Edebiyyat.az » Proza » Sabir Etibarlı - Tanrılar ölür

Sabir Etibarlı - Tanrılar ölür

Sabir Etibarlı - Tanrılar ölür
Proza
admin
Müəllif:
15:30, 20 noyabr 2024
539
0
Sabir Etibarlı - Tanrılar ölür




1-ci hissə - Başlanğıc

Qiyamət qopmuşdu. Gəlmiş-keçmiş bütün insanlar mübaliğəsiz ucu-bucağı görünməyən meydanda cəm olunmuşdu. İnsanların əyinlərində qullara xas cındır parçadan paltar əvəzi bir şey var idi. Səma aydın, buludsuz idi, günəş isə görünmürdü. Yox, bura Dünya ola bilməzdi. Günəşsiz, buludsuz, ağacsız, gölgəsiz, hətta daşsız bir yer idi bura. Bununla belə sanki on günəş meydana istilik verirdi. Hər tərəfdən dözülməz tər iyi gəlirdi. Qaçıb gizlənməyə heçbir yer gözə dəymirdi. İnsanlar qorxularından tanımadıqları ilə sıxlaşır, vahimədən ayaqları, əlləri bir-birinə dolaşırdı. Üzlər əyilmiş, gözlərdən çarəsizlik yağırdı. Heç kəs özündə qışqırmağa, bağırmaya güc tapa bilmirdi. Sadəcə pıçıltı eşidilirdi. Ancaq insan çoxluğundan pıçıltılar birlikdə çox ucadan səslənir, başa düşən böyük səs-küyə çevrilirdi.

Hamı indi nə olacağını gözləyirdi. Amma bu o qədər uzun çəkdi ki, gözləməyin özü belə əzaba çevrilmişdi. Zaman durmuşdu. Bəlkə də burada zaman heç var olmamışdı. Bəlkə bura sadəcə zamandan deyil, həm də məkandan, mövcudiyyətdən azadə idi. Əslində real bir şey də gözə dəymirdisə, buranın əminliklə var olduğunu demək də doğru olmazdı.

İnsanlar əzab içində məhkəmənin başlamasını gözlədikləri vaxtda onlardan əvvəl mühakimə olunmaq sırasının inandıqları tanrılarda, ilah və ilahələrdə olduğunu öyrəndilər. Bunu təsdiqləyən səs haradasa səmadan gəlirdi. Bu o qədər qəribə idi ki, dünya dillərində bu səsi tərif edəcək sözü tapmaq, güman ki, sadəcə mümkün deyil. Bu hökmlü səs insanlara məlum olmayan dildə danışırdı, amma dilindən asılı olmayaraq hamı bu sözləri anlayırdı. Deyəsən, bu, artıq möcüzələrin, ya da sonun başlanğıcı idi. 

Səmanın geniş yarıldığı göründü. Dörd qarabasmaya bənzəyən nəhəng məxluq dövrəyə aldıqları qadını gözə görünməz pillələrdən endirərək insanlara yaxınlaşdırırdılar. Bu, İnanna idi. Qədim Mesopotamiyanın sevgi, məhsuldarlıq ilahəsi, fahişələrin və əxlaqsızların havadarı, himayəçisi. Alçaldıraraq əlləri arxadan kəndirlə bağlanmışdı. Azı beş iri kişi boyda idi. Üstündəki cırıq-cırıq olmuş paltarı bir ilahə üçün təhqir idi. Döşləri, demək olar ki, bayırda idi. Həmişə nəmli və cazibəli formada bir az aralı olan gözəl iri dodaqları quruyub çatlamışdı. Bir vaxtlar bu dodaqlar aşiqlərin qulaqlarına cuşagətirən sözlər pıçıldayar, ən məsum insanların belə ürəklərində dəhşətli, həm də qarşıçıxılmaz dərəcədə güclü istəklər yaradardı. İndi isə bu dodaqlar bu qüdrətdən məhrum görünürdü. Yanaqları tərəvətini itirmişdi, yorğunluğu gözlərindən oxunurdu. Ürkək qız uşağı kimi başını aşağı əymiş, gözlərini qaldırıb sürətli hərəkətlə onu izləyən insan dənizinə yalvarırcasına utanc içində baxırdı. İnsanlar isə ağlaşır, qorxudan daha da sıxlaşırdılar. İlahənin az qala tam açıqda qalan qar ağlığındakı bədənində sıyrıqlar, insanın ilahədə heç vaxt təsəvvür etməyəcəyi göyərmələr gözə dəyirdi. Həmişə sevdiklərini dövüşdən-döyüşə, zəfərdən-zəfərə aparan ilahənin bitib-tükənməyən gücü, enerjisi indi sönük, dəyərsiz görünürdü. Meydanın ortasına gətirildikdən sonra onu tutan qaraltılar yoxa çıxdı. 

Bir anlıq təəccüb dolu sükut yarandı. İlahə də, insanlar da indi nə olacağını gözləyirdilər. Birdən İlahə zərif ayaqlarından başlayaraq get-gedə yüksələn alov dilimləri arasında qaldı. İnannadan öyrəşdiyi kimi yataq iniltiləri eşdilməyə başlandı. Çox keçmədən bu iniltilər dəhşətli qışqırıqlara, yardım çığırışlarına çevrildi. Bu zaman səs eşidildi:

- Çox sevdiyiniz, sizin sədaqətdən məhrum edən ilahənin, bax, cəzası budur.

İnsanlar onlara günlər uzunu görünən vaxt boyunca tanrıçanın külə çevrilənə qədər yanmasını izləməyə, əzabverici qışqırıqlarına qulaq asmağa vadar edildilər. Amma insanlar üçün ölüm ölmüşdü. Heç birinin nə ölmək, nə də ən azından huşunu itirmək ümidi var idi. Ortalıqda sadəcə bütün çılpaqlığı və qaçınılmazlığı ilə əzab var idi.

İnsanlar dəhşət içində donub ilahənin küllərinə baxarkən əcayib boğuşma səslərini eşidib səmaya baxdılar. Nəhəng boylu gənc kişi İnannada olduğu kimi qaraltıların, kölgələrin müşayiəti ilə göydən yerə endirildi. Bu Tor idi, ildırım tanrısı. O, qədər iri idi ki, İnanna yanında olduqca cılız qalardı. Qızılı saçı və saqqalı çox eybəcər formada qırxılmışdı. Əynində rəngi solmuş, cırıq-cırıq olmuş qırmızı əlbisə var idi. Güclü bədəni, iri çiyinləri, qüvvətli qolları, əzələli boynu, sərt bədən xətləri əsəbdən məhkəmcə sıxılmış dodaqları, nifrətlə ətrafa baxan gözləri, kəskin üz cizgiləri ilə tamamlanırdı. Üzündə qətiyyən qorxu, yalvaran, imdad diləyən ifadə yox idi. Əksinə o, tam mübarizlik, qətiyyət təcəssübümü kimi addımlayırdı. Bununla belə çox yorulduğu, məğlubiyyəti göz qabağında idi. Dəmir əlcəkləri, kəməri və ildırımlar saçan, ölüləri dirildən çəkici əlindən alınmışdı. Çəkici köməyə gəlməsin, gəlsə belə, tuta bilməsin deyə sağ əli biləkdən, digər əli isə barmaqlarından kəsilmişdi. İnannanın yandırıldığı yerə gəlib çatdıqda qaraltılar yenidən yox oldular. İnsanlar onun da İnanna kimi yanıb külə dönəcəyi düşünürdülər. Amma elə olmadı. Tor bir anın içində dizi üstə düşdü. Sanki görünməz ilan onu sıxır, həm də zəhərini bədəninə yeridirdi. Kəsilmiş almanın qaraldığı kimi qaralmağa, illərin xəstəsinin arıqladığı kimi güclü bədənini sürətllə itirməyə başladı. Çox qısa anda gözlər önündə çürüyüb yox oldu. Səs yenidən səsləndi:

Hər bir zorbanın, gücünə inanıb haqsızlıq edənin sonu budur!

 İnsanlar çürüyən Tordan nə bir qoxu hiss etdilər, nə də onu bu hala salan şeyi gördülər. Görünür, fani insan gözü burada həqiqətləri qavramaqdan aciz idi.  Yenilməz gücü ilə tanınan nəhəng ildırımlar tanrısı meydandakı heç kəsin bilmədiyi qüvvə ilə səsini belə çıxarda bilmədən alçaldıcı formada ölmüşdü. 

Bəlkə qəribə səslənə bilər. Amma insanlarda narahatlıq azalmağa başlamışdı. Əlbəttə, gördükləri dəhşətli idi və heç şübhəsiz ki, onları da bənzər aqibət gözləyirdi. Ancaq hələ ki, əllərindən heç nə gəlmədiyi və sıranın onlarda olmadığını bildiklərindən az da olsa rahat ola bilərdilər. Hərçənd hələ ölümün onlar üçün öldüyündən bixəbər idilər. Onları tanrılardan fərqli olaraq kəsintisiz, davamlı və əbədi əzab gözləyirdi...


İkinci hissə - Davam edir

Tanrılar bir-birinin ardınca gətirilməyə davam edirdi. Antik Misir tanrıçası Seqmet bitib-tükənməz qəzəbindən, törətdiyi nahaq dağıntı və fəlakətlərə, qəddarlıqlarından ötürü təqsirkar bilinib ağzında it ağızlığı ilə meydana gətirilib tikə-tikə edildi. Antik Yunanıstanda su ilahı Poseydon təcavüzlərindən mühakimə olunaraq çox sevdiyi, qoruduğu atlarının ayaqları altında xıncım-xıncım oldu. Mayalıların ata kimi gördükləri yaradıcı ay tanrısı İtzamna yaratma işini bilə-bilə düzgün yerinə yetirmədiyi üçün varlıq və yoxluq arasında sıxışdırıldı.

Sonra başqa bir tanrı göründü. Ancaq onu heç kəs tanımırdı. 19-22 yaşlı oğlan cildində idi. Bütün bədəni boyunca əzələləri aydın seçilirdi. Olduqca gözəl, füsunkar cazibəyə sahib idi. Üz xətləri hələ tam sərtləşməmiş, yeniyetməliyin, gəncliyin enerjisini, təravətini saxlamışdı. Bununla belə tər-təmiz təraş olunmuş kimi görünən üzündə kişilərə məxsus dözüm, əzm, qətilik aydın sezilirdi. Saçları biraz uzanıb qıvrılmış, alnına, gözünün üstünə düşürdü. Görünməyən pillələr ilə enərkən addımının titrəyişindən əsən saçları ona xüsusi gözəllik qazandırır, baxanların ürəklərində sevgi yaradırdı. Bir az qalın, rənginin qaramı, yoxsa tünd şabalıdımı olduğu şübhə doğuran qaşları altında gözləri nifrətlə baxırdı. Bu gözlərdə heç tərəddüdsüz şikarının üstündə atılmağa hazır vəhşinin acımasızlığı, günlər boyunca qaranlıq otaqda ac saxlanılan heyvanın çarəsizliyi var idi. Nifrət, qəzəb, iyrənti dolu gözlər cənnətdən qovulmuş mələklərin gözlərinə bənzəyirdi.

Uzun yaraşıqlı ayaqları üçbucaq formalı bədənini vüqarla daşıyırdı. Qarnında göbək dəliyi görünmürdü. Pillələrdən gül baxçasında gəzişirmişcəsinə, sanki sadəcə sahilə enirmişcəsinə ahənglə enərkən yaxınlaşan gövdəsi, sinəsi insanlara daha da geniş görünürdü. Bədəninin müxtəlif yerlərində: boynunda, sağ çiynində, kürəyində, sol qolunda və ayağında dövmə bənzəri işarələr, yazılar, müxtəlif simvollar həkk olunmuşdu. Qollarında əllərinə doğru uzanan damarlar aydınca görünür, bədənini daha da cazibədar göstərirdi. Hətta o cüssəyə nəzərən iri görünən əllərini yumruq formasında sıxmış, sanki qarşısına çıxacaq dağları bircə yumruq ilə darma-dağın etməyə hazır durmuşdu. Bir vaxtlar ilahi qüvvə ilə düzəldilmiş bilərziklərinin yerini indi kip zəncirlər almışdı.

Böyüklüyündən dolayı meydana tam endirilmədi, havada asılı qaldı. İnsanlar ilahın ətrafındakı qaraltıları və biləklərindəki zəncirləri görməsəydilər, onları buraya cəm edənin məhz bu tanrı olduğunu zənn edərdilər. Ancaq o da buraya digərləri kimi cəzalandırılmağa gətirilmişdi. Səs eşidildi: 

- Bu, sizin sitayişə layiq bildiyiniz, uğrunda haqsızlıqlar etdiyiniz, ona sahib olmaq üçün qan tökdüyü gözəllikdir. İndi isə onun cəzası ən çox qorxduğu - qocalıq, xəstəlik və ölüm olacaq.

Səs sözünü bitirməmişdən əvvəl meydanın mərkəzindən yüksəkdə duran o möhtəşəm varlıq anidən qocalmaya, eybəcərləşməyə başladı. Çox qısa vaxtda dərisində yaralar yarandı, sürətlə arıqladı. Əti çürüməyə, qopmağa və havada kül kimi sovrulmaga başladı. Aləmi üfunət bürümüşdü. İnsanlar əlləri ilə ağızlarını, burunlarını tutur, şahidi olduqları qopan bu qiymətdən gözləri bərəlir, dəhşətin qandonduran təsirinə təslim olurdular.

 İnsanları hesablaya bilmədikləri zaman boyunca havadan üfunət çəkilmədi. İnsanlar tanrılar ilə birlikdə onların da cəzalandırıldıqlarını anlayır, mərhəmət diləyirdilər. Anidən heç gözləmədiklər vaxtda sərin, xoş, özüylə təravət gətirən yel, əsinti duydular. Əsinti özüylə birlikdə bütün üfunəti, tər və çirk iyini apardı. İnsanlar onlara mərhəmət olunduğunu düşünüb sevinmişdilər ki, yenidən səmada qaraltıları görüb ağlamağa başladılar. Bu dəfə də gətirilən tanrını heç kəs tanımırdı. Başı kök donuz başı, bədəni arıq, qoturlaşmiş it bədəni idi. Tükləri arasında tər kimi pis qoxulu palçıq axırdı. Başında müxtəlif işarələr, yazılar, insan şəkilləri damğalanmışdı. Meydanın ortasına gətirildikdən səs yenidən eşidildi:

- Bu, sizin ən əziz tanrınız - mal-mülk, puldur. Uğrunda hər cür pisliklər etdiyiniz, oğurluqlarınızın, cinayətkarlığınızın, saxtakarlığınızın səbəbi olan tanrınız. Budur, görün indi onun halı necə olacaq.

Pul tanrısı əriməyə başladı. Dözülməz formada yaralı donuz, güllələnmiş it səsinin qarışığına bənzər səs çıxarıldı. O əridikcə isti ərinti meydanın ortasından ətrafa - insanların üstünə yayılmağa başladı. Əriyən tanrının özündən misilsiz dərəcədə çox olan ərinti canlıymış kimi insanların ağızlarından qarınlarına doğru axır, bataqlıq kimi onları udurdu. Amma nə qədər ağrılı olsa da, heç kəs ölmürdü.

İnsanlar bununla öləcəklərini zənn və ümid etsələr də, hələ saysız-hesabsız tanrının ölümünə baxmalı olacaqdılar. İnsanların ayrı-ayrılıqda mühakiməsi isə hələ çox uzaqda idi...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)