Tavus Ağayeva - Ədəbiyyatda intihar

İntihar insanın həyatını sonlandırması və mövcudiyyətinin mənasını itirməsi ilə bağlı mürəkkəb və fəlsəfi bir mövzudur. Hər dövrdə ədəbiyyat bu emosional və əxlaqi dilemma ilə üzləşən personajların izlərini daşıyır. İntihar yalnız cəmiyyətin tənqid etdiyi bir akt deyil, həm də ekzistensial bir sualın ifadəsidir: “İnsan nə zaman həyatına son vermək qərarına gəlir və bu qərarın arxasında hansı dərin mənalar dayanır?”
Ədəbiyyat intiharı yalnız bir nəticə kimi göstərməkdən daha çox, onu qəhrəmanların daxili dünyalarının, cəmiyyətdən təcrid olunmalarının və ekzistensial çətinliklərinin bir ifadəsi kimi təqdim edir.
Ədəbiyyatda intihar motivi çox vaxt qəhrəmanların həyatla bağlı böyük bir mənasızlıq hissi yaşadıqları anlarda ortaya çıxır. Bu ələlxüsus var olmağın mənasını axtaran və həyatın yükünü çəkə bilməyən fərdlər üçün bir çıxış yolu olaraq görünür. Ədəbiyyatın məşhur əsərlərində intihar bir çox hallarda insanın öz daxili aləmində qarşılaşdığı izahsız ağrıların və dərin boşluqların bir nəticəsidir.
İntiharın kökündə hər zaman belə bir fəlsəfi sual durur: “İntiharın səbəbi birbaşa fərdin psixoloji, fizioloji, mənəvi və maddi dünyası ilə əlaqədardır, yoxsa intihar birbaşa cəmiyyətləmi bağlıdır?” Gəlin buna ədəbiyyatın pəncərəsindən baxaq. İntihar mövzusunda bir çox çox məşhur əsərlər var: Kamyu – “Sizif haqqında mif”; Göte – “Gənc Verterin izdirabları”; Flober – “Madam Bovari”; Tolstoy – “Anna Karenina”; Cek London – “Martin İden”; Van Qoq – “Teoya məktublar” və s.
Bütün bu əsərləri oxuduqdan sonra diqqətlə təhlil edərkən insan görür ki, intihar, həqiqətən də, sadəcə fərdin özü ilə bağlı bir şey deyil, cəmiyyətlə və ən əsası ekzistensial böhranla bağlıdır. Deməli, intihar fəlsəfi bir mövzudur. Onda gəlin elə ədəbiyyatda intiharın fəlsəfəsindən başlayaq. Kamyu “Sizif haqqında mif” əsərində bildirir ki, intihar fərdin düşüncəsi ilə bağlıdır. Kamyu yazır: “Özünü öldürmək o deməkdir ki, artıq həyatın bitdiyini, onun anlaşılmaz olduğunu etiraf edirsən”. Yəni intiharın ən başlıca səbəbi ekzistensial sancıdır. Fərd yaşamaq üçün heç bir səbəb görmür və bu halda onun daxilində xaos yaranır. Lakin belə bir məsələ də var ki, psixologiyaya görə, insanın ekzistensial böhranının kökündə ancaq fəlsəfi, ekzistensial sancı durmur, insan cəmiyyətlə üzləşə bilmədikdə fəlsəfəyə üz tutur, bu da insanda ekzistensial böhrana səbəb olur. Deməli, intihar təkcə fərdin özü ilə yox, həm də birbaşa cəmiyyətlə bağlıdır. Kamyu deyir: “İntihar bəzən daha hörmətəlayiq səbəblərlə bağlı ola bilər. Məsələn, protest üçün özünü öldürmək...” Kamyunun özü belə intiharı bir növ cəmiyyətə bağlayır.
Cek Londonun “Martin İden” əsərinin qəhrəmanı bütün əsər boyu çox əzmkar birisi olduğu halda sonda intihara əl atır. Onun da intiharı təkcə özü ilə yox, onu əhatə edən cəmiyyətlə bağlı idi. Martin İden bütün əsər boyu uğurlu olmaq üçün var gücü ilə çalışır, lakin uğura çatdıqda öz həyatına son qoyur. Yenə gedib çıxırıq Şopenhauer fəlsəfəsinə. Şopenhaur deyir ki, insan ömrü boyu nəyisə arzulayır, arzusuna çatdıqdan sonra hər şey bitir, insan arzulamaq üçün yeni şeylər axtarır. Martin İdenin intiharının kökündə təkcə arzuya çatdıqdan sonrakı boşluqmu dururdu? Məncə, yox... Martin İdeni boşluğa salan şey həyatın, daha doğrusu, insanların mənasızlığı idi. Uğur qazandı və hamı onu sevməyə başladı. İnsan həyatı boyunca uğur dalınca qaçır, uğur qazandıqdan sonra niyə xüsrana uğrayır? Ona görə ki, ətrafı onu yox, onun uğurunu sevir.
Martin İden kimi Kafkanın böcəyi də həyatın mənasız olduğunu dərk etmişdi. Kafkanın “Çevrilmə” əsərində Qreqor Zamza ölür. Onun ailəsi üçün ölən Qreqorun özümü, yoxsa adi bir böcəkmi olur? Ailəsi üçün Qreqor bir işə yaramamağa başladığı gündən ölmüşdü onsuz da. Martin İden üçün özünün uğuru, yüksəlişi cəmiyyətin enişi idi. Martin İden uğurlu olmağı sırf sevilmək, qəbul olunmaq üçün istəyirdi. Amma sonradan bu şeyin nə qədər mənasız olduğunu görmək onu dözülməz bir xüsrana düçar etdi və intihar etməkdən başqa yolu qalmadı.
Götenin “Gənc Verterin izdirabları” əsərinin qəhrəmanı olan Verter də intihar edir. Kitabı oxuyanların əksəriyyəti Verterin intiharının səbəbinin onun Şarlottaya ümidsiz sevgisindən nəşət etdiyini düşünür. Lakin əsəri diqqətlə oxusaq, görərik ki, Verterin də intiharının kökündə cəmiyyət durur. Verterin heç cür uyğunlaşa bilmədiyi cəmiyyət... Kitabda belə bir sitat var: “Yenə xariqüladə bir gün... Ancaq yenə insanlar bunu məhv edəcəklər”.
Verter də ekzistensial sancılar yaşayırdı. Kitabda belə bir sitat var: “Dünya hər zaman eynidir. Əmək və ağrı, zövq və mükafat... Amma bütün bunların nə mənası var?” Əsərdə həyatın mənasızlığı sorğulanır. Verter, bəlkə də, bütün bu mənasızlıqların öhdəsindən gələ bilmək üçün Şarlottaya aşiq olmuşdu. Məgər insan kiməsə həyatına bir məna qatmaq üçün aşiq olmurmu? Verterin heç vaxt əldə edə bilməyəcəyi bir qadını sevməsi də maraqlı nüansdır. İnsan ruhi ağrıların öhdəsindən gələ bilməyəndə onları fiziki ağrılara çevirməyə cəhd edir.
Verterin əzablarının kökündə anlaşılmaz olması da vardı. “Bu həyatda çox nadir hallarda bir insan başqa bir insanı tamamilə anlaya bilir” ibarəsindən də məlum olur ki, Verter anlaşılmaqda çətinlik çəkirdi.
Kamyunun də dediyi kimi, intihar üçün səbəblər çoxdur. Verterin intiharının ən başlıca səbəbi onun cəmiyyətə uyğunlaşa bilməyən fərd olmasıdır. Bu məqamda belə bir fəlsəfi sual ortaya çıxır: “Bir fərd cəmiyyətə uyğunlaşa bilmirsə, problem fərddədir, yoxsa cəmiyyətdə?” İntihar etmiş rəssam Van Qoq da ölümündən öncə qardaşına məktublar yazırdı və daha sonra bu kitab formasında çap olunub. Van Qoq da mənən çəkirdi və bunun çıxış yolunu intiharda gördü. Van Qoqun əzab çəkməsinin kökündə Verter kimi cəmiyyətə uyğunlaşa bilməməsi durur. Həmçinin Van Qoqun depressiyadan əziyyət çəkdiyinə görə dəlixanda yatdığını da bilirik. Van Qoq problemli biri idi, yoxsa dəhşətli dərəcədə həssas biri? Göte deyir: “Dünya həssas qəlblər üçün cəhənnəmdir”. Sartrın da belə bir ibarəsi var: “Cəhənnəm başqalarıdır”. Onda belə çıxır ki, həssas insanlar üçün dünyanı cəhənnəmə döndərən cəmiyyətdir? Gəlin bu sualın cavabını növbəti əsərdə axtaraq. Lev Tolstoyun Annası da intihar edir. Onun da intiharı, Verterin intiharı kimi, öncə uğursuz eşq hekayəsi kimi görünür. Lakin dərinə ensək görürük ki, fərdin cəmiyyət tərəfindən qəbul olunmaması da insanın cəməyyətdən təcrid olunması ilə başlayır və bu zaman daxili tənhalıq baş qaldırır. Bu da depressiya və intiharla nəticələnir. Bəzi tənqidçilərin fikirincə, depressiya, əzab çəkmək ədəbiyyatçılar tərəfindən romantikləşdirilir və buna görə insanlar arasında bu dərəcədə məşhurlaşır. Lakin, məncə, ədəbiyyat bu mövzunu qabartmaq, insanın insana nələr yaşatdığını göstərmək istəyir. Təəssüf ki, bu, çox zaman yanlış anlaşılır. Götenin əsərinin qadağan olunmasının səbəbi bu idi. Bu əsərin çap olunması intihar edənlərin sayını artırmışdı...
Ümid edirəm, bu məqaləmlə insanları bir daha düşünməyə, digər insanlara qarşı ehtiyatlı olmağa vada edə, onları adi bir sözün belə təsəvvürəgəlməz nəticələrə səbəb ola biləcəyinə inandıra biləcəyəm...





