Edebiyyat.az » Proza » Mədəniyyət nazirinə məktub | İvan Kraus

Mədəniyyət nazirinə məktub | İvan Kraus

Mədəniyyət nazirinə məktub | İvan Kraus
Proza
Necef Esgerzade
Müəllif:
21:43, 06 may 2019
1 594
0
Dəyərli nazir!
Bilirəm ki, sənə bir yığın adam çoxlu xahiş ünvanlayır, ona görə də qabağa düşmək üçün elə təyinatından dərhal sonra bu məktubu yazmağa qərar verdim. Nə vaxtsa biz vətənsevərlərdən də birinin nazir olacağını və əvvəllər (əlaqə kasadlığı ucbatından) həyata keçirə bilmədiyim planlarımı gerçəkləşdirməkdə mənə köməklik göstərəcəyini çoxdan gözləyirdim.

1. İlk növbədə, mənim yenicə (bu, məhz indi üçün önəmlidir) yazmağa başladığım kitabımın növbədənkənar, həm də sərfəli şərtlərlə (pulsuz çapından söhbət gedir) nəşri barədə üstüörtülü bir sərəncamı çox təqdir edərdim.

2. Əvvəllər bəzi-para həmkarlarımın olduğu kimi, indi də mənim kitablarımın vitrinlərdə gen-bol, həm də məxsusi yer tutmasına şərait yaradılsa, buna görə minnətdar olardım.  

3. Yaradıcılığım haqqında qəzetlərdə mütəmadi qaydada (birmənalı şəkildə müsbət məzmunlu) sanballı rəylərin dərci təşkil olunsaydı, heç etiraz etməzdim. Təklif deyil, sadəcə güman edirəm ki, belə bir göstərişi yerinə yetirməyən müvafiq redaksiyalar (yenə üstüörtülü formada) lazımi cəza tədbirlərinə məruz qalmalıdır.

4. Təltif məsələsinə gəlincə, icazənlə xatırladım ki, mən də, arvadım da artıq xaricdə mükafatlar almışıq, Çexiyadan isə hələ bircə təltif də görməmişik. Biz bunu qeyd-şərtsiz rüsvayçılıq hesab edirik.

5. Arvadımın yaxşı rəsm qabiliyyəti var, eskizlər çəkə bilər.
 
6. Fəxri ad, lent, nişan, medal — fərqlənmə naminə hər nə olsa, bütün bunların təqdimat mərasimində mənə birinci sırada, tən ortada, həm də (təltifat zamanı rahat çəkə bilsinlər deyə) düz kameranın tuşunda yer verilsə, dərin minnətdarlığımı bildirərdim.

7. Mənimlə birgə ön sırada durmağa layiq çex mədəniyyəti ustalarının (yəni dostlarımın) da, arxa sıralarda dayanmalı olanların da siyahısını ayrıca bir vərəqdə təqdim edirəm.
 
8. O biri vərəqdəki isə mədəniyyət sahəsində çalışan, amma mənim zəhləm gedən soydaşların siyahısıdır. Siyahı iki hissədən ibarətdir: a) xaricdəkilər, b) ölkədəkilər.

9. Yeni himnə ehtiyac duyularsa, aktual bir mətn yazmağa hazıram: əsas odur ki, yaradıcılıq məzuniyyəti və köçürmək imkanı təmin olunsun.

10. Əlbəttə, sanballı mükafatlar vəd edilən ədəbi müsabiqələrdə iştiraka da hazıram, bu şərtlə ki, məni ikinci, üçüncü və ilaxır yerlərə çəkib salmasınlar.

11. Əgər Monte-Karloya (Parisi istəmirəm, orda maşın saxlamağa yer olmur) Mədəniyyət attaşesi təyin etməyə hazırlaşırsansa, bunun üçün ikicə namizəd var: Z.V., bir də mən özüm. Bu Zdeneklə aram yaxşıdı, amma onu qətiyyən məsləhət görməzdim. Səbəblərini görüşəndə deyərəm.

12. Qohumlarımdan biri babat skripka çalır. Hələlik həvəskar səviyyədə. Buna uyğun nəsə düzüb-qoşmaq olmazmı? İxtiyar sənindir.

13. Əgər sənə çatdırsalar ki, guya öz şəklimi poçt markalarının üstündə görmək istəmirəm, bu, aşkar iftiradır. Şəklimin markaya vurulmasına razıyam, ancaq şərtlərim var: а) çəhrayı olmasın; б) üç yox, beş kronluq olsun; в) hansısa seriyada yox, ayrıca; г) həmin marka qətiyyən “Onurğasızlar tipi”nə aid seriyanı hazırlayan rəssama tapşırılmasın.

14. Səni yaxşı tanıdığım üçün bioqrafiyanı yazmağa başlamışam. Təbii ki, namünasib intim təfərrüatlara toxunmuram. Əksinə, səni cəmiyyətə insani yöndən göstərmək üçün keçmişdəki bəzi şən macəralarımızdan söz açıram. Ad da tapmışam artıq: “Nazir haqqında bir neçə söz”. Eksklüziv müəlliflik haqqımı göndərməyi unutma. Əgər göndərməsən, gərək nəzərə alasan ki, onda tamam tərsinə davranmalı, şən məqamları yığışdırıb, intim mətləblərə yer verməli olacam.

Ən xoş arzularla sənin ən yaxşı dostun Nivlt.

Ruscadan tərcümə: Seyfəddin Hüseynli
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)