Edebiyyat.az » Proza » Nicat Hunalp - Münke xan və Şaman

Nicat Hunalp - Münke xan və Şaman

Nicat Hunalp - Münke xan və Şaman
Proza
admin
Müəllif:
09:22, 22 noyabr 2024
608
0
Nicat Hunalp - Münke xan və Şaman




(1259 Qoyun ili)

 Bozqırın soyuq bir qış gecəsində monqol xanı Münke yun keçənin üzərində yuxuya getmişdi. Axşam çox şərab içdiyindən başının ağrısı başlamışdı. Çinli gözəlçəni qovmuş, gözətçilərə çadır önündə keşik çəkməyi tapşırmışdı. Gecənin soyuğu Bozqırda dəhşətli dərəcədə hiss olunur, soyuq iliklərinə qədər adamı dondururdu. Boz canavarlar ac olduğundan daha çox ulayırdılar. Gözətçilər çadır önündə qurdbaşlı tuğlarla keşikdə idi.

Gecənin yarısından keçmiş xan qan-tər içində yuxudan diksinərək oyandı. Başındakı ağrı daha da şiddətlənmişdi, sanki nə isə beynini yeyib bitirirdi. Əlləri ilə başını ovxalayırdı. Ayağa qalxıb əsgərləri səslədi.

Naya çadıra daxil olub baş əydi: 

- Buyursun, Böyük xan Münke.

- Arıq Boğanı oyandır, gəlsin çadırıma.

Naya qaçaraq Arıq Boğanın çadırına doğru addımladı. Gecənin qaranlığında Nayanın tutduğu məşəl iki cüt canavar gözü kimi işıldayırdı. Arıq Boğanın qurduğu çadır xanın çadırından bir qədər aralıda müqəddəs qayın ağacının altında qurulu idi. Nayan çadıra daxil olaraq Böyük xanın Arıq Boğanı çadıra çağırmasını bildirdi. Arıq Boğa qılıncını qınına salıb, qurdbaşlı börkün taxdı. Naya tez-tez və tələsik danışdığından nə baş verdiyini anlamırdı.

Tengrinin mavi göy üzünü qaranlığa qərq etdiyi çağda Burxan Xaldun dağı daha da heybətli görünürdü. Arıq Boğa çadıra daxil olub baş əydi:

Böyük xan Münke, nə baş verib?

Münke xan keçənin üzərində yun mütəkkəyə dirsəklənib şərabdan qurtumlayaraq dedi:

- Qardaşım Arıq Boğa yuxumu qarışdırmışam. Çox qəribə bir yuxu görmüşəm.

- Xeyirdir, böyük xan, nə yuxudur?- deyə Arıq Boğa dilləndi.

- Yer üzünün Böyük xanı babamız Çingizin bədəni qarşımda bir anda çürüməyə başladı. Bozqırda atlarımızın və əsgərlərimizin cəsədləri üst-üstə qalanmışdı. Orxon vadisi qara dumana bürünmüşdü. Orxon çayının suları qan olub axırdı. Mən əllərimlə başımı tutmuş ağrıdan qovrulurdum. Qəflətən başım bədənimdən qopub yerə düşdü. Nəhəng bir qurd beynimin içinə daxil olub onu yeməyə başladı. Kəlləm yerdə qıvrılaraq qışqırırdı:

- Son, bu sondur, sonunuza az qalıb. Sonra dörd bir tərəfdən qurdlar başımı yeyib yoxa çıxardılar. Bədənim ayaqda qaldı və heykələ döndü. 

Böyük xan Münkenin alnından tər süzülərək seyrək saqqalına damlayırdı. Arıq Boğa əlini bığlarına apararaq söylədi:

- Ey Böyük xan Münke, yer üzündə Tengrinin gücü bu yuxunu ancaq şaman

yoza bilər.

Qardaşım  Arıq Boğa   günəş  göy   üzün  aydınlatmadan,  səhərə  yaxın

hüzuruma bir şamanla gəl.

Arıq Boğa xanın hüzurunda baş əyib çadırdan çıxdı. Atına minib birbaşa Kerulənə doğru getdi.

Münke xanın başının ağrısı dözülməz həddə çatmışdı. Çinli həkim xana şərab içməkdən beynini zədələdiyini , ağlının başından çıxa biləcəyini söylədi. Tək çarə təbii dərmanlardan istifadə etmək və bir neçə gün gözləmək idi.

Böyük xan təbii otlardan hazırladığım bu məlhəmi gündə iki dəfə içərsiniz.

Ağrılarınız azalacaq, ancaq gərək şərab içməyəsiniz. Babanız xanlar xanı Ögeday xan da çox şərab içdiyindən gözləmədiyimiz bir zamanda ölümə təslim olmuşdu.

Münke xan qəzəblə həkimi çadırdan qovdu.

Mergen çəkinərək xana baş əydi:

- Ey qüdrətli Münke xan, yaxşı olar ki, bir az yuxu yatasınız gecə sonlanır. Səhərə az qalıb, Arıq Boğa harada olsa gələr. Bir də cürətimə görə məni əfv edin, böyük xan. Məncə, müalicəni etsəniz yaxşıdır.

- Kəs səsini axmaq, yuxum qaçdı. Arıq Boğa şamanı gətirə bilsəydi, yuxumun nə anlama gəldiyini öyrənərdik.

Münke xan çadırda o yan bu yana gedir, gah keçəyə oturur, gah da ağrıdan qıvrılırdı.

Səhərin erkən çağında hələ günəş tam doğmamışkən, Arıq Boğa böyük çölü keçərək şamanı böyük xanın hüzuruna gətirdi. Şamanı atdan endirdi, sonra ikisi də çadıra doğru irəlilədi.

Çadırların arxasında ocaq başında Yuşmut Mönlük ilə xanın dəli olduğunu, ağlını itirdiyini danışırdı. Arıq Boğa hiddətləndi:

- Heyy, əgər başınızın çiyniniz üstündə qalmasını istəyirsinizsə susunn! Sizə

aid olmayan işlərə qarışmayın! Yoxsa başınızdan olacaqsız! Anladınız?!

Mönlüklə Yuşmut: - Əfv edin bizi, bağışlayın, - deyə Arıq Boğanın önündə diz çökdülər.

Arıq Boğa şamanla çadıra daxil olarkən, Münke sərxoş idi.

Heyy, Arıq Boğa sənə halal olsun! Şamanı tapdın getirdin. Əyləşin!

Ey Böyük xan, yuxunuzu mənə danışın, - deyə şaman dilləndi.

Ağrıdan qıvrılan Münke xan yuxusunu Şamana danışdı. Böyük xanı diqqətlə dinləyən Şaman Münke xanın xoşuna gəlməyəcək xəbərlər verəcəkdi. Şaman gözlərini Böyük xana doğru yönəldərək:

Tengrinin oğlu, Böyük Çingiz xanın varisi, Münke xan onu söyləməliyəm

ki, yuxunuz bəddir. Çingiz xanın ruhu narahatdır. Monqollar zaman keçdikcə zəyifləyəcəklər, bölünəcəklər. İmperiyanız bir qum yığını kimi fırtınada yoxa çıxacaq. İçindən yeyilərək zamanla dövlətiniz yox olacaq.

Şaman danışdıqca Münke xan əsəbi və narahat görünürdü.

Ey  Böyük  xanımız,  Tengri  sizin  ömrünüzü  yaxınlarda  sonlandıracaq.

Xəstəliyiniz günü gündən ağırlaşacaq.

Münke xan yerindən hiddətlə qalxdı, əsəbi yeri göyü titrətdi. Gözətçiləri səslədi:

Bu şamanı edam edin!

Arıq Boğa heyrət içində:

- Qardaş, lazım deyil, unutma ki, Şaman Tanrının yerdəki söz deyənidir. Tengriyə qarşı gəlmək yaxşı olmayacaq. 

- Yaxşı olar ki, Xanımız dincəlsin savaşlardan uzaq qalsın, - deyə şaman dilləndi.

Münke xan hiddətlə şamana baxırdı:

- Şaman, mənə de görüm bunun bir çarəsi varmı?

- Təəssüf  ki, yoxdur, ey böyük xan, - deyə şaman dilləndi, - Erlik xanın qara ruhları bütün vücudunuzu ələ keçirəcək. Son qaranlıq və kədərlidir. Göy üzü qara buludlara qərq olacaq, varisləriniz arasında qarmaşa görürəm.

Münke xan arxaya doğru yaslandı, şərabı başına çəkdi. Ayağa qalxdı və şamana doğru addımladı.

- Şaman qulaqlarını aç və yaxşı-yaxşı eşit. Biz monqollar yer üzünü tutacağıq, biz Çingiz xanın ardıcılları dünyanı qan gölünə çevirəcəyik. Hələ bir il bundan öncə  qardaşım Hülagü xan Bağdadı xaraba qoydu. Xəlifəni atlara çiynətdi. Atamız Çingiz xan yer üzünün tamamını ələ keçirəcəkdi, zaman yetmədi. Batı xan, Ögeday, Güyük xan və mən bu yolu davam etdirdik. Məndən sonra da xan kim olsa, onun da bu qutlu yolda gedəcəyinə şübhən olmasın. Unutma, qoca şaman, yer üzündə bir hakim var, o da bizik, monqollar.

Şaman diqqətlə qulaq asdı və söylədi:

- Göy Tengrinin yazısını pozmaq kimsənin gücündə deyil, Böyük xan. Həqiqət dəyişməyəcək və bir gün dediklərim baş verəcək.

- Sus, bu qədər yetər! - deyə Münke xan qəzəbli halda şamana dilləndi.

Münke xan Şamanın dediklərini gün boyu beynində yuxarı aşağı aparıb gətirirdi. Başındakı ağrılar şiddətli hal almışdı. Qardaşı Xubilay xan Çinin cənubunda savaşlarda uğurlar qazanmışdı. Digər qardaşı Hülagü xan yeni yürüşə hazırlaşırdı. Hülagü xan Məkkə və Mədinəni ələ keçirmək üçün savaşlara hazırlaşırdı.

Çapar uzaqlardan Azərbaycandan Münke xana məktub gətirirdi. Çapar xanın hüzurunda təzim edib:

- Ey Böyük xan Münke, qardaşınız Hülagüdən məktub var.

- Oxu! - deyə Münke xan söylədi.

- Azərbaycanın, Qafqazın, Bağdadın sahibi Hülagüdən Böyük Monqol xanı Münkeyə. Zəbt etdiyimiz yerlərdə monqol gücünü hiss etdirdik. Bütün ərazilər bizim nəzarətimiz altındadır.

Münke xan sevinərək:

- Ehh Arıq Boğa, bəs axmaq şaman deyirdi ki, sonumuz çatıb. Gördün, bu sadəcə uydurmadı.

Münke xan şərab qədəhini əlində tutaraq:

- Elçi, Xubilaya deyərsən ki, Çin imperatorunun başın kəsər və kəlləsin qurudub mənə yollayar. Şərabı Çin imperatorun kəlləsində içmək çox əyləncəli olacaq.

- Baş üstə, Ey Böyük xan.

Elçi baş əyərək çadırı tərk etdi.

Arıq Boğanın düşüncəli dayandığını görən Münke xan:

- Heyy, Arıq Boğa nə düşünürsən, olmaya Hülagü savaşdan geri qayıdanda gətirdiyi qənimətləri hara yığacağımızı düşünürsən.

- Xeyr, ey Böyük xan, şamanın sözləri haqqında düşünürəm.

- Şamanın sözlərin boş ver, Arıq Boğa. Şaman qocalıb daha ruhlarla əvvəlki kimi danışa bilmir, yaddaşı korlanıb.

- Mən belə düşünmürəm, - deyə Arıq Boğa dilləndi: - Bəlkə də, şaman dediyi, uğursuzluq çoxdan qara bulud kimi başımızın üstün alıb.

Münke xanın üzündə qəribə bir hiss sezildi: 

- Necə yəni, nə demək istəyirsən?

- Ulu xanımız Çingiz xan Tanqutlar üzərinə yürüşdə qəflətən atından yıxılaraq  ruhunu göy üzünə təslim etmədimi?  Batıya səfər zamanı Avropanı bir göz qırpımında qarışqa kimi ağuşuna alan Batı xan gözlənilməz bir zamanda əbədiyyən aramızdan ayrılmadımı?  Ögeday xan Çinə səfər zamanı bəxtsiz bir şəkildə vəfat edib, bütün Bozqırı yasa boğmadımı?

Qaşlarını qabardaraq Münke xan ayağa qalxdı:

- And olsun bu qara qılıncıma kimsəyə göz açmağa imkan verməyəcəm. İndi isə şərab iç qoy ruhun təzələnsin, ruhun cavanlaşsın.

Nayanı səsləyən Münke xan bütün orduya şərab paylamağı əmr etdi. Çadırın önünə yaxınlaşaraq ucsuz-bucaqsız tarlaya bənzəyən ordusuna səsləndi:

- Ey qüdrətli yer üzünün əbədi ordusu, sizi böyük zəfərlər gözləyir. Yer üzünü qana qərq etmək üçün doğulmuş əbədi göy üzünün ordusuna, Tengri qut versin. 

Münke xan şərab qədəhini göy üzünə qaldırdı, xanla bərabər minlərlə əsgərdə qədəhlərini göy üzünə doğru qaldırmışdı. Qədəhlərə əks olunan gün üfüqləri parıldayırdı. Lakin bu üfüqlər qürub etməkdə olan günəşin üfüqləri idi. Bu bir təsadüf  idimi? Arıq Boğa düşüncəli-düşüncəli Münke  xana baxırdı. Şamanın sözləri barədə düşünürdü.

İki gün sonra Böyük xan ordunu seyr edərkən qərargahda yerə yıxıldı. Mergen qaçaraq xanı ata mindirdi. Böyük xan çadırda yatağa məhkum oldu. Arıq Boğa xanın başı üstündən ayrılmırdı. Çinli həkim hər şeyin gec olduğunu qurdun xanın beynini yeyib bitirdiyini bildirdi.

Münke xan güclə ayağa qalxaraq:

- Şərab gətirin mənə, şərab Tanrıların içkisidir.

Arıq Boğa xanı sakitləşdirməyə çalışırdı:

- Böyük xan Münke, tezliklə sağalacaqsınız. Sağlığınıza diqqət yetirməlisiniz.

Böyük xan isə heç kimin sözünə qulaq asmır, daha da çox içirdi. Baş ağrısı xanı dözülməz vəziyyətə gətirib çıxarmışdı. Münke xan taqətdən düşdü və huşunu itirərək çadırda yun xalçanın üzərinə yıxılaraq qaldı. Səsə gələn Nayan Arıq Boğaya xəbər verdi. Böyük xan yun keçənin üzərində uzanıqlı halda qalmışdı. Ağrıları Böyük xanı taqətdən salmışdı.

- Arıq Boğa, - deyə xan səsləndi.

Arıq Boğa gələrək əyildi:

- Böyük xan nə buyurur?

- Mənə diqqətlə qulaq as, Arıq Boğa. Şamanın dedikləri həqiqət olsa belə onu dəyişməliyik. Babamız Çingiz xanın min bir əzabla qurduğu bu nəhəng imperiyanın sonunun gəlməsinə imkan verməməliyik. Atamız Toluy xan, Anamız Sörköktəni Beginin yanına gedəcəyimi hiss edirəm. Tengri səni qorusun. Məndən sonra xan, məndən sonra ......

Münke xan vəsiyyətini etmədən vəfat etdi. Monqollar yasa batdı. Şamanlar günlərcə Tengriyə dualar oxudu. Münke xanının ölüm xəbəri Hülagü xana, Xubilay xana göndərildi. Arıq Boğa Münke xanın ölümündən sonra özünü xan elan etdi. Münke xanın ölümündən sonra Qurultayda Arıq Boğa Kök yurdu idarə etmək səlahiyyətlərinə sahib oldu. Münke xanın şəraba olan düşkünlüyü xanı ölümə təslim etdi. Monqol imperiyasını zaman dəyişimi yox olmaqla üz-üzə qoydu.

Şaman ölərkən Arıq Boğa şamanın vəsiyyətinə əməl etdi. Onu Orxon çayının sahilində dəfn etdilər. Şamanın son sözləri belə oldu:

- Sən savaşda öləcəksən Arıq Boğa. Özü də bu yadın yox doğma qardaşının qılıncı ilə olacaq. Qara başını Orxon çayı ağuşuna alıb dörd bir yanda dolandıracaq. Dediklərim gerçəkləşəcək. Unutma, bu dünyada əbədi GÖY TENGRİDİR, yalnız o, başqa heç nə əbədi deyil.

Gecənin qaranlığı Arıq Boğanın ruhuna ağır bir kədər kimi çökmüşdü. Müqəddəs ocaq başında şamanın dediklərini düşünüb dururdu.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)