Edebiyyat.az » Proza » Əlişükür Cavadov - Sığınacaq.

Əlişükür Cavadov - Sığınacaq.

Əlişükür Cavadov - Sığınacaq.
Proza
admin
Müəllif:
19:14, 27 avqust 2021
2 882
1
Əlişükür Cavadov - Sığınacaq.






 Əvvəl sahibim v ardı. 8 ay bundan qabaq öldü. Tək yaşayan qozbel bir qarı idi. Əvvəl bir qız uşağını övladlığa götürmüşdü, onu saxlayıb mehri-məhəbbətini ona salmışdı. Sonra qız 15 yaşında olanda qızın əsl valideyinləri qarının yanına gəlib-[spoiler][/spoiler]getməyə başladılar. Heyvan da olsam başa düşürdüm. Valideynləri qızlarını aparmaq istəyirdilər. Çox get-gəldən sonra qız onlarla getməyə razılaşdı. Qız getdi. Qarı tək qaldı. Əvvəllər qızı tutmayım deyə başımı bağlı saxlayırdı qarı. Qız gedəndən sonra açdı. Qarı dayanmadan danışmağa başlamışdı. Hər gün mənimlə dərdləşirdi. 
-    Getdi. Dünyada bir qızım var idi. O da məni qoyub getdi. Qaldıq bir sən, bir mən.
Mən də başa düşürdüm onu. Baxmayaraq ki, heyvanam amma başa düşürdüm. Axşamlar ulamaq kimi pis bir xasiyyətim vardı. İnsanlar bunu xeyrə yozmurlar. Qarı da son günlər mənə qoşulub axşamlar dərdini bölüşərək sanki ulayırdı. Övladlığının onu atıb getməsi uladırdı onu. Mənim ulamağım insanların da təxmin etdiyi kimi yaxşı nəticə vermədi. Qarı öldü. Meyitini evdən 2 gündən sonra tapdılar. 2 gün hürəndən sonra səsimə qonşular gəldi. Qarı elə mənim daxmamın yanında üzüqoyulu keçinmişdi. Mən də qarı kimi kimsəsiz qaldım... Qızın valideynləri qarının hüzürünü yola verdilər. Qız da gəlmişdi hüzürə. Üzünə çox baxdım ki, məni də özü ilə aparsın. Amma aparmadı. Qarının hüzüründə olmağına baxmayaraq kədərlənməməyinə görə çox acığım tutdu qıza. Təzə anasından əl çəkmirdi. Heyf qarının ona göstərdiyi qayğıdan. Onun bu hərəkətini görəndən sonra mən də üz döndərdim ondan. Bu qız təzə it tapsaydı məni də qarı kimi yadından çıxaracaqdı. Hüzür çadırının yığışdırıldığı gündən küçələr evim olmağa başladı. Hüzür çadırının yığışdırıldığı gündən mənim xoş günlərim də başa çatdı. Küçələr haqqında eşitmişdim. Qarı bəzən danışardı. Amma görünür heç onun da xəbər yox imiş küçələrin amansızlığından. Tərslikdən dekabr ayı idi. Soyuq kəsirdi əl-ayağımı.  Bilmirdim isti yer tapım ya yemək. Həmişə də biri olanda biri olmurdu. Hələ mənimlə eyni talehi yaşayan digər küçə itlərindən çəkdiklərimi demirəm. Onların sıralarına qoşulanadək əməlli-başlı imtahan verəsi olmuşdum. Əvvəl yerlərini bildiyimdən ancaq qaçıb uzaqlaşırdım onlardan. Məni görən kimi də var gücələri ilə qovurdular məni. Elə bil nə isə pis bir şey etmişdim onlara. Sonra yatmağa yer tapa bilmədiyimdən onların yatdığı yerə getməyə məcbur oldum. Əgər getməsəydim qışın soyuğu onsuz da dondurub öldürəcəkdi məni... Gözümü yumub onlar tərəfə addımlayırdım. Gözümü yumanda bütün həyatım keçdi gözümün önündən. İnsanların anamın başına daş bağlayıb suya atmağı, digər qardaşlarımla suyun qırağında çarəsizcə o baş bu baş getməyimiz... Körpə olduğumuzdan hərəmizi bir nəfər apardı. Öz umudumuza qalsaydıq biz elə o suyun başında da acından öləcəkdik. Mən erkək olmadığıma görə ən axıra qalmışdım. Elə bilirdim məni heç kəs aparmayacaq. Ancaq birdən belimdən iki qırış basmış əlin yapışdığını hiss elədim. Məni havaya qaldırıb əvvəl üzümə, sonra cinsiyyətimə baxdı qarı. Mən də öz növbəmdə qarının simasına baxdım. Qarının gözlərində elə həmin vaxtdan tənhalığı görmüşdüm. Çuxura düşmüş gözlərində parıltı ilə bərabər bir küsmüşlük də vardı həyatdan...
İtlər görmüşdü məni. Uzaqdan bərk qaçan it öndə olmaqla hamısı hürərək mənə doğru qaçırdı. Dayandım.  Burdan o tərəfə ayaqlarım aparmadı məni. Amma geri də dönmədim. Nə olacaqsa olsun artıq. Ölməkdisə ölməkdi. Ölsəm yenə qarının yanına gedərəm. Qayıdaram şən firavan qarnıtox günlərimə... Ən öndəki güclü it mənə çatıb özünü mənə elə çırpdı ki, ikimizdə bir yerdə 3 metr aralıya düşdük. O, məndən qabaq ayağa qalxıb yenidən mənə hücüm elədi. Bu vaxta kimi də digər itlər bizə çatıb ona qoşuldular. Hamısı birdən hücüm çəkdi mənə. Hərəsi bir yerimdən dişləyirdi. Hərəsi bir yerimdən tutub özünə doğru çəkirdi. Sağ qulağım da həmin vaxt cırıldı. Hər tərəfim qan oldu. Hər tərəfimdə bədənimə batan dişləri hiss edirdim. Artıq qarının yanını boyladığımı düşünürdüm. Bir tərəfdən ağrılar məni didirdi, bir tərəfdən də sevinirdim ki, ölməyimlə ağrılarım bitəcək, gedəcəm qarının yanına. Hər nə qədər dişlənsəm də müqavimət göstərmirdim ancaq qıvrılırdım. İtlər məni bir qədər didişdirəndən sonra sanki, müqavimətsizliyimi sezib yavaşladılar. Onlara aydın oldu ki, mən ziyan vermək fikrində deyiləm. Məni biraz da didişdirəndən sonra dayandılar. Ətrafımda bir qədər hərlənib çıxıb getdilər. Mən isə əvvəldən qət etdiyim kimi ayrı yerə getmədim. Qanım axa-axa onların yanına gəldim. Və o gündən mən də sahibsiz itlər dəstəsinin üzvü oldum. Yemək problemim əvvəlki kimi qalsa da yatmaq üçün yer problemim həll olunmuşdu. Gəzəndə sürü ilə gəzir, yatanda bir yerdə yatırdıq. Hərənin mənim kimi qəmli bir talehi vardı burada. Onlara baxanda mən yenə şanslı idim ki, qarı ilə xeyli müddət yaşayıb gün görmüşdüm. Dəstə üzvlərinin əksəriyyətinin heç sahibi olmamışdı. Elə küçədə doğulub küçədə də böyümüşdülər... Ən danışmaq istəmədiyim məsələ isə insanların bizə olan münasibətidir. Vallah üstümə cumub məni qana qəltan eləyib sonra aralarına alan bu itlərdən qat-qat pis oldu insanların bizə etdikləri. Dəstədən kiminsə balaları olanda sevinmək yerinə qorxmağa başlayırdı. Uşaqlar neçə dəfə amansızlıqla öldürmüşdü bizim küçükləri. Ən çox da suda boğurdular. O küçüklərin anaları da bəzən dəstəmizdən ayrlılıb tənhalığa çəkilib özünü ölümə tərk edirdi. Bizi maşınla vurmaq isə adi hal idi. Hər dəfə hansımızı isə o cür vurub ya öldürən, ya da ömürlük şikəst edən adam tez maşından düşüb maşınının ön hissəsinə baxırdı. Pis olsa da həmin hissəyə görə pis olurdu. Cansız maşın detalı bizdən qat-qat dəyərli idi. İnsanların dəyər sistemi deyəsən başqa cür idi. Onlar belə məqamlarda təbiətin diktəsi ilə yox pulun diktəsi ilə hərəkət edirdilər. O dəfə biri maşının əzilən yerinə görə necə əsəbləşdisə qabırğaları sınmış Zorkanı təpikləməyə başladı. Yazıq Zorka heç zingildəyə də bilmədi. Meyiti də qaldı asfaltın ortasında... Qışda soyuqdan əziyyət çəkdiyimiz kimi yayda da istidən əziyyət çəkirik. Gün vurub çoxumuzu kor edir. Çox ucuz qiymətə dərman var ki, onunla korluğumuz çəkilib gedir amma onu bizim üçün alan kimdi? Birələrimiz də artır yayda. Qanımızı o qədər sovururlar ki, axırda qanımızı qurudub öldürülər bizi. Yemək problemi bir tərəfə su problemi də bir yandan çıxır yayda. Heç yerdə su tapa bilmirik. Bir dəfə qarının televizorunda insanların sahibsiz heyvanlar üçün qapı önlərinə su qoyduqlarını görmüşdüm. Havalar qızmağa başlayanda gözüm qapı önlərini çox gəzdi ancaq sonra başa düşdüm ki, buranın insanları elə deyil. Buranın insanları bizi birdəfəlik unutmuşdu. Bir çox hallarda kanalizasiya suyu içirik ki, bu da bir müddətdən sonra sağlamlığımızı əlimizdən alır. Bizi öldürənlər az imiş kimi bir ara da itvuranlar peyda olmuşdu. Heç əziyyət çəkib maşından düşmürdülər də. Birdə baxırdıq ki, yanımızdakı yoldaşımız yerə sərildi. Mən əminməm ki, bizə silah versəydilər biz insanlara eynisini etməzdik... Biz çox yaşamırıq. Aydın məslədir ki, ölümə səbəbiyyət verən bu qədər şeyin içində çox yaşamağımız mümkünsüzdür. Kimimizi elə doğulan kimi uşaqlar öldür, kimimizi maşın vurur, kimimizi gün şüası, birə, aclıq, soyuq, isti və.s belə xırda şeylər öldürür. Ancaq öləndə ahımızı da bu dünyada qoyub gedirik. Heç birimiz rahatlıqla ölmədiyimizdən bu dünyaya öz narahatlığımızı pay qoyub gedirik... 
Keçək indiki vəziyyətimə... Sağam. Bir çox dəstə üzvündən fərqli olaraq mən hələ də yaşayıram. Təxminən bir ay bundan qabaq xəbər yayıldı ki, sahibsiz itlər üçün sığınacaq tikilib. Əvvəl heç birimiz inanmadıq. Sonra bizi bir-bir tutub bura gətirəndə gözlərimizlə gördük ki, həqiqətən də sığınacaq varmış. Bir bilsəydiniz necə sevindik. Vaxtında uşaqlığını yaşamayıb küçələrdə səfilliklə keçinən bir çox it balaca küçüklərtək necə bir-birləri ilə oynayırdılar. O dediyim dərman haqqında da baytarlar Qusinin gözünü açanda eşitmişdim. Birəyə görə də dərman vurduqlarından birələrdən də canımız qurtarmışdı. Yeməyimiz də vardı, suyumuz da, yatmağa yerimiz də. Hamımız xoşbəxt idik. Xoşbəxt həyatın qapıları üzümüzə açılmışdı. Cəhənnəmdə yanıb günahlardan arındıqdan sonra cənnətə girmiş bəndələrtək xoşbəxt hiss edirdik özümüzü. Mən yemək yeyib su içdikcə qarının həyatda olduğu günləri xatırlayıb kövrəlirdim. Yəqin indi onun üçün məndən savayı kövrələn yoxdur... 
    ...amma...amma... sanki, xoşbəxtliyi alnımızdan necə silmişdilərsə, onu alnımıza qoyanda da sürüşüb düşürdü... təxminən iki həftə hər şey qaydasında oldu. O məşum iki həftə ki, bitdi hər şey ondan sonra başladı. Cənnətimiz yenidən cəhənnəmə çevrilməyə başladı. Əvvəl baytarlar yoxa çıxdı.  Sonra sığınacağı təmizləyənlər gəlmədi. Sonra isə ümumiyyətlə heç kim gəlmədi. Nə yemək verən tapıldı, nə də su verən. Hamımız qaldıq bir-birimizin üzünə baxa-baxa. Nə demək idi bu ? Zarafat ? Zarafat idisə gülməli deyildi. Zarafat deyildisə nə idi ? Axı bizə yemək və su lazım idi. Yaxşı əgər vermirdilərsə bizi niyə açıb buraxmırdılar ? Qapı kilidli, hasar isə aşılmayacaq hündürlükdə idi. Deyəsən insanlar unutmuşdu bizi. Günlər keçdikcə dayanmadan hürür və zəifləyirdik. Deyəsən lap səhranın ortasında tikmişdilər bu zəhrimara qalmış sığınacağı. Səsimizə heç kim gəlmirdi. İnsanlar bizi ağrılı bir qərar ilə üz-üzə qoymuşdu. Biz sonuncumuz ölənə qədər bir-birimizi yemək məcburiyyətində qaldıq. İlk qurbanlar Lolanın 4 küçüyü oldu. Sonra onsuz da balalarını yemləməkdən və bizim kimi hürməkdən zəifləmiş Lolanın özü yeyildi. Daha sonra küçədə qaldığımız vaxtlar kanalizasiya suyu içməkdən böyrəkləri sıradan çıxmış bütün günü bir küncdə zingildəyən Çita, maşının üstündən keçməyi ilə sağ biləngi sınmış Lama, ən arıq olanımız Vera yeyildi. Mən yenə azdan-çoxdan qarının yanında gün gördüyümdən insanların bizə seçim kimi qoyub getdiyi bu vəhşiliyin iştirakçısı olmaq istəmirdim. Onda görədə yoldaşlarımı yemirdim. Ölümün yaxında olduğunu bilirdim. Biz onsuz da əvvəl axır öləcəyik. Məni təssüfləndirən insanların bu ölümü bizə “pay” qoymaqları idi. Dəstəyə təzə qoşulanda itlərin insanlardan qorxmaqları mənə qəribə gəlirdi. Düşünürdüm ki, onlar qarını görməyiblər, görsəydilər belə etməzdilər. Amma indi görürəm ki, onlar haqlıdırlar. İnsanlar doğurdan da qorxuludurlar... Neçə gündür ki, öldürülən itlərdən yemirdim deyə xeyli zəifləmişdim. Görünür bunu sığınacaq sakinləri də duymuşdular. Ona görə dişlərini qıcaraq mənə tərəf gəlirdilər. Mən isə ilk dəfə sahibsiz itlər dəstəsinə qoşulanda etdiyim kimi yerimdə dayanıb geri addım atmadım. Vaxt çatmışdı. İnsanların mənə qoyduğu “pay” ı qəbul etməli idim.  Gözlərimi yumdum. Qarı cənnətdə oturub gülümsəyərək məni yanına çağırırdı.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)