır…
Anam bu əhvalatları danışandan sonra haçan ki, bağa girirəm, dibçəklərdə, qapıda gülləri görürəm, elə bilirəm əhvalatlarını bildiyimə görə bütün güllər mənə göz vurur, orada gülün ləçəklərinin arasında əbədi yatan adamlar bizlərə baxıb kədərlərnir. Bir də gicirtkanlar məni dalamır. Axı mən onların əhvalatını bilirəm…
Mart, 2021.
Mövzuya uyğun linklər: