Edebiyyat.az » Proza » Zahid Sarıtorpaq - İki qısa hekayə

Zahid Sarıtorpaq - İki qısa hekayə

Zahid Sarıtorpaq - İki qısa hekayə
Proza
Necef Esgerzade
Müəllif:
12:36, 27 may 2019
1 540
0

Ölüyuyan

Təzə qonşumuz mürdəşir idi. Hər rastlaşanda nədənsə üzümə irişirdi. Mənsə hər dəfə üşənirdim. Hövüllənib evə dönür, güzgüyə baxırdım.
 Bir gün çox qaşqabaqlıydı. Köhnə qonşumuzdan soruşdum:
 – Buna noolub mısmırığını belə sallayıb?
 – Day ölü yumur, başdanxarab. Kreditlə maşın alıb taksavatlıq eləyir. – Sonra da başını yırğaladı – Bədbəxtdi də, gül kimi işini buraxıb, qoşuldu bizim cərgəyə.
 Səhərisi yenə rastlaşdıq. Nədənsə, bu dəfə mən ona gülümsədim. Üzümə baxıb, baxıb, tez geri qayıtdı.
 Deyəsən, güzgüyə baxmağa getdi...
 
Kefcillər

 ... Dördüncü mərtəbədəki qonşularımız çox açıq-saçıq adamlardı. Kefcildilər.
 Kişi hər gün işdən kefli gəlir. Gombul olduğuna görə, evə çatınca girişin ağzındakı köhnə skamyaya yayxanır, “pufff!..” eləyib nəfəsini dərməyə başlayır.
 Bu vaxt, elə bil aravadı iy bilir, çıxır eyvana, bir qədər başını yırğalaya-yırğalaya gülür, sonra da yüz cür dil-filnən çağırır onu. Belədə, çox vaxt aralarında atmacalı-atmacalı bir dialoq başlayır. Qonşularsa, uğunub gedirlər.
 Bu gün də elə oldu. Kişi skamyaya təzəcə yayxanmışdı, arvad eyvanda peyda oldu, əllərini məhəccərə söykəyib aşağı boylandı, deyərdin ki, bu saat qanad açıb uçacaq. Adəti üzrə bir xeyli gülümsəyib başını yırğalayandan sonra, cır səsiylə qışqırdı:
 – Böyükağa! Böyükağa!
 Cavabında əri aşağıdan yuxarı əməlli-başlı böyürdü:
 – Bööö!.. Bööö!..
 Arvad da eləmədi tənbəllik səsini atdı başına:
 – “Böyükağa!” deyəndə böyürürsən, bəs:“Həpənd!.. Həpənd!..” desəm, onda nə cavab verəcəksən, a tarısı qannı?
 Belədə Böyükağa da necə lazımsa cavabını tutuzdurdu:
 –Həpənd? Hə, bax onda deyəcəm: “həəə!.. həəə!..”
 – Mənə elə bu lazımdı də, sənin “hə” cavabın... Onda gəl yuxarı! Gəl yuxarı!
 – Yuxarı? Yox! Yox! Lox! Lox! Yuh! Yuh!..
 Onun nə üyüdüb-tökdüyünü deyəsən arvad yaxşı başa düşmədi. Bəlkə də qəşəng başa düşdü, amma özünü o yerə qoymadı, onun sözünü kəsib:
 – Yaxşı, yaxşı, gəl yuxarı. Gəl yuxarı, sonra “yox”layarsan, “lox”layarsan, “yuh”layarsan... Nə bilim, gücün çatmasa, istəsən kömək eləyərəm lap yuxulayarsan da... Neyləyərsən, özün bilərsən...
 O isə, aşağıdan yuxarı bic-bic güldü:
 – Uxx!..
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)