Anton Çexov - Dramaturq
Proza
Anton Çexov - Dramaturq
Həkimin kabinetinə girən kişinin baxışları ölgündür, bənizinin solğunluğuna görə isə onu kataral xəstəsi saymaq olar. Burnunun iriliyi və üzündəki ifadənin hədsiz melanxolikliyi nəzərə alınarsa, onun spirtli içkilərə və fəlsəfəyə düşkün, xroniki soyuqdəymədən əziyyət çəkən biri olduğu söylənə bilər. Keçib kresloda əyləşəndən sonra o, təngnəfəslikdən, ıçqırıqdan, mədə yanğısından, melanxoliyadan və ağzının acı dadmasından şikayətlənir.
Həkimin:
- Nə işlə məşğulsunuz? – sualına bu adam fəxrlə:
- Mən – dramaturqam! – deyir.
Həmin an həkimin qəlbində bu pasiyentə hörmət-izzət hissi oyanır və o, ehtiramla gülümsünür. Sonra mızıldanaraq deyir:
- Bu, çox nadir peşələrdəndir... Belə iş adamdan böyük əqli qüvvə və əsəb gərginliyi tələb edir!
- Mə-ən-cə də-ə...
- Yazarlar – nadir insanlardır... və həyat tərzləri adi adamlarınkına əsla bənzəməz... Elə buna görə də sizdən öz yaşam tərziniz, sevimli məşğuliyyətləriniz, vərdişləriniz, yaşadığınız ortam barədə mənə bəhs etmənizi istərdim... Sözün qısası, bu fəaliyyət sizə nələr bahasına başa gəlir?
Dramaturq onunla razılaşır:
- İzninizlə... Əfəndim, mən haradasa saat on iki üçün yuxudan oyanıram... bəzən daha erkən... Yataqdan qalxan kimi bir papiros çəkir, iki qədəh araq gillədirəm... bəzən üç qədəh... Bəzi günlərdə isə dörd. Hə, qədəhlərin sayı əvvəlki gün içdiyimdən birbaşa asılı olur... Belə-ə-ə... Əgər heç içməsəm, onda gözlərim önündə hər şey ləngər vurur, başımda guppultu və küy yaranır.
- Belə görürəm ki, siz çox içirsiniz?
- Yo-ox, canım, bunun nəyi çoxdur ki?! Acqarına içdiklərim, mənim qənaətimə görə, sırf əsəblərimi yatırtmaqdan ötrüdür... Sonra paltarlarımı geyinib, "Livorno‖ya, ya da Savrasenkovun yeməkxanasına gedirəm ki, bir az qəhvəaltı edim... İştaham, ümumiyyətlə götürəndə, çox pisdir... Qəhvəaltı süfrəsində çox az şey yeyirəm: ya bir kotlet olar, ya da xardallı ağbalığın yarım payı... İştaham açılsın deyə, yenə üç-dörd qədəh gillədirəm...
Qəhvəaltını bitirəndən sonra... maddi imkanımdan asılı olaraq, pivə və ya şərab içirəm...
- Bəs sonra?
- Sonra hər hansı porter (tünd rəngli, kəskin pivə növü – A.Y.) pivəxanasına üz tutur, oradan isə təkrar "Livorno‖ya gedirəm ki, bilyard oynayım... Saat altıya qədər orada vaxt keçirib, şam yeməyinə yollanıram... Şam yeməyim lap bərbaddır... İnanmazsınız, bəzən altı-yeddi qədəh araq içsəm də, iştaham açılmır ki, açılmır! Ətrafımdakılara lap paxıllığım tutur: hamı şorba içir, mənim isə şorbanı görən gözüm yoxdur. Buna görə də yemək əvəzinə pivə içməli oluram... Şam yeməyini bitirib, teatra gedirəm...
- Hm... Hər halda teatr sizə həyəcan verir?
- Həm-m də-ə ne-e-cə! Həm həyəcanlanır, həm əsəbləşirəm. Digər tərəfdən isə dost-aşna yapışır yaxamdan ki, bəs gedək içək, gedək içək! Biriylə araq, o biriylə qırmızı şərab, digəriylə pivə içirsən... Bir də görürsən ki, üçüncü pərdəyə doğru artıq ayaqların yer tutmur... Hamısının da baisi lənətə gəlmiş əsəblərimdir... Teatrdan sonra ya Salona, ya da Rrrodonun maskaradına gedirəm... Salonu və ya maskaradı isə, yəqin bilmiş olarsınız, hələm-hələm tərk etmək olmur... Əgər səhəri evdə, öz yatağımda açıramsa, ona da şükür eləmək düşür... Çünki çox vaxt həftələrlə evdə gecələmirəm...
- Hm-m... Bəs həyatın müşahidəsinə necə vaxt tapırsınız?
- Be-e-lə də... Bir dəfə əsəblərim necə pozulmuşdusa, düz bir ay evə ayaq basmamış, üstəlik, ev ünvanımı da unutmuşdum... Ünvanlar xidmətinə müraciət eləmişdim məcburən. Görürsünüz də, Allahın ver günü mənim üçün beləcə keçir!
- Elə isə bəs pyesləri nə vaxt yazırsınız?
- Pyesləri? Bunu heç bilmirəm sizə necə izah edim? - deyən dramaturq çiyinlərini çəkir. – Bu iş vəziyyətdən asılı olur...
- Hər nə qədər çətin olsa da, yaradıcılıq prosesinizin məğzini mənə danışın.
- Əfəndim, hər şeydən əvvəl ya təsadüfən, ya da dost-tanış vasitəsiylə - çünki özüm belə şeylər axtarmağa vaxt tapmıram! - əlimə hansısa fransız və ya alman müəllifin pyesi keçir. Əgər işimə yarayırsa, onu ya bacıma verirəm, ya da pulla beş tələbə tuturam ki... əsəri dilimizə çevirsinlər. Mən isə həmin mətni, yəqin anladınız da, sonradan bizim rus məişətinə uyğunlaşdırıram: xarici soyadlarını bizimkilərlə əvəz edirəm, və sair, və
ilaxır... Və məsələ bununla bitir... Ancaq çətin işdir bu! Kaş biləydiniz, necə çətindir! Gözlərini tavana axıdan boz-bulanıq şəxsiyyət köks ötürür...
Həkim isə başlayır alətlərlə ona toxunmağa, gah onu döyəcləyir, gah da dinləyir.
Tərcümə edəni: Azad Yaşar
Mövzuya uyğun linklər: