İmarət Cəlilqızı - Bulağın nağılı
Biri var idi, biri yox idi. Bir bulaq var idi. Bu bulağın təmiz və şəfalı suyu durmadan axır, çəmənlikdəki körpə otları, çiçəkləri suvarır, onları qurumaqdan qoruyurdu.
Bir gün Tanrı bulağl səslədi və ona belə dedi:
-Sənin olduğun yerdən bir-iki mənzil uzaqda bir ağac var, o ağacın yanına get, hər gün onu sula, o ağacın şəfalı bulaq suyuna ehtiyacı var.
Tanrının onun suyunu şəfalı adlandırmasından çox sevinən bulaq "baş üstə" deyib Onun göstərdiyi istiqamətdə axdı və nişan verdiyi ağacın yaxlnlığında üzə çıxdı. O, ağacı görərkən çox təəccübləndi: bu, şəfalı suya ehtiyacı olan bir ağaca heç oxşamırdı, ətrafındakı digər ağaclardan daha uca, daha möhkəm, daha əzəmətli görünürdü. Dörd tərəfə uzanmış yaşıl yarpaqlı budaqlarının üstü meyvələrlə dolu idi. Bulaq düşündü ki, bəlkə, yanlış yerə gəlib, ona görə də Tanrını səsləyib xəbər aldı. Tanrı dedi:
-Yanlış deyil, düz tapmısan. Suya ehtiyacı olan məhz o ağacdır.
Bulaq təəccüblə dedi:
-Tanrım, axı bu ağac çox möhkəm, barlı-bəhərlidir, onun mənim kimi sızqa bir bulağın suyuna nə ehtiyacı ola bilər?
Tanrı söylədi:
- Sən mənim tapşırığımı yerinə yetir, qalanı ilə işin olmasın.
Bulaq Tanrının tələbinə sakitcə itaət edərək suyunu ağaca doğru yönəltdi.
Öz möhtəşəm görkəmi ilə digərlərində həsəd hissi yaradan ağac isə geniş talada həmişəki kimi vüqarla dayanıb ətrafını seyr edirdi ki, birdən gözü bulağa sataşdı. Suyunu ona tərəf axıdan bulağın bu hərəkəti onu əvvəlcə təəccübləndirdi:
-Eyy! Sən haradan peyda oldun?
Bulaq heç nə deməyib ağaca doğru axmaqda davam etdi.
Ağac elə bildi bulaq onun səsini eşitməyib, ucadan səsləndi:
- Səninləyəm, balaca! Eşitmirsən? Sənin burda nə işin var?
Bulaq cavab verdi:
-Mən sənə su gətirmişəm.
-Su?! Mən haçan səndən su istədim ki? Göydən yağış yağır. Yağış yağmayanda da suyu torpağın dərinliyindən mən özüm istədiyim qədər çəkə bilirəm. Nahaq zəhmət çəkmə. Mənim bulaq suyuna ehtiyacım yoxdur.
Ağacın bu sözləri bulağın qəlbinə toxundu. İstədi mətləbi izah eləsin ağaca, amma heç bir söz deməyib susdu və oranı tərk edib əvvəlki çəmənliyə qayıtdı.
Tanrı bütün bunların hamısını görürdü. O, bir neçə vaxt bulağa heç nə deməyib onun halını müşahidə etdi. Bulaq əvvəlki kimi çəməndə öz işinə məşğul idi, çiçəkləri sulayır, otlara can verirdi, amma Tanrı onun ürəyindəki nisgili hiss edirdi: görünür, ağacın sözləri bulağı çox incitmişdi.
Bir gün o, yenə bulağı səsləyib xəbər aldı:
-Sən niyə yenə burdasan? Mən ki səni başqa yerə göndərmişdim.
Bulaq qüssəli-qüssəli cavab verdi:
-Tanrım, o ağacın bulaq suyuna həqiqətən ehtiyacı yoxdur, o, suyu yağışdan alır, ya da yerin təkindən özü çəkə bilir. Özü mənə belə söylədi.
Tanrı dedi:
-Onun nəyə ehtiyacı olub-olmadığını sən məndən yaxşı bilirsən? Mən sənə necə tapşırmışam, elə də et - qayıt ağacın olduğu yerə və tapşırığıma necə olur-olsun, əməl elə.
Bulaq dinməz-söyləməz yenə Tanrının göstərdiyi istiqamətə yönəlıb həmin ağacın olduğu yerdə üzə çıxdı və ona tərəf axmağa başladı.
Ağac bulağın qayıtdığını görüb onu yenə tənəli sözlərlə çıxıb getməyə məcbur etmək istədi, amma sonra nə fikirləşdisə, heç bir söz demədi. Budaqlarından birini əyib bulağın gözünü tutdu. Gözü tutulmuş bulaq Tanrını köməyə çağırmaq istədi. Amma Onun "tapşırığıma necə olur-olsun, əməl elə" sözlərini xatırlayıb susdu. Görünür, Tanrının bildiyi, onun - bulağln isə anlaya bilməyəcəyi nəşə bir səbəb vardı ki, Tanrı israrla bulaqdan verdiyi tapşırığın yerinə yetirilməsini istəyirdi. Bəs bulaq gözü tutulmuş halda nə edə bilərdi?! O, bir xeyli düşündükdən sonra torpağın altı ilə axmağa başladı. Bir yerə çatanda hiss etdi ki, burada torpaq xeyli istidir. Həmin yerdə üzə çıxdı. Bura açıqlıq bir yer idi və üzərinə bütün günü günəş şüaları düşürdü. Bulaq məhz belə bir yer axtarırdı.
Hər gün isti günəş torpağın üstünə çıxmış bulağın suyunu buxarlandırır və göyə qaldırırdı. Yavaş-yavaş bulağın şəffaf suyundan göydə yağış dolu bir bulud yarandı. Bulaq çöldə əsən küləkdən xahiş etdi ki, göydəki o yağış dolu buludu Tanrının ona nişan verdiyi o ağaca doğru aparsın. Külək bulağın xahişinə əməl etdi. Yağış dolu bulud həmin ağacın başı üzərinə çatanda oradakı başqa buludlarla toqquşdu. Toqquşma səsi dalğa-dalğa ətrafa yayıldı və bulağln qulağına da çatdı. Bulaq rahatlıqla köksünü ötürüb gülümsədi: o,Tanrının buyurduğuna əməl edə bilmişdi. Bundan sonrası yenə ona aid olacaqdımı, olmayacaqdımı- bulaq bunu bilmirdi, əsas olan bu idi ki, o, Tanrının ona etibar etdiyi bir işi yerinə yetirə bilmişdi.
Elə ki yağış dolu bulud digər buludlarla toqquşdu, göydən sanki nur damlaları yağdı. Bütün ağaclar bu nur damlalarından doyunca içdilər. Tanrının nişan verdiyi ağacın yarpaqları və meyvələri də su içib, yuyunub bərq vurdu.
Sərin damlaları budaq qolları, yarpaq əllərilə tutub meyvələrinə içirən ağacın heç ağlına da gəlmədi ki, bu sərin və parlaq damlalar yerdə gözünü tutduğu həmin o bulağın suyudur ki, göydə yağışa çevrilib onun üstünə çilənir.