Edebiyyat.az » Proza » Yazar Asiman - Yalançılar (Labüd faciəli komediya)

Yazar Asiman - Yalançılar (Labüd faciəli komediya)

Yazar Asiman - Yalançılar (Labüd faciəli komediya)
Proza
nemət
Müəllif:
22:11, 07 may 2019
1 711
0
( Yazar Asiman - Yalançılar (Labüd faciəli komediya)



O ,deyəsən evə kiçik pəncərədən keçib. Hə, baxın o pəncərədən külək pərdəni üfürür .Otaq yarı qaranlıqdır.Çarpayıda axmaq üzlü kişi yatıb .O sakitcə yaxınlaşıb kişinin yatmış üzünə əyilib astadan: 

- Ay bixəbər, qafil! 

Axmaq üzlü kişi gözlərini açıb qorxuya düşür və təşvişlə ona:

 - Bağışlayın siz kimsiz?

O:

 - mən bayaqdan sizin gəzəyən arvadınızın çıxıb evdən növbəti maşınla gedəcəyini gözləyən səbrli oğruyam, bəs siz? İstəyirsiz deməyin onsuzda adınızı bilirəm sizin adınız yalançı əclafdır, düz dedim?

 Axmaq kişi:

- Bağışlayın siz nəzakət və mərifət sərhədlərini aşıb məni də uçuruma aparmaq istəyirsiz, evimə icazəsiz girməyiniz bir yana özümü də təhqir edirsiz? Sizə kim deyib ki, mənim arvadım var, özü də gəzəyən? Mən arvadımdan çoxdan ayrılmışam lap çoxdan .

 Oğru onun sözünü kəsib:

 - Bilirəm nə vaxt ayrılıb boşanmısan iyirmi dəqiqə bundan əvvəl səhərə yaxın gələcək, yenə təkrar ilk baxışdan vurulma, sonra nişan, sonra toy, sonra bəylə gəlin səhərə yaxın, əlbəttə o evə gələndə, yəni gəlin veyillənməkdən yorulub yadına düşəndəki , aa mənim evim var və evə girəndə sən deyəcəksən hə, nəhayət ki, biz qovuşduq 

 Axmağa çımxırır :

 - Hə belə deyəcəksən?

 Axmaq sakitcə: 

– Yox mən onu nəvazişlə qarşılaram təki siz deyənlər düz çıxsın , görün neçə ildir ki mən dulam, əlavə edim, siz əminsiz ki, O, gəzəyən qadın mənim arvadımdır ? Bəlkə səhvən mənim evimə girmisiz bəlkə siz məndən yuxarı evə girməliydiz hə, onun arvadı var gəzişməyini bilmirəm amma tez tez əriylə vuruşub ərinə deyir ki, sən məni sevmirsən əri də deyir hə bax bunu təkcə bunu düz anlayırsan səni sevmirəm, arvad isə sakitləşmir deyəsən çatışmır başdan, cavabı eşitməyibmiş kimi davam edir:

- Əgər sevsəydin evə tez gələrdin səhərə yaxın gəlməzdin əri də deyir sən qanmazsan o da deyir qanmaz özünsən sonra dava düşür arvad xarakterinə uyğun dəlicəsinə bağırır. 

Oğru dözməyib : 

- Fikrimi azdırma o müğənnidir sənin arvadın isə sadəcə gəzəyən...

Axmaq üzlü : 

- Xahiş edirəm əsəbləşməyin and içirəm mənim arvadım artıq tarixə həkk olub, evlilik tariximizə, mən sizə deməyi unutdum məni yatan yerdə elə yaxaladız ki, başımı itirmişəm sizə onu da deyim ki, biz boşanandan az sonra o xiffətdən öldü.

 Oğru təəssüflə: 

- Kaş belə olaydı bu əla olardı onda gəzəyən də ola bilməzdi heç olmasa namusunu qoruyardı amma belə deyil yalan danışırsan şərəfsiz (səsini qaldırır), - sən yalançısan! 

Axmaq üzlü kişi: 

- Siz yenə əsəbləşdiz bilirsiz mən oğruları əsəbləşdirməkdən qorxuram çünki aqressivləşib müqavimət göstərən ev sahibini öldürə də bilərlər sizə bir söz deyim, olmaz ki, siz əsəbləşmədən, sakitcə, ruh yüksəkliyi ilə evimi soyasız? Lap istidirsə pəncərəni də tam açın qoy sərin külək sizi evimi soyarkən sərinlədsin, axtarışa lazımsa kömək edərəm lazım deyilsə sakitcə uzanım yerimdən deyim nə hardadır təki o dediyiniz lənətə gəlmiş gəzəyən arvadımı xatırlayıb narahat olmayın.

 O dərhal: 

- Aha, deməli, o gəzəyən arsızın sənin arvadın olduğunu boynuna alırsan. 

Axmaq kişi əlacı kəsilmiş adamlar kimi:

 - Yaxşı razıyam, o ləçər mənim arvadım olsun, səhər gələndə onu danlayıb kötəkləyərəm lap istəsəz xəyanətini bağışlamayıb öldürərəm indi isə buyurun evimi soyub-çapıb gedin baxın əgər məni soymasaz sizdən polisə şikayət edəcəm, təbii ki, soysaz şikayət etməyəcəm deyəcəyəm ki, məni dünən yəni bu gecə səhərə kimi soymaq məqsədiylə gəlsəz də soymayıb narahat edib yatmağa qoymamısız. Artıq həm də məndə belə bir fikir yaranır ki, siz heç soyğunçu da deyilsiz. Güdükcü oğru nə deməkdir ?

Qapı döyülür, qapının ardından qadın səsi : - yenə ölü kimi yatmısan, dur qapını aç .

Oğru kinayəli sevinclə : 

- Xəyalların gerçək oldu o, sənin arvadın ola bildi, bax, həqiqət qapıda püskürüb kükrədi, reallıq qapını döyəcləyir , artıq subay, boşanmış, boşadığı ölmüş bir bədbəxt deyilsən o gəlib. 

Axmaq kişi :

 - Siz nə danışırsız bu mənim qonşumun səsidir yəqin ətçəkən ya da paltar yuyan maşın üçün gəlib. İcazə verin sakitcə gedim görüm nə istəyir arxayın olun burda olduğunuzu bilməyəcək, durub gedim? 

O:

- Yox, onu evə dəvət et görüm gecə yarı paltaryuyanla ətçəkəni neynir, gecə vaxtı kimə bişirib kimə yuyacaq.

Kişi qalxıb qapını açır, içəri girən qadın axmağa:

- Mənə paltar yuyan maşın lazımdır.

 Axmaq gülümsəyərək: 

- Gecə vaxtı kiminkini yuyacaqsız ? 

Qadın :

- Ərimin şalvarını, indicə gəlib, batırıb yolda şalvarını, palçığa. Oğru gizləndiyi pərdənin arxasından çıxıb qadına deyir:

- Məni aldada bilməzsən yalançı, sən bunun arvadısan .

Axmaq kişi özünü itirib:

 - Bağışlayın sizi tanış edim oğrunu göstərərək deyir: mənim evimi soymağa gəlmiş oğru.  Qadını ona göstərib: 

- Qonşumun arvadıdır, çox fədakar insandır, nə müğənnidir, nə də o biri sizi əsəbləşdirəndən, sadə evdar qadındır.

Oğru əsəbləşərək cibindən silah çıxarır və:

- İkinizi də güllələyəcəyəm, ər arvad olduğunuzu boynunuza almalısız. 

Qadın və axmaq kişi təşvişə düşür, qadın axmaq kişiyə: 

- Bilsəydim gəlməzdim sizə, kaş sabah işə şalvarı palçıqlı gedəydi. 

Axmağa təlaşla baxaraq :

 - İndi biz evlənməliyik? Nə tükürpədici qonağınız var? 

Oğru əsəbləşir: 

- Lap nigahınız üçün bura ruhani xadim də gətirəcəyəm sizi ər arvad elan edib. Axmağı göstərərək əlavə edir: - buna arvadının gəzəyən olduğunu sübut edəcəyəm.

Qadın hövsələdən çıxaraq:

 - Siz nə deyirsiz mən gəzəyənəm?

Oğru qadının üstünə çımxırır: 

- Bunun arvadı olsan avtamatik gəzəyən olmalısan anladın yalançı? 

Qadın təlaşla : 

- Heç bilmirəm neyniyim.

Axmaq kişi qadına astadan:

 - Bəlkə bu qatilin ağzını yummaq üçün razılaşasız, buna razılaşsaz vəssəlam evi soyub rədd olub çıxıb gedəcək sonra paltaryuyan maşınını da götürün ərinizin şalvarını yuyun səhərə qurudar da amma belə rəy deməkdə geciksəz əriniz dərin yuxusunun içində qolunu sizə tərəf uzadanda əli balışa dəyər və diksinər ayılar görər ki, siz gəlib çıxmamısız bizə gələr şübhələnər ki, bayaqdan yad qadın, yad kişi burda neynirik aləm bir-birinə qarışar. Baxın onda boşanandan sonra dul qadın olaraq mənə ərə gəlməkdənsə, elə bu başdan bir saatlıq ər arvad olaq, bu da işini görsün. Qadın titrəməyə başlayır və: 

- İlahi, artıq razılaşmağa başlayıram .

Axmaq kişi kədərlə oğruya dönüb: 

- Siz bunu istəyirdiz? Namuslu bir qadını başqasına zorla ərə verirsiz hələ bu yazıq sizin istəyinizlə bundan bu yana gəzəyən də olmalıdır ki, sizi qane etsin.

Qadın həyəcanla: 

- İlahi hətta gəzəyən də olmalıyam?

 Oğru: 

- Yalan danışma yalançı! Bu evə girdiyinə görə artıq sən mənim gözümdə gəzəyənsən.

Üzünü pəncərəyə çevirib: 

- Aç gəl! 

Qırmızı geyimli, keçəl biri pəncərəni açıb içəri atılır və o:

 - Mən nigahı kəsməyə hazıram . Əlindəki qalın dəftəri açıb baxaraq örtərək düşünür - bunlar ki, ər arvaddır . 

Qadın və axmaq sevincək: 

- İlahi şükür ki, bu sevincli günümüzü bizə yaşatdın biz də başqaları kimi ( hər iksi eyni anda bir ağızdan deyirlər). Bir-birimizi sevib ailə qurmaq istəyib dünyaya uşaq gətirməyi qərara aldıq (susurlar).

Axmaq qadına: 

- Bax, burada lap ağını çıxartdıq. Necə yəni, uşaq axı buna bəzi şeylər lazımdır.

Oğru çılgınca: 

- Bax, mən ora gələcəkdim artıq inanmaq istəyirəm ki, sən onun (qadını göstərir), o gəzəyənin sənin arvadın olduğunu qəbul etdin. O anlara az qalıb. 

Axmaq davam edir: 

- Siz nə zalım, necə alçaq, necə şərəf və ləyaqətini itirmişin birisiz ki, məni qonşu qadınla evlənməyə məcbur etdiz (dərhal qadına dönüb yazıqcasına) , razısız ? 

Qadın otaqda balerinalar kimi süzərək dövrə vurur qəmgin və üzüntülü halda: 

- Bu yazıq, qanadları paltaryuyan maşınında sınmış, üzgün qu quşunun başqa əlacı varmı? Əgər ərim mənə paltaryuyan maşın alsaydı, mən indi bir şalvardan ötrü müvəqqəti də olsa, ərə getməzdim. Qapı döyülür. 

Oğru qadına kinayəylə:

 - Get aç, qorxma! Ərin deyil, ola da bilməz artıq sənin ərinin kim olduğu mənə əvvəldən də məlum olduğu kimi dəqiq məlumdur. Get aç, mütləq müştərilərindən biridir, yəqin telefonuna zəng çatmır, gör nə əxlaqsızsan ki, müştərilər artıq evə daraşır.

Qadın qapını açmağa gedir qapı açılan kimi içəri daxil olan kişi qırmızı paltar keçəllə axmaq kişiyə baxıb qadına dönərək : 

- Bu nə deməkdir? Sən iki yad kişiylə... 

Dönərək əlində silah tutmuş oğrunu görüb diksinir və oğruya:

 - Bağışlayın sizi görmədim amma birinci əslində... 

Silahına baxıb titrəyərək

- Sizi görməliydim (əlini yelləyir), nəysə onları heç görmədim, əsas sizsiniz. 

“Mən yuxarı mərtəbədə oluram arvadımın dalınca gəlmişəm o paltaryuyan maşın üçün gəlmişdi, amma çox gecikib, siz onu girov götürmüsüzsə, mən başqa vaxt gələ bilərəm icazənizlə işinizə mane olmayım” – deyib, dal-dala çəkilərkən qadın ona üsyankar bir səslə:

- Gecdir, sən qayıtmaya da bilərsən, çünki artıq mən başqasınınam və sən də bunun kimi namussuzsan .

Axmaq kişini gostərib: 

- Bu qonşusunun namuslu qadını ilə evlənir müvəqqəti də olsa, sən öz qadınını girov qoyub gedirsən, buna görə də mən artıq iki namussuz ər arasında qalmış bir şalvar qurbanıyam.  

Oğru gələn kişiyə: 

- yalançı müştəri! 

Qadına:

-Rədd ol, get müştərinlə! Məni aldada bilməzsiz siz çoxdan ər arvadsız bu isə müştəridir çıx get onunla, onsuzda onun kimilərinin mini ilə çıxıb getmisən, bu da min bir. Bu müqəddəs ruhani də təsdiqlədi ki, ər arvadsız paltar yuyan maşını da gedəndə apar ki , yalanınızın üstü açılmasın.

Axmaq kişi təsüflə oğruya:

 - Gördünüz, ssenari sizin istədiyiniz kimi icra olundu, evləndim indi isə arvadım müştəriylə çıxır hətta gözümün önündə maaşımdan kreditlə aldığm paltaryuyan maşınımı da aparır . Cəhənnəmə aparsın. Mənə xəyanət edib, gözümün önündə gedəndən sonra, o, paltaryuyan mənim nəyimə lazımdır? Daha boynuma da alıram, deyəsən məndən şərəfsiz, məndən alçaq və bir də təkidlə qeyd etdiyiniz kimi məndən yalançı adam ola bilməz. İndi isə buyurun evimi soyun, çıxın gedin, amma mənə bir saat da olsa imkan verərsiz ki, yatım, çünki səhər işə gedəcəyəm müdriyyət məni işdə yuxuladığıma görə danlamasın. 

Və yenidən yatağına uzanır . Qadın paltaryuyan maşınını qucağına alaraq kişi ilə çıxır, oğru silahını belinə taxır, qırmızı müqəddəs pəncərədən atılıb qeyb olur. Otaqda oğru ilə yataqda uzanmış axmaq qiyafəli kişi qalır. 

Oğru onun üzünə əyilərək : 

- Daha nəyini soyum? Səndən qarət etdiyimi, paltaryuyan maşınına da göz dikmiş o qonşu dediyin yalançı müştəriyə verdim.Yalançı qonşu səni soydu...

Axmaq kişi təlaşla: - O, pəncərədən atılıb gəlib gedən kim idi? 

Oğru gülümsəyərək: 

- Şeytan . 

Axmaq kişi həyəcanla: 

- Bəs sən? 

Oğru təntənəylə: 

- Mən öz əsərləriylə məşhur olmuş Yaradanam !...


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)