Edebiyyat.az » Proza » Fərid Muradzadə - Səhv düşəndə yerimiz (hekayə)

Fərid Muradzadə - Səhv düşəndə yerimiz (hekayə)

Fərid Muradzadə - Səhv düşəndə yerimiz (hekayə)
Proza
admin
Müəllif:
21:43, 12 dekabr 2021
1 112
0
Fərid Muradzadə - Səhv düşəndə yerimiz (hekayə)















Gecədən lopa-lopa yağan quşbaşı qar hər tərəfi ağ örtüyə bürümüşdü. Buralarda qış çox sərt keçərdi. Dağlıq ərazi olduğu üçün aprelin ortalarına qədər evlərdən odun sobaları  sökülməzdi. Şaxtalı, sazaqlı bir qış günü idi. Ağ örtüyə bürünmüş əsrarəngiz kənd mənzərəsinin öz gözəlliyi olur.  Ağappaq fondakı  bu gözəlliyə qara tikandan çəkilmiş kənd çəpərləri və evlərin tüstü bacalarından burum-burum havaya qalxan tüstü xüsusi bir çalar verirdi. Səhər açılan kimi cəfakeş kənd adamlarının qar üstündəki ilk ayaq izlərindən artıq çətinliklərə baxmayaraq aktiv həyatın başladığı görünürdü. Kənd adamlarının istənilən şəraitdə mütləq bir məşğuliyyətləri olur. Hər kəs öz işində idi. Kimi mal-qaranı suya aparır, kimi tövlədəki heyvanlara ot verir, kimi odun yarır, kimi bulaqdan su daşıyır- bir sözlə hər kəs öz işi ilə məşğul olurdu. Qarlı hava uşaqların sevimli əyləncəsi idi. Şaxtaya baxmayaraq dəcəl  uşaqlar qarın üstündə ora bura qaçır, sürüşür, qartopu oynayırdılar. Qarın üstünə düşən ilıq qış günəşinin şüaları adamın gözünü aparırdı. Balaca Fariz özü kimi dəcəl tay-tuşlarından ayrılıb gözlərini qıya-qıya yollara boylanlrdı. Dünəndən bəri təlaş içində idi. Elə bil tikan üstündə durmuşdu. Dəqiqələrlə hərəkətsiz dayanıb eyni nöqtəyə baxdığından əməlli-başlı donmuşdu. Anasının –“Ay bala, ay Fariz keç içəri ,dondun. Oğlum, unutma ki, məktub olsa Xasay əmi onu evə gətirəcək. Daha bu soyuqda niyə özünü öldürürsən?”- deməsi də onu yollara boylanmaqdan çəkindirə bilmirdi. O da bilirdi ki, məktub gəlsə poçtalyon Xasay əmi evə gətirəcək, amma səbri çatmırdı. Günortaya yaxın qarın içi ilə güclə hərəkət edə-edə onlara sarı gələn çəlimsiz Xasay əmini görəndə elə bil ürəyi köksündə çırpınan bir quşa döndü. 
-Məktub!-deyib üzüaşağı Xasay kişiyə sarı yüyürməyə başladı. Dizdən olan qara bata-bata, aşa-aşa, yıxıla-yıxıla, dura-dura  özünü poçtalyona çatdırdı.Bərk-bərk əlində tutduğu məktuba baxırdı. Elə bil əlində bir məktub deyil, məşəl tutmuşdu. İstisinə qızınırdı bu bir parça kağızın. Sevincindən uçurdu. Məktubun üstündə onun və göndərən orqanın  ünvanı vardı. “Vətən Cəmiyyəti”nin möhürü zərfin üstündə idi. Sevindiyindən poçtalyonu orda qoyub qarı yara-yara evlərinə tərəf qaçdı. Onu həyətdə ilk qarşılayan müəllim atası oldu. Bu bir parça kağız onun soyuqdan donub çuğundur kimi qızarmış üzünə, gömgöy olmuş barmaqlarına və ən əsası böyük amallar üçün çırpınan balaca  ürəyinə bir istilik gətirmişdi. Məktubu elə həyətdəcə açdılar. Onun- bu balaca kənd uşağının böyük ürəyini qoyduğu kiçik məktubuna o taylı bu taylı Azərbaycanın və azərbaycanlılarının  həmrəy olduğu “Vətən Cəmiyyəti” nin sədri böyük yazıçı Elçin Əfəndiyevin özü cavab yazmışdı. Məktub gözəl sözlərlə, xoş arzularla, ümidlə dolu idi. Sonda Elçin bəy onun gələcəyinə inandığını, onu gələcəyin bir şərqşünası, diplomatı kimi gördüyünü yazmşdı. Məktub bu şəkildə tamamlanmışdı-“Fariz, biz sənin gələcəyinə inanır və səni mütləq bir diplomat kimi görürük. Sənə bir daha uğurlar və müvəffəqiyyət arzulayırıq”. Elə bu dəm bir neçə gün əvvəl rayondan kəndə qonaq gəlmiş ondan 15-16 yaş böyük əmisi oğlunun sözləri yadına düşdü “Sən bizim fəxrimiz olacaqsan, sən böyüyəndə diplomat olacaqsan”. Sən diplomat olacaqsan sözləri qulaqlarında əks-səda verirdi. Öz-özünə,- mən böyüyəndə mütləq diplomat olacağam!-deyə-deyə ağappaq qarı xırçıldadaraq evə sarı yollandı.
Zaman bir göz qırpımında keçdi. Fariz böyüdü, amma... özü böyüsə də onun uşaqlıq arzuları böyümədi, çin olmadı. Müharibə öz dəhşəti, fəlakəti, qəddarlığı, amansızlığı ilə onun uşaq dünyasını tar-mar etdi, onun işıqlı gələcək arzularını öz qara, soyuq, məkrli barmaqlıqları arasında öldürdü. Müharibə onun çiyinlərinə ağır yük qoydu, erkən həyatın ağrılarını çəkməyi, cəfasına qatlanmağı, ürəyindən keçənləri dilinə gətirməməyi, istəklərini boğmağı öyrətdi. Hərislik, nadanlıq, nəfskarlıq insan övladının qanına elə hopub ki, cəm halda onu təmizləmək imkansızdır. Adəm övladı arasına düşən ilk nifaqdan bəri min illərdir ki, insan bir-birini didir. 
Kəndlərinə,  həyətlərinə və həyatlarına düşən mərmilər hələ onun diplomat arzusu ilə döyünən ürəyinə düşməmişdi. Bütün çətinliklərə, məhrumiyyətlərə baxmayaraq o yorulmadan çalışırdı. Düşmən tərəfin atdığı iriçaplı mərmilərdən kənd transformatoru partlamışdı. İşıq yox idi. Gecə yarı olmuşdu. Lampa işığında dərs oxuyurdu. Oxuya-oxuya qeydlər də aparırdı. 11 yaşı olmasına baxmayaraq o öz üzərində çox çalışırdı. Xüsusən gecələr hamı  yuxuda olarkən, səssizlik hökm sürərkən, tək-tənha oxumağı çox sevərdi. Yorğunluq və yuxusuzluq getdikcə öz təsirini göstərirdi. Farizin yuxusuzluqdan ağırlaşıb sallanmış şişkin göz qapaqları qıpqırmızı qızarmış gözlərini bağlayırdı. Birtəhər oturduğu yerdən qalxıb özünü yatağa atdı. Qorxulu yuxu görürdü. Kimsə onu silkələyirdi. Zorla gözlərini açdı. Yox,  bu yuxu deyildi. Anası onu var gücü ilə silkələyərək oyatmağa çalışırdı. Gözlərini açıb ətrafa mat-mat baxan Fariz tam olaraq nə baş verdiyini anlaya bilmirdi. Hamının üzündə bir təlaş vardı. Atası dörd yaşlı balaca qardaşını qucağına götürmüşdü. Anası isə bacısının əlindən tutaraq Farizi tələsdirirdi
-Qalx oğlum, qalx! Kəndin hər tərəfini “Qrad”la vururlar. Hücum ola bilər deyə qadınları, yaşlıları və uşaqları Oruc əminin avtobusu ilə kənddən kənara çıxaracaqlar. Tez ol!
Fariz tənbəl-tənbəl əynini geyib ayağa qalxdı. İki addım atmışdı ki, dayanıb dedi:-Mən getmirəm!
Valideynlərinin təkidinə baxmayaraq hələ də getməməkdə israrlı idi. Birdən evləri silkələndi. Güclü partalyış hərəni bir təfə yatmağa məcbur etdi. Toz-duman hər yeri bürümüşdü. Otağın qapısı, tavanı, pəncərələr və televizor param-parça olmuşdu. Pəncərə yerindən yuxarı hər tərəf bərbad olmuşdu. Görünən bu mənzərədə onların sağ qalması möcüzə idi. Balaca qardaş-bacısı,  anası şokda idilər. Atası özünü yetirib balacaları qucaqlayaraq yerdən qaldırdı. Fariz də özünü anasının üstünə atdı. Qadın bərk qorxmuşdu. Gözləri qorxu içində məchul bir nöqtəyə baxırdı. Ağzı sanki kilidlənmişdi. Bütün vücudu titrəyirdi. Səs-küyə özünü yetirən qonşular da dəhşət içində idilər. Fariz o zaman, həyatında ilk dəfə əzizlərinin həyatını qorumaq üçün arzularından, istəklərindən,yeri gəlsə öz həyatından da vaz keçməyi 
dərk etdi. O gündən etibarən kəndi daha sərbəst şəkildə, daha dəqiq artilleriya yağışına tutan ermənilərin  sayəsində Farizin iç dünyası tar-mar oldu. O gündən başlayaraq onun kiçik çiyinlərinə məsuliyyət yükü düşməyə başladı. Azğınlaşmış ermənilər məktəb binasını da artilleriya mərmisi ilə dağıtdılar və bu dağıntılar altında Farizin diplomatiya arzuları da dağılmağa başladı elə uçuq məktəbin xaraba divarları kimi...
İyirmi altı il sonra səhər işə gedən ortaboylu, sadə ,lakin səliqəli geyinmiş 38- 40 yaşlı eynəkli bir kişi  yolu keçib işə getmək üçün maşın gözləyirdi. Səhərlər Bakıya öz şəxsi avtomobilləri ilə gedən insanlar yolüstü adam götürərək benzin pulunu çıxarırdılar. Adətən səhərlər, xüsusən də pik saatlarında  yollardakı tıxaclara görə işə gecikməmək, vaxt itkisinə yol verməmək üçün şəhərə bu şəkildə getmək marşrut gözləməkdən daha əlverişli olduğu üçün böyük əksəriyyət yol maşınlarından istifadə edir. Maşın gözləyən çox idi. Deyəsən bu gün evdən bir az gec çıxmışdı. Gözləri yollara baxsa da fikri uzaqlarda idi. Qəfil siqnal səsindən diksindi. Sonra da tanış bir səs ona:
-Ay Fariz, keç əyləş! -dedi. 
Anar idi. Sinif yoldaşı. Hamıdan can-cüssəli, boy-buyxunlu, imkanlı bir ailənin övladı olan Anar. Bəlkə də 15 ildən çox idi ki, görüşmürdülər. Anarın ürəyi dolu imiş, elə hey danışırdı.
-Fariz, nə yaxşı oldu ki, səni gördüm. Çoxdandır görüşmürük. Anar bütün sinif yoldaşları barədə məlumat verdi. Eh, ay Fariz, hərə bir iş sahibidir. Sinfimizdə hamıdan yaxşı oxuyurdun. 10- cu sinifdə nə oldu ki, müəmmalı şəkildə bizi tərk etdin?  Həmişə yerin görünürdü.Sən bizim məktəbi tərk edəndən sonra çox pis olduq.  Nədən getdin, niyə elə etdin?
-Anar, mən o vaxt işə düzəlmişdim. Həm işləyirdim, həm də oxuyurdum. İstəmirdim ki, ailəmiz çətinlik çəksin. Düzdür mən bununla özümü yandırdım,  amma əsla peşman deyiləm. Valideyinlərimin, qardaş-bacımın o ehtiyac illərində bircə istəyini belə yerinə yetirə bilməyim mənim üçün bir dünya idi. Mən öz istəklərimi onlara qurban verdim. Bəlkə də istəklərimin və qəlbimin qarşısında ən qəddar cinayətkaram, lakin vicdanımın qarşısında alnıaçıq birisiyəm. Nə isə...
-Təəssüf, amma qərarı özün vermisən. Mən də atamdan qalan dükanı işlədirəm, amma indi dükanı  Bakıya köçürmüşəm. Uşaqlarla əlaqəm var. Hamısını vəziyyəti yaxşıdır. Hərə normal bir işlə məşğuldur. Qızlarımızın çoxusu pedoqoqdur, ikisi həkimdir. Oğlanların da ən zəif yerdə işləyıni SOCAR-da mühafizə xidmətindədir. Bizim sinif yoldaşlarımızın içində  ən yaxşı işdə çalışan isə Dəyanətdir. Bilirsən də, o indi böyük adamdır, diplomatdır. 
Bu diplomat kəlməsi onun yaralı qəlbinin sarı simini tərpətdi. Fikri bir andaca qanadlanıb keşməkeşli keçmişinə uçdu. Onun ən böyük arzusu idi diplomat olmaq. Xüsusən də Şərq ölkələri üzrə. Təəssüf ki, istədiklərimizi hər zaman gerçəkləşdirə bilmirik. Həyat    insan üçün nə qədər acımasız ,amansız olurmuş. İnsan həyat mübarizəsində bəzən  arzularından, istəklərindən, sevgisindən vaz keçməli olur. Daşlı-qayalı, enişli-yoxuşlu, qarlı-boranlı, təhlükəli yollarda çiyninə aldığı məsuliyyət yükünü yerə qoymamağa qərarlı olanlar qətiləşdirdikləri bu yolda özlərindən vaz keçsələr də çiyinlərindəki yükdən əsla vaz keçmirlər. İnsanın bütün istələklərində ikili bir ehtiras var- cismani və ruhi. Bu hisslər buxovlananda insan mənən və ruhən ölür. Quruca nəfəsi gedib gəlsə də hisslərdən, duyğulardan məhrum olan müqəvva kimi olur insan övladı. Onu öz dünyasından Anarın səsi ayırdı.
-Dəyanət deyirdi ki, 1-ci kursda oxuyarkən səndən dəstək alıbmış. İki kurs işini təmənnasız olaraq yazıb vermisən və o, bu iki yazı ilə universitetin müəllim heyətinin dərin rəğbətini qazanıbmış. Sonrakı illərdə tələbəliyinin sığortasına çevrilibmiş sənin yazdıqların. Nədənsə uzun illər boyunca o lovğa, pullu, alverçi Dəyanət diplomat olandan da sonra səni arayıb-axtarmamış, lakin dediyinə görə son zamanlar nəsə səni çox axtarıb. Anar danışdıqca az qala Farizin surətini unutduğu Dəyanət gözləri önündə canlanmağa başladı. Arıq, uzunboğaz, hündürboy Dəyanət imkanlı uşaq idi. Atası Rusiyada ticarətlə məşğul olurdu. O hər zaman hamıdan yaxşı geyinərdi. Çoxlu pulu olardı Dəyanətin. Puluna görə ona yaltaqlananlar da çox olardı. Hətta məktəbin ən qəddar, güclü atamanları da bu çəlimsiz oğlana  “ehtiram” göstərirdilər. Çünki o pullu oğlan idi. Onun qoluzorluları da ətrafına sipər edəcək gücə malik pulu vardı. Ağlı kəsəndən ticarət görən, pul görən, pulun gücünü görən Dəyanət evlərinin qarşısında kiçik bir “Komisyon dükan” da açmışdı. Yaxşı gəlirləri olurdu.  Əslində Rusiyada universitetdə həm  kafedra müdiri olan, həm də ticarət obyektlərinə malik böyük əmisi olmasa idi, o avara birisinə çevriləcəkdi. Əmisi onu pul gücünə həm oxutdu, həm də universitetə qəbul olunmasına kömək etdi. Dəyanət ödənişli oxuyurdu. Əmisi onun biznesini davam etdirməsinin də qarşısını almadı. Dəyanətin satıcısı da vardı. Artıq o kiçik bir biznesmen idi. Beləcə illər öz axarı ilə ötürdü. Universitetə birtəhər qəbul olan Dəyanəti ilk semestrdə verəcəyi imtahanlardan daha çox müddəti daralan təhvil verilməli olan kurs işləri narahat edirdi. Pul müqabilində yazdırmaq niyyətində idi. Danışıb yazdıracaqdı ki, təsadüfmü, qədərmi küçədə sinif yoldaşı olan Farizə rast gəldi. Hal-xoşdan sonra hər şeyi danışdı. Fariz o zaman imkansızlıq ucbatından istəmədiyi bir sahə üzrə qiyabi təhsil alırdı. O vaxtlar fikirləri,hərəkətləri  sərbəst və sərt idi. Maddi sıxıntıları çox olduğundan işləyirdi. İşə gecikməmək üçün azacıq söhbətləşəndən sonra üzrxahlıq edib getdi. Dəyanət onun harda işlədiyini bilirdi. Odur ki, axşamçağı rahat şəkildə onun iş yerinə yollandı. Bir daha söhbətləşdilər. Sözarası puluna güvənən Dəyanət Farizə üstüörtülü kurs işinin müqabilində pul təklif edirdi. Üzünə zillənmiş sərt baxışlara tab gətirmədiyi üçün ayağa qalxdı. Araya dərin bir süküt çökmüşdü. Nəhayət bu sükutu Farizin həlim səsi pozdu:
-Dəyanət, hər şey pulla ölçülmür. Unutma ki, bu dünyada ülvi hisslər, dostluq, yoldaşlıq, kişilik, mərdlik və köməklik kimi anlayışlar da var. Sən məni çevrəndə sənə yalmananlarla bir tutma! Mən kömək edəcəm dedimsə qarşılıq güdmədən bunu edəcəm. Bilirsən, hələ müharibə başlamamış mənim də qəlbimdə oxumaq üçün  gələcək arzularım var idi. O ülvi arzuları amansız müharibə və onun fəsadları məndən aldı. Təkcə məndən deyil mənim kimi on minlərlə uşağın arzularını məhv etdi müharibə. Yüzlərlə uşağın sağlamlığını əlindən aldı, yüz minlərlə insanı didərgin saldı, öz vətənində qərib etdi, insanların alnına damğa vurdu. Müharibə ən böyük oğrudur. Bizim uşaqlığımızı, arzularımızı, ümidlərimizi, səadətimizi,  sevincimizi, hüquqlarımızı çaldı bizdən faciələrin səbəbi olan müharibə! Amma bilirsən ən pisi nədir?! Ən pis olanı müharibəni insanın başlatmasıdır. Öz-özünə müharibə olmur. Müharibə təbiət hadisəsi deyil,o bilavasitə insan hərisliyinin faciələrə aparan məhsuludur. Mən sənə özümə qismət olmayan diplomatiya haqqında kurs işi yaczacağam. Gəl sənə  “Müasir diplomatiya və siyasət” mövzusunda kurs işi yazım. Fərz et ki, bu yazın bir  nömrəli yazı olacaq, əmin ol!
Onsuz da bunları yazmağa kifayət qədər savadı olmayan Dəyanət razılaşdı. Bir həftə  sonra Dəyanət bütün universitetdə ən məşhur sima oldu. Aradan uzun illər ötmüşdü. İki kurs işinin faydası ilə Dəyanət universiteti də bitirdi, diplomat da oldu, amma o məşhur kurs işlərini əslində kimin yazdığını heç kim bilmədi. Anar yenə danışırdı. Fariz onun danışdığı müddətdə ötən illərə qayıtmış, hər şeyi yenidən xatırlamışdı. Xarakter etibarı ilə söhbətcil birisi olan Anar isə Farizə ürəyi yana-yana danışırdı. 
-Fariz, bu Dəyanətdən heç ağlım bir şey kəsmədi. Açığı o indi daha çox hiyləgər adamdır. Sənin haqqında danışanda içkili idi. Yoxsa on doqquz il əvvəl sənin köməyinlə universitetdə məşhurlaşan o adam bəlkə də yüz doxsan dəfə görüşməyimizə baxmayaraq bu sirri heç vaxt açmamışdı. Məncə onun səndən nəsə yenə bir umacağı var. Fariz, onun danışıqlarından sonra mən sənin savad səviyyənə və ürəyinə yaxşı mənada bir daha həsəd apardım. Əslində onun mövqeyində sən olmalı idin... təssüf ... Mən müharibəyə də onu başladanlara da nifrət edirəm. Sən indi danışdıqca sənin məhv olmuş, dağılmış, parçalanmış uşaqlıq dünyana, puç olmuş arzularına, istəklərinə yanıram.  Ard-arda valideyinlərimi itirəndən sonra çox kövrək oldum, həyatı daha yaxşı dərk etməyə başladım. İnsanların dərdini içdən duydum, onların acılarını yaşadım. 
Anarın gözləri dolmuşdu. Bir az da keçsə rəsmən ağlayacaqdı. Fariz bu yekəpər, xarici görünüşü ilə kobud görünən, lakin uşaq kimi məsum bir qəlbi olan Anarı toxtatmaq üçün əlini onun çiyninə qoyub mehribanlıqla dedi:
-Anar, keçənə güzəşt məsəli var. Daha olan olub. Keçmişi geri qaytarmaq mümkünsüzdür. İnsan həyata bir dəfə gəlir. Bax , sənə bir sitat gətirəcəyəm. Özün hər şeyi gözəl anlayırsan.  Mərhum şairimiz  Qabil yazmışdı ki “müsibət oluruq biz, səhv düşəndə yerimiz”. 
Hər ikisi anlaşılan məna ilə bir-birini baxdılar. Daha bir kəlmə də kəsmədilər. Sükanı bərk-bərk sıxan Anarın əlləri titrəyirdi. Farizin gözləri önündə isə iyirmi səkkiz il əvvəlki diplomat olmaq arzusu ilə alışıb-yanan balaca oğlan dayanmışdı. İki fərqli dünyanın adamları bir-biriniə baxırdılar. Birinin gözlərində ümid qığılcımları parlayır, digərinin qəmli gözlərində isə puç olmuş , parçalanmış arzuların, istəklərin tonqalı yanırdı. 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)