Edebiyyat.az » Proza » Xanım Mehdixanlı - Vətən bağı al-əlvandır.

Xanım Mehdixanlı - Vətən bağı al-əlvandır.

Xanım Mehdixanlı - Vətən bağı al-əlvandır.
Proza
admin
Müəllif:
19:33, 08 aprel 2024
374
0
Xanım Mehdixanlı - Vətən bağı al-əlvandır.


 


(Qəbələ rayonunun Əmirvan kəndinin şəhidi Fariz Zahir oğlu Rəhimova həsr olunur)

Sentyabr...Yayın son ayı...Bir qədər sərinləmiş hava nəfəskəsən boğucu istilərdən sonra insana məlhəm kimi gəlir. Təbiət əvvəlki kimi yamyaşıldır, amma hava bir qədər yumşalıb. Bu ilin yayı çox isti keçmişdi. Artıq sentyabr olmağına baxmayaraq hələ də yağışlar başlama­mışdı. Qlobal istiləşmənin fəsadı kimi, son illər yay quraq keçir, aylarla torpaq bir damla yağışa həsrət qalır. Ona görə hamı istər kənd, istərsə də şəhər sakinləri uzun sürən yayın bitməsinə tələsirlər. Xüsusilə dağ bölgələrində payızın sərin nəfəsi daha tez duyulur. Təbiətin belə gözəl vaxtında gəzmək, əylənmək insanda gözəl hisslər yaradır.

Təbiətin belə əsrarəngiz vaxtında tarixin yuvarlaq rəqəmləri 2020-ci il sentyabr ayının 20-ni göstərəndə onun 19 yaşı tamam olurdu. İldən-ilə enlənən sinəsinin altında gənclik şövqü ilə döyünən qəlbində arzular cücərir, pardaqlanırdı. İnsan ömrünün ən gözəl, təkrarsız zamanı olan gənclik təravəti çöhrəsində uşaqlıq nişanələrini saxlasa da, son bir il ərzində yetkinləşmiş, xeyli böyümüşdü. 

Qəlbində gələcəklə bağlı bir-birindən gözəl arzular doğulur, onunla bərabər böyüyürdü. Arzular hələ yenicə cücərməyə başlayır, qəlbi ilk məhəbbətin şövqü ilə bulaq kimi qaynayırdı. 

İlk dəfə idi ki, doğum gününü ailəsindən kənarda qeyd edirdi. Kəndlərindəki orta məktəbi bitirəndən sonra peşə, sənət sahibi olmaq üçün ailəsini və doğma Qəbələni tərk edib bir il Bakıda yaşamışdı. Lakin həmin il ad gününü ailəsi ilə qeyd etdikdən sonra Bakıya getmişdi. 

Keçən ildən Qusarda hərbi xidmətə başlamışdı. Oranın təbiəti doğma Qəbələnin təbiətinə və iqliminə çox bənzəyirdi. Fariz üçün isə yalnız bu bənzərlik deyil, buradakı hərbi heyət və təlimlər önəmli idi. Hələ uşaqlıqdan şəkillərdə gördüyü silahları öz gözləri ilə görmək arzusunu gerçəkləşdirmişdi. Kəşfiyyatçı kurslarına qoşulmuş, yaxşı nəticələr əldə etmiş və kəşfiyyatçı snayper kimi hərbi xidmətini davam etdirirdi. Cəmi bir illik hərbi xidmət ona çox şeylər öyrətmişdi. Həm fiziki, həmdə mənəvi cəhətdən yetkinləşmişdi. Əbəs yerə xalq arasında hərbi xidmətə “kişilik məktəbi” demirlər. Fariz hərbi xidmətdə olduğu bir il ərzində özünü sanki iyirmi, otuzillik ömür yaşamış kimi hiss edirdi. 

Fariz başqa uşaqlar kimi Məlikməmmədin nağılları ilə deyil, atasının cəbhə xatirələrini dinləyərək böyümüşdü. Atası Birinci Qarabağ müharibəsində könüllü olaraq cəbhəyə yollanmış, Füzuli, Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatlarında yoldaşları ilə bərabər çiyin-çiyinə od-alovlu döyüş yolu keçmişdi. Zahir kişi oğluna hələ kiçik yaşlarından o zaman gənclərdə olan döyüş əzmindən, onların cəsurluğundan yorulmadan nəql edərdi. Döyüş yoldaşlarının şəhid olmasından danışdıqca gözlərində mənfur düşmənə qarşı qəzəb qığılcımları parlayırdı. Yaralı yoldaşlarının şəhid olmasından danışarkən gözləri dolar, səsi qəhərdən titrəyərdi. Onun atası real müharibədən, şahid olduğu hadisələrdən söhbətlər etmişdi. Fariz atasının danışdığı “nağılları” dinlədikcə sonda həmişə təəssüflənirdi ki, niyə atası və onun şücaətli dostları düşməni tamamilə məhv etməyiblər. 

Fariz atasının döyüş söhbətlərini dinlədikcə uşaq oyunları da dəyişirdi. Tay-tuşlarını başına yığıb qarğıdan düzəltdiyi atına minib taxta tüfənglə, qılıncla silahlanıb qonşu məhəllədəki uşaqlarla döyüşməyə gedərdi. Həmişə də özü dəstə başçısı olar, “əsgərlərinə” əmrlər verirdi. Beləliklə, Fariz böyüdükcə körpə qəlbinin dərinliklərində erməni adlı bir düşmənə qarşı kin tumurcuqlanır, özü ilə bərabər boy atır, pardaxlanırdı. 

Zaman quş qanadlı olur deyirlər, vaxt-vədə yetişdi, həmin taxta qılıncla oynayan uşaq artıq həqiqi əsgər olub vətənin keşiyində dayanmışdı.

Bu gün ad günü olduğundan komandir görüş vaxtını uzatmışdı. Farizi təbrik etməyə atası və əmisi gəlmişdi. Fariz onlarla səmimi öpüşüb görüşdü. Atası ilə söhbət əsnasında son zamanlar verdiyi qərarını bu gün açıqladı.

- Əsgəri xidməti başa vurub Müdafiə Nazirliyinə müraciət edəcəm. Xüsusi təlim keçib gizir kimi Sərhəd Qoşunlarında xidmətimi davam etdirmək istəyirəm. 

Zahir kişinin bir an üzü sanki buludlandı, duruxdu.

- Oğlum, sən hələ xidmətini başa vur, bir müddət dincəl, tələsmə, sonra fikirləşib qərar verərsən. Anan sənin üçün çox darıxıb, bütün günü “səni burnunda tutur”, xəstə olduğundan görüşünə gələ bilmədi. Temperaturu yüksək idi, gəlsəydi belə karantin rejiminə görə görüşməyə qoymayacaqdılar. Mənə tapşırdı ki, səni onun əvəzinə də öpüb qucaqlayım. Telefonla əlaqə saxlayım, canlı səsini eşitsin.

Zahir kişi yoldaşına zəng etdi. Telefonu qulağına yaxınlaşdırıb xəttin o başında onu dinləyən həyat yoldaşına dedi:

- Hə, artıq çatmışıq, indi oğlunun yanındayıq. Fariz telefonu atasından alıb qulağına yaxınlaşdırdı, anasının səsini eşitcək üzündə xoşbəxtlikdən sanki günəş doğdu bir anda, çöhrəsi nura boyandı. 

Xəttin o başında zəif qadın səs gəldi. 

- Salam, anacan! Necəsən? Mənim bir dənəm! Atam deyir xəstələnmisən, özündən muğayat ol! Mən səni xəstə kimi görmək istəmirəm. Tezliklə sağal!

Xəttin o başından anasının ağlamaq səsi eşidildi. 

- Anam, niyə həmişə mənimlə danışanda ağlayırsan? Mənə nə olub, şükür Allaha sağ-salamatam. 

- Oğlum, sən məni yalnız valideyn olandan sonra anlayarsan. Bilsən nə qədər darıxıram. Həyət-bacamızın hay-küyü səninlə gedib, evim sanki “suyu sovulmuş dəyirmana” dönüb. Sənin qayıdacağın günü səbirsizliklə gözləyirəm.

- Darıxma, nə qalıb ki?! Zaman su kimi axıb gedir. Papağını fırladacaqsan, bir də görəcəksən budu, sənin hay-haraylı oğlun qapını kəsdirib. 

Fariz söhbətin səmtini dəyişmək üçün soruşdu: ‒ Bacılarım nə edir? 

- Nə edəcəklər? Bütün günü səndən danışıb günləri sayırlar ki, görək qağamın gəlməyinə nə qədər qalıb. Gəl evimizə! Balalarım gözümün qabağında olanda özümü rahat hiss edirəm. Sənin sevdiyin “Xarıbülbül” mahnısını telefona yükləyib qulaq asıram. Mahnını dinlədikcə elə zənn edirəm ki, sən yanımdasan. Bu gün balam iyirminci ömrü-baharına qədəm qoyur, amma mən onu qucaqlaya bilmirəm.

- Ana! Sən bunu özünə dərd etmə! Əsas sənin sağlamlığındır. Atam hamınızın əvəzinə məni qucaqlayıb, təbrik etdi. 

- Ay, oğul, Allah bütün arzularını çin etsin! Gələ bilməsəm də, ürəyim yanındadır.Gələn il inşallah yubileyini yaxşı bir qonaqlıq ilə qeyd edərik.

- Sağ ol, anam, məndə səni çox istəyirəm, hamınız üçün darıxmışam. 

- Bacıların da səni təbrik etmək istəyirlər.

Böyük bacısı Aidə anasından telefonu alıb dedi:

- Necəsən Fariz? Bizim üçün darıxmırsan?

- Sənə paxılıq edirəm, özün bilirsən də, həmişə anamın sevgisi üstündə dalaşardıq. İndi anam sənə əmanətdir. Ondan muğayat ol! Pərişan isə hələ uşaqdır, anamı başa düşməz, onu ovundur, dilə tut. Cəmi altı ay qalıb. Fikir etməsin.

- Çalışıram, həmişə başını qatıram. Sən də özündən muğayat ol! İnşallah gələn il bizimlə bərabər doğum gününü qeyd edərsən! Allaha əmanət ol!

Telefonu qapatdıqdan sonra bir anlıq sükut yarandı.

Fariz sükutu pozmaq üçün atası ilə yarımçıq qalmış söhbətə qayıtdı.

- Deyəsən, axı sən dincəlmək deyirdin? Nə dincəlmək?! Mən sənin kimi qocalmamışam ki, dincəlim.

Əmisinə göz vurdu. Zahir kişi bir qədər pərt oldusa, oğlunun qımışdığını görüb güldü. 

- Mənə qoca deyirsən? Ay saqqalı ağarmış. Sən də mənim kimi müharibədə od-alovun içində olsaydın, belə deməzdin. Mənim yaşadığım stressi yaşamamısan, ona görə sənə hər şey sadə gəlir. Təki heç görməyəsən də.

Oğlunun ad günündə kefinə “soğan doğramamaq” üçün zarafata saldı. Əmisi, sənin qardaşın oğlu tənbəldir. Torpaq işi ona ağır gəlir. Ona görə də aradan çıxmaq istəyir. 

- Ata, torpağı ilk növbədə düşməndən qorumaq lazımdır. Qorumaq biz hərbçilərin, əkib-becərmək də sizin işinizdir. 

Əmi ata-oğul arasında giley-güzara son qoymaq məqsədilə söhbətin səmtini dəyişərək, dedi:

- Ay Zahir, sənin cavanlığın yadından çıxıb deyəsən? O vaxt anamın and-amanına baxmadın, könüllü cəbhəyə getdin. İndi isə oğlunu torpaq işi görməyə məcbur edirsən. Ordumuza Fariz kimi fəhmli, zirək gənclər lazımdır.

Onların söhbətləri xeyli davam etdi. Farizə kənddəki qohum-əqrəbadan salam yetirdilər, dost-tanışı da olan yeniliklərdən xəbərdar etdilər. Fariz də onlara yeni silahlardan, onlarla davranmaq üsullarından həvəslə danışdı. 

Artıq payız günəşinin son şüaları dağlardan əl-ayağını çəkəndə Zahir kişi oğlunu bağrına basıb bərk-bərk qucaqladı. Oğlunun son bir ildə enlənmiş kürəyinə sığal çəkdikcə içində qürur qarışıq bir sevinc hissi yaşadı. Oğlunu böyütmək üçün çox əziyyət çəkmişdi. Amma nə qədər maddi çətinlikləri olsa da, övladlarına sevgidən heç vaxt korluq verməmişdi. Övlad valideyn sevgisi ilə “böyrəkli” böyüyər. Oğlunu ilk dəfə əsgəri xidmətə yola salanda öpmüşdü. Onu nə qədər çox sevsə də, bir çox atalar kimi övladını sevgiylə “şişirtməmək” fikri ilə tərifləməyə, oxşamağa “xəsislik” edərdi. Hisslərini büruzə verməmək tərbiyəsi yəqin oğul övladı böyüdən anaların verdikləri səhv qərardır. Uşaqlıqdan oğullarına “kişi ağlamaz” kimi iradlar edərək, gələcək kişilərin hisslərini beşikdəcə buxovlayırlar. Bəli, Farizin atası da belə psixologiya ilə böyüyüb boya-başa çatmışdı. Hətta könüllü müharibəyə, od-alovun içinə gedəndə belə vətənə olan sevgisini dil ilə deyil, əməl ilə göstərmişdi. 

Zahir kişi ağır zəhmətdən codlaşmış əlini oğlunun çiyninə qoyub dedi:

- Sağ salamat evə gəl, sonra qərarını verərsən. 

Fariz də atasını nigarançılıqdan çıxartmaq üçün cavab verdi:

- Hələ azı altı ay var. Ata, hər şey yaxşı olacaq, sən fikir eləmə.

Zahir kişi yaxşı bilirdi ki, oğlunun döyüşçü ruhunun formalaşmasında onun böyük rolu olub. Fariz məktəbli olmadan öncə körpə qəlbində heç vaxt görmədiyi işğalda olan torpaqları görmək istəyi yaranmışdı. Tezliklə böyüyüb həmin yerlərə getməyi arzulayırdı. Atasının gerçək nağıllarını dinlədikdən sonra deyərdi:

- Ata, mən böyüyəndə sənin dostlarını öldürən erməniləri tapıb onları cəzalandıracam. 

Zahir kişi indi oğlunun Milli ordunun əsgəri formasında görəndə xəyalı illər öncəyə qayıtdı. O an ürəyindən keçdi ki, zaman həqiqətən su kimi axıb gedir.

O zaman heç birinin xəyalına belə gəlməzdi ki, ata və oğlun son görüşüdür. Ata oğlunun gözünə uzun-uzadı baxdı və o an sanki qəlbində özünə də məlum olmayan bir sıxıntı hiss etdi. Çox yox, cəmi əlli gündən sonra həmin müdhiş xəbəri alanda bu məşum hissin mənasını anlayacaqdı. İndi isə ata və oğul çox xoşbəxt idilər. Öpüşüb, qucaqlaşıb ayrıldılar. Fariz bir xeyli onların ardınca baxdı.

Onların görüşündən cəmi bir həftə sonra xalqımızın otuz ilə qədər gözlədiyi tariximizə şanlı zəfər ilə bitəcək İkinci Qarabağ savaşı başladı. 

Müharibənin ilk günlərindən Farizin xidmət etdiyi hərbi hissə ön xəttə göndərildi. Fariz də kəşfiyyatçı-snayper kimi ön cəbhə xəttində yoldaşları ilə döyüş əməliy­yatlarına qoşuldu. Addım-addım işğaldan azad olunmuş torpaqlarda əlində snayper addımladıqca vaxtilə atasının buralarda döyüşdüyünü düşünür, qürur duyurdu. Müharibə qələbə ilə bitəndən sonra atasına buradakı döyüşlərdən nə qədər söhbətlər edəcəkdi. Atasının gözlərində qaynayan düşmənə nifrət hissi əbəs yerə zamanla Farizin də qəlbində kök salmamışdı.

Ağır döyüşlər davam etdikcə Fariz döyüş yoldaşlarını ruhlandırmaq üçün zarafat edir, çox sevdiyi “Xarıbülbül” mahnısını zümzümə edirdi. Əvvəllər sevə-sevə qulaq asdığı mahnı indi ona başqa cür təsir edirdi. 

Buralarda şəbəkə ilə əlaqə qurmaq olmurdu. Fariz isə fürsət tapdıqca şəbəkə olan ərazilərdə atası ilə qısa olsa da, telefon əlaqəsi saxlayırdı. Atasını nigaran qoymamaq üçün deyirdi: ‒ Arxayın ol, atam, sənin və döyüş yoldaşlarının yarımçıq qalan işlərini biz tamamlayırıq. 

Zahir ata oğlu ilə qürur duysa da, yenə rahatlıq tapmırdı. Oğlu düşmənin bir addımlığında olanda öz gəncliyini xatırlayır, qarşısında canını tapşıran döyüş yoldaşları xəyalından çıxmırdı. İmkanı olsaydı o da oğlu ilə bərabər həmin yerlərə gedər, düşməndən qisasını alar, gənclərə məsləhətlər verərdi.

Fariz sentyabrın sonundan başlayan döyüş əməliy­yatlarına vaxtilə atasının döyüşdüyü Füzulidə başladı. Bir neçə gündən sonra Cəbrayılın kəndlərinin azad edil­məsində fəal iştirak etdi. Kilometrlərlə yolu addım-addım getmək onları yorsa da, hər dəfə azad olunmuş torpaqlara uzun illərdən sonra ilk addım atan olduqlarından qürur duyurdular. Döyüşçülərin sevinci yerə-göyə sığmırdı. Tarixdə əbədi iz salacaq qələbəni onlar özləri qazanır, bütöv bir xalqa illərlə həsrətində olduqları qələbə sevincini yaşadırdılar. Döyüşçülər arasında böyük ruh yüksəkliyi yaşanırdı. 

Xocavənd rayonun Edilli kəndində ağır hücum əməliyyatı gedirdi. Farizin döyüş alayı oktyabrın 16-da kəndi işğaldan azad etdi. Bu döyüşdə bir neçə yoldaşı ağır yaralandı, gözləri önündə neçəsi şəhid oldu. Fariz hər dəfə şəhid olan yoldaşlarının intiqamını almaqdan ötrü daha da sürətlə irəliləyir, zabitlərin döyüş əmrlərini canla-başla yerinə yetirirdi. Hər canını tapşıran şəhidin yarımçıq arzuları torpaqların tam azad olunmasını şahidi olmaq arzusu onları irəliyə doğru inamla addımlamağa ruhlandırırdı. Həm də şəhid yoldaşlarının intiqamını almaq, onların yarım qalan istəklərini həyata keçirmək üçün yorulmaq bilmədən çalışırdılar. 

Artıq bir həftə idi dayanmadan irəliləyirdilər. Taqəti kəsilmiş döyüş yoldaşlarına ruh yüksəkliyi vermək lazım idi. Fariz uşaqlıq arzularının və xəyallarının gerçək­ləşdiyinə inana bilmirdi. Hələ orta məktəbdə oxuyanda hərbi müəlliminə verdiyi suallara məhz özü cavab verəcəyini o zaman yatsa belə yuxusuna girməzdi. Baxmayaraq ki, hər dəfə əsgəri xidmətdən qayıdan doğma Əmirvan kəndinin oğulları ilə bu barədə çox söhbətlər etmişdi. Artıq onun xəyalları gerçək olurdu. Həm də təkcə onun deyil, milyonlarla həmvətənlərinin arzusu həyata keçirdi. Bu tarixi günləri yaradan məhz onlar idi. Bunları düşündükcə yorğunluğu canından çıxır, özünü quş kimi yüngül hiss edirdi. Dostlarına imkan tapdıqca kəndlərinə qayıtdıqdan sonra döyüş xatirələrini bölüşəcəyini həvəslə danışırdı. 

Oktyabrın 24-dən isə o, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Qırmızı Bazar, Cağadüz, Ağbulaq kəndlərinin azad olunmasında iştirak etdi. Bu əməliyyatlarda gözünün qabağında onlarla şəhid oldu. Hər bir şəhidi gördükcə Farizin düşmənə qəzəbi daha da güclənirdi.

Bir ay ərzində atası ilə cəmi üç dəfə telefon əlaqəsi saxlaya bilmişdi. Hər dəfə də atasına deyirdi ki, “it uşaqlarının hamısını gəbərtməsəm, ürəyim soyumaz”. Bilsən, necə qüvvətli oğulları itirdik...

Zahir kişi oğlunun əmin danışığından qürrələnsə də, bir ata kimi nigaran olurdu.

- Sən yenə muğayat ol, fürsət tapdıqca bizimlə əlaqə saxla, bütün günü Müdafiə Nazirliyinin brifinqini gözləyirik. Hər gün sənin və dostlarının sayəsində sevincli xəbərlər alırıq. 

- Ata, erməniləri iti qovan kimi qovuruq. Sən oğlun ilə fəxr edəcəksən, səni ya general atası, ya da şəhid atası edəcəm.

- İnşallah, tezliklə bütün torpaqları azad edib sağ-salamat geri dönərsən. Dualarımız sizinlədir.

Bu onların sonuncu əlaqəsi oldu. Aradan bir neçə gün keçdi...

Siqnax kəndində ondan 30-35 metr aralıda düşən qumbara partlayışından ətrafı bürüyən toz dumanından heç nəyi görə bilmədi. 

Bir necə dəqiqədən sonra tanış səsə tərəf baxanda baş gizir Emini al-qan içində gördü. Sağ ayağının bud hissəsi kəsilmiş, yerindən qan fışqırırdı. Gördüyü tükürpədici mənzərədən Farizin gözləri qaraldı. Emin huşunu itirmişdi. Fariz ilk ağlına gələni etməyə çalışdı. Nə olur-olsun qanı dayandırmalıydı. Cəld Eminin kəmərini belindən çıxarıb titrəyən əlləri ilə sağ budun yuxarı hissəsinə sarıyıb bərk-bərk sıxdı .Ətrafa baxdı, silahlar, dəbilqələr, hərbi forma qırıqları arasında Eminin budun­dan ayrılmış sağ ayağını 20-25 metr kənarda tapdı. 

- Dayan, dostum, hər şey yaxşı olacaq! 

Yaralını tezliklə hospitala çatdırmaq lazım idi. Hər keçən an yaralının əleyhinə işləyirdi. Səhra hospitalına isə xeyli məsafə vardı. Belə fövqəladə vəziyyətlərdə beyin həmişəkindən ikiqat sürətlə analiz edir. Ani qərar verib dostunu çiyninə almağa çalışanda qopmuş ayağı da götürməli olduğunu anladı. Kəsilmiş ayağı götürmək üçün xeyli çalışdı. Ürpəşə-ürpəşə dostunun hərəkətsiz ayağını qoltuğuna aldı. Emini tez çatdıra bilsə, peşəkar cərrahlar onun bədənindən yenicə ayrılmış ayağını yerinə tikə bilərlər. Belə hadisələr çox olmuşdur. Eminin huşsuz bədənini sol çiynindən arxaya doğru aşırdı, sağ çiyninə 16 kiloluq “Mübariz” snayperi, bir əlində isə onun budundan qopmuş al qan içində sağ ayağı...Bu müdhiş mənzərənin şahidi payız səhərinin dumanına bürünmüş dağlar və seyrək yarpaqları saralmağa başlamış ağaclar idi. 

O, son qüvvəsini toplayıb gedir, hərdən bir anlıq dayanıb nəfəsini dərməyə məcbur olurdu. Xeyli yol gedəndən sonra təpədən üzüaşağı 100 metr enmək lazım gəldi. Belə ağır yüklə getsə idi yıxılıb yaralını əzə bilərdi. Emini çiynindən ehtiyatla yerə qoydu. Emin büsbütün tər içində huşsuz vəziyyətdə inildəyirdi. Snayperi onun kəsik budunun altına qoyub qopmuş ayağını qarnının üzərinə ehtiyatla yerləşdirib, Eminin çiyinlərindən ehtiyatla tutub üzüaşağı dartdı. Düzənliyə çatan kimi nəfəsini dərdi. Başının ağrısından toranlaşan gözləri ilə yolu götür-qoy etdi. Görəsən düzmü gedir? Hardan getsə daha tez çatar? Emin elə vəziyyətdədir ki, onunla məsləhətləşmək müm­künsüzdür. Yolu təxmin edib əvvəlki kimi snayperi sol çiyninə alıb dostunu boynuna aşırdı, bir əlində cansız ayağını götürüb və son qüvvəsini toplayıb yoluna davam etdi. Özü də təəccüblənirdi. Bu qədər qüvvə ona haradan gəlmişdi?!

Zorla addımladıqca kürəyini isladan qanın istisi boynundan axan tərinə qarışır, onu nəfəsini dərmək üçün dayanmağa məcbur edirdi. 

Emin deyəsən özünə gəlir, qırır-qırıq sözlər deyirdi. Ana! Ay ana... Mən gələcəm...Qırıq-qırıq sözlər arasında məni yerə qoy deyirdi.

- Gecədir? Nə tez gecə oldu?

Fariz artıq dostunun gözlərinin qaraldığını başa düşdü.

Onu həyəcanlandırmamaq üçün hə, hava tez qaralır, dedi. 

Emin: Artıq vaxtım bitib, özünə əziyyət vermə.

- Yox! Emin! Sən yaşayacaqsan! Fariz hər cəhdlə çalışırdı ki, Emin kəsik ayağını görməsin. Deyəsən ayağının itirdiyindən xəbərsiz idi. Hələ sümüyünün ağrısını hiss etmirdi. Huşsuz vəziyyətdə yalnız su! su! ‒ deyə təkrarlayırdı.

‒ Az qalıb, sənə heçnə olmayacaq, artıq çatırıq.

30-40 dəqiqə yol qət edəndən sonra yük maşının gəldiyini gördü. Elə sevindi ki, sanki dərin dalğalı dənizdə batan gəmiyə köməyə gəlmiş qayıq görürdü. Yaxşı ki maşının sürücüsü onları görmüşdü. “Qaz-53”markalı yük maşını səngər üçün maşın təkəri aparırmış. Maşının sürücüsü və yanında əyləşən orta yaşlı kişi dərhal yaralı əsgəri çiynində zorla addımbaaddım aparmağa çalışan əsgəri görüb maşını saxladılar. Yaralının əsgərin çiynin­dən götürüb maşının yük yerinə qaldırdılar. 

Partlayışdan sonra Farizin başında möhkəm ağrı yaranmışdı. Sanki gicgahlarında qan vurur, qulaqlarında səslənirdi. Kuzaya birtəhər çıxıb Eminin başı ucunda oturdu. Sürücüdən su istədi. Ona bir litrlik butulkada su verdilər. Fariz Eminə ehtiyatla suyu içirtməyə çalışdı. 

Maşın sürətlə geriyə qayıtdı və 15-16 dəqiqə keçməmiş artıq səhra hospitalına çatdılar. Yaralı əsgərin gətirildiyini bilən bütün tibbi heyət əl-ayağa düşdü. 

Artıq Emin tam huşsuz idi. Rəngindən çoxlu qan itirildiyi məlum olurdu. Tibb işçiləri cəld Emini xərəyə yerləşdirib əməliyyatxanaya apardılar.

Farizin kürəyində laxtalanmış qan burnunu qıcıqlandırır, qan iyindən ürəyi ağzına gəlirdi. Tibb bacıları ona cəld dəyişək forma verdilər. Qanın təzyiqini ölçüb damarına iynə vurdular. Özünü saxlamağa çalışsa da, yuxuya qalib gələ bilmədi. Kirpikləri büsbütün qapandı. Nə qədər vaxt keçdiyindən xəbəri olmadı, ayılanda qonşu otaqdan qarışıq səslər eşitdi. Nə qədər diqqət kəsilsə də, səs-küydən heçnə anlaya bilmədi. Yeni yaralılar gətirilmişdi. Həkimlərin həyəcanlı səsləri, tibb bacılarının təşvişi ona da sirayət etdi. Demək, müharibənin əsas mənzərəsi burada davam edirdi. Tibbi heyət də onlar qədər düşmənin törətdiyi fəsadları aradan qaldırmaqla məşğul olurdu. Buradakılar ağ xalatlı döyüşçülər idi. Yaralıların iniltisinə, əl-ayağını itirmiş əsgərlərin qışqırtısına dözmək olmurdu. Fariz yan otaqdan çox nigaran qalmışdı. Orada əməliyyat olunmuş xəstələr yerləşdirilirdi. Tibb bacısından Emini soruşdu. 

Tibb bacısı cavab verməmək üçün özünü məşğul göstərirdi. Fariz isə israrla, soruşurdu:

- Emin necə oldu? Mənim gətirdiyim əsgəri deyirəm.

Bu zaman üzündən yorğunluq yağan orta yaşlı həkim təmkinini qorumağa çalışaraq onun qolundan tutub kənara çəkdi. 

- Gəl oğlum, sənə izah edim. İnsanın beş litr qanı olur onun yarısını itirmək həyat üçün ciddi risk deməkdir.

- Emin haradadır?

- Bax, oğlum! Məndə onu sənə izah etmək istəyirəm.

- Mənə izah lazım deyil. Onu görməliyəm, başa düşürsüz?! O, ailəsinin yeganə övladıdır, deməyin ki, artıq yoxdur.

Fariz qolunu tutmağa çalışan həkimin əlindən çıxıb reanimasiya otağına daxil olur. Burada üzünə ağ mələfə çəkilmiş yan-yana dörd cənazə var idi. Fariz həyəcandan titrəyən əlləri ilə onlardan birini üzündə olan mələfəni götürür. Bu Emin deyil. O birinin üzünün ağını çəkəndə dəhşətli vəziyyətə düşmüş üzü görəndə sarsılır. Bu tanınmaz hala düşmüş üzü doğma anası belə tanımazdı. Üçüncünün mələfəsini götürəndə Eminin sapsarı üzünü və üzündə donan təbəssümü görür. Emin sanki çöhrəsində donmuş məsum körpə təbəssümü ilə dərin yuxuya dalmışdır. 

- Mənim cənnət mələyim, axı biz birlikdə hərbi hissəmizə qələbə ilə dönəcəkdik. Niyə məni yarı yolda qoydun?! Cənazənin qarşısında dizləri üstündə oturub içindən gələn bir hayqırtı ilə hönkürdü. Bu elə hönkürtü idi ki, burada qəzəb, kin, hər şey vardı. 

- Mən səni bu günə qoyanların anasını ağlar qoyacam. Söz verirəm sənə, gör nə edəcəm. O it uşaqlarını mələdəcəm!! 

Fariz onu sakitləşdirməyə çalışan həkimin əlində çırpınırdı. Həkim tibb bacılarına işarə etdi. Onlar sakitləşdirici həb ilə su gətirdilər. Fariz dərmanı qəbul etmək istəmirdi. Hayqırır, əclaf erməniləri söyürdü.

Həkim də ağlayaraq onun boynunu qucaqladı. – Oğlum, siz həqiqətən qəhrəmansız, odun alovun içində döyüşür, həm də bir-birinizə arxa olursunuz.

- Mən onu vaxtında gətirsəydim ölməzdi. 

- Xeyr, oğlum. Sənlik deyil, sən piyada, ağır yüklə palçıqlı yolları qət edərək, xeyli gəlmisən, onu bura çatdıra bilmisən. Bizdə əlimizdən gələni etdik, amma təəssüf ki, mümkün olmadı, ürəyi davam gətirmədi. 

Fariz qəzəblə yan otağa keçib snayperini istədi. Yenidən döyüş müddəti ərzində ayrılmaz dostu olan snayperini sinəsinə sıxıb oradan uzaqlaşdı. Döyüş əməliyyatı olan yerə getməli idi. Yəqin komandir ondan nigarandır. Döyüş bölgəsi tərəfə gedəcək maşın yalnız səyyar mətbəx maşını idi. Bir xeyli səyyar mətbəx maşını ilə gedəndən sonra maşını tərk etdi. Qalan yolu piyada getməli idi. Düşmən maşınları daha tez nişan alıb vururdu. Ona görə Fariz piyada xeyli getməli oldu. Artıq payız axşamı yavaş-yavaş düşür, bomboş kəndlər qaranlığa bürünürdü. Ara-sıra çaqqal, canavar səsləri də eşidilirdi. Fariz qətiyyən qorxu hiss etmirdi. Son günlərdə yaşadığı hadisələrdən ürəyi bərkimiş, möhkəmlənmişdi. Qorxu və həyəcan hissi ona yad olmuşdu. 

Əməliyyat artıq Şuşa-Laçın yolunda gedirdi. Burada komandirini tapıb yeni döyüş təlimatını aldı. Sıravi əsgər olmağına baxmayaraq Xüsusi Təyinatlılar ilə bərabər Şuşa istiqamətinə irəlilədikcə həm içində qüruru, həmdə düşmənə qarşı amansız qəzəbi artırdı. Döyüş yoldaşı Ümid onun Eminin ölümündən sonra daha gərgin olduğunu hiss edirdi. 

Payız səhərində dağların başını duman alanda Farizin snayperi iki kilometr məsafədə düşməni nişan ala bilirdi.“Mübariz”ini sinəsinə basanda özünü daha güclü hiss edirdi. Sanki Milli Qəhrəmanın gücü qollarının qüvvətini artırdı. Düşməni “Mübariz”in gözü ilə nişan alıb gəbərtdikcə şəhidlərin intiqamını aldığı üçün yüngülləşirdi. Fariz snayperini Şuşa istiqamətinə tuşlayır, dəqiqəyə bir daraq gilizi düşmənə tərəfə boşaldırdı. Bu onun şəhid yoldaşlarının intiqamı idi. Hər atəşdən sonra düşmən tərəfdə uzun müddət sakitlik yaranırdı. 

Sakitlik olanda dodaqaltı zümzümə edirdi. Vətən bağı al-əlvandır, 

Yox üstündə Xarıbülbül...

Dəfələrlə dinləməkdən usanmadığı bir mahnı indi başqa cür məna verirdi. Vətən bağrı al qandır, düşmən əlində qalmış xarıbülbül!

Noyabrın 7-də artıq Şuşanın bir addımlığında ölümün gözünə dik baxan oğullar burada şir kimi döyüşürdü. Sona az qalırdı, bir neçə saatdan sonra xalqımız şanlı qələbə xəbərini eşidib, sevinəcəkdilər. Fariz bütün bunları düşündükcə daha da cəsarətlə döyüşçü yoldaşları ilə bərabər irəliləyirdi. Komandirin əmrini həvəslə yerinə yetirdilər. 

Belə bir zamanda qəfil namərd gülləsi Farizin ciyərini dəlib keçdi. İlk anda güllənin zərbəsindən səntirlədi, ayaqda durmağa çalışsa da, ayaqları sözünə baxmadı. Yaralı quş kimi torpağa sərilən Fariz qollarını geniş açıb ana torpağı qucaqladı. Sonuncu dəfə atası ilə telefonla danışdığı sözü xatırladı. “Sən mənimlə fəxr edəcəksən, səni ya general ya da şəhid atası edəcəm”. Qısa həyatı bir anlıq beynində canlandı. Budur, qarğı atı ilə kəndi o baş bu baş çapmağı, məktəb yoldaşları ilə qışda qartopu oynamağı, anası Şərəfnisənin səsi sanki qulağına gəldi. “Ay bala, dondun, evə gəl!” Hər şey sürətlə beynində kino lenti kimi bir-birini əvəz edirdi. Son bir aylıq döyüş yolu qarşısında can verən əsgər yoldaşları hamısı yavaş-yavaş ondan uzaqlaşırdı. Sonuncu dəfə başını qaldırıb ona yad olan əlifba ilə yazılmış “Şuşa” sözü üzərində başı dumanlı dağlara baxdı. Səhər olsa da, ona elə gəldi ki, Günəş dağların arxasında sürətlə itdi. Hər tərəfi qaranlıq və səssizlik bürüdü...

Şuşanın azad olunması xəbəri bütün ölkəni sevincə qərq etdi. Hər yerdə bayram ab-havası olan zamanda Zahir kişinin qulağı telefonunda idi. İndilərdə oğlu zəng edib ona uğurlu döyüş əməliyyatından danışacaq. Lakin bir neçə gün telefonu susdu. Nəhayət, noyabr ayının 11-də naməlum nömrədən gələn zəngi həyəcanla açdı.

- Alo! Naməlum kişi səsi xəttin o başında idi. 

- Salam. Kimdir?

- Rəhimov Farizin atası lazımdır.

- Bəli, Rəhimov Farizin atası mənəm. Danışan kimdir?

Xəttin o başında bir anlıq sükut çökdü...Mən, polkovnik Mustafayev sizə bu ağır xəbəri verməyə məcburam. Oğlunuz Fariz Rəhimov Şuşa-Laçın yolunun təmizlənməsi əməliyyatında qəhrəmancasına şəhid olub. Başınız sağ olsun! Sabah nəşini hərbçilər Qəbələyə gətirəcəklər.

Zahir kişinin əli boşaldı, telefon əlindən yerə düşdü. O an ürəyinə acı bir ağrı iti bıçaq kimi saplandı. Gözünün qarşısında Farizin 19 illik qısa həyatı bir xəyal kimi gəlib keçdi. İlk dəfə doğum evindən çıxanda həyat yoldaşı Şərəfnisənin əlindən sevinərək qucağına aldığı sarışın körpə artıq bir elin vüqarına çevrilmiş, şəhidlik məqamına yüksəlmişdi. Həm də ailəsini əbədi gül üzünə həsrət qoymuşdu.

Noyabrın 12-də Qəbələnin Əmirvan kəndində el-oba yığılıb bir gənci ana torpağa əmanət etdilər. Məzar başında nitqlər söylənildi, hərbçilər atəş açdı, analar-bacılar ağı dedi. Nəhayət, məzarı güllərə bürüyüb tərk etdilər.

Artıq iki ildir güllərə bürünmüş qara məzar daşından bir gəncin təbəssümlü çöhrəsi gəlib gedən ziyarətçilərə gülümsəyir. Sanki baxışları ilə deyir:

Vətən bağı al-əlvandır,

Yox üstündə Fariz, Emin...

Hər gün Günəş Əmirvanın dağları arxasından doğur və axşamlar qürub edir. Torpaq üzərində xoşbəxt uşaqlar böyüyür, pərvazlanır. 

Addım-addım silah çiynində döyüşərək keçdiyi torpaqlar üçün Farizə “Xocavəndin”, “Füzulinin”, “Cəbrayılın”, “Şuşanın” azad olunmasına görə, birdə “Vətən uğrunda” verilən beş medal ailəsinə təsəllidir.

Rəhimovlar ailəsində gələcəkdə doğulacaq körpələr dayılarının şücaətindən yaşıdlarına ağız dolusu hələ çox danışacaqlar. Ümid edirəm ki, Fariz kimi həmin körpələr böyüdükləri nağılları dastana çevirmək üçün şəhid olmazlar. Yalnız tarix dərsliklərində şanlı tariximizi oxuyub fəxr edərlər. 

Bəli, Fariz cəmi on doqquz illik qısa həyatında beş medala sığmayan şərəfli ömür yaşadı. Farizin bütün fotolarında simasında təbəssüm var. Xoşbəxtlik ömrün qısa, yaxud uzun olmasında deyil, xoşbəxtlik xatirələrdə gözəl yaşamaqdır. Ləyaqətli, şərəfli ömrü şəhidlər yaşadılar. 

Onları (şəhidlərə) ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi(cənnət) əta olunur (Əli-İmran surəsi, 169).

Fevral, 2023

Xanım Mehdixanlı yazıçı, publisist (AYB, AJB nin üzvü) 


 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)