Jeyhun Mammadov - Hanz Zimmerin danışan rəngləri
Proza
Jeyhun Mammadov - Hanz Zimmerin danışan rəngləri
Dünyanı dəyişmək deyə bir məfhumun olmasını təsəvvür etməyə artıq ehtiyac yoxdur. Çünki ona toxunduqca kirlədirsən. Həmçinin niyə artıq vaxt itirəsən ki?! Dəyişmək üçün axı sökmək lazımdır, öncəliklə. Amma sən bir dəfəlik yaradaraq, zamanda irəlidə olacaqsan. Bunun fərqindəsən ancaq, sanki içini yeyən bir daxili qüvvə var. Amma onu sən qidalandırırsan. Dəyişmək istədikcə dünyanı, özünü dəyişmək istəyini arxaya atırsan. Və nə dünyanı dəyişə bilirsən nə də ki, özünü hüzura aparmış olursan. Tövsiyyə verəcəyim çox xüsusiyyətlər var. Lakin, bütün insanlar nədənsə tövsiyyə dinləməzlər. Sanki ruhlarını satılmışcasına üzərinə hücum çəkərlər. Seçim verməyi çox üstün bilirəm. Tövsiyyə də onun bir əkizidir. Sakitləşdirici dərmanlar kimi yanaşdığım musiqiçi barəsində danışmağa çalışacam. Bu bir tövsiyyədir. Sənin ruhuna uyacaqsa və dinləməmisənsə o zaman tələsmək deyə icraçı rolunu işə sal. Məsələn: Buradakı kəlimələri oxuyaraq onu dinləməyə başlaya bilərsən. Hanz Zimmer, bioqrafiyasından yazmayacam. Çünki bu banal bir şeylər olacaqdır. Sən onu rahat şəkildə tapa bilərsən. İndi isə qulaqcığını tax və biz kainatın ən dərinlərinə Zimmer ilə birgə səyahətə çıxırıq. Ulduzların soyuqluğunu onun notlarından anlaya biləcəyik.
Düşünə bilərsən ki, dünyanı dəyişməməklə bağlı bildirişlərdən başlayaraq Zimmer”ə keçdim və bunun səbəbi nədir deyə beynində sual yaranmış ola bilər. Yəni əlaqələndirmə də çətinlik çəkmiş ola bilərsən. Amma rahat ol, mən musiqinin inqilabi tərəfindən yox, onun dünyanı dəyişmədən yeni bir dünyanı yaratmasından bəhs etmək istədiyim üçün bu cür yola çıxdım, başlanğıcda. Əslində musiqi bir inqilab deyildir. O, yeni bir rənglər istehsal etmiş olur. Dünyanı dəyişməmək üçün səbəbi izah etdim ki, növbəti gedişat da artıq rahat şəkildə musiqi ilə necə bir dünya yaradıldığını Hanz Zimmerdən eşidə biləsən. Niyə inqilabi tərəfi yoxdur musiqinin? Bu maraqlı bir sualı siyasətin kirli olmasının üzərinə atmaq istəyirəm. Çünki musiqiyə nə qədər toxunsan da o kirlənməyəcək. Ancaq ona siyasəti əlavə etsən o keyfiyyətini itirəcək. İnqilab isə kirlətməklə olmur. İnqilab var olan bir xüsusiyyəti məhv etmək anlamına gəlir. Amma musiqi var olanı yerlə-yeksan etmək üçün deyil. O, zamanı dondurmaq və insanların görmədiyi bir rəngi tanıtmaq üçündür. İnqilab olan zaman bunlar reallaşmır. Ona görə də musiqi inqilabdır deməyimiz, ona siyasəti qatmaq deməkdir. Və siyasət varsa rənglərin görüntüsü yox olur. Musiqiyə rəng yaraşır. Hanz Zimmer’in notları dünyanı dəyişmək üçün deyildir. Səyahət etməyi xəyali olaraq sevənlər Zimmer’i sərhədsiz rənglər istehsal etdiyini düşünə bilərlər. Əlbəttə, belə də düşünməlisiniz. Ona görə ki, musiqi sərhədsizlik tələb edir. Çərçivəni gözlərinə salmamaq üçün ruhunun səsini dinlə. Musiqiləri sanki bundan bəhs edir. Ümumiyyətlə yaradıcı insanın sərhədsiz olması, artıq onun nə qədər çoxlu bir rənglərinin olması anlamına gəlmiş olur. Yaradıcı insan sərhədsiz, çərçivəsiz və qanunsuz şəkildə hərəkət etməlidir. Onun üçün saatların səsi olmamalıdır. Saatlar demişkən, siz heç bilirdiniz ki, Zimmer “Dunkirk” adlı film üçün saat səslərindən istifadə edərək musiqi bəstələyib?! “Dunkirk” filmi hələ yeni yayıma çıxırdı. Müsabihələrin birində Chirstopher Nolan, özü filmin rejissoru və senaristidir və belə maraqlı cümləni orada bildirmişdi. Hanz Zimmer, Nolana məxsus olan saatlarından istifadə edərək film üçün musiqilər istehsal etdi. Qol saatından tutmuş telefonun saatına qədər səslərdən istifadə etmişdir. Burdan elə bilinir ki, musiqi sərhəd tanımır. Sən ruha sığal çəkmək istəyirsənsə sərhədsiz düşünməyin ən gözəl seçimindir. İndi isə musiqini dəyişək. Kainatdan yerə enərək “Dunkirk” filmi üçün bəstələnmiş olan soundtrack’ləri dinləyək. Sən də mənimlə birgə hərəkət et. Hələ yeni qızışırıq. Ona görə də yerini rahatlamağa çalış.
Ata ilə qız təsəvvür edilərək nə qədər kəlimələr sıra ilə düzmək olar. İçində kədəri, sevinci və hüzuru bildirəcək ən gözəl cümlələri göz önünə gətirmək müşkül məsələ deyil. Yazı yazmaq içindəki daxili insanla tanış olmaqdır. Amma o insan sənin sıxdığın və ona sərhədlər qoyduğun şəxsdir. Özü də gərçək şəxs. Onu divara sıxışdırmamağın üçün yazmaq və cümlələrini görmək lazımdır. Çünki kəlimələr onun bağırtısıdır, yüksək səsidir. Musiqidə də belədir. Onun zümzüməsi səni tanışlığa çağırır. Nolan, Zimmerə söyləmişdi ki, ata ilə qız təsəvvür edərək musiqi bəstələ. Düşündü və onların sevgisini, hüzurunu izah edəcək bir notlar ortaya çıxartdı. Hansı ki, daima dinlənilə biləcək bir hüzur idi. Daxilində sadəcə ata və qız vardır. Söhbət “Insterstellar” filminin soundtrack’indən bəhs edilir. Bəli... Bəli, bundan sonra dinləyəndə ata ilə qızı bu səfər təsəvvür edin. Hiss edəcəksiniz ki, ruh yaşları eyni olan ata və qız dolaşır beyninizdə. Sevgiləri tükənməz, hüzurları bitməz bir şəxslərdir. Göz yaşları notların ilkin səsidir. Onların sarılmaları notların artıq dayanmayacaqmış kimi danışmasıdır. İkisindən birinin öncə qocalması musiqinin bitimi deyil. Musiqinin sonu onun hələ bitməsi deyildir. Bəlkə də musiqi bitməz, sadəcə dəqiqələrin bizi aldatmasıdır. Ruhun bir küncündə daima bir musiqi səslənər. Ancaq o qədər ətrafımız səs-küylüdür ki, ruhumuzun bəstələdiyi musiqini dinləməyə zaman ayıra bilmirik. Heyif, güman edirəm ölmədən öncə ruhumuzun bəstələdiyi notları eşidib alqışlaya bilərik onu. Hanz Zimmer, bizə yeni üfüqlər təqdim edir. Hansı ki, adi gözlə görməyəcəyimiz və toxunaraq hiss etməyəcəyimiz bölgələrdir. Çünki, onlar bizə məxsus olan sahələrdir. Ruhuna sarılmağın üçün musiqi ən gözəl vasitədir. Bəlkə də musiqi olmasaydı, dünyada kütləvi intiharlar olardı. Şəhərin mərkəzində sfetaforlardan asılmış insanlar görüntüyə alınardı. Amma musiqi dinləyib ulduzlardan asılmaq varikən intihar nəyə lazım?!
Hələ də onu dinləyirsən?! Bilirsən, dinləmək və eşitmək arasındakı fərq onu anlamaqdan keçir. Fərqinə varmadığımız nə qədər səslər əslində eşidirik. Amma təsirini öz üzərimizdə hiss etmək üçün dinləməliyik. Dinləmək, zamanın səsini aşağıya endirmək deməkdir. Məsələn: Sevdiyin insanla söhbət etdiyin anlarda zamanın səsini aşağıya salmış olursan. Ona görə ki, qarşındakı şəxsi, dəyər vermiş olduğun varlığı dinləyirsən. Zaman bilirsən bu an nə edir?! Qısqandığı üçün sürətini artırır və onu sənin yanından daha tez uzağa aparmağa çalışır. Diqqət etsən, sevdiyin şəxs ilə söhbət anında zaman daha sürətli keçib gedir. Beyin və zaman arasındakı dostluq bundan ibarətdir. Musiqi daxilində zamanı dondurmağı bacaranlardan biri də Hanz Zimmer’dir, əlbəttə ki. Sanki saatların səsi ona ibadət edir. Gözləyin, onun başqa mahnısına keçim indi. Çünki hər biri ayrı dadlara məxsusdur. Siz də dəyişin mahnısını. Aha, deməli Hanz musiqiləri ilə üsyan etmir. Ruha enerji ötürməyə çalışdığını söyləyə bilərəm. Onun hələ konsertlərindəki çıxışlarına diqqət edin. Ruhunu və beynini tarazlandıraraq çıxış edir səhnədə. Enerji paylanması onda çox yaxşı alınır. Hər kəs susur, ona görə ki, musiqiləri çox aydın danışır.
Zimmer’in fəlsəfəsini öz baxış bucağımdan izah etməyə çalışıram. Çünki önəmli tərəflərin bundan ibarət olduğunu düşünürəm. Əslində bu məqalədə bütün yazdığım cümlələr Zimmer’in ətrafında dönür. Bioqrafiyasından bəhs edə bilərəm. Ancaq bunları sadə bir şəkildə internet üzərindən əldə edə bilərsiniz. Onu üçün də bioqrafiyasına toxunmuram. Amma fəlsəfəsini anlamaq üçün sadəcə musiqilərini dinləməlisiniz və bu yazdıqlarıma diqqət etməlisiniz. Paylaşmağı sevdiyim üçün onu sizə fəlsəfi yollarla, izahlar verərək məsləhət görmüş oluram.
Hanz, motivasiya verici notlar da göz önünə sərmiş olur. “The Dark Knight” filmi üçün bəstələdiyi musiqilərdən bunu anlamaq olar. Təkcə o film yox, batmanın ilk 3 seriyası üçün bəstələnin musiqilərdə mübarizənin təməli var. Amma bu mübarizə daxilindəki mənfi səslərə qarşıdır. Zimmer, insanı həm kainatın dərin nöqtələrinə yüksəltməyi həm də ki, içindəki səsi dinləməyə vadar edən musiqilər bəstələmiş olur. Duyğulara olan incə toxunuşu səni darıxdırmağa qoymur. Unutmadan, bunu da söyləyim. Konsertlərində özü həm gitara ifa edir həm də ki, pianino. Hələ üstəlik dirijorluq da edir. Özünə məxsus bir orkestrı var. Musiqi ilə yaratdığı dünyaya hər kəsi dəvət edir. Çünki orda mənfi xüsusiyyətlər tapılmaz. İçində siyasətin dadı yer almayıbdır. Hələ də onun musiqisini dinləyirsən?! Deməli ruhuna yaxın olacaq notlar onda yer alıbdır. Bir Alman bəstəkarının şedevr əsərlər istehsal etməsinin səbəbi onun həvəsindən və sosiallığından gəlmiş olacaqdır. Sosiallıq önəmli faktordur. Həvəs isə işin 50%-ni artıq görmüş olduğun anlamına gəlir. Musiqi beyinin və ruhun tərəzisidir. Və ən maraqlısı da odur ki, eyni vəziyyətdə, tarazlıqdadırlar. Zövqünüzə uyğun musiqiləri kəşf etməyə davam edin.
Daxilində devrim keçirmək istəyirsənsə, tez-tez dəyişikliklər etməyə başla. Amma siyahından heç zaman sevdiyin bəstəkarları silmə. Onları dinləyərək, yenilərini kəşf et. Dinlə ki, dünyana yeni rənglər qatılmış olsun. İndi isə keçirik Zimmerin başqa mahnısına. Sən də dəyişdir. Məsələn: Keçid et “The Ring” filmi üçün bəstələmiş olduğu soundtrack’inə. Eynən, o həmçinin horror janrında da musiqini qulaqlara qonaq edibdir. Tükləri biz-biz etməyi sanki özünə borc bilir. Necə deyərlər, daima xoş dinləmələr olsun!
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Seyid Hüseyn - Həzin bir xatirə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)