Edebiyyat.az » Proza » Nəriman Əbdürrəhmanlı - Səsindən yıxılan

Nəriman Əbdürrəhmanlı - Səsindən yıxılan

Nəriman Əbdürrəhmanlı - Səsindən yıxılan
Proza
Necef Esgerzade
Müəllif:
12:18, 27 may 2019
1 476
0
Əvvəllər, ümumiyyətlə, telefon cingiltisi, mobil telefon çıxandan bərisə naməlum zənglər məndə narahatlıq, hətta bir qədər də təşviş doğurur: elə bilirəm, gözləmədiyim, həm də həyatımda dərin iz qoyacaq, bəlkə də ağlagəlməz dəyişikliklərə səbəb olacaq bir xəbər alacağam, günlərimin, əslində zahirən sakit, dinc görünən nizamı dəyişəcək, daha heç şey əvvəlkinə oxşamayacaq; üstəlik, az qala bir göz qırpımı qədər çəkən bu sarsıntılı duyğu o qədər güclü olur ki, açıq-aşkar boğazımın quruduğunu, nəfəsimin təngidiyini, həyəcandanmı, yoxsa o duyğunun təsirindənmi, gözlərimin sulandığını, başımda tüklərin dibinin nəmləndiyini hiss eləyirəm; zəngin səslənməsilə zəng vuranın məramını bəlli eləyən ilk kəlmələr arasında keçən müddəti yerli-yataqlı təsvir eləmək iqtidarında deyiləm, təkcə onu deyim ki, bəzən o müddət az qala ömür qədər uzun çəkir, mən də həmin məqamda mübaliğəsiz-filansız ölüb-dirilir, hər şey aydınlaşanacan qətrə-qətrə heydən düşdüyümü duyuram.

Bir dəfə bu anlaşılmaz halətimi psixoloq dostuma bacardığım qədər təsvir elədim, o da xasiyyətimə bələd olduğuna gör, başını buladı, dodağını büzdü, dodaqlarında bir qədər sirli, bir qədər də istehzalı təbəssümlə dedi ki, vallah, nə deyim, sənin psixoloji vəziyyətin də özün kimi mürəkkəbdi, baş aca bilmirəm, mənim oxuduğuma-bildiyimə qətiyyən uyğun gəlmir. Amma özüm o qısa və təlatümlü məqama qəribə ad tapmış, öz-özlüyümdə dəbdəbəli, həm də eynilə halətim kimi dolaşıq ifadəylə “Nagəhanlıq sindromu” – yəni gözlənilməz hadisələrdən qorxub-çəkinən, daxilən buna hazır olmayan, daim elə bu qorxuyla da yaşayan adamın vəziyyəti – adlandırmışdım. 

Əlbəttə, bu tapıntımın psixologiya elminə töhfəsi-filanı yoxdu, olsa-olsa, özümü aldatmağım, sakitləşdirməyim, bu cür təcrid eləməyim üçün uydurulmuş şeydi, təbii ki, mənə elə bir xeyri-zadı olmayacaqdı…

Bu dəfə də telefonun ekranındakı tanış olmayan nömrəni görüb o “nagəhanlıq sindromu”ndan keçə-keçə yaşıl düyməni basıb ürəyim əsə-əsə “alo, alo” dedim, bu kəlməylə eşitdiyim ilk söz arasında keçən müddət ərzində anlaşılmaz bir duyğu bədənimi dırnağımdan-saçımacan yalayıb keçdi, həmişə olduğu kimi, saçlarımın dibinin tərlədiyini, boynumun islandığını, gözlərimnin sulandığını belə hiss elədim. Hə qədər olmasa da özümə bələdəm, bilirəm ki, saçlarımın dibinin islanması artıq halsızlaşmağımın, gücdən düşməyimin əlamətidi, bundan bədənim boşalır, hissiyyatım korşalır, bir kisə ət-sümük yığınına çevrilir, sonra özümə gələnəcən də ağlagəlməz qüvvə sərf eləməli oluram, bu məqamı da öz-özlüyümdə “gedər-gəlməz məqamı” adlandırmışam, həmişə mənə elə gəlir, bu dünyayla da elə həmin məqamların birində vidalaşacağam.

Amma bu dəfə eşitdiyim səs həddən artıq tanış idi, həm də təhlükə-filan duyulmurdu, ona görə də bir qədər rahatlandım, toxtadım, qulağıma çatan sözlərin mənasına varmaq üçün diqqətimi cəmləşdirməyə çalışdım; gör nə müddətdi ki, əlaqəmiz kəsilib, zəng vuran adam deyirdi, yaxşı, deyək ki, mən düz eləmədim, bəs sən niyə bircə dəfə itirib-axtarmadın, demədin ki, qardaşım hardadı, başına nə gəlib, işləri necədi, bəlkə kömək-filan lazımdı? Bunu elə-belə. Deyirəm, Allaha şükür, hər şey qaydasındadı, kefim yerindədi, elə bir əyər-əskikliyim də yoxdu; səni azı on ildən sonra arayıb-axtarmağımın səbəbi kömək-zad istəmək deyil, sadəcə birgə keçirdiyimiz o gözəl günləri, təmənnasız münasibətimizi xatırladım, fikirləşdim ki, yenidən tapışsaq, yaxşı olar. Mən də arabir anlaşılmaz tərzdə mızıldaya-mızıldaya, “hə, hə” deyə-deyə bu qəfil zəngin mahiyyətindən baş açmağa çalışırdım: aradan illər keçmişdi, bir vaxtlar aramızdan su keçməyən yeniyetməlik yoldaşımın, gənclik tay-tuşumun, tələbəlik dostumun qəfildən yoxa çıxıb, eynilə də bu cür qəfildən peyda olmasının altında gizlənmiş sirri unamağa çalışırdım; əlbəttə, bir qədər nostaljiyə qapıla, ötən günlərimizi xatırlaya, hətta bir qədər kövrələ bilərdi, buna qətiyyən şübhə eləmirdim, insan yaşlaşdıqca, sümükləri kimi, duyğuları da kövrək olur; amma məndə anlaşılmaz, tutqun, hətta bir qədər təhrikedici narahatlıq hissi doğuran onun səsiydi…

Bu səs – o səs deyildi…

O səsi az qala havasından tanıyırdım; o səsdə duruluq, saflıq, xeyrə inam vardı, hələ bulanmamış, çalarlarının sayı artmamış, rəngi-ruhu dəyişməmişdi; o psixoloq dostumla söhbətlərimizdən birində də səsin rənglərindən söz açanda təəccübdən yazığın gözləri kəlləsinə çıxmış, maddım-maddım üzümə baxıb, gör ağlına nələr gəlir, demişdi, düzü səsin rəngləri bərədə heç fikirləşməmişəm; onda, bax, demişdim, qoy sənə izah eləyim: bir yeniyetməlik yoldaşım, gənclik tay-tuşum, tələbəlik dostum vardı, həmişə mənə elə gəlirdi ki, onun səsi yamyaşıldı, eşidəndə çöllərin, vadilərin, dağların, meşələrin yaşıllığı qəlbimi bürüyür, hisslərimə hakim kəsilirdi; tələbə vaxtı vurulduğum qızıb səsi məndə gözləri kimi, mavi rəng duyğusu yaradırdı, elə bilirdim ki, o qızla ancaq mavi səmanın altında, mavi dağların qoynunda, mavi dənizin sahilində yaşamaq olar, başqasını seçib ərə gedəndən sonrasa o qızın səsi bozardı, boz şəhərə, boz küçələrə, boz evlərə oxşadı; tez-tez getdiyim kafenin sahibinin qırmızı sifəti, qırmızı sifəti, qırmızı-qırmızı danışığı var – bu cür misalların sayını artıra bilərəm; yox-yox, bəs elədi, psixoloq dostum təəccübdən hələ qurtulmadığını ifadə eləyən görkəmlə dillənmişdi, bu ağılla elmi iş yazıb müdafiə-filan eləsəydin, indi düz-əməlli işin olardı, bir qələmin ümidinə qalmazdın; əlbəttə, həmin məqamda onun bu yarıciddi-yarızarafat atmacasına cavab verməmişdim, amma əmindim ki, səsin rəngi məsələsilə bağlı qəlbinə şübhə toxumu səpmişəm, bir müddət bu barədə düşünəcək. İndi də zəng vuran adamın səsindəki yaşıl rəngi duymayıb, çaşmışdım, yerini tutmuş çaları ayırd eləyənəcən də əzab çəkəcəkdim…

Bu səsdə artıq dolub-toxtamış, həyatın haqlı-haqsız sınaqlarından keçmiş, enişli-yoxuşlu yollarında istər-istəməz toza-çirkaba bulaşmış, həm də artıq buna alışmış adamı görürdüm; əslində, yollarımız ayrılandan – o doğulduğumuz əyalət şəhərində qalandan, mənsə paytaxtda məskən salandan sonra o yaşıl rənglə bağlarımı üzməmək üçün bir neçə dəfə cəhd göstərmişdim: bir dəfə dəstəyi başqası götürmüş, demişdi, zəng vurduğunuzu ona çatdıraram, mən də ümidlə gözləmnişdim, amma o yaşıl rəngli səsi eşidə bilməmişdim; ikinci cəhdimdə cəmi bir neçə kəlmə danışa bilmişdik, sonra əlaqə kəsilmiş, bir daha o səsi eşidə bilməmişdim; üçüncü dəfədə xətdə tamam başqa səs eşitmişdim: “…bu nömrəyə zəng çatmır…”; sonra da at-radan illər ötdü, ondan səs-səmir çıxmadı, mən də hər xatırlayanda yaddaşımdakı yaşıl rəngin daha da solduğunu ağrı içində duya-duya günləri yola verdim; indisə o, dəyişmiş səsilə qəfildən peyda olmuşdu, mənsə dediklərinə qulaq asa-asa səsinin hansı rəngdə olduğunu anışdırmağa çalışırdım, məncə, buna da səhvsiz-filansız nail oldum: əlbəttə ki, eşitdiyim səs tünd-boz rəngdəydi; ola bilsin, bu qənaətimə havanın boz-bulanıq olması, “nagəhanlıq sindromu”nun yaratdığı ovqat təsir eləmişdi, amma əmindim ki, bu təəssüratımı sonralar, hətta onunla görüşsək belə, dəyişdirə bilməyəcəyəm; bu məsələdə əsas söz sahibi mən yox, altıncı duyğum idi, istər-istəməz ondan asılı vəziyyətdə düşəcəkdim…
Yox, bu səs – o səs deyildi…

O səsdə izah və təsvirolunmaz işıq vardı, həmin işığa düşüb uşaqlığımızın, yeniyetməliyimizin, gəncliyimizin dümdüz yollarından keçirdik; o səsdə ikimizə də doğma olan çöllər, dağlar, vadilər, qantəpərin, baldırğanın, quzuqulağının qoxusu, moruğun, yemşanın, moruğun, əzgilin dadı, dirədöymənin, çiling-ağacın, eşşəkbelinin səs-küyü, ilk sevginin indi özümüzə də gülünc görünən şirin əzabları, gələcəyimizlə bağlı ağlagəlməz planlarımız vardı; o səsdə gözütoxluq, olan-qalanı bölüşmək, dərdəşərilkik, fədakarılıq vardı; bir dəfə ayağı çuxura düşüb topuğu burxulanda necə əzab çəkdiyini görüb elə doluxsunmuşdum ki, az qala hönkür-hönkür ağlayacaqdım, evlərinə də demək olar, belimdə aparım çıxardım; bir dəfə də tələbəlik illərimizdə mənasız təkəbbür ucundan həmyaşıdlarımızla iki-ikiyə dava eləmişdik, onda mənim dava-dalaşda əlim olmadığını bildiyinə görə, üstünə düşən rəqibinin öhdəsindən tezcə gəlib köməyimə çatmaq üçün necə çırpındığını sezmişdim; istəyinə çatıb məni dardan qurtardığı məqamda nə qədər xoşbəxt göründüyünü sözlə təsəvvür eləyə bilmərəm: təkcə sifəti, iri gözləri deyil, elə bil, sağ gözünün altındakı, artıq göyərməyə başlayan şişi də işıq saçırdı: onda bizi qucaqlaşmağa, bir qədər də kövrəlməyə vadar eləyən hansı duyğunun olduğu barədə sonralar çox düşünmüşdüm, amma ağlıma dəqiq bir şey gəlməmişdi, “Səndən ötrü yaşan qorxdum” deyəndə səsində duyduğum işıq da, rəng də, hətta qoxu da (səsin qoxusu barədə danışıb psixoloq dostumun beynini daha da qarışdırmaq üçün məqam var) hələ yaddaşımdadı – o səsi uzun illər içimdə ömür yoluma düşən işıq, qəlbimə taqət kimi gəzdirmişdim…

Bu səsdəki rəng və çalar, əslində, ötən il təsadüfən nə üçünsə gəldiyini, bir neçə gün qaldığını eşidəndə dəyişməyə başlamışdı; əlbəttə, nə rastlaşmış, nə də görüşmüşdük, sadəcə gəlişi-gedişindən xəbər tutanda, yaddaşımda saxladığım səsinin dəyişdiyini, yadlaşdığını açıq-aşkar hiss eləməyə başlamışdım. Hesabıma görə, bir günlüyə belə gəlmiş olsaydı, ən azı, zəng eləməli, hal-əhval tutmalı, özünün vəziyyətindən danışmalı, mənin halıma vaqif olmalıydı; on-on iki ilin o tayında qalan vaxtlarında belə olmuşduq: mən doğulduğum şəhərə gedəndə narahat olmasın deyə, gəlişimi əvvəlcədən xəbər verməsəm də, çox vaxt evimizdən qabaq onun qapısını açmış, ən azı, öz ocağımıza ayaq basandan sonra ona və ailəsinə baş çəkməyi özümə borc bilmişdim; elə o da əksər hallarda gəlişinin planını əvvəlcədən xəbər verirdi ki, mən işlərimi nizama sala, ona vaxt ayıra bilim; həm də bütün bunlarda xüsusi bir məna axtarmazdıq – hər şey o qədər təbii, o qədər minnətsiz idi ki, bir dəfə də olsun, bu barədə fikirləşdiyim yadıma gəlmir; sonra səssiz-gəliş-gedişi bir neçə təkrar olunmuşdu, hətta bir dəfə lap təsadüfən rastlaşmışdıq, daha doğrusu, mən ionu görmüşdüm: yayın isti günlərinin birində ikicə parç sərin pivə içmək üçün girdiyim, sərin kölgəli ağacların altında gözdən uzaq guşə seçib əyləşdiyim məqamda səhərin uğultusundan dincəlmiş qulağıma onun tanış səsi dəyəndə əvvəlcə xəriflədiyimi güman eləmişdim, ancaq arxa tərəfdəki həmişəyaşıl kolların o tayından gələn səsi açıq-aşkar tanıyandan sonra, elə bil, cismimdən də, ruhumdan da, yaddaşımdan da nəyinsə aralandığını, əriyib yoxa çıxdığını sezmişdim. 

Həmin məqamda mənə onunla görüşməyə, kəlmə kəsməyə mane olan duyğunun nə olduğunu bilmədim; o doğma səs, biri tanış (masa arxasında ortaq tanışımız da vardı), biri yad olan digər iki səsə qarışmışdı, nə barədə danışdıqlarını tam dərk eləməsəm də, yayın bu istisində doğma səsin get-gedə soyuduğunu, rəngini-ruhunu dəyişdiyini, az qala, yadlaşdığını duydum, həmin anda da içimdə elə amansız ağrı baş qaldırdı ki, şivərək ofisiantın gətirdiyi parçı birnəfəsə başıma çəkdi, noxuda heç əl də vurmadım, pulunu artıqlamasıyla masanın üstünə atıb bağdan çıxmağa tələsdim. Ötəndə kolluğun üstündən sifətinin yan tərəfini gördüm, ortaq tanışımızınsa arxası mənə sarı olduğundan sezilmədən keçib gedə bildim; amma sanki dizlərim heydən düşmüş, içimdə ağlagəlməz boşluq yaranmışdı; axır ki, keçidin boğanağından ötüb özümü üzbəüzdəki parkın oturacaqlarından birinə salandan sonra nədən və nəyə görə qaçdığım barədə xeyli düşündüm, amma fikirlərimin ucunu bir tərəfə çıxara bilmədim, yalnız anlaşılmaz, küt ağrıya oxşayan, bir qədər də itki duyğusunu andıran hiss duyurdum. 

Xeyli ötəndən sonra zəng vurdum, dedim, elə-belə ürəyimdə düşdün, çoxdandı görüşmürük, hal-kefini soruşmaq istədim, rahat, arxayın cavablar alandasa əməlli-başlı çaşdım: sən demə, işləri əvvəlki kimi gedirmiş, şükür Allahın birliyinə, vəziyyəti babat, ev-eşikdə salamatlıqmış, yolu bu tərəflərə düşəndə məni axtaracaqmış; həmin məqamda səsinin titrəmədiyinə, dilinin çaşmadığına sidq-ürəkdən təəccübləndim: görünür, illərin təcrübəsi hədər getməmişdi; bununla belə, səsinin dəyişdiyini gizlədə bilmədi, əlbəttə, bunu da ancaq mən sezdim, itki hissim qatılaşıb dözülməz həddə çatdı. İndisə özü zəng vurmuşdu, daha toxtaq, oturuşmuş, ütülü-cilalı səslə hal-əhval tutur, işimi-gücümü xəbər alır, çaşqın, mənasız, anlaşılmaz mızıltılarıma qəti fikir vermədən öz vəziyyətindən, iş-gücündən danışdı: şükür Allaha, hər şey qardasındaymış, başı qarışıq olduğundan məni axtarıb-araya bilmirmiş, bir az da xarici ölkələrdə-filanda səfərlərdə, istirahətdə olubmuş, ona görə də araya bu qədər uzun fasilə düşübmüş. Söylədiklərini eşidir, həmin məqamda xəttin o başındakı gəncik dostumun halını təsəvvürümdə canlandırmağa çalışırdım: azı on illik aradan sonra məni axtarıb tapmaq fikrinə düşübsə, deməli, ortada hər hansı bir sanballı səbəb var, çünki səsindən nostaljiyə qapıldığı, kövrəldiyi, itkiləri qaytarmaq niyyətində olduğu duyulmur; bu səsdə heç maddi umacaq, borc-filan istəmək də yoxdu, qələmim hesabına dolandığımı, ehtiyatım olmadığını bilir; güman ki, öz günahı üzündən aramıza enən soyuqluğu da sezir; bütün bunları gözə alıb zəng vurubsa, yəqin bu addımı atmaq uçun yetərincə ciddi səbəbi var, o səbəb də (bəlkə müəyyən bir məsələyə görə kiməsə ağız açmağımı istəyir) mənə tam aydın deyil…
Bu səslə o səs arasında keçilməz uçurum vardı…

Həmişə o səsin yelinə uçub getmişdim, arada dağlar, dərələr, uçurum-filan yoxudu, hər şey aydın, işıqlıydı, buludlu, yağışlı-çiskinli, qarlı günlərdə işığı hiss eləmiş, bütün ruhumla o işığa sarı dartınmışdım. Bir dəfə onu qarşılayanda selləmə yağışa düşüb sətəlcəm olmuş, düz iki həftə yorğan-döşəkdən qalxa bilməmişdim; amma həmin məqamda belə beynimdən xəstələnməyimin səbəbkarı barədə fikir keçirməmiş, olub-keçəni təbii qarşılamış, buna fədakarlıq çaları verməyə çalışmamış, o vaysınanda da ağzına vurmuşdum ki, bura bax, səfeh-səfeh danışma, sənlik bir iş yoxdu, bazara gedəndə də yağışa düşə bilərdim; ya da bir dəfə, gənclik illərində qatarla uzaq səfərə yola salan vaxt üşüdüyünü sezib, əynimdəki təzə yun köynəyimi soyunub zor-güc ona geyindirəndə buna da bir məna verməyi ağlıma gətirməmişdim, onun gözlərindəki işıq, səsindəki hərarət, sifətindəki məsumluq bəs eləmişdi. Sonra o işıq, hərarət, o ifadə harasa uzaqlaşıb getdi, elə uzaqlarda da itib-batdı,.. 

Bu səsdə ocağın üstünü bürümüş kül qoxusu duyurdum; yəqin ki, ocağı qurdalamalı, közləri kül altından çıxarmalı, üfürüb alışdırmalıydım; amma canımda illərin soyuğu vardı, o hərarətin məni isidəcəyinə inanmırdım. Elə bil, bu səs işığını, rəngini, qoxusunu itirə-itirə özünün tutqun, qaranlıq yerinə çatmış, səsin sahibi də yönünü itirib dibsiz uçuruma yuvarlanmışdı. İndi eşitdiyim səsdə qaranlıq, tünd-qara rəng, kəsib qoxu duyurdum, bütün bunlar da şüurumu bulandırır, düz-əməlli düşünüb qərar vermək qabiliyyətimi kütləşdirirdi…

Elə bu məqamda səs itdi, araya uğultu qarışıq xırıltı girdi…

Üstəlik, mən də çaşıb telefonun qırmızı düyməsini basdım, elə çaşqınlıq içində də qulağıma dəyən kəsik-kəsik səslərə xeyli qulaq asdım…

Mənbə: Manera.az
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)