Edebiyyat.az » Proza » Tomas Mann: “Ruh həyatı ələ sala-sala ələ almaq istəyir“

Tomas Mann: “Ruh həyatı ələ sala-sala ələ almaq istəyir“

Tomas Mann: “Ruh həyatı ələ sala-sala ələ almaq istəyir“
Proza
Necef Esgerzade
Müəllif:
13:16, 26 sentyabr 2019
1 411
0

Yazıçının vəzifəsi

Əziz həmkarlar! Siz Münhendə bir vaxtlar mənim sədri olduğum alman yazıçılarının hüquqlarının müdafiəsi ittifaqını bərpa etmisiniz və hətta bu ittifaqın kiçik bir jurnalını da nəşr etmək qərarına gəlmisiniz. Sizi ürəkdən təbrik edirəm! Çeviklik sabit həyat gücünün xarakterik xüsusiyyətidir və sizin fəaliyyətiniz göstərir ki, alman ziyalıları sınmamışlar, zamanın əzabları, çətinlikləri onları boğa bilməmişdir. Onlar yenidən ayrı-ayrı şəxslərin yaradıcılığı ilə kifayətlənməyərək, təşkilat baxımından mənəvi sahənin təmsilçilərinin ümumi maraqlarının, hüquqlarının, həmrəyliyinin qayğısına qalırlar.
İnanın, öz orqanınızın birinci nömrəsi üçün mənim təbrikimi, xeyir-duamı almaq istəyiniz, fikrimcə, sizin alicənablığınızdan xəbər verir. Axı o dəhşətli illərdə sizin aranızda olmamışam və mən ölkənin içində olub bütün bu dəhşətlərə məruz qalanların vəziyyətindən nəinki xəbərdaram, həmçinin bunu yaşamışam. Mənim emiqrantların Almaniyada nüfuzu ilə bağlı heç bir illüziyam yoxdur. İtaliyada vəziyyət yəqin ki, bizimkinə çox oxşayır. Belə ki, Toskanini öz ölkəsinə qayıdanda gözlənildiyi kimi və yəqin ki, onun özünün də gözlədiyi kimi, heç də sevinclə qarşılanmadı: "Siz də qayıtdınız? Əlbəttə ki, axı hər şey arxada qalmışdır".
İcazə verin, məxfi surətdə sizə xəbər verim ki, 1943-cü ilin may ayından bu ilə kimi mən guya 1885-ci ildə doğulmuş bir alman musiqiçisinin faciəli həyatı təsvir olunan böyük roman üzərində işləmişəm. Əsərdə həmçinin bizim xalqımızın xarakterinə və taleyinə güclü şəkildə toxunulur. Bioqrafiyanın müəllifi yenə də guya, mən yox, "milli inqilab"dan bir qədər əvvəl iflicdən dünyasını dəyişmiş bəstəkarın pərəstişkarı və dostu bir alman humanistidir. O, bir vaxtlar Freyzinqdə gimnaziya müəllimi olmuşdur. Lakin 1933-cü ildə əqidəsinə görə vəzifəsini itirmişdir. Öz ölkəsinin vəhşiləşməsini tənhalıqda özünə dərd edərək o, Hitler müharibəsinin son iki ilində Birinci Dünya müharibəsi ərəfəsindəki və ondan sonrakı dövrlər haqqında danışır. Beləliklə, romanda iki zaman mövcuddur: uydurulmuş müəllifin haqqında danışdığı zaman və müəllifin əsərini yazdığı zaman. Müəllif ikinci zamanda yeri düşdükcə düz fəlakətə qədər baş verən hadisələri də təsvir edir. Onun şərhlərində, düşüncələrində, etiraflarında məşəqqətli və çoxlarına tanış olan vətənə təbii məhəbbətlə öz ölkəsinin məğlubiyyətini arzulamaq mənəvi zəruriyyəti arasında qarşıdurma öz əksini tapmışdır. Məgər bu, diqqətəlayiq deyilmi?
Mehriban professor Seytblomun yazdıqlarını, burada, Kaliforniyada onun ruhundan və adından mən yazmışam. Mən uzun illər boyu davam edən və həqiqətən mənim bəxtimə düşmüş mövcudluq forması ilə ziddiyyət təşkil edən bir işə girişdim. Bu iş məni Almaniyaya, alimin yuxarı Bavariyada yerləşən hücrəsinə apardı və məni xəyalən "hadisə yeri"ndə, sizin yanınızda yaşamağa və sizin duyduqlarınızı duymağa məcbur etdi.
Açıq etirafıma görə üzr istəyirəm! Bu, məqaləyə oxşamır və çox güman ki, məqaləm çətin ki, işıq üzü görsün. Mən çıxıb getməliyəm, Vaşinqtonda və Nyu-Yorkda Nitşenin fəlsəfəsi və bu fəlsəfənin bizim təcrübəmizin işığında necə görünməsi haqda məruzələr oxmalıyam. Mən deyərdim ki, bütün bunlar adamı kifayət qədər başdan çıxarır! Biz sənətkarıq və bu baxımdan "gözəllik"lə üz-üzə gəlirik. Lakin bu, o demək deyildir ki, biz estetlərik və bu gün hələ də estet ola bilərik. Biz həddindən artıq aydın şəkildə dərk edirik ki, dünya estetik (burjua) dövründən guya estetik dünyagörüşdən bəşəriyyət qarşısında duran məsələləri həll etməyi gözləməyə inanmaq üçün mənəvi və sosial dövrə keçir.
Nitşe deyirdi: "Həyatdan kənarda elə bir nöqtə mövcud deyildir ki, ona söykənərək həyatın utana biləcəyi varlıq haqqında düşünəsən"… Siz bu haqda nə fikirləşirsiniz? Sizə elə gəlmirmi ki, belə bir instansiya hər halda mövcuddur? Və əgər bu, xristian əxlaqı deyilsə, sadəcə olaraq insanın ruhudur, tənqid qismində insansevərliyin özüdür, istehza və hökm edən sözlə bağlı azadlıqdır. "Həyat öz üzərində heç kimi hakim qismində tanımır?" Lakin insanda təbiət və həyat hansısa bir şəkildə öz üzərlərində yüksəlirlər, onlar öz taqsırsızlıqlarından məhrum olurlar, onlar ruh əldə edirlər, ruh isə həyatın özünütənqididir.
Bununla yanaşı, o bir vaxtlar Almaniyada düşünmək istədikləri kimi, həyatın düşməni deyil. O, Hötenin bir şerində deyildiyi kimi "həyatın həyatı"dır. Mənəvi zəhmət ikiqat, daha qüvvətli, təmizlənmiş ülvi, işıqlı həyatdır, mahiyyəti etibarilə həyatın zirvəsidir, çünki o, hətta özünü qəmgin göstərsə də, əyninə melanxoliya libası taxsa da, dünyada ən güclü canlandırıcı vasitədir-axı incəsənət özü-özlüyündə sevinc deməkdir.
Ruh elə bir instansiyadır ki, həyat onun qarşısında özünün mənəvi və estetik qeyri-kamilliyi üçün xəcalət hissi keçirməlidir, lakin eyni zamanda ruh həmçinin həyatın pərəstişkarıdır: ruh həyatı ələ sala-sala ələ almaq istəyir.
Siz "alman yazıçısının müasir dövrdə vəzifələri" haqqında nə isə demisinizmi? Milli təyinatı kənara qoyaq. Mənə elə gəlir ki, bu gün yazıçının vəzifəsi həmişə olduğu kimidir, yəni o, həyatın hakimi və stimulyatorudur. Zaman insanı ümidsizliyə qərq edəndə, onu tabe olmağa məcbur edəndə, fəaliyyətsizliyə sürükləyəndə qoy, yazıçı öz mənəvi zəhməti ilə enerji, mətinlik, daxili azadlıq, rəşadət timsalına çevrilsin. Qoy bu, xüsusilə alman yazıçısının vəzifəsi olsun, lakin buna baxmayaraq, qoy o öz vəzifəsini yalnız milli hüdudlarda dərk etməsin. Xarakteri etibarilə milli olan hər şey əgər öz-özünə meydana gəlirsə, qara-qışqırıqdan uzaqdırsa, özünü gözə soxmağa can atmırsa, əgər o, mövcuddursa və fəaliyyətdə bulunursa, onda cazibədardır, gözəl dəyərdir, lakin o artıq ən yüksək dəyər deyildir. Yalnız milliliklə heç cür çox uzağa getmək olmaz. Avropa ənənəsini bütövlükdə təmsil edən mənəvilik lazımdır. Bu gün Avropa gücsüzdür, lakin ondan kənarda yaşayanda mən güclülərin dünyanın bu ən təcrübəli hissəsinə bəslədiyi ehtiram hissini yaxşı duydum, heç bir şeyə baxmayaraq, mənəvi rəhbərlik Avropaya məxsusdur. "Alman Avropası"ndan heç bir şey alınmadı və alına bilməzdi. Lakin Avropanın təşəkkülü üçün alman dünyaduyumu avropalaşmalıdır.

(Fəlsəfə doktoru Etibar Əliyevin "Ədəbiyyat üzrə Nobel mükafatçıları" kitabından)

publika.az
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)