Edebiyyat.az » Proza » Nemət Mətin - Əclaf

Nemət Mətin - Əclaf

Nemət Mətin - Əclaf
Proza
admin
Müəllif:
23:21, 29 oktyabr 2022
1 896
0
Nemət Mətin - Əclaf





 Bu gün hekayə yazmaq istəyi məndən əl çəkmək bilmir. Özümü dərin quyudan çıxmış kimi azad hiss edirəm. Əsl hekayə yazmaq məqamıdır. Özümə çay dəmlədim. Süzdüm. Sevdiyim acı şokoladı soyuducudan çıxartdım. Stəkanımı da, şokoladı da kompüterimin yanına qoyub əyləşdim. Barmaqlarımı şaqqıldadıb ekranı yandırdım. Kompüterim yazmaq üçün nəzərdə tutulmuş proqramdan başqa heç nə görməyib. Yalan danışdım. Arada youtube da mahnı dinləyirəm. Betxovenin “Ay sonatası”nı qoşdum. Oh, möhtəşəm musiqi. Hekayəni çoxdandır beynimdə gəzdirirəm. Bir əclafın yaşadığı binadakı sakinlərlə söhbəti, sosial durumu, düşüncələri və başına gələn bədbəxt hadisədən bəhs edəcək. Necə başlayım? Yazdım, sildim. Yazdığım cümlə ağlayan uşağı bağçaya aparmağa bənzədi. Məcburiyyətdən doğulan cümlə əbədi yaşamağa layiq deyil. Zəng gəldi. Səssizə qoymadığım telefonumun ekranına laqeyd nəzər saldım. Dostum Fəriddir. Yenə pivə içmək istəyi ona güc gəlib. O da mənim kimi yazmaqla başını qatır. Amma hələ kitab çap etdirməyib. Bütün günü oxuyur, yazır. Nəticə yoxdur. Yəqin qorxur. Telefonu açmadım. S..dirsin! Əsas hekayədir... Ekranın işığını azaltdım. Gözlərim axırda kor olacaq.

Həəə, harada qalmışdım? İlk cümlə. Hm...

Lənət şeytana. Gəlmir. O müqəddəs ilk cümlə gəlmir. Onu yaza bilsəm, ardı su kimi axacaq. 

 “Əclaf gözlərini açanda gecə söndürmədiyi lampanın işartısı onu az qala kor edəcəkdi.”

Yox bir zurna... Alınmır. Ovuzlarımla gözlərimi ovxaladım. Çaydan qurtum alıb şokoladı dişlədim. 

“Əclaf tər-su içində yatağında oyandı”

Pis deyil. Gedər. Əşi, ilk cümlənin nə fərqi vare. Əsası ortalarda çaşıb qalmayasan. Hekayənin ortası səhrada qarşına çıxan iki yolu xatırladır. Amma hekayədə iki yox, çox yol olur. Birini seçməlisən. Çətindir. Roman yazmaq bundan asandır. Nail, az danış. Yoxsa, istədiyinə nail olmazsan. Yaz! Öz-özümə deyinməsəm, darıxmaqdan ölərəm. 

 Özümü halsız hiss etdim. Başım ağrıdı. Eyvana çıxıb siqaret yandırdım. Ən üstdə yaşamaq yaxşıdır. Evini su basmır. Əksinə sən kiminsə evində göl yarada bilərsən. Bu nə əclaf fikirlərdir?! Tapdım. Belə də başlayacağam hekayəyə. Fikirlərimi qonşu eyvandan gələn səs pozdu. Ər ilə arvad dalaşırdı. Tragikomediya davam edir. Hər gün eyni şey. Qadının yalvarış dolu səsi gəldi:

—Nə olar etmə. Yalvarıram, Elton...

—Kəs səsini, it qızı it.

 Deyəsən sevişirlər. Eyvandan içəri keçdim. Qaçaraq mətbəxdən stəkan gətirdim. Qulağımı stəkana, stəkanı da divara söykədim. İndi aydın eşidirəm. 

—Ah, Elton, ah. İncidirsən məni. 

—Sənə dedim yum ağzını, qəhbə.

 İki mazoxist ailə quranda sonu belə olmalıydı. Bu dəfə ucadan dedim. 

—Vurma məni, Oğraş! Vurma deyirəm sənə!

Qadın ağlayır. Gedim qapılarını döyüm? Nəsə istəyim. Məsələn duz. Oğraşın, tfu, oğlanın hirsi soyuyar heç olmasa. Yox, görüm, daha doğrusu eşidim, axırı nə olacaq. Eşitdiklərimi göz önündə canlandırıram.

—Sənə axırıncı dəfə deyirəm. O kimdir? Məndən yaxşı sevişir? Söz soruşuram. Cavab ver!

—Nə olar bağışla. Pox yemişəm. Qələt eləmişəm. Öldürmə məni.

 Daha səs gəlmədi. Ürəyim tez-tez döyünməyə başladı. Oğlan heç nə demədi. Bəlkə tərəddüd edir? Polisə zəng vurum. Onsuz oğlan qızı öldürmək sevdasına düşsə, polis gələnə qədər iş-işdən keçəcək. Qarışmayım. Sonra başım ağrıyacaq. Sorğu-sual. Bezdirəcəklər. 

—Sənə son şansı verdim. İstifadə etmədin. Öl, qəhbə!

Üç dəfə atəş səsi gəldi. Əlimdəki stəkan yerə düşüb çilik-çilik oldu. 

Qonşu evdə qapı açılıb bağlandı. Deyəsən, oğlan qaçdı. Yerimdə donub qalmışam. Handan-hana özümə gəldim. Başımı qaşıdım. Nə edim? Heç nə. Oturum öz əclaflığımı yazım...

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)