Edebiyyat.az » Proza » Mikayıl Qəhrəmanov - Elina üçün gec qaldıq

Mikayıl Qəhrəmanov - Elina üçün gec qaldıq

Mikayıl Qəhrəmanov - Elina üçün gec qaldıq
Proza
nemət
Müəllif:
21:10, 15 aprel 2019
1 831
0
Mikayıl Qəhrəmanov - Elina üçün gec qaldıq


   Elina üçün gec qaldıq, bəlkə də bir neçə addım, bir neçə dəqiqə, bir neçə kitab və ya bir neçə musiqi. Amma deyirlər cəmisi 2 saat gec qalıblar təcili yardımı çağırmaq üçün. Həqiqətənmi belə düşünənlər var ki, balaca qızcığazı xilas etmək üçün cəmi iki saat gec qaldıq? Və ya oksigen balonu Elinanı neçə günlük xilas edəcəkdi? Sağalıb ayağa durduqdan sonra yenə də bu acımasız toplumun dilində ölməyəcəkdimi? Sümüklərinin sınmasına dözən Elina, cəmiyyətin qınağına tab gətirə biləcəkdimi? Cismən ölən Elinanı xilas edə bilmədik amma zehnən ölməkdə olan Elinaları xilas etmək üçün nələrsə edirikmi?
   Məncə riyakarlıqdan başqa heç nə. Uzun, işıqlı koridorlarda və rəngli ofislərdə gəzən, oturan qələm adamları Mirzə Cəlilin "Qələmin müqəddəs vəzifəsi xalqa xidmət etməkdir" deməsini unudublarmı əcaba? Əslində o qədər gec qalmışıq ki, yetişməkdə olan uşaqların düşüncə tərzlərindən o qədər xəbərsiz və xəbəri olanlar da o qədər biganədir ki, rayonlarda, kəndlərdə ibtidai sinifdə oxuyan uşaqların kriminal aləmə olan meylini, o aləmin adamlarına olan özəntilərini görmür, yazmır, hayqırmırıq.
   Gec qaldıq, o qədər gec qaldıq ki, zamanın da bu uşaqlara Mirzə Cəlili, Axundovu, Sabiri tanıda, oxutdura bilmədik. O qədər gec qaldıq ki, hər gün "AUE" qışqıran uşaqlara Qasım bəy Zakirdən bircə bənd oxuya bilmədik. Gec qaldıq çünki bunları etməli olanlar, yazmalı olanlar, maarifçilik məsuliyyətini üzərinə götürdüklərini deyən şəxslər mənzil davası, yazıçılar birliyinə dövlət tərəfindən ayrılan məbləğin kimlər arasında və necə bölünəcəyi qeybətinə qarışdılar.Başlarını qaldıranda Elina artıq ölmüşdü,Elinalar isə küçələrdə can verirdi. Elinanı sizlər və ya bizlər öldürdük klişesinə qapılmıram, amma indi böyüməkdə olan uşaqların mənən ölməsində birbaşa pay sahibi olduğumuzu da çəkinmədən deyirəm.Bəlkə də problemin müstəvisini indi anlamırıq, dərk etmirik,lakin bilmək gərəkir ki bu uşaqların timsalında gələcəyimiz də can verir. Bunun şahidi olmaq üçün ayda bir dəfə rayonlara və kəndlərə səfər etməyiniz kifayətdir. Maşının şüşəsindən əlinizi çıxarıb indi çox məhşur olan kriminal aləmin işarəsini göstərməyiniz kifəyətdir ki, qarşılığında görəcəyiniz mənzərə sizləri çaşqına çevirsin və nə qədər gec qaldığınızın şahidi olasınız. Və ondan sonra biriləri hələ də Elinanın ölümünə cəmi 2 saat gec qaldığımızı söyləsə nə qədər yanıldığının şahidi olacaqsınız. Elinanı intihara sürükləyən qınağın əslində nə qədər əvvəl yarandığının və bu qınağın hələ nə qədər Elinaları öldürəcəyinin əyani şahidi olacaqsınız. Bu uşaqların bu zehniyətlə böyüyüb daha bir neçə qızcığazı öldürməsinin şahidi olmamaq üçün yenə də o qışda isti yayda sərin ofislərinizə qaçıb,əlinizdə kofe sosial şəbəkə üzərindən riyakarlıq etməyə davam edəcəksinizmi? Yoxsa əlinizi daşın altına atacaqsınızmı? Düşünün ki,əlinizi altına atmadığınız daş bir gün üzərinizə atılacaq. Elina üçün gec qaldıq,amma yetişməli olduğumuz minlərlə uşaq daha var. Tələsmək gərək..
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)