Edebiyyat.az » Proza » Tahir Həsənli - Gülbabanın yuxusu

Tahir Həsənli - Gülbabanın yuxusu

Tahir Həsənli - Gülbabanın yuxusu
Proza
admin
Müəllif:
00:56, 02 may 2024
1 142
0
Tahir Həsənli - Gülbabanın yuxusu

                   



  Yayın isti günləri idi. Günorta vaxtı qızmar günəş şüaları bütün canlıları kölgələnməyə məcbur edirdi. Amma boğanaq hava adamı durduğu yerdə tərlədirdi. Nəfəs almaq olmurdu. Hava elə sakit idi ki, həyətdəki ağacların yarpaqları tərpənmir, istinin təsirindən huşunu itirmiş kimi süst görünürdü.

  Evin alt mərtəbəsindəki otaqda sərinləmək istəyən Gülbaba uzandığı yerdə o tərəf-bu tərəfə çevrılıb tərini soyutmağa çalışırdı. Gözləyirdi ki, günəş əyiləndə durub sahəyə getsin. Bu anda həyətdən gələn səs onu diksindirdi. Atası onu çağırırdı. 

  --Gülbaba, ay Gülbaba, tez yanıma gəl.

  Gülbaba ucadan “gəldim, ata, gəldim”-deyərək cavab verəndə öz səsinə yerindən dik qaxdı. Ərinin qışqırığına yaxınlıqdakı çarpayıda yatan arvadı qalxıb:

 --Bısmıllah, bismillah,-dedi,-ay kişi sənə nə oldu?

  Arvad ayağa qalxıb stolun üstündəki qrafindən su töküb ona uzatdı, “al iç” dedi. Sonra da sağ əlini gah Gülbabanın kürəyinə, gah yerə vurdu. Gülbaba sudan bir-iki qurtum içdi, gördüklərinin yuxu olduğunu anlayıb toxdadı və arvadına:

 --Yuxuda atam məni çağırırdı. Deyəsən, kişi məni aparacaq,-dedi.

 --Özünü qorxutma, a kişi, üzü düşsün. Neçə ildir biz ölülərimizi də unutmuşuq. Nə yaxşı ki, bu gün, sabah istirahət günləridir. Bir azdan dur get kəndə, qəbirləri ziyarət elə, mollaya da bir “Yasin” oxut.  

  Arvad qalxıb geyindi. Gülbaba yuxunun təsirindən özünə gələ bilmirdi, hələ də düşüncəli oturub qalmışdı. 

 --Dur ayağa, bu qədər qorxaq olma, get üzünə su vur, ayıl.

  Gülbaba uşaqlıq və gəncliyini dağ kəndlərindən birində keçirmişdi. O, qonşu kənddən evlənmişdi. Qızın atası əvvəlcədən elan etmişdi ki, mən onun anasının mənim anama elədiklərini görmüşəm  Ona görə də qızımı yetim oğlana verəcəyəm. Gülbaba isə əl çəkməmiş, elçilər bir neçə dəfə gedib axır ki, kişini yola gətirmişdilər. Evlənəndən sonra yoldaşı onun qarşısına yol qoymuşdu ki, tezlıklə şəhərə köçəcəyik: “Mən tıbb bacısı olub kənddə nə qazanacağam? Atan bu kənddə qırx ildir çalışır, bir bu tikdiyi evdən başqa nəyi var? Bax kəndimizdən şəhərə gedənlərə, bir çoxunun qəşəng evi, altında maşını, maaşdan əlavə ayda nə qədər levıy gəliri. Kənddə lap bu dağlar, dərələr də sənin olsun, nə qazanacaqsan?” Gülbaba bilirdi ki, atasının könlündən olmayacaq, axı onun da bir ata kimi oğlu barədə arzuları vardı. Kənd yerində belə bir məsəl var: “Ohə qara öküzün könlündən imiş.” İncikliyə baxmayaraq Gülbaba yığışıb şəhərə köçmüşdü. Ilk vaxtlar kəndi yuxularında görürdü. İllər keçdikcə kəndlə bağlı xatirələri unudulmağa başladı. İndi o, altmış yaşı haqlamışdı. Hərdən boş vaxtlarında keçmişlərdən nəsə yadına düşürdü. Özü həsrətlə o günləri xatırlayıb  uşaqlarına danışsa da kəndi görməyən uşaqlar üçün maraqlı deyildi. Bu zaman yoldaşı onu istehzalı nəzərlərlə süzür, amma xətrinə dəymək istəmirdi. 

  Gülbaba təsərrüfat malları satılan mağazadan bir qutu ağ şir, bir firça, bir az əhəng, sement alıb evə qayıtdı. Fikri bu idi ki, sabah tezdən kəndə getsin, qəbirləri ziyarət etsin, bir az əl gəzdirib səliqəyə salsın, arvadının dediyi kimi bir “Yasin” də oxutsun. Bəlkə atası onu daha yanına çağırmasın. 

  Sübh tezdən Gülbaba maşını ilə yola çıxdı. Bir saatdan sonra dağların dolanbac yolları ilə irəliləyən maşın sürətini azaltmışdı. Gülbaba kəndə çatmamış bir bulaq başında dayandı. Maşından düşdü, dərindən nəfəs alıb qacındı. Yol üçün götürdüyü çörəyin süfrəsini bulaq başında açdı. Bulağa dəyən səhər günəşinin şəfəqləri bir anlıq sifətində əks olundu. Bulaq novçalı deyildi. Yerdən qaynayıb axan dumduru suda eyni rəngin çalarları ilə fərqlənən xırda daşlar tərtəmiz görünürdü. Gülbaba uşaqlıqda etdiyi kimi, əllərini yandakı daşların üstünə qoyub bulağın üstünə sərələndi. Bulaqla öpüşürmüş kimi marçıltı ilə sudan içdi. Aranın istisindən qurtulub sərinləndi, xörəksiz çörəyini iştahla yedi. 

  Gülbaba kəndə çatanda günəşin şüaları dərələri də işıqlandırırdı. Ata-anası rəhmətə gedəndən sonra o, kəndə gəlməmişdi. Elə düşünürdü ki, bu ötən vaxtlarda kəndlərində evlər çoxalıb, abadlaşıb. Amma kənd elə onun gördüyü əvvəlki kənd idi. Əksinə elə bil evlər miskinləşmiş, kiçilmiş, daha da kohnəlmişdilər.

Kəndin girəcəyində, təpənin üstündə olan qəbiristanlığa yetişəndə o, maşını saxladı. Kənarda durub ətrafa göz gəzdirdi. Dəmir çəpərə salınmış qəbirlərin içərisini alaq otları basmış, qəbirləri görünməz etmişdi. İllərlə unudulmuş bu qəbirlərdəki baş daşlarının rəngi dəyişmiş, yazıları çətinliklə oxunurdu. Gülbaba ata-anasının qəbirlərini tapıb baş daşlarının yanında durdu. Bildiyi dualardan oxudu. Gətirdiklərini daşıyıb işə başladı. Daşları ağartdı, yazilari qızılı rənglə rənglədi. Sinə daşlarının ətrafında qopan sementləri təzələdi. Üç-dörd saatlıq zəhmətdən sonra qəddini düzəldib öz işindən razı halda geri çəkildi, qəbirlərə tamaşa etdi. Yorulmuş kimi ətrafa göz gəzdirdi. Hər tərəfdə sakitlik idi. Yadına çoxdan oxuduğu bir şeir düşdü. Şeirdə qəbiristanlıq sinif otağına bənzədilirdi. Sükut çökmüşdü, sanki kiminsə dili dinc durmayıb sual vermişdi: “Kim yaşamaq istəyir?” Hamı daşa dönmüş əlini qaldırmışdı.

  Birdən Gülbabanın yadına babası düşdü. Yerli daşdan olan yazısız, bəzisi qırılmış daşlara baxdı, tanımadı. Bəzi daşlar yerlə bərabər olmuşdu. Burda babasının qəbrini tanımasa da bəzən evdə, bəzən də iş yoldaşları arasında ulu babasından danışmağı sevərdi. Yetmiş qoyunu olan babasının yeddi yüz qoyunu olduğunu söylər, onun Şamdan gəlməsindən əhvalatlar uydurub danışardı. 

  Gülbaba yaxınlıqdakı qəbrə yanaşdı, baş daşındakı adı oxudu, yadına düşdü bu kişi. Qoyunçuluqda briqadir idi. Günü yay yaylaqda, qış isə qışlaqda keçmişdi. Bir dəfə yay vaxtı şəhərə getmişdi, üç gün dözməyib qayıdıb gəlmişdi. Gileylənirdi ki, şəhər yaşamalı yer deyil. Suyundan dərman iyi gəlir, havası da qaynayır, nəfəs almaq olmur, adam elə bil təndirə düşüb. Hara gedirsən, basabas, növbə. Ən pisi də odur ki, ayaqyolu evin içindədir, həm də mətbəxlə yanaşı. Arada nazik bir divar var. Adam utanır ora getməyə, evdə gəlin, oğul-uşaq. Heyif deyil güllü-çiçəkli yaylaqlar? Bir oğlu vardı. Qoyun saxlamaq istəmədi. Evlənəndən sonra yoldaşı da şəhərə getmək istədi. İki uşağı olandan sonra gəlin başqa kişi tapıb ərini evdən qovdu. Fağır kişi oğlunun dərdi ilə həyatdan getdi.

  Baş daşlarındakı adlar Gülbabanın cavanlıqdakı xatirələrini oyadırdı. Bax bu da “mama kakoy” ləqəbli kişinin qəbridir. Rəhmətlik cavan vaxtlarında şimalda, dənizdə qulluq etmişdi. İki illik əskərlik müddətində rus dilini oyrənmiş, qayıdıb gələndə kənd camaatı ilə, hətta evdə anası ilə rusca danışırdı. Bir gün anası görür ki, oğlu çəpərin altında qonşunun qızı ilə söhbət edir. Arvad çəpərin dibinə gedib qulaq asır. Görür ki, qız deyir:

 --Sən istəməklə deyil ki, bəlkə anan razı olmayacaq?

  Oğlu deyir:

 --Mən razıyamsa mama kakoy.

  Arvad “mama kakoy” sözlərini başa düşmədiyindən qonşudan xəbər alır. Söhbət kəndə yayılır, o vaxtdan ləqəbi olur:”mama kakoy.” Sonralar kolxozda süni mayalama texniki işləyirdi. Oğlu fərli çıxmadı, kənddə, rayonda borclu olmadığı adam qalmamışdı. Onun əvəzinə xəcalət çəkir, camaat arasına çıxmırdı. Amma nəvələrinin oxuyanı da, oxumayanı da diribaş oldu. Bir nəvəsi şəhərdə məşhur ginekoloqdu. Övladı olmayanlara övlad bəxş edir. Beləsi üçün deyiblər:”Oddan kül, küldən də od törəyər.”

  Gülbaba sanki tanış adamlarını burda görürdü. Onsuz da indi kənddə tanıdığı insanlar yox idi. O, getmək üçün çıxışa sarı döndü. Qəbirlərin arası ilə gedərkən diqqətini bir hamar, qara rəngli yerli daşdan qoyulmuş baş daşı cəlb elədi. Sanki “mənə də bax” dedi. Ayaq saxlayıb üstündəki adı oxudu: “Məharət.” Diksindi, müəllimini görürmüş kimi bir anlıq özünü yığışdırdı. Fikri qirx-əlli il əvvələ getdi. O vaxtlar bu kənddə orta məktəb vardı. Məharət müəllim məktəbin dil-ədəbiyyat müəllimi idi. İntizamı sevən, tələbkar, qayğıkeş bir insan idi. Dərs dediyi şagirdləri indi müxtəlif şəhərlərdə jurnalist, prokuror, hakim, müəllim kimi çalışırlar. Müəllimin iki oğlu,bir qızı var idi. Fikri hər iki oğlunu doğma kəndində ev-eşik sahibi etmək idi. Amma oğlanları ali məktəbi bitirib kənddə işləmək istəmədilər. Dövran dəyişmişdi. Hər ikisi Rusiyaya gedib gəlmədilər. Müəllim oğullarının həsrəti ilə həyatdan köçdü, arvadı da qaldı qızının ümidinə. Düz deyiblər:”Lampa hər tərəfə işıq saçsa da öz dibinə işıq salmır.” Hamıya nümunə ola bilən bir adamın övladlarının fərsiz çıxması az  dərd deyil. 

  Gülbaba ətrafa diqqətlə nəzər saldı. Tanıdığı insanları görürmüş kimi köksünü ötürdü. Bir vaxt kəndini sevən, yaşadan insanların övladları üçün arzuları da özləri ilə birgə dəfn olunmuşdu. Bu qəbiristanlıqda yatanların hamısı: oxumuşu da , oxumamışı da öz kəndində, ata yurdunda yaşadı. Amma onların övladları Uzaq Şərqdən tutmuş Türkiyəyə qədər səpələndilər. 

  Gülbaba qəbiristanlıqdan çıxıb maşınla kəndin içərisinə girdi. Küçələri dolaşdı ki, bəlkə, kiməsə rast gələ, amma heç kəs yox idi. Darvazaların bir çoxunun giriş qapısından kilid asılmışdı. O, ata evini çoxdan satmışdı, evi alan adam da bir müddət sonra köçənləri görüb o da şəhərə köçmüşdü. Nəhayət, məktəb binasından bir az yuxarı bir qapıda əli əsalı bir kişini görüb maşını ora sürdü. Yaxınlaşıb maşını saxladı, əli əsalı kişini tanıdı. Bu, uzun müddət kəndin mollası olmuş Əbdül idi. O, əlindəki təsbehi cibinə qoyub gələn adamı başdan ayağa süzdü. 

 --Əbdül dayı, salam. Necəsən?

 --Sağ ol, ay oğul, sən Gülməmmədin oğlu Gülbaba deyilsən?

 --Düz tanımısan.

 --Nə əcəb səndən? Gün hayandan çıxıb? Xoş gəlmisən.

 --Əbdül dayı, elə kənd yadıma düşdü, həm də istədim ki, rəhmətlikləri bir ziyarət eyləyim. Deyirəm ey, gərək o vaxt evi satmayaydım, gəlib məzuniyyətimi burda keçirərdim. 

 --Ay bala, evi olanlar məgər gəlir? Elə ev var ki, on ildə bir dəfə qapısı açılmır. Addı ki, filankəsin kənddə evi var. Oğullar bir yana, gəlinlər heç gəlmək istəmirlər. Deyirlər ki, biz gələndə istirahət etmək istəyirik. Toz basan, yorğan-döşəyi illərcə atılmayan, palaz-paltarı nəm qoxuyan evə gedib istirahətimi də işləməklə keçirəcəyəmsə, niyə gedim?

  Gülbabanın fıkrinə öz yoldaşı gəldi. Zalım qızı kənd deyiləndə daş atıb başını tutur. Gəlmirsən gəlmə, ye bu dərmanlı qidaları, yüyür aptekə. Ye yandıranı, iç söndürəni. İşləyıb sağlam olmaq istəmirsən, ye, otur, zarılda. Şəkər, qan təzyiqi ömürlük yoldaşın olsun. 

 --Gəl ay bala, çöldə durma, gedək evə,- deyəndə Gülbaba fikrindən ayıldı.

 --Əbdül dayı, mən istədim ki, səni aparım, ata-anam üçün “Yasin” oxuyasan.

 --Gəl, əvvəl bir stəkan çay iç, yol gəlmisən, sonra gedərik. 

  Əbdül qabaqda, Gülbaba onun arxasınca taxta küçə qapısından həyətə daxil oldular. Həyətə yerli daşdan döşənmiş, hər tərəf tərtəmiz idi. Səkili evin eyvanında Əbdülün ömür-gün yoldaşı Əsmər arvad həyətə girənlərə diqqət edib əri ilə gələni tanıdı. 

 --Gülbaba, xoş gəlmisən. Nə yaxşı bizi yada salmısan?-deyərək xalatının ətəyi ilə əlini qurulayaraq Gülbabaya uzatdı,- Keçin evə, yaxşı paxla qafunu bişirmişəm, yəqin ki, çoxdan yeməmisən,-dedi.

 --Elə kəndi görmək istədim,amma görəndən sonra kefim pozuldu. Kənddə adam qamayıb, əksəri köçüb. Niyə belə olub?

 --A bala, -deyə Əbdül onların söhbətinə qarışdı,- Sən niyə getdin? Qalanlar da sənin kimi. Yoldaşın xəstəxanada işləyir, sən də bankda, yəqin ki, uşaqların da özünə iş tapıb. Qamış bizim yerdə bitir, zurnanı özgə çalır. Qazımızı özgələr yandırır, biz hələ də təzək yandırırıq. Elə bil allahın da yurdundan bezənlərə qəzəbi tutub, dalbadal bir neçə il keçən quraqlıq adamları daha da küsdürdü. Bir tərəfdən də kəndin yaylaqlarını şəhərdə yaşayan vəzifəlilər məngirlədilər. Camaat da mal-qara saxlamaqdan əl çəkib satdılar və kənddən köçdülər. İndı yüzə qədər evdən on ev qalmışıq. Onlar da pensiyaçılardır. Ölən olanda qəbir qazıyan da olmayacaq. Kənddəki də bunu görüb gedir. Kolxoz sədrının ikimətəbəlı evi, yarım hektarlıq həyəti yadındadır? Ataları öləndən sonra mülk üstündə əvvəl arvadları, sonra da qardaşlar dalaşdılar. Axırda hər ikisi kənddən köçdü. İndi ev qalıb anqıra-anqıra. Ataları vurmuş şüşəbəndin rəngi də bilinmır. Şəhərdə ikisi də yaxşı yerdə işləyir.

  Gülbaba gülümsünərək :

 -- Əbdül dayı, kəndin parkı, bulvarı, əyləncə yerləri yox,- dedi,- cavan burda darıxır.

 --Yox, bala, əsas məsələ qazancdır. Yaxşı pul olanda lap Maqadana da gedirlər. 

 --Gülbaba, cavanlar demişkən, uşaqları neynəmisən, evləndirmisən?-deyə Əsmər stəkanlara çay tökərək soruşdu. 

 --Qızı köçürmüşəm, oğlan hələ qalıb. 

 --Niyə, gücün çatmır?

 --Gücüm çatır, amma qız tapa bilmirik.

 --Ə, qızdan çox qız var, qoza daş atırsan, qıza dəyir. Siz bəyənmirsiz, yoxsa oğlan?

 --Qız var, amma şalvarı cırıq, sinəsi açıq, əlində lapatka boyda telefon olan, günorta yuxudan duran qızdan evə nə gəlin olar? Gələn kimi də anasının göstərişi ilə durub-oturacaq, hamıya rəhbərlik etmək istəyəcək. Oyan-buyan olan kimi də boşanıb uşaqları da aparacaq, aliment də, ev də istəyəcək. Oğlan da belə şeyləri görüb qorxur , biz də. 

 --Həə-deyə Əbdül səsini uzadaraq öz fikrini bildirdi,- çətin məsələdir, elə qızı olanlar da narahat olur. Televizorda verilişlərə baxırıq. Tez-tez qadın ölümləri haqqında eşidirik. Kişilər də həbsə düşür, aılələr dağılır. Ailələri bu dərəcəyə çatdıran səbəblər öyrənilməlidir. Hər xalqın öz düşüncəsi, adəti, xarakteri, xüsusiyyətləri var. Bəzi savadlılarımız bizi başqa xalqlara bənzətməyə çalışırlar.

  Əsmərin çay süfrəsindən sonra Əbdüllə Gülbaba qəbiristanlığa gəldilər. Əbdül qəbrin baş tərəfində durub “Yasin” oxumağa başladı. Gülbabanın nəzərləri anasının qəbrinə dikildi. Mollanın oxuduğu başa düşmədiyi sözlərin avazının təsiri altında anasi ilə olan söhbətlərini xatırladı: “Bir neçə ay idi ki, evlənmişdilər. Anası toyuq-cücəyə baxır, mal-qaraya qulluq edirdi. Təzə gəlin inəklərə yaxın getmirdi ki, mən qorxuram. Pəyəyə girmirdi ki, üst-başımdan iy gələcək. Çörəyə yaxın durmurdu ki, mən lavaş bişirə bilmirəm. Soyuq su ilə işləmirdi ki, biləklərim ağrıyır. Arvad fikirləşmişdi ki, gəlin gələr, işi yüngülləçər, amma daha da ağırlaşmışdı. Bir dəfə anası ona demişdi: “Ay bala bu gəlin ayriliq istəyir, şəhər istəyir. Fikirləşmir ki, hələ peyin iyindən ölən olmayıb, amma hər il neçəsi qaz iyindən ölür. Kəndimizin qarşısından keçən bu çayda adam batmır, amma hər il neçəsi dənizdə boğulur. Özü üçün işləməyə inciyən gəlinlərin neçəsi kənddən gedəndən sonra özgələr üçün ya süpürgəçi olub, ya da qabyuyan.” Gülbaba bilmirdi ki, anasına haqq qazandırsın, ya arvadına. Axırda bu söhbətin bitməsi üçün köçmək qərarına gəlmişdi. 

  Əbdülün “amin” səsi Gülbabanı diksindirdi. Əllərini qaldırıb o da dua elədi.  Molla qəbiristanlıqdan çıxıb evinə yönələndə Gülbaba əlini uzadıb onun cibinə pul qoydu və dedi:

 --Əbdül dayı, maşına otur, evinə aparım. 

 --Yox, oğul, yolumun üstündə buzovlarım var. Onları da aparıb gedəcəyəm. Sağ ol , sən get, kənd camaatımızdan kimi görsən məndən də salam de.

 --Siz də salamat qalın.- dedi Gülbaba və sağollaşırmış kimi dönüb bir kəndə, bir də qəbiristanlığa baxdı. Ürəyindən keçənləri pıçıltıya çevirdi:

 --Siz amallar üçün yaşayırdınız, nəvələriniz pul, sərvət üçün yaşayır. Siz oğullarınızın xoş olmayan istəklərinə qarşı idiniz, nəvələr sizin eyib bildiklərinizi normal hal kimi qəbul edirlər. Boş qalan yurdlarınız isə qırx-əllı ildən sonra yıxılıb-dağılacaq, xarabalığa çevrıləcək. Kənddə böyümüş oğul kənddən üz döndəribsə, kəndi görməyən nəvə kəndə gələrmi?  Nə yaxşı ki, siz bu günləri görmədiniz. Ölüm sizi görə biləcəyiniz, çəkəcəyiniz əzablardan xılas edib. Eh, insan həyatı özü də bir yuxudur. 

  Bu anda qeyri-ixtiyari olaraq Gülbabanın nəzərləri Məharət müəllimin qəbrinə dikildi. Yadına “Ölülər” əsəri düşdü. O vaxt müəllim  onlara İskəndərin qəbiristanlıqda söylədiyi monoloqu əzbərlətmişdi: “Ölülər, necə yatmışsınızsa, eləcə də yatın. Allah sizə rəhmət eləsin.”

  Gülbaba bura atasının çağırışına gəlmişdi. Bugünkü hadisələr də sabah ona yuxu kimi görünəcəkdi. Kim bilir, bir də o bura gələcəkdimi? Son dəfə baxirmış kimi baxdı, sonra düşüncələrini qovurmuş kimi əlini yellədi, arxasına baxmadan maşina minib onu ağrıdan xəyallarından, yuxu kimi xatırlayacağı bir ğünündən uzaqlaşmağa çalışdı.

                                                                                

                                                              Quba rayonu, Yerfi kəndi. 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)