Martin Lüter Kinq - Bir arzum var
Proza
Martin Lüter Kinq - Bir arzum var
Bu gün xalqımızın azadlıq uğrunda apardığı və tarixə düşəcək böyük nümayişdə sizlərlə birgə olduğum üçün şadam.
Bir əsr əvvəl böyük Amerikalı (red. Avram Linkoln) Azadlıq Haqqında Bəyannaməni imzaladı və biz bu gün onun abidəsinin kölgəsinə yığışmışıq. Olduqca vacib əhəmiyyət daşıyan bu bəyannamə çürüməkdə olan ədalətsizlik alovunda yanan milyonlarla zənci qullarının ümidlərini yenidən dirçəltdi. Bu, onların əsirlikdə olduğu həmin o uzun gecələrə sevincli şəfəq saçdı.
Lakin bir əsr keçsə də, zəncilər hələ də azad deyillər, bir əsr ötüb, amma hələ də təcrid olunmanın və ayrıseçkiliyin dəmir buxovları zəncilərin həyatını məhv edir. Bir əsr keçməsinə baxmayaraq Zəncilər böyük okeanının yoxsul, kimsəsiz adasında yaşayırlar. Bir əsr keçib, zəncilər hələ də Amerika cəmiyyətinin künc–bucaqlarında əzgin halına salınır və doğma vətənlərində özlərini sürgün olunmuş kimi hiss edirlər. Və biz bu gün bura bu utancverici durumu dramatikləşdirmək üçün toplaşmışıq.
Müəyyən mənada biz bura bizə verilmiş çekin ödənişini tələb etmək üçün yığışmışıq. Respublika qurucularımız İstiqlaliyyət Bəyannaməsini və Konstitusiyanın təmtəraqlı sözlərini yazanda, orada hər bir amerikalının vərəsəlik hüququna sahib olacağını bildirmişdir. Bu sənəddə hər bir kəsin, bəli, qaradərililərin də, ağdərililər kimi Həyat, Azadlıq və Xoşbəxtlik Yolunda "Ayrılmaz Hüquqlar”la təmin olunacağına dair vəd verilmişdir. Aydındır ki, bu gün amerika həmin vekselə səhlənkarlıqla yanaşır, vətəndaşların rəngi məsələsi onu narahat edir. Bu öhdəliyi yerinə yetirmək əvəzinə Amerika qaradərili vətəndaşlara etibarsız çek verdi, bu çekdə isə "kifayət qədər vəsait yoxdur” yazısı mövcud idi.
Lakin biz ədalət bankının iflasa uğramasına inanmırıq. Biz bu xalqın anbarlarında az miqdarda kapital olmasına inanmırıq. Bəli biz bu çeki nəğd etməyə gəlmişik, o çeki ki, bizə azadlığın var dövlətini, haqq-ədalətin təhlükəsizliyini verəcək.
Bu müqəddəs meydana biz həmçinin Amerikaya hal-hazırda mövcud olan təxirəsalınmaz ölüm-dirim məsələsinin var olduğunu xatırlatmaq üçün toplaşmışıq. Dəm-dəstgah yaratmaq və yaxud sosial islahatlar keçirmək üçün sakitləşdirici qəbul etmək zamanı deyil. Qaranlıq və viran edilmiş təcrid olunma vadisindən ayağa qalxmaq, irqi ayrı seçkiliyin olmadığı günəşli yola keçmək vaxtıdır. Xalqımızı diskriminasiyanın olduğu ağır qum üzərindən qaldırmaq, onları qardaşlığın olduğu sərt qayada birləşdirmək vaxtıdır. Tanrının bütün uşaqları üçün haqq-ədalət bərpa etmək vaxtıdır.
Vəziyyətin gərginliyinə nəzər salmaq xalq üçün dözülməz olardı. Günəşli yaz səhərləri gəlmədikcə azadlıq və bərabərliyin üstünü alan bu qara buludlar çəkilməyəcək. 1963-cü il son deyil, başlanğıcdır. Əgər xalq bu məsələyə yenidən qayıtsa zəncilərin aradan qaldırılmalı olduğunu düşünənlər böyük xəyal qırıqlığına uğrayacaqlar.
Zəncilərə vətəndaşlıq haqları verilmədikcə bizə nə dinclik, nə də rahatlıq olacaq. Ədalət işığı görünənə qədər bu üsyan xalqın təməlini sarsıtmağa davam edəcək.
İndi ədalət sarayına aparan yolda dayanan tərəfdaşlarıma demək istədiyim bəzi şeylər var: Layiqli yerimizi qazanmaq uğrunda addımladığımız bu yolda nahaq əməllərə görə təqsirkar olmamalıyıq. Kin və nifrət dolu qədəhlərdən içərək sərxoş olsaq azadlığı sadəcə arzulamaqla kifayətlənəcəyik. Mübarizəmizi mənliyimiz, şərəfimizlə, qayda-qanunla idarə etməliyik. Yaradıcı etirazlarımızın fiziki zorakılığa çevrilməsinə izn verməməliyik. Fiziki qüvvəmizlə qəlbimizin gücünü birləşdirərək alicənablıq səviyyəsinə qalxmalıyıq.
Zənci cəmiyyətinin qatıldığı bu nümayişdə məqsəd heç də ağdərililərə qarşı nifrət oyatmaq deyil, göründüyü kimi bu gün aramızda ağdərili qardaşlarımız da var, bu da bizim bərabər olduğumuzun bir sübutudur və onlar artıq bilirlər ki, onların azadlığı bizim azadlığımızla bir bütünlük təşkil edir.
Biz bu yolda tək başına addımlaya bilmərik.
Bu yola baş qoyduqda daim irəliyə baxacağımıza dair söz verməliyik.
Geri dönüş yoxdur.
Vətəndaş haqlarını tələb edənlərə belə sual verirlər: "Siz nə zaman dayanacaqsınız?” Zəncilər polis zorakılığının diləgəlməz dəhşətlərinin qurbanları olduğu müddətcə bu mübarizə davam edəcək. Köçəri həyat tərzi sürməkdən bezmiş insanlar şəhərin əsas motellərində yerləşdirilməyincə biz yolumuzdan dönməyəcəyik. Zəncilər kiçik şəhərlərdən böyük şəhərlərə köçməyincə biz dayanmayacağıq. Uşaqlarımızın mənliyinə toxunan, şərəflərini tapdalayan "Yalnız ağrədililər üçün” yazısı mövcud olduğu müddətcə bu mübarizə davam edəcək. Misissipidəki bir zəncinin səs verə bilmədiyi, Nyu-Yorkda yaşayan bir zəncinin isə səs verməyə bir kimsəsi olmadığı müddətcə yolumuzdan dönməyəcəyik. Xeyr, xeyr, biz yolumuzdan dönməyəcəyik, ədalət və ləyaqət bir sel kimi qabağına çıxan bəndləri hələ ki, süpürüb atmayıb, biz yolumuzdan dönməyəcəyik!
Mən bilirəm ki, sizlərdən bəziləri böyük ağrılardan və bədbəxtliklərdən keçərək bura gəlmisiz. Bəziləriniz darısqal həbsxana hücrələrindən gəlmisiz. Və bəziləriniz elə yerlərdən gəlmisiz ki, orada siz azadlıq axtarmısız, polis vəhşiliyi və təqiblərlə rastlaşmısınız. Sizlər əzab çəkməkdə püxtələşmiş veteranlarsınız. Bu inamla çalışın, əzab çəkməsəz xilas ola bilmərsiz. Geri qayıdın, Misissipiyə geri qayıdın, Alabamaya qayıdın, Cənubi Karolinaya Corciyaya, Luisianaya qayıdın, o xarabalıqlara, o dar küçələrə qayıdın və bilin ki, bu vəziyyət düzələ bilər və düzələcək də!
Mənim dostlarım, sizə deyirəm, gəlin, ümidsizlik girdabında çabalamayaq.
Bu gün və sabah qarşılaşacağımız çətinliklər olsa da, mənim bir arzum. Bu bütün amerikanların ən böyük arzusudur.
Arzu edirəm ki, bir gün bu millət ayağa qalxsın və öz məzhəblərindən dönməsin! Hər kəsə bəlli etməliyik ki, bütün insanlar bərabərdir.
Arzu edirəm ki, Corciyanın qırmızı təpəliyində keçmiş qulların və quldarların övladları qardaşlıq masasında duz-çörək kəssinlər!
Arzu edirəm ki, bir gün ədalətsizlik, haqsızlıqlardan bezmiş Misssissipi ştatı da azad və ədalətli bir vahəyə çevrilsin!
Arzu edirəm ki, mənim dörd balaca körpəm bir gün elə bir ölkədə yaşasın ki, orda onlar dərisinin rənginə görə deyil, xarakterlərinə görə mühakimə olunsunlar!
Mənim bu gün bir arzum var!
Arzum budur ki, irqçiliyin dəhşətli dərəcədə yayıldığı, "məhv etmək” və "müdaxilə etmək” sözləri dilindən düşməyən qubernatoru olan Alabama ştatında bir gün ağdərili və qaradərili oğlan və qızlar əl-ələ verərək bacı-qardaş kimi gəzsinlər!
Bu gün mənim bir arzum var!
Arzu edirəm ki, bir gün dərələr böyüsün, dağ və təpələr ensin, kələ-kötür yerlər hamarlansın, əyri-üyrü yollar düzəldilsin, Tanrı gözəlliyi zühur etsin və hər kəs buna şahid olsun!
Biz buna ümid edirik və mən elə bu inamla Cənuba dönürəm.
Bu inamla biz ümidsizlik dağını aşaraq, ümid qayasına ayaq açacağıq. Bu inamla biz, millətimizin içində olan ahəngsizliyi gözəl qardaşlıq simfoniyasına çevirəcəyik. Bu inam bizi birgə çalışmağa, birgə ibadət eləməyə, birgə mübarizə aparmağa, məhbəsə birgə düşməyə, bir gün azad olacağımızı bilərək azadlıq üçün birgə çarpışmağımıza kömək edəcək.
Və həmin gün baş tutacaq və həmin gün Tanrının bütün bəndələri bu vətənpərvər musiqini başqa abu-hava ilə oxuyacaqlar.
Mənim əziz-doğma, azad vətənim,
Atalarımızın öldüyü, zəvvarların qürur yeri
Hər dağdöşündən çalınsın azadlıq musiqisi.
Əgər Amerika böyük millət olmaq istəyirsə, bu gerçəkləşəcək.
Qoy azadlıq səsi Nyu-Hempşirin nəhəng təpələrindən ,
Nyu-Yorkun uca dağlarından,
Pensilvaniyadakı uca Alleqan dağlarından,
Koloradonun qarlı qayalarından,
Kaliforniyanın əyri yamaclarından eşidilsin!
Amma tək oralardan deyil,
Qoy azadlığın səsi Corciyanın dağlarından,
Tennesidəki Lukaunt dağından,
Missisipinin hər bənd-bərəzindən,
Hər yerdən,
Qoy hər dağ başından azadlığın sədası gəlsin!
Azadlığın səsini hər kənd-obada, hər ştat və şəhərdə səsləndirə bilsək, onda biz o günü yaxın edəcəyik, o günü ki, ağlar-qaralar, yəhudilər və bütpərəstlər, protestantlar və katoliklər, Tanrının bütün bəndələri əl-ələ tutacaq və qədim zənci nəğməsini oxuyacaqlar:
Axır ki, azad olduqAxır ki, azad olduq
Şükürlər olsun, hər şeyə qadir Tanrı,
Sonunda azad olduq
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Seyid Hüseyn - Həzin bir xatirə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)