Edebiyyat.az » Proza » Marco Vichi - Avqustda ölüm (romandan parça)

Marco Vichi - Avqustda ölüm (romandan parça)

Marco Vichi - Avqustda ölüm (romandan parça)
Proza
nemət
Müəllif:
14:52, 10 iyul 2019
1 214
0
Marco Vichi - Avqustda ölüm (romandan parça)



Florensiya, aprel 1964
Axşam saat 9 idi. Balaca boyu ilə uşaqdan seçilməyən bir kişi təngnəfəs halda polis bölməsinə çatıb dayandı. O, növbətçinin oturduğu kabinənin şüşəsinə əllərilə vuraraq müstəntiq ilə danışmaq istədiyini bildirdi. O, bu sözləri qışqıra-qışqıra desə də sakit olmağa çalışırdı. Növbətçi Muqnay ondan sakitləşməsini xahiş edib hansı müstəntiqlə görüşmək istədiyini soruşdu. Cırtdana oxşayan bu balaca kişi çirkli əllərini şüşəyə vuraraq qışqırdı:
“Müstəntiq Bordelli!” – o, bu sözləri elə tərzdə dedi ki, sanki bu bölmədəki tək müstəntiq Bordelli idi.
”Yaxşı, bəs o burada yoxdursa?”- Muqnay soruşdu.
”Yox, o burada olmalıdır. Mən onun dəyənəyini gördüm bayırda”- balaca kişi acıqla dedi.
Nəhayət, ona içəri keçməyə icazə verdilər. Muqnay bu hadisəyə maddım-maddım baxan yeni  həmkarı Taddeyə əl işarəsi ilə  yad adamı müşayiət etməsini bildirdi. Taddey cəld yerindən tərpənib qabaqda özü, arxada isə həmin balacaboy adam pillələri qalxmağa başladı. Birinci mərtəbədə uzun koridorun sonunda Taddey müstəntiq Bordellinin otağının qapısında dayandı. Bu balaca yad adamın nimdaş və palçıqlı ayaqqabılarına baxıb dedi:
“Sən burada gözlə”.
O,qapını döyüb içəri keçdi və bir neçə saniyədən sonra geri qayıtdı:
”Girə bilərsiz”.
Balacaboy kişi bir göz qırpımında içəri keçdi və bu zaman Taddey Bordellinin səsini eşitdi:
”Kazimiro, sən burada neynirsən?”
Elə Bordelli bunu demişdi ki, qapı bərk çırpıldı. Taddey çaşbaş halda başını qaşıyaraq qapını yenidən döydü. Başını içəri salaraq:
”Nəsə lazımdır, cənab müstəntiq?”-deyə soruşdu.
”Yox, təşəkkür edirəm. Gedə bilərsən”-müstəntiq dedi.
Balacaboy adam udqunub qapının bağlanmasını gözləyirdi. Yazı stolunun qarşısında duran Kazimiro müstəntiqin verdiyi siqareti rədd etdi.
”Nə baş verib, Kazimiro? Narahat görünürsən”.
“Mən bir şey görmüşəm yolda, Fiesole yolunda.Yolun kənari ilə gedirdim və …”
“Əgər siqaret çəkmək istəmirsənsə onda sənə pivə təklif edirəm”- Bordelli onun sözünü kəsdi və kabinetin digər tərəfindəki siyirməyə əli ilə işarə etdi. Sonra isə – “mənim üçün də gətir, zəhmət olmasa”- deyə elavə etdi.
Kazimiro əsəbi halda siyirməyə tərəf cumdu və pivə butulkalarını gətirib stolun üstünə qoydu. O,həyəcandan danışa da bilmirdi. Bordelli sakit halda mənzil açarı ilə butulkaların ağzını açdı və birini Kazimiroya uzatdı. Balacaboy adam bir qurtuma butulkanın yarısını içdikdən sonra bir az rahatlaşdı və nəhayət ki, oturdu. Müstəntiq pivəni acgözlüklə iki qurtuma içib qurtardı. Hətta pivə köynəyinə töküldü. Boş butulkaları stolun üstünə səpələnmiş kağızların üzərinə qoydu. Bordellidən arxadakı divarda eyni mismardan həm Respublika Prezidentinin toz basmış şəkli, həm də at nalı asılmışdı. Bordelli düşündü ki, bu otaqdan həmişə çürük karton və göbələk iyi gəlir. Kazimiro yerində büzüşüb qalmışdı. O, əyninə kifayət qədər böyük olan uşaq köynəyi geyinmişdi. Bordelli cırtdana oxşayan bu kişinin girdə və sanki qapı arasında qalıb əzilmiş sifətinə göz gəzdirdi. O, bu adamı müharibə vaxtından tanıyırdı, çox əsəbi adam idi, onu nadir hallarda gülərkən görmək mümkün idi. Çox vaxt onun xarici görünüşü ilə əlaqəli xoşagəlməz zarafatlar edərək ona sataşırdı. Buna baxmayaraq, Bordelli onu bu xasiyyətinə görə sevirdi və hətta onu özü üçün cəsus da tutmuşdu. Bununla Bordelli utandırmadan ona pul vermiş sayılırdı.
“Mən təsadüfən o yoldan keçirdim, əgər mən bunu öz gözlərimlə görməsəydim…”
“Bağışla, sözünü kəsirəm, Kazimiro. Ayın ikisi mənim doğum günüm idi”.
“Təbrik edirəm”.
“Elə bu?”
“Nə deməyimi istəyirsiz, cənab müstəntiq?”
Bordelli özünü həmin axşam söhbət edirmiş kimi hiss etdi, bu isə onun çox yorğun olduğunu göstərirdi. O, sadəcə Kazimironun verəcəyi bəd xəbəri təsəvvür etməyə çalışırdı.
“Sən məndən neçə yaşıma qədəm qoyduğumu soruşmayacaqsan?”- o dedi.
”Neçə yaşınız var?”
“Əlli dörd, Kazimiro. Mən daha yaşlanmaq istəmirəm. Bilirsən, əlli dörd yaşım var və evə gedəndə dodaqlarımdan öpə biləcək heç kimim  yoxdu artıq”.
”Niyə bir it saxlamırsız evdə, cənab müstəntiq?”- cırtdan adam bunu tam ciddiyyətlə soruşdu.
Bordelli gülümsəyərək siqaretin kötüyünü külqabıya basdı. Pivə butulkasını götürüb oturduğu stula yayıldı. Pivə şüşəsi protokolun üzərində nəm halqa yaratmışdı.
“Düşün, Kazimiro, bəlkə də bu dəqiqə dünyanın hansısa bir ucunda mənim idealım olan bir qadın doğulur. Amma onun iyirmi yaşı olanda mən artıq heç bir işə yaramayan qoca axmaq olacağam. Lap o, qırx il bundan əvvəl də doğulsaydı, çox güman ki, ya Cəzayirdə, ya Polşada, ya da Avstraliyada olacaqdı. Sən heç bu haqda düşünmüsən nə vaxtsa?”
”Cənab müstəntiq, sizə gördüklərim barədə danışa bilərəm artıq?” “Əlbəttə. Üzr istəyirəm, davam et”- Bordellinin təslim olmaqdan başqa çarəsi yox idi.
Kazimiro içki şüşəsini stolun üzərinə qoyub ayağa qalxdı.
”Mən yolun qırağı ilə gedirdim və birdən yolda yıxılıb qalmış cansız bədən ilə rastlaşdım”- o, bunu birnəfəsə dedi. Müstəntiq onun sözünü kəsdi:
“Əminsən?”
“Əlbəttə, əminəm. Onun ağzından qan axırdı”.
”Harda görmüsən cəsədi?”
“Fiesole yolunda”-Kazimiro qaşqabağla cavab verdi.
Bordelli ehmallıca yerindən qalxdı, bir əli ilə siqaretini çıxarıb yandırdı, digər əli ilə stulun başından jaketini götürdü.
“Bəs həmin vaxt sən o yolda neynirdin, Kazimiro?”-müstəntiq düşüncəli halda soruşdu.
 
Tərcümə etdi: Günay Kərim
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)