Lətif Babayev - Bir məhəllənin adamları” silsiləsindən/ Xoşbəxt gecənin işığı(Üçüncü hekayə)

Can vermə qəmu-eşqə kim, eşq afəti candır,
Eşq afəti-can olduğu məşhuri cahandır
Füzuli
Qulu ilə Suqranın iyirmi yeddi illik birgə ömür-gün sevdasından sonra ayrılmaq qərarları çoxlarına qəribə, hətta anlaşılmaz gəldi. Qohumlar qarışıq, eşidən-bilən hamı təəccüb qalmışdı. Məhəllədə ildırım sürəti ilə yayılan belə xəbərlər, adətən, özü ilə bir yığın cavabsız sual da gətirirdı. Bu dəfə də fərqli heç nə baş vermədi. Tam bir həftə aşağı-yuxarı eyni söhbətlər getdi. Axı, nələri çatmırdı, Allahın kərəminə min şükür, ev-eşikləri, oğul-uşaqları. Heç nədən də korluq çəkmirdilər. Evlənməli oğulları, ərgən qızları var. Görən bu nə məsələdir, bəlkə ayrı səbəb var? Bu da eşitdikləri hər xəbərdə gizli mətləb axtaranların sualı idi.
Uşaqlar da ata-analarının bu qəfil qərarından çaşıb qalmışdılar. Analarının qəzəblə “bir gün də bu xarabada oturmaram, günü səhər gedib ərizəmi verəcəm”, deməsi onları şoka salmışdı. O gündən ürəklərindən qara qanlar axırdı. Nə illah eləsələr də, bu fikri başlarından çıxarıb, düz-əməlli fikirləşə, valideynlərinə nə deyəcəklərini, bu ağılsız qərardan necə çəkindirəcəklərini kəsdirə bilmirdilər. Bir də höcət, tünd xasiyyətli valideynlərinə nə deyəsiydilər? Onlara dünən bələd deyildilər ki. Ağılları kəsəndən, neçə yol görmüşdülər, tərs damarlarına düşdüsə, özünü öldür, xeyri yoxdu, gərək bir müddət səbr edəsən. Atasına qalsa, qəzəbinin keçməsi uzağı iki, üç saatın söhbətiydi, qılığına girən kimi yumşalırdı. Allah insaf versin, anaları dirəşdisə, azı üç gün, bəzən də həftə çəkirdi. Rəhmətlik ata nənələri nahaq demirdi ki, “Allah adamı bu qızın istəyindən də, kinindən də saxlasın. Ürəyi açılanda allı-güllü çəmənlik, üzünə bulud gəldisə, dəvədir”. Ancaq hərdən atalarının da tərs damarı tutanda inadından addım geri atmadığı vaxtları da görmüşdülər. Elə məqamlarda pir olmuşlar nə məsləhətə qulaq asır, nə də etiraza baxırdılar.
Bu laübalı vəziyyət nə qədər çəkəcəkdi, bir Allah bilirdi. Adam arasına çıxmağa da utanır, ürəklərindən keçəni kimsəyə aça bilmirdilər. Dərd amansız qurd kimi içlərini didirdi. İkisinə də elə gəlirdi, küçə-bacada rastlaşdıqları adamlar onlara birtəhər, məsələdən xəbər tutubmuş kimi baxırlar. Daha çox Kamil vərdiş etdiyi tay-tuş zarafatlarını, ikibaşlı sözləri indi tənə, lağ kimi qəbul edir, mübahisədən özünü güclə saxlayırdı. Bu gedişlə, əlindən bir xəta çıxacağından qorxurdu.
Bu qəfil qərarın bacı-qardaş üçün tək faydası aralarında ara-sıra baş verən münaqişələrin, şıltaqlıqdan doğan cığallıqların geridə qalmasıydı. İndi birinin tikanlı sözü belə o birinin boğazından təəccüb doğuracaq qədər rahat keçirdi. Ailəni gözləyən əsl fəlakət (onlar üçün bunun başqa adı yox idi) qarşısında heç vaxt olmadıqları qədər mehribanlaşmış, bir-birini yarı sözdən anlamağa başlamışdılar. Didişmə yerini dərdləşməyə vermişdi. Başqa vaxt olsaydı, valideynləri buna min dəfə şükür edərdilər. Ancaq fərqində olsalar da, indi belə şeylərə əhəmiyyət verəcək halda deyildilər. Bu faciənin içində bacısı kimi qanı bir, canı bir dost qazanmış Kamil artıq planlarını onunla bölüşməyə başlamışdı. “Onsuz da atama Bakıya gedib ixtisasıma uyğun iş axtaracağımı demişdim. Burdakı işim tamam fərqli sahəyə aiddi, heç ürəyimə də yatmır. Ode, tələbə dostum Nadir böyük bir zavodda sahə rəisinin müavinidir. Məni də yanına çağırır. Maaşı da burdakından çox, qalmağa yer də verirlər. Gedib düzəlim, səni də yanıma gətirərəm, daha hər dəfə Bakıya yol ölçməzsən. Onsuz qiyabi oxuyursan, çalışıb uyğun iş taparıq, qurtarana qədər bir az təcrübə də qazanarsan”. Mətanət qardaşının bu fikrinə çox sevinmişdi. Çünki iki il idi onun da ürəyi böyük şəhər sevdası ilə çırpınırdı. Əksər qrup yoldaşları kimi, o da rayondan canını qurtarıb Bakıda yaşayacağı günləri xəyal edirdi. Necə deyərlər, istədiyi yar idi...
Boşanma qərarı isə bir günün, hətta bir ayın işi deyildi. Qəfilətən ortaya çıxsa da, əslində, neçə illik söz-söhbətin, ümu-küsünün, hirs-hikkənin nəticəsi idi, beləcə qətrə-qətrə yığılıb bir batmanlıq narazılığa dönmüşdü. Mayası nədən yoğrulub-yapılsa yaxşıdır, “niyə mən də diqqət görməyim, axı, kimdən əksiyəm? Yaxud, “heç olmasa, bir xoş söz de, bir yol dərdimi soruş. Yadına sal, gör neçə il olub bir yerdə gəzməyə, kinoya, harasa getdiyimiz. Az qala otuz ildir”. Və buna bənzər gileylər. Ancaq yəqin fərqinə vardınız, cəmi iyirmi yeddi ilin ailəsi necə otuz il bir-birini başa düşməyib. Qadındır, hislənəndə, özü demiş “dərd içini yandıranda” sözünün əvvəlini-axırını fikirləşəcək halda olmur.
Qulu bu gileylərin başladığı vaxtlarda hər dəfə arvadının boynunu qucaqlayar, “hamıdan da çox diqqətə, sevgiyə layiqsən, haradan tapmışam səni”, deyib nəvaziş göstərərdi. Ancaq Suqranın ovqatı asanlıqla dəyişmir, hətta bəzən bir az da pisləşirdi. “Mən deməsəm, yanında bir qadın olduğunu görməzsən”. Bu minvalla ailəcanlı ərini təkcə özündən deyil, ev-eşikdən də soyudur, incik salırdı. Nəticəsi gec də olsa, özünü göstərdi.
Qabaqlar işdən evə tələsən Qulunun addımları günü-gündən yavaşıdı. Uşaqlar olmasaydı, bəlkə lap gecəyə qədər gəzib-dolanardı. Dost-tanış da məclislərdə uzağı ayda bir dəfə görünən Qulunun artıq heç bir dəvəti geri çevirmədiyindən şübhələnmişdilər. Ancaq nə baş verdiyindən duyuq düşsələr də, xasiyyətinə bələd olduqları üçün lüzumsuz sorğu-sualdan yayınırdılar.
Beləcə neçə il keçdi. Artıq uşaqlar böyümüş başları öz iş-güclərinə qarışmışdı. Bununla bərabər, ər-arvad arasında söz-söhbət, soyuqluq da artmışdı. Bir də baxdı ki, daha axşam nədir, gecəyarı da ayaqları evə sarı güclə gedir. İradların, dava-dalaşın yeni səbəbi elə bununla, artıq böyümüş uşaqlara Qulunun lazımi diqqət, ən başlıcası nəzarət göstərməməsi ilə bağlı idi. Onlarla təsadüfdən-təsadüfə söhbət edən Quluya möhkəm hirslənir, “məni onsuz da həyatından silmisən, heç olmasa bu yazıqlarla bir maraqlan, gör neyliylər, nə fikirləşirlər. Bu gün-sabah evlənməli, ərə getməli övladların var, bircə kərə onlarla düz-əməlli söhbət etmirsən. Səhər çıxıb gecə gəlirsən, arvad-uşaq yadına düşmür”.
Qulu könülsüz də olsa, “niyə maraqlanmıram. Üç gün qabaq Kamillə neçə saatlıq söhbətimiz oldu. Bir də iş-gücdən vaxtım qalır ki? Bəlkə çıxım evdə oturum, kimsə gəlib bizi dolandıracaq?”.
Saa söz deyənin gərək dərya səbri olsun. Kim dedi işdən çıx. Kiryuxalarına ayırdığın vaxtın beşdə, onda birini də balalarına ayırsan nolar?
Azacıq fikirləşdi və “cəhənnəmə ayır, göra ayır”, deyib heç ərinin cavabını da gözləmədən mətbəxə keçdi.
Əslində, vəziyyət o qədər də ümidsiz deyildi. Qulu arabir də olsa, uşaqlarla söhbət edir, fikirləri çox vaxt üst-üstə düşməsə də, artıq iyirmi altı və iyirmi yaşın içində olan övladlarının gələcək planları ilə maraqlanırdı. Artıq ali təhsilni başa vurmuş oğlu ixtisası üzrə olmasa da, rayonda yaxşı sahə saylan Aqropromda kiçik mühəndis işləyirdi. Ancaq atasına Bakıya gedib ixtisasına uyğun iş tapmaq istədiyini demişdi. Qulu konkret fikrini bildirməsə də, oğlunun istəyinə qarşı da çıxmamışdı. Qızsa qiyabi oxuduğu institutun artıq üçüncü kursunu bitirirdi. O da bir çox məsələlərdə atasından fərqli düşündüyünü gizlətmirdi. Nə edə bilərdi, o da başa düşürdü ki, bu, bütün zamanların problemidir.
Yubanmaların, az-az görüşməyin yeganə faydası arvadını narazı salan söz-söhbətin azalması, tikanlı ifadələrin seyrəlməsi idi. Əslində, soyuqluğun, tədricən yadlaşmanın açıq əlaməti olan bu sakitlik, daha doğrusu, sükut hər ikisini daxilən üzür, hövsələdən çıxarırdı. Ancaq israrla dözür, içlərində tüğyan edən qasırğanı çətin də olsa, yatırırdılar.
... Quluya hərdən elə acığı tuturdu ki. Əlində əlacı olsaydı lap boğardı. Nifrəti qanına dolub 170-180 təzyiqlə (rəfiqəsinin sözüydü) vururdu beyninə. Ancaq heç on-on beş dəqiqə keçmirdi ki, hirsi soyuyur, urəyi yumşalırdı. Belə vaxtlarda ürəyində neçə kərə, “lənət saa kor şeytan”, deyir, qəzəbini unudurdu. Bir az qabaq boğmağa hazır olduğu adama necə yazığı gəlirdisə, durub boynunu qucaqlamaqdan özünü güclə saxlayırdı. Hərdən bu xasiyyətinə o qədər qəzəblənirdi ki, sir-sifəti pörtür, sidq urəkdən özünə Allahdan ölüm diləyirdi.
Qulunu bağışladığı anlarda daha çox cavanlıqlarını xatırlayır, kövrəlirdi. Elə bil o günlərin xatirəsi, doğrudan da, bir işıq seli idi, ürəyinə dolur, gözləri ixtiyarsız gülümsəyir, könlündə qönçələr açırdı. Qulu da onun sifətinin nurlandığını sezən kimi hər şeyin yoluna düşdüyünə, qara buludların çəkildiyinə əmin olur, arxayınlaşırdı. Ancaq nə yazıq, son vaxtlar bu ovqat heç bir saat da çəkmirdi.
Qulu cavanlığında doğrudan, yaraşıqlı, qədd-qamətli, şirin dilli, gülərüz bir oğlandı, çox qızların qəlbinə köz salmışdı. Necə oldusa o qədər qızın içində könlünü Suqraya verdi. Hərdən zarafatla “məni necə ovsunladınsa, seçmə gözəlləri qoyub saa vuruldum”, deyirdi. Doğrudur, Suqra da adi qızlardan deyildi. Gözəlliyi, boy-buxunu, yar-yaraşığı, şirinliyi də öz yerində. Həm də qabiliyyətli, görüb-götürmüş qız idi. Özünün xəbəri olmasa da, qonum-qonşuda neçə ananın ürəyindən onu evində gəlin görmək keçirdi. Bir-ikisi ərk eləyib hətta bu barədə söz də açmışdılar. Ancaq anası, “hələ o yaşı deyil, bir də nə zamanadı, qız bilər, oğlan bilər”, demişdi.
... Suqra xoşbəxt vaxtları xatırlayanda ən çox yadına düşən Qulunun ilk görüşdə ona dediyi qəzəl olurdu. Füzulinin qəzəli. Qulu ürəyini Suqraya açdığı o gündən sonra da ona çox qəzəllər demişdi, hətta hərdən xalq mahnılarını zümzümə də etmişdi. Ancaq nədənsə Suqranın yaddaşında ən canlı qalan Füzulinin həmin qəzəli olmuşdu. Bəlkə bunun bir sirri də o gün səmada, düz başlarının üstündə asılan ayın qeyri-adi parlaq işığının təsirində idi. O işığın bir parçası Qulunun, bir parçası da onun üzünə düşüb sanki hər ikisini nurlandırmışdı. Elə cavanlığının ən parlaq xatirəsi də o aylı gecənin bir parça işığının yadigarıydı.
İlahi, bir gecədə adamın qulağına nə qədər xoş sözlər, qanadlı ifadələr pıçıldayarlar. Elə bil qeybdən Quluya istedad gəlmişdi. Eşq onu şairə, filosofa döndərmişdi, ya nəydi, bir Allah bilir. Ağzından dürr tökülürdü, nəfəsindən od-alov yağırdı. Suqra həyadanmı, həyacandanmı qulaqlarının dibinədək qızarmışdı. Yanaqları payız alması kimi allanmış, başı dumanlanmış, bədəni od tutub yanırdı. Qulunun bir-birindən alovlu sözləri, bir də az qala sifətini qarsan isti nəfəsi məst eləmişdi onu. Göyün yeddici qatında dayanıb gözlərini gah aylı, ulduzlu səmaya, gah da ayağı altından hər an uzaqlaşan, aylı gecədə aydın görünən torpağa dikmişdi. Daxilində ixtiyarsız qabaran qəribə duyğular onu qanadına alıb aparır, Qulunun hərdən titrəyən səsi gecənin səssizliyinə hopub sanki əriyirdi. Lap yaxınlığında olan Qulunun məhəbbətdən alışıb-yanan üzü, qəlbə sirayət edən gözləri sanki dil açıb danışır, indiyədək eşitmədiyi, duymadığı nələrisə pıçıldayırdı. Ona elə gəlirdi ki, get-gedə daralan nəfəsi bu saat kəsiləcək və ilk görüşdəcə sevdiyi bu ucaboy, qarayanız oğlanın əzələli qolları arasına düşəcək.
İlahi, bir gecə insana nə qədər xoşbəxtlik bəxş edə bilərmiş. Həmin anlarda o xoşbəxt gecənin bitəcəyini ağlının ucundan da keçirmir, bu barədə düşünmək belə istəmirdi. O gecənin azı bir neçə gün uzanması üçün ölməyə belə razı olar, uf demədən canına qıyardı. Heç vaxt da peşiman olmazdı. O boyda xoşbəxtliyin içində ölməyə bir deyil, bəlkə min kərə razı olardı. Sonralar hər dəfə o gecə haqqında düşünəndə bu fikri yüz kərə, min kərə təkrarlamışdı. Ancaq nə yazıq ki, hər şeyin başlanğıcı kimi bir sonu da olur və Suqra şüuraltı da olsa bunu anlayırdı. Heç vaxt yadından çıxmayan həmin gecənin bir sirri də vardı. O sehrli qəzəli Qulu elə həzin, elə ürkək səslə demişdi ki...
Düzdü, Qulu orta yaşı keçmiş çağında da sir-sifətdən bəd deyil, yar-yaraşığını da çox itirməyib. Boy-buxunu, qədd-qaməti də demək olar, əvvəlki yerindədir. Təkcə saç-saqqalı bir az ağarıb, sifətində azacıq sezilən qırışlar əmələ gəlib. Cavanlıqdakı zil qara saçlarına dən düşüb. Suqraya görəsə, əsas dəyişən Qulunun üzünün nurudur. Elə bil o nur xeyli öləziyib və onu tamam başqa adama çevirib. O xatirə gecəsinin müqəddəs Qulusu ilə bu Qulu arasında yerlə-göy qədər fərq var. O Qulunun işığından təsəlli yeri olacaq bir əlçim də qalmayıb. Elə Suqranı yandırıb-yaxan, ömür-gününü çürüdən də budur ki, işığı öləziyən Qulu dönüb olub başqa adam. Duruşu, gülüşü, az qala baxışı da yadlaşıb.
Bəlkə də o cavanlıq gününün həmin gecəsinin qəlbini qızdıran işığı, xatirəsi olmasaydı, Suqra uzun illər dözüb-durduğu əzab-əziyyətlərə çətin tablaşardı. Son vaxtlar deyingən olan ərinin xasiyyətinə başqası heç bir gün də dözməzdi. Əslində, bu, təkcə öz fikri deyildi. Bacısı, hərdən onlara gələn rəfiqəsi də bunu neçə yol demişdilər. Rəfiqəsi hətta:
Ay qız, vallah, sən hövsələ sahibisən. Mən olsam heç bir gün də dözməzdim, demişdi.
Ancaq Suqra bircə yol ağlının ucundan da keçirməmişdi ki, bunu deyən rəfiqəsinin özü atıq on ildir boşanıb, uşaqları ilə birgə atasıgildə qalır. Hərdən əsəbiləşən atası da qulağı eşidə-eşidə qızına “dilini dinc saxlasaydın, oturmuşdun evində, burda özün bir tərəfə colma-cocuğun mənim baş-beynimi aparmazdı. Daha qonum-qonşu da dilə gəlib, ağızlarına gələni deyirlər”.
Əvvəllər vərdiş etmədiyi bu sözlər qəlbinə toxunur, “ata da öz qızına, nəvələrinə belə ağır sözmü deyər”, düşünür, həmişə də rəfiqəsinin halına acıyırdı. Sonralar rəfiqəsinin belə gileylərinə öyrəşdi. Axır vaxtlar isə o sözlər o qədər adiləşmişdi ki, yadına da düşmürdü. Elə bil xəstəhal, yorğunluqdan dilə gələn qocanın biri bir batmandan ağır kəlmələrini heç eşitməyib.
Beləcə illərin dəyişdiyi, kövrəkliyi, həssaslığı azalan Suqra daha başqasının dərdinə yanmaq nədir, acımaq da istəmirdi. “Mənimki özümə bəsdir”, deyib eşitdiklərini qulaqardı etməyə çalışırdı. Həyatda hər şey gözündən düşən Suqra artıq elə haldaydı ki, onun ayrılmaq qərarının qarşısını qonum-qonşu, hətta uşaqları da kəsə bilməzdi. Nə düşmən tənəsinə baxardı, nə də dost məsləhətinə. “Nə çox atasız uşaq böyüdən. Allaha şükür, əlim sağ, ayağım sağ. Bir az artıq əziyyət çəkməklə kim ölüb ki?” Daha bu qədər ağrı-acını içinə yığıb ömrünü-gününü çürütməkdənsə birdəfəlik qurtarardı. Ancaq insaf naminə onu da bilirdi ki, Qulu boşansa da, övladlarını atmaz, bütün ehtiyaclarını qarşılayar.
Bu fikirlərdən qəlbi lap sıxıldı. Nifrət, qəzəb dalğası içinə dolub onu necə gəmirdisə üzünü yana çevrib ixtiyarsız:
Üryimi də vərəmlətmisən, dedi.
Bayaqdan beyninin bir küncündə özünə yer edən bu sözləri necə dilinə gətirdiyinə təəccüb qaldı. Vərdiş etdiyi “o qədər yanmışam, cızdağım çıxıb”-ın yerinə ilk dəfə eşitdiyi bu sözlər Qulunu tok kimi vurdu. Arvadının profildən gördüyü sifətindəki qarmaqarışıq ifadələrin, bozarıb-qaralan rəng-ruyun mənasını birdən anladı. Sanki iyirmi yeddi il ömür-gün yoldaşı bildiyi bu qadın birdən-birə yadlaşdı, dönüb tamam başqa adam oldu. İlk dəfə Qulu Suqranın könlünü almaq, təsəlli vermək fikrindən daşındı. Ən qəribəsi də bu idi, belə münasibətinə görə nəinki peşmançılıq keçirmədi, heç ürəyində özünü danlamadı da. Ona elə gəldi ki, ömrünün iyirmi yeddi ilini qurban verdiyi bu qadın, əslində, heç vaxt onu sevməyib. Qulu həmişə özünü buna inandırmaqla aldanıb. Çox qəribə idi, təhqir edilmiş, qəlbən alçaldılmış Qulu bu dəqiqə Suqraya nəinki zərrə qədər nifrət etmirdi, heç qəzəblənmirdi də. Təkcə onu arzulayırdı ki, varlığına inanmaq istədiyi Tanrı onu elə bu dəqiqə Suqranın gözü qarşısında öldürəydi. Aldana-aldana yaşadığını düşündükcə qəzəbindən az qalırdı ürəyi partlasın. Bir qədər sonra bu qəzəb yerini daha əzablı olan başqa bir duyğuya verdi, artıq özünə yazığı gəlirdi. Yaşadığı hisslərdən necə vəziyyətə düşdüyünü bir Allah bilirdi. Əzici hislərin təsirindən dünyanın harasında olduğunu, lap bir az qabaqkı hadisələri də tamam unutmuşdu. Bütün varlığı ilə Tanrıya acı-acı yalvaran yaralı bir ürəyə, qanadı qırılmış quşa çevrilmişdi. Neçə saat beləcə yalvardığından da xəbəri olmadı. Yalnız qızının qolundan dartışdıra-dartışdıra dediyi həyəcanlı sözlərdən sonra özünə gəldi. Dünyanın səslərini eşitməyə, ətrafında olub-bitənləri görməyə, anlamağa başladı. Mövcudluğun ən yaxında olanı, qızı təlaşla, aramsız təkrarlayırdı:
Nə oturmusan, anam paltarlarını yığışdırıb, dayımgilə getdi. Nə olub, niyə susursan, bir şey demirsən. Ay ata, bir dillən də, yoxsa, məni eşitmirsən...
Əvvəl başa düşmədiyi, qulağında əks-səda verən bu sözlər yavaş-yavaş aydınlaşdı. Aydınlaşdıqca da onu düşdüyü boşluqdan çəkib çıxardı və nələr baş verdiyini tam kəsdirdi. Ancaq nəsə tədbir görəcək halı və istəyi olmadığından, bir müddət də qızının üzünə lal-dinməz, mənasız-mənasız baxıb durdu. Anasının evdən getməsini adi bir hadisə kimi qarşılanması qızı da çaşdırmışdı. Daha nə deyəcəyini bilmirdi. İndilik bəlkə buna ehtiyac da yox idi...
Boşanma məsələsi qohumlar arasında uzun-uzun müzakirə edildi. Biri Suqranı, digəri Qulunu, əksəriyyətsə hər ikisini günahlandırdı. Ancaq yaxın qohumlar “bunu belə qoymaq olmaz, bu gün sabah oğlanları evlənəcək, qızları ərə gedəcək. Boşanmış ailəyə kimi qız verər, ya alar?” Əlbəttə, ürəkləri yandığı üçün belə deyirdilər. Yoxsa, qəsəbədə boşanmış ailələrin ərə gedən qızlarını, evlənən oğlanlarınımı görməmişdilər. Düzdür, şükür, şəhərə baxmış buralarda elələləri çox deyil. Ancaq son vaxtlar “xasiyyətimiz uyğun gəlmədi” bəhanəsi, ya bəlasımı deyək, rayon, qəsəbə, hətta kəndlərə də ayaq açıb və yaxşı heç nə vəd etmir.
Cütlüyün qəfil boşanma qərarından əl-ayağa düşən ailə üzvləri, nənə, dayı və bibi üç-dörd gün dərdləşib məsləhətləşdilər. Ancaq ağıllarına elə bir çıxış yolu gəlmədi. Suqranı heç olmasa bir həftə gözləyib ərizə verməyə razı salsalar də, bu da çox çəkməyəcəkdi. Bilirdilər, həftəsi tamam olan kimi, “tərs qızı tərs”i daha heç kim qərarından döndərəmməzdi. Ancaq deyir, adamın işini Allah düzəltsin, bəndə neyləyəsidi. Səhəri gün dayıları sevinə-sevinə elə bir xəbər gətirdi ki, bibi bir yana, nənə belə qol götürüb oynamaq istədi.
Xalası deyir, Kamil ixtisasartırma kursunda bir qızla tanış olub, neçə vaxtdır yazışırlar, deyəsən fikirləri qətidir. Ancaq nə qız, nə də bizim oğlan bu barədə Yasəməndən (Suqranın bacısı) başqa kimsəyə söz deməyiblər. Yasəmənə də bərk-bərk tapşırıb ki, ağzından söz çıxmasın. Fikirləri şəhərdə iş tapandan sonra evlənməkdi. İş də hazırdı, Kamilin dostu söz verib.
A başıva dönüm, şəhərdə niyə evlənir, bəyəm dədəsi, nənəsi ölüb? Qohum-əqrabası qırılıb, öz-özünə toy çaldırsın?
Sözdür, ay ana, deyib-deyib də. İndi bunu müzakirə eləmirik. Deyirəm, Kamili yola gətirək ata-anasına xəbər verməyə razılaşsın. Ya da özü desin, bu, daha yaxşı olar. Boşanma biabırçılığından da qurtararıq. Sizin məsləhətiniz nədir?
Nə deyəsiyik, a bala, yaxşı elə özün deyəndi. Daha oturmaq vaxtı deyil.
Dayının fikri əsl xilas yolu idi. Kamili yola gətirmək onun sirrini saxlamaq vədinə xilaf çıxmış xalaya həvalə olundu. Bacı oğlunun qızışıb özündən çıxacağından narahat olsa da, xalanın başqa əlacı qalmamışdı. Onunla ciddi danışıb yola gətirəcəkdi. Qaldı valideynlərə. Qulu ilə iş asan idi. Bu bir neçə gündə övladlarının nələr çəkdiyini görmüşdü deyə artıq ailənin dağılmasını istəmirdi. Səbrlə Suqranın yumşalmasını gözlüyürdü. Bunu bacısına, qaynına da demişdi. İşin çətini Suqranı yola gətirməkdi.
Xalasından olub-bitənləri eşidən Kamil dilxor halda, “Onsuz da bilirdim ki, yenə ağzında söz qalmayacaq, günah məndədir, hər şeyi saa danışıram”.
Xalan qurban, anangilin bu məsələsi olmasa, öldürsələr də deməzdim. Bir də belə daha yaxşı olmadımı, Məşədi İbad demişkən, həm sənin işin düzələcək, həm də ata-anan barışacaq.
Məşədi İbad yox, Soltan bəy.
Olsun Soltan bəy. İndi əsas razılaşmağındır, sizin də, onların da məsələsi düzəlsin.
Kamil boşanma olayının sonlanacağına ümidləndiyi üçün heç nə demədi, baxışları ilə onu sözsüz də anlayan xalasına “özünüz bilərsiniz” mesajını çatdırdı.
Bu söhbət Suqraya əvvəl boşanma qərarını ertələmək üçün qurulmuş oyun kimi gəldi. Ancaq böyüklər bir yana, qızının da eyni şeyi deməsi onu inandırdı. İnanar-inanmaz da elə sevindi, ürəyi elə titrədi, durduğu yerdə əsməcə tutdu, gözləri qaraldı. “Mıxı mismar eləyən İlahi, kərəminə şükür”, deyib bir xeyli ağladı. Toxtayan kimi də bu şad xəbəri neçə gün boynubükük gördüyü oğlunun ağzından eşitmək üçün küsüb tərk etdiyi evə tərəf uçdu. Bu an hər şey yadından çıxmşıdı. 5 gün əvvəlin söz-söhbəti, Qulunun yadlaşmış sifəti, ürəyini parçalayan o dəhşətli hal. Elə təngnəfəs gəlmişdi ki, evə çatanda az qaldı taqətsizlikdən dizləri bükülsün...
Qız tərəfin elçiliyə razılığı ailənin, doğmaların sevincini birə beş artırmışdı. Eşidən-bilən göz aydınlığı verir, əli göyə uzalı qalan nənə artıq ikinci kərə Quluya “elçilikdən qabaq bir qurbanlıq kəs, Allah dualarımızı eşidib. Yolunuzu da açıq eləsin, uşağın uğurun xeyrə calasın”, demişdi. Elə də etdilər. Təzə qohumlar da qəlblərinə yatdı. Bir aydan az vaxtda baş tutun xeyir iş hər ikisinə, daha çox da Quluya olub-bitənləri tam unutdurmuş kimiydi. Ancaq toya az qalmış Suqranın eşitdikləri onu təzədən qayğılandırdı. “Lənət şeytana”, deyib işin sonrasını gözlədi.
Qulu, dədəmin goru haqqı deyirəm, düzəlməsən gədənin toyun eliyəndən iki gün sonra soyxalarımı da yığışdırıb, bu dəfə birdəfəlik başımı götürüb gedəcəm.
İki günü niyə gözlüyürsən, bəlkə elə toyun səhərisi gedəsən, bir gün də bir gündür, üzümü az görərsən, qanın da az qalar.
Oy, Qulu sümüklərin yansın, necə ki mənimkiləri yandırırsan. Ə, zarafat eləmirəm e, ciddi sözümdür, inan Allaha ki, daha mınnan o tərəfi olmuyacax. Ya düzəlləssən adam kimi dolanacıyıq, ya da daha dözüb durmağa tabım qalmıyıf.
Az, qərarı sora verərsən, hələ de görüm apardığın soyuxaları nə vaxt geri qaytarmısan, yenidən götürüb gedəcəm, deyirsən. Bəlkə xəbərim yoxdu, təzələrin almısan?
Niyə də almamışam, gözümün ağı-qarası bircə oğlum var, onun toyuna köhnə-körüş, cır-cındır geyəsi deyiləm ki. Təzə qohumlar deməz ki, qızı tökülüb-itənin birinə vermişik?
Allah göstərməsin. Yaxşı eləyib almısan, yəqin seçəndə Mətiş də köməy edib. Cavan qızdır, dəbi də bilir, zövqü də maşallah, sənnən-mənnən daha yaxşıdır.
Anası qurban Mətişə, hələ üstəlik bacım, sənin bəyənmədiyin rəfiqəmlə birgə seçmişik, belə yaxşıca da pul xərclədik.
Allah mübarək eləsin, can sağlığı ilə, yaxşı eləmisən.
Sağ ol. Axırı ki sənin ağzından da əmmasız razılıq eşitdik.
Son sözləri deyəndə Suqranın üzündə bir işartı göründü. Bu işartı əvvəllər olduğu kimi, arta-arta işığa çevrilib üz-gözünə, sir-sifətinə yayılmasa, lap cüzi olsa da, bir ümid işartısı idi. Qulu onu görən kimi tanıdı. Baş verənlərə rəğmən, hələ də yoxa çıxmamış bu işartı bəlkə də nələrinsə geri qaytarıla biləcəyinə bir işarə idi. Elə bil yuxudaydı qəfil oyandı və Suqraya, onun yenidən doğmalaşan çöhrəsinə baxdı. Baxdı və ixtiyarsız dərindən köks ötürüb, “məsləhətinə şükür, İlahi”, dedi.
Suqra ərinin dediyini düz-əməlli eşitməsə də, dodaqlarına qəfil qonan, çoxdan sezmədiyi təbəssümdən ürəyindən keçənləri anladı. Bircə anlığa o təbəssüm bəyaz işığa dönüb Qulunun çöhrəsini bir az da nurlandırdı və ona elə gəldi ki, dünya yenidən o xoşbəxt gecənin işıq selinə qərq olacaq. Bu baş verməsə də, Suqra son vaxtlarda ilk dəfə Qulunun düzələcəyinə qəlbən inanmaq istədi.