Edebiyyat.az » Proza » Kənan Hacı - Fəna fasiləsi(roman, ikinci hissə)

Kənan Hacı - Fəna fasiləsi(roman, ikinci hissə)

Kənan Hacı - Fəna fasiləsi(roman, ikinci hissə)
Proza
admin
Müəllif:
12:12, 29 noyabr 2021
1 380
0
Kənan Hacı - Fəna fasiləsi(roman, ikinci hissə)


(davamı)

Xidmətçilər Əliyar bəyin hər tapşırığına fövrən əməl edirdilər. Çaylar içildi, qonaqlar dincini aldı. Söhbət çözələnə-çözələnə nahar vaxtına yetişdilər. Əliyar bəy qonağın qulluğuna ərz etdi ki, Buzovnada, öz mülkündə onun şərəfinə ziyafət düzənlənib, bizi orda gözləyirlər. Təvəqqe edirəm ki, bizim kəndə təşrif buyurasınız. Təklifimi qəbul etsəniz, şərəfyab olarıq.
Aleksandr Düma məmnuniyyətlə razılıq verdi:
-Sizin söhbətlərinizdən doymaq olmur, Əliyar bəy. Hər sözünüz bir ibrətli kəlamdır. Sizin simanızda Şərq qonaqpərvərliyini gördüm. Alicənablığınız və mehmannəvazlığınız qarşısında söz tapmıram. 
Faytonlar hazırlandı və gün günorta olunca kəndə çatmaqdan ötrü yola düşdülər. Yol boyu Əliyar bəy qonağa gördükləri haqda bilgi verirdi. Bakının, şəhərətrafı kəndlərin qısa tarixçəsini nəql edirdi. Yol boyu əkinçilərlə rastlaşırdılar, hər kəs öz təsərrüfatı ilə məşğul idi. Firəngistandan gəlmiş qonağı görüncə çoxu əl saxlayıb heyran-heyran ona tamaşa edirdi. Düma başıyla onları salamlayır, gülümsəyirdi. Qarşılarına əvvəlkilərdən daha sərt və dik yoxuş çıxdı. Yoxuşda atların işini asanlaşdırmaq üçün, həm də Bakını onlardan gizləyən axırıncı təpənin başına tez çatmaq üçün faytonlardan yerə tullandılar. Yoxuşun başına çatanda Xəzər dənizi bütün genişliyi ilə gözləri önünə sərildi. Sanki şəhərə göydən düşdülər. Düma sonralar səfər qeydlərində belə yazacaqdı:
“Bakıya daxil olmaq orta əsrlərin alınmaz qalalarından birinə girmək təsiri bağışlayır. Divarları üçqat olan qalanın qapıları o qədər dardır ki, üç at qoşulmuş arabanı qapıdan keçirmək üçün yan atı açmalı olduq. Şəhərin Şimal qapıları yanında böyük bazar, Şərq memarlıq üslubundan daha çox Qərb memarlıq üslubuna yaxın, daha doğrusu, avropasayağı tikilmiş binalar var idi”.  
Gəlib böyük bir meydana yetişdilər. Bu yerə Kömürçü meydanı deyirdilər. Meydanın ortası tacir-baqqal tayfasıyla dolu idi. Kimi odun satır, kimi saman satır, kimi süd satır, kimisi də kömür satırdı. Dükanların qabağında Şah Abbas vaxtından qalma ağaclar günə çətir tutmuşdular. Alış-veriş üçün gələnlər bu ağacların altında oturub təzədəm çaydan içir, dinclərini alırdılar. Bir qədər kənarda isə şəhər cayılları xoruz döyüşdürürdülər, xeyli adam da başlarına toplaşmışdı. 
Moyne gördüklərini bir ucdan kətana köçürürdü. Şərq ekzotikası rəssamı vəcdə gətirmişdi, dil boğaza qoymurdu. 
Xəzərin sahilində günəş vurmuş naxırlar diqqəti cəlb edirdi, atları çimizdirən uşaqlar gözə dəyirdi. Əliyar bəy nəzərlərini təpələrə zilləmişdi, xəyal onu uzaqlara aparmışdı. Uşaqlıq illəri bu döşlərdə qoyun-quzu otarmaqla keçmişdi. Bu təpələrin belində o qədər dirədöymə, çilingağac oynamışdı ki... 
Artıq gün günortaya çatmışdı. Qonaqlar Əliyar bəyin mülkünə çatınca xidmətçilər yüyürüb atların üzəngisini tutdular ki, onlar atdan rahat ensinlər. Kənd əhli qonaqların pişvazına çıxmışdı. İlk dəfə idi ki, xaricdən gəlmiş qonaq görürdülər, qonaqların geyimi, danışığı, hərəkətləri hamıda hədsiz maraq oyatmışdı. Həyətin ortasındakı çarhovuzun dövrəsində açılıb papaqlayan qızılgüllər göz oxşayırdı, güllərin ətri, rayihəsi ətrafı başına götürmüşdü. Şırıltılı fəvvarənin səsi ruha dinclik gətirirdi. Tağbənd eyvanlı əndərun otaqların pəncərəsindən yaşmaqlı qadınlar baxırdı. 
Əliyar bəy qonaqların şərəfinə açdırdığı təam süfrəsinin hazırlanması üçün uca səslə sərəncam verdi. Bir anın içində burmabuynuz qoç kəsildi, cəmdəklər soyuldu, şaqqalar yan-yana asıldı. Süfrədə bolluq olsun deyə, toğludan, əmlikdən də kəsilib buraya əlavə edildi. Əliyar bəyin aşpazxanasından Xəzər dənizinin sahillərinə doğru çalkeçir tüstülər ucaldı. 
Böyük zalda qonaqlar üçün ziyafət düzənlənmişdi. Əndərun qadınlarının hərəsi bir işlə məşğul idi; kimi tərəvəz doğrayır, kimi təndirin başında durub çörək bişirir, kimisi də ocaq başında dəm alan plovu iri boşqablara çəkir, üstünə zəfəran səpirdi. Qulluqçu qızlar da dotələb idilər, buyurulan işin dalınca ora-bura qaçır, özlərini göstərməyə çalışırdılar. Arada ağbirçək arvadlardan tərifli sözlər eşidib xoşhal olurdular. “Qız deyil, Allah saxlamış, qızıl parçasıdır. Allah saxlasın!”, “Maşallah, çox diribaş qızdular, Allah bəxtlərini gözəl eləsin!”. Qızlar bu tərifləri eşitməkdən ötrü özlərini oda-közə vururdular. 
Plovlar yeyildi, ovşarlar içildi, Tiflisdən gəlmiş iranlı xanəndə Səttar məclisin yuxarı başına dəvət olundu. Əliyar bəy onu ilk dəfə Şamaxıda, Mahmud ağanın məclisində görüb səsinə valeh olmuşdu. Bu nazik vücudlu, ucaboy cavanın əynində qara çuxa, çit köynək, başında quzu dərisindən ağ papaq vardı. Qavalı əlində samballayıb tarzənə “Segah” başlamağı işarə etdi. Xanəndənin lətif, şirin avazı bir anda məclisdəkiləri sehrlədi. Əliyar bəyin ürəyi telləndi, qəlyandan dərin qüllab alıb xoşallandı:
-Əhsən! Əhsən! 
Muğamın ecazı qonaqları da əfsunlamışdı. Səttarın səsi dünyanın faniliyindən, ömrün vəfasızlığından xəbər verirdi. Sanki göy üzü bu səs vasitəsilə onları öz yanına çağırırdı, tədricən yerdən ayrılır, çəkisizliyə düşürdülər. Bu rindanəlik şövqü insanı dünyadan qoparır, dərviş hücrələrinə səsləyir. Əliyar bəy dünya nemətlərindən doyunca dadmış bir adam idi, amma qəlbinin dərinliklərində onu dünyaya zəncirləyən bu varidatdan azad olmaq istəyi dolaşırdı. Var-dövlətini fəqir-füqəraya payladıqca, kasıb balalarının oxuyub təhsil alması üçün məktəblər tikdirdikcə, xüms-zəkat verdikcə qəlbində ilahi bir rahatlıq bərqərar olurdu. Mərhəmət hissi onun üçün əxlaqi bir dəyər idi, övladlarına da bu hissi aşılamağa çalışırdı. “İnsanlara qarşı mərhəmətli olun, bacardığınız qədər xeyirxahlıq edin. İnsanı insan edən bu xüsusiyyətlərdir. Onda Allah da ruzi-bərəkətinizi bol edər” – deyirdi. 
-Səs də, söz də boşluqdan, havadan, nəfəsdən heç nə ilə seçilmir, onu görmürsən, ona toxuna bilmirsən, yalnız eşidirsən. Muğam səsin libasıdır, səs onun zinətidir. Muğam insanın ruhunu müalicə edir. - Əliyar bəy bu fikirləri əziz qonağına deyəndə Düma bu fərqli intonasiyanın cəzbinə qapılmışdı. Səttar özünü unutmuşdu: 
Fəzayi-eşqi çün gördüm, səlahi-əqldən durəm,
Məni rüsva görüb eyb etmə, ey naseh, ki, məzurəm.
Xanəndə oxuduqca haldan-hala düşürdü, həyəcanlanırdı və dinləyənləri də səsiylə ovsunlayırdı. Düma səs fırtınasına düşmüşdü. Astaca Moynenin qulağına pıçıldadı:
-Bu səsin rəsmini çəkə bilərsən?!
Moyne duruxdu, nə cavab verəcəyini bilmədi. 
-Yaman çətin sual oldu, müsyö, - deyə mızıldandı. 
-Çək bu səsin rəsmini, Moyne. Çək! Bu səsdən heç yerdə yoxdur. – Düma əməlli-başlı əfsunlanmışdı. 
Xanəndənin şaqraq zəngulələri çilçıraqları titrədirdi, həşiş kimi başları dumanlandırırdı, insanın səbrü-qərarını əlindən alır, onu hansısa mühüm bir sirrə yaxınlaşdırırdı. Can qulağından qəflət pərdəsini çəkib muğamı huş-guş ilə dinləyənlər vəcd məqamına yetişmiş, səsin möcüzəsi ilə canlanan ruh aləminin seyrinə dalmışdılar. Nəfəsində ləhni-Davud cilvələnən Səttar rəhmsizcəsinə səsiylə dinləyənlərin başına od ələyirdi. Tarzənin sinəsində tar, kamançaçının dizi üstə kamança nalə çəkirdi. 
Düma ilə Moyne sanki nağıllar aləminə düşmüşdülər və bu aləmdən olduqca xoşnud idilər. Şərqdə bu hala nirvana yaxud mələkut aləmi deyirlər. Ruhun bədənlə əlaqəsi itir, insanın fikri bədənindən yayınır, ruhun ixtiyarında olur. 
Xanəndənin şirin avazı plovun üstündən içilən şərbət kimi onları məst etmişdi. Əcnəbi yazıçı tez-tez dəftərçəsinə nələrisə qeyd edirdi. Böyründə oturmuş dilmanc Kalino bir ucdan onun qulağına fransızca üyüdüb tökürdü. Düma arada heyranlığını belə ifadə edirdi:
-Adam belə qayğıya görə öz minnətdarlığını sözlə ifadə etməkdə aciz qalır. Bizim dostumuz Nestor müdrikcəsinə demişdir: “Belə halda naşükür olmaqdan başqa adamın əlindən bir şey gəlmir”. Görünür, bu məsləhətdən tez-tez istifadə etməli olacağıq. 
Sonra üzünü Əliyar bəyə tutdu:
-Əliyar bəy, bizim yeyib-içməyimizlə, yatıb durmağımızla, yol qayğılarımızla məşğul olmaq bəs deyilmiş kimi, beynimizin qidalanması qayğısına da qalıbsınız. 
-Yeyib-içməkdən önəmli mənəvi qidadır, müsyö. İnsanın ruhu sağlam olarsa, həyatda hər şeydən zövq almağı bacaracaq. Çox şadam ki, bizim musiqimiz, muğam sizi bu qədər təsirləndirib. Musiqiyə etinasız yanaşan insanlar görmüşəm, onların mənəvi dünyası çox kasıbdır, hər cür bəd əmələ əl atmaqdan çəkinməzlər. Musiqi insan ruhunu tərbiyə edir, insanda insanı oyadır. Sizin yüksək intellektiniz, yaradıcı düşüncəniz imkan verir ki, incəsənətin əhəmiyyətini dərk edəsiniz.  
Aleksandr Düma razılıqla başını tərpədib Əliyar bəyə təşəkkür etdi. Əliyar bəylə qonağın söhbətləri şaxələndi, gəlib irfanda dayandılar. Düma ev sahibindən irfan haqda geniş məlumat verməsini xahiş etdi. Əliyar bəy təsəvvüf anlayışı ilə bağlı bildiklərini qonağa izah etməyə çalışdı:
-İrfan bir həyat tərzidir, insanın mənəvi kamilləşmə yolunda bir mərhələdir. İslamla irfan arasında incə, görünməz bir xətt var, əslində onlar iç-içədir. Allahı dərk etmək üçün insan birinci özünü dərk etməlidir, dünyaya nə üçün gəldiyini bilməlidir. İrfan bu yolda insana bələdçilik edir. Hər kəs irfanı bir cür qavrayır. Təsəvvür edin ki, dörd tərəfi güzgü olan bir otağa daxil olmusunuz. Güzgülər fərqlidir, biri dördbucaqdır, biri üçbucaqdır, bəzisi tozludur, bəzisi rənglidir. Əlbəttə, o güzgülərin hər biri sizi öz formasına uyğun göstərəcək. Otaqda bir adam var, amma güzgülər o adamı fərqli formalarda göstərir. İrfan də belədir. O, bir yoldur, bu yolu gedənlər onun fəzilətini anlayarlar. Fəna çuxuruna düşənlər nəfsani istəklərindən imtina etməklə bu mərtəbəyə ucalırlar. Sufilər qırx gün hücrəyə çəkilib çilə çıxarırlar, özlərini aclıqla imtahana çəkirlər. Fəna yolunda salikin başına min zərər və pərişanlıq gələ bilər. Onu bu vəziyyətdən yol yoldaşı olan elmin bəsirəti xilas edə bilər. Əks halda həlak olanların yoluna gedib çıxar. 
Düma qaşlarını düyünləyib diqqətlə ona qulaq asırdı, eşitdiklərini qavramağa çalışırdı. Bu haqda Bakı Bələdiyyəsinin sədri Piqulevskinin evində Xan qızı Natavanla şahmat taxtası arxasındakı söhbətlərində də danışmışdılar. Düma Natavanla şətrənc oyununda uduzmuşdu və bu pərtliyi ucbatından eşitdiklərini dəftərçəsinə qeyd etmədiyindən tez də unutmuşdu. Yaddaşında dumanlı təsəvvürlər qalmışdı. Amma otaqdakı taxçada güldanın içindəki qəribə gülü heç unuda bilmirdi. Gülün qəribə görkəmi vardı, sanki canlı bülbül idi, indicə qanad açıb uçacaqdı. Natavan onun maraqla güldandakı gülə baxdığını görüb gülümsədi:
-Bu, xarıbülbüldür. Dünyanın heç yerində bu güldən tapa bilməzsiniz, o ancaq Şuşada bitir.
Dümanı həm də heyrətləndirən Natavanın onun qarşısında başı açıq, örpəksiz oturması idi. O, Azərbaycanda bütün qadınları başı bağlı, çadrada görmüşdü, əvvəlcə təəccüblənmişdi. Sonra ona izah etmişdilər ki, bura müsəlman ölkəsidir, burda qadınları başı açıq vəziyyətdə görə bilməzsiniz. Amma Natavan fərqli qiyafədə onunla üzbəüz oturub şətrənc oynayırdı. Qadının incə ruhlu şeirlər yazdığını eşidəndə xahiş etmişdi ki, yazdığı qəzəlləri onun üçün oxusun. Natavan bir neçə qəzəl oxumuşdu, Düma bu qəzəllərin mənasına vara bilməsə də xan qızının səsi onu valeh etmişdi. İntonasiya, ritm, qadının ifadəli baxışları oxunan şeirin sevgidən bəhs etdiyini biruzə verirdi. Düma bu görüşdən xatirə olaraq Natavana Napoleonun Parisdən gətirdiyi büstünü və fil sümüyündən düzəldilmiş zərif şahmat fiqurunu hədiyyə etmişdi. 
Moyne molbertin ayaqlarını açıb onu rahatladı, kətan çərçivəni ona bənd etdi, rəng qutusunu çıxartdı. Rənglərlə öpüşməyə tələsən kətanı sığalladı. Ürəyi şiddətlə döyünməyə başladı. Xoş bir duyğu ürəyini yalayıb keçdi. Harmoniya barmaqlarından keçib bədəninə axdı, daxili ehtirasını coşdurdu, ilhamını alovlandırdı.
İlğımlı düzdə sufi necə baş alıb gedirsə, rəssamın təxəyyülü də beləcə, nəhayətsizliyə doğru qanadlanırdı. Sufi səhrada gedən kimi; sakit, boşluğa məhəl qoymadan... 
...Moyne Səttarın səsini bənövşəyi rəngdə görürdü və molbertin arxasında özünü unutmuş kimi fırçanı sağa-sola əsdirirdi. Rənglərin bulandığı, durulduğu nöqtələri sezmək çətin idi, bilmirsən kətan üzərində dolmuş buluddur, yoxsa qürub edən günəşdir. Tabloya hərəkətlilik çaları qatan rənglər canlı obraz təsiri bağışlayır. Moyne səsi bu cür görürdü və gördüyü kimi də kətana köçürürdü. Elə yerdə qərar tutmuşdu ki, çəkdiyi rəsmi özündən başqa bir kimsə görə bilməzdi. Rəsm çəkəndə kənardan kiminsə onun çəkdiyinə göz qoymasına imkan vermirdi, belə olanda fikri yayınırdı, rənglərlə dil tapa bilmirdi. Səsin ecazına qərq olmuş rəssam muğamın dolanbaclarında azmamaq üçün Səttara diqqət kəsilmişdi. Sanki muğamı nota köçürürdü. Səs kağız üzərində ləpir sala-sala hiss, duyğu karvanına çevrilirdi. Bu karvanın yanağı dumana toxunur, üfüq öz işığını sularla birləşdirir. Səs uçub-uçub üfüqdə qeyb olur və əbədiyyətə qovuşur.Fırça o səsin ardınca düşüb gedir, gedir, gedir... Üfüqləri aşıb dumandan sıyrılıb buludlarla birləşir,  buludlar rəngini dəyişir, elə bil bulud duman cildinə girir, göydən səs yağışı yağır. Bayaqdan oda-alova dönən səs indi leysana dönüb yandırdığını söndürməyə çalışır. Odla su öpüşür.  
Səs Səttarın boğazında su kimi qaynayırdı. “Əhsən” sədaları ətrafda əks-səda verirdi. Bu səs də qabağından yeməyən səs idi, ipə-sapa yatmırdı, bəmdən zilə qalxdıqca havalanırdı, əks-sədaları öz burulğanında batırırdı. 
...Kağız üzərində təmiz yer qalmayıb, fırça hər yeri yaxıb-yaxmalayıb. Səs kətana sığmır, çərçivəni aşmaq istəyir. Moynenin təxəyyülü kağıza sızdıqca rəssam ekstaz halında titrəyir və sevinci gözlərində kükrəyir.  
Segahın zirvəsindən özünü atan səs uçurumlarda əks-səda verə-verə uzaqlaşır... Və qulaqbatıran sükut çökür. Qeyb aləmindən maddi aləmə qayıtmaq uzun müddət çəkir. Sükutu Əlimirzə kişinin gər səsi pozdu:
-Nə var yuxarıda var, aşağıda heç nə yoxdur. Bu səs ordan gələn səsdi, - şəhadət barmağını tavana tuşladı. 
Beyinlər yavaş-yavaş durulmağa başladı, qonaqlar cəzb məqamından ayılıb dikəldilər. Bərzəx aləmində müvəqqəti sakin olan ruhlar dünya aləminə, öz qəfəsinə qayıdırdı.  Səttarın avazı maddi aləm üçün deyildi, yerlə göy arasında çırpınan bu səs iki aləm arasında körpüyə çevrilmişdi. Moyne özünü büsbütün unutmuşdu, əlləri, hətta sifəti də rəngə bulaşmışdı. Hiss edirdi ki, tabloda nəsə çatmır. Çatmayan nə idi? Bilmirdi. 
Muğamatın feyzindən dadmış qonaqlar söhbətə girişdilər. Mütəkkədən söykənc tutanlar Düma ilə Əliyar bəyin söhbətlərinə maraqla qulaq asırdılar. Əliyar bəy arada öz dilində danışırdı ki, söhbətin nədən getdiyini camaat da anlasın. Dümanın qəribə ifadələr işlətməsi, yerdə çətinliklə oturması məclis əhli üçün təzə idi. O, heç cür yerli camaat kimi bardaş qura bilmirdi, ayaqlarını gülməli şəkildə qatlayıb yenidən uzadırdı. Əliyar bəy qonağın narahatlığını görüb: - Sizə necə rahatdır elə oturun, müsyö, - dedi, - istəsəniz, kreslo gətirsinilər. 
Qonaq qəti etiraz etdi:
-Qətiyyən, Əliyar bəy! Siz necə, mən də elə. Yerli adətlərə uyğunlaşmaq lazımdır. 
Moyne isə oturmuşdu molbertin ayaqları altında, özünün yaratdığı möcüzəyə baxırdı. Gözləri qayır-qayır qaynayırdı. Düma baxdı ki, rəssam özündə deyil.
-Ona toxunmayın, yenə yaratdığı dünyanın sehrinə düşüb, - dedi və gülümsədi.
Günəş qüruba təslim olmaq istəmirdi, hər qayaya, hər daşa kəmənd atmışdı. Get-gedə kəməndin bağları boşalıb gödəlirdi. Moyne qalxıb pəncərədən bu anın seyrinə daldı. Musiqi iliyinə işləmişdi, gördüyü mənzərə isə beyninə nüfuz edirdi. Ona elə gəldi ki, günəş dara düşmüş gözəllik ilahəsidir, qan ağlayan gözünü zilləyib rəssamdan imdad diləyir. Hiss etdi ki, qaranlığın qarşısını almaqda acizdir. Təbiətin hökmünə qarşı çıxa bilməz. Sanki beyninin içində bir kəpənək hörümçək toruna ilişmişdi, çırpınıb xilas olmaq istəyirdi. Könlündən günəşi üfüqə çarmıxa çəkilmiş halda təsvir etmək keçdi. 
Bilmək olmurdu ki, yer göyə qalxıb, yoxsa göy yerə enib. Sanki günəşi başından səmaya, ayağından isə yerə doğru çəkirdilər. Moyne diksinən kimi oldu, çöhrəsinə ilıq təbəssüm qondu və bütün daxilini isitdi. 
-Tapdım! – deyə qəfildən üzünü qonaqlara tutub çığırdı. – Müsyö, tapdım!
-Nəyi tapdın, dost? – Düma maraqla soruşdu. 
Hiss olunurdu ki, Düma rəssam dostunun bu cür qəribəliklərinə öyrəncəlidir. Arxayın tövrlə gülümsəyir, rəssamın cavabını gözləyirdi. Səfər boyu mütəmadi olaraq Moynenin belə tryukları qarşılaşmışdı. Yaradıcı adamların çoxunda bu cür qəribəliklər olur. Təbiət Moyneni qabaqlamışdı; onun kətan üzərində çəkmək istədiyini gözləri önünə sərmişdi. 
Səttarın səsi göylə yer arasında çırpınan günəş idi...  

Ardı var.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)