Edebiyyat.az » Proza » İlahə Səfərzadə - "Son beş dəqiqə"

İlahə Səfərzadə - "Son beş dəqiqə"

İlahə Səfərzadə - "Son beş dəqiqə"
Proza
admin
Müəllif:
22:47, 12 dekabr 2021
1 811
0
İlahə Səfərzadə - "Son beş dəqiqə"




 Bir neçə gün olardı ki, gözlərini qaranlıq otağın  soyuq divarına zilləyib qalmışdı. Pəncərəni bağlamışdı ki, içəri günəş işığı düşməsin. Ümumiyyətlə, o, indi dünyanı ona xatırladan hər zərrəni unutmağa çalışırdı. Deyəsən, həmin dəhşətli hadisədən sonra haradasa beyninin içində yerləşən uzaq bir dünyaya sığınmışdı. Orada hələ son yaşadığı hadisələr başına gəlməmişdi, orada hələ xoşbəxt idi...  Şüuru sanki gedir-qayıdırdı. İndi özü üçün bir reallıq yaradıb orada yaşayırdı. Həyatının o hadisədən öncəki son beş dəqiqəsi və həmin andan sonrakı hissəsi o reallığın içində yox idi. 
"Son beş dəqiqə..." - ürəyində pıçıltı ilə təkrarladı. 
Necə oldusa, Günəşin pərdənin arasından içəri sızan işığını hiss etdi və həmin an beynində keçmişə dair xatirələri canlandı. Sanki Günəş otağa deyil, onun özü üçün yaratdığı yalançı və qaranlıq reallığa işıq salırdı. Sanki ona yenidən həqiqəti göstərməyə çalışırdı.
Nəfəsinin ona imkan verdiyi qədər var gücü ilə qışqırmağa başladı. Qışqırdıqca ona elə gəlirdi ki, bu başqasının səsidir və indi bu qışqıran çarəsiz adamı sakitləşdirmək məcburiyyətindədir. 
Görəsən, həmin adam özünü niyə dəli kimi aparırdı? Sevdiklərini itirdiyi üçün, yoxsa onların ölümünə səbəb olduğu üçün? Yox, yox... Qətiyyən belə düşünməli deyildi. Onun sevdiyi insanlar hələ sağ-salamat idilər. Evdə onu gözləyirdilər. Oğlu və qızı indi dərslərini oxuyurdu, yəqin ki. Həyat yoldaşı evdə yemək bişirməklə məşğul idi. Bir azdan buradan çıxıb evə gedəcəkdi. Hər üçü onu qapıda sevgi dolu gözlərlə qarşılayacaqdılar. Əlbəttə! Hər şey yaxşıdır! 
Birdən özünü o qədər yaxşı hiss etdi ki, xəstəxanada qarşısına qoyulmuş çaydan götürüb bir qurtum içdi. Buza dönmüşdü... Çay çox soyuq, çox tünd, həm də çox acı idi. Onun xatirələri kimi... 
Bəlkə də, reallıqdan bu qədər qaçmamalı idi. Bəlkə, son beş dəqiqəni qəbul edib həyatına bir qatil olaraq davam etməli idi? Bu an ürəyi elə çırpınmağa başladı ki, elə bil qəfəsində boğulan quş kimi sinəsindən çıxıb azad olmaq istəyirdi. Gözlərini yumdu... 
Rayona gedirdilər, avtomobili özü idarə edirdi. Həyat yoldaşı ön tərəfdə oturmuşdu. Arabir çevrilib gülümsəyən gözlərlə ona baxırdı. Uşaqlar isə arxa oturacaqda. O mesaj... Vacib işlə bağlı gələn o son mesaj... Telefonu götürdüyü  qarşıdan gələn maşını görmədiyi o an... Niyə təkcə o sağ qalmışdı, görəsən? Başqalarının həyatını əlindən aldığı üçün cəzasını çəksin deyəmi yenidən həyata qaytarmışdılar onu?!
Kövrəldi... Günlərdi ki, gözündə axmamaq üçün zorla dayanan bir damla yaş yeri aşılayıb özünə yer açan qəfil dağ seli kimi həşirlə yanağından süzüldü. 
Bayaqdan nə mənasız şeylər düşünürdü belə? Bəs niyə ağlıyır? Uydurma hadisə fikirləşib ona ağlamaq dəliliyin hansı dərəcəsidir, görən? Həyatında heç bir bədbəxt hadisə baş verməmişdi. Hər şey yaxşı idi... Birdən-birə özünü yenə xoşbəxt hiss eləməyə başladı. 
Az sonra qapı açıldı və psixiatriya xəstəxanasının həkimi onun qarşısında oturdu.
- Bu gün özünüzü necə hiss edirsiniz?
Qarşısında dayanan həkimə laqeyd nəzərlə baxdıqdan sonra heç nə demədən gözlərini yenidən qaranlıq divara zilləyib özü üçün yaratdığı reallığa qayıtdı...
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)