Edebiyyat.az » Proza » Elgün Ağayev - Palatadan qeydlər (hekayə)

Elgün Ağayev - Palatadan qeydlər (hekayə)

Elgün Ağayev - Palatadan qeydlər (hekayə)
Proza
Necef Esgerzade
Müəllif:
13:00, 08 oktyabr 2019
3 072
0
"Palata-kim bilir altında nələrin gizləndiyi və ya gizlənmədiyi bir yer. Burada ağlına belə gətirmədiyin hər tip insan və xəstə ilə qarşılaşacağına hazır olmalısan. Burada elə xəstələrlə qarşılaşırsan ki, bəzən fikirləşirsən "mənim indiyə kimi həyatda gördüklərim heçnədir". Bəzən elə gecələr olur ki, yata bilmirsən buna səbəb heç də yuxusuzluq olmur. Səbəb əzab, iztirab çəkən xəstələrin qışqırıqları, hayqırtıları olur. Bizlər üçün bu səs-küyə dözmək çox çətin olurdu və hətta çox pis təsir edirdi. Əsəb xəstələri olan elələri olurdu ki, onlar ümumiyyətlə dözə bilmirdilər hətta ağrıdan qışqıranların üstünə cumanlar da olurdu. Onun üçün də palataların yerini tez-tez dəyişirdilər. Bu yaxınlarda bir neçə gün qabaq məni də başqa palataya köçürmüşdülər. Açığı hələ də səbəbini bilmirəm. Amma əvvəlki palatadan fərqli olaraq burada gecə qışqırıqları yox idi. Hər şey sakit öz məcrasında gedirdi, sanki hər şey həmişə belə olub və belə də olmalıdır. Təzə palataya köçəndən yanımda elə də çox yaşı olmayan amma saçı-saqqalı ağarmış nurani bir dayı yatırdı. Dayını bir neçə gün idi tanıdığıma baxmayaraq məndə çox xoş təəssürat bağışlamışdı. Palatada yatan digər xəstələr də dayı barəsində xoş sözlər deyirdilər. Amma bir iş var idi ki, dayının vəziyyəti heç də yaxşı deyildi. Həkimlərin dediklərinə görə saylı günləri qalmışdı. Palataya köçəndən gecənin hansı vaxtı oyandığından asılı olmayaraq nə vaxt dayıya baxırdımsa onun oyaq olduğunu görürdüm. Amma həmişə yalandan özünü yuxuya vururdu ki, kimsə onun oyaq olduğunu bilməsin. Dayıya hər gün günorta yeməyindən sonra ağrıkəsici vururdular. Bax elə bu prosesdən sonrakı hadisə isə mənə çox qəribə gəlmişdi. Belə ki, iynədən sonra və həkimlər otağı tərk edəndən sonra dayı mənə hər dəfə eyni hekayəni danışırdı.
Hekayə belə idi: "Bir gün iki kişi yol ilə gedir, biri o birisindən soruşur 'hara gedirsən?. Digəri cavabında 'düzünə bəs sən hara? Cavab olaraq isə "bilmirəm' deyirmiş". Bunları danışandan sonra isə iynənin təsirindən yuxuya gedirdi. Açığı bu əhvalatın nə məna daşıdığını hələ də bilmirəm, heç öyrənməyə cəhd eləməmişəm. Nə dayıdan bu əhvalat barəsində nə də palatadakı digər xəstələrdən əvvəllər də belə söhbətin olub-olmaması haqqında soruşmamışam. Dayının mənimlə elədiyi söhbətlərdən belə başa düşürdüm ki, ya o özü bu hekayə barəsində danışmaq istəmir ya da o söhbət olanda dayı iynənin təsirində olurmuş. Bu müəmmalı söhbəti bir qırağa qoysaq dayı ilə gün ərzində az-çox söhbətlər edirdik. Açığı söhbət eləməyə halı olmurdu amma hər nə olsa özü də yaxşı bilirdi ki, bu onun həyatında elədiyi son söhbətlərdi. Özümü qəribə hiss edirdim, söhbət elədiyin adamın son  həmsöhbətçisi olmaq biraz adama fərqli hisslər yaşadır. Həm də deyirlər ki, insan öləcəyini qabaqcadan bilirmiş, dayıda da yəqin həmin hisslər oyanmışdı. Dayı elədiyi hər söhbətdə tanrıdan, tanrının ədalətsizliyindən şikayətlənirdi. Bilmirəm dayı ilə üzləşəndə mənə nə olurdu amma dayıya çox suallar verə bilmirdim. Nə də olmasa, ölüm ayağında olsa belə öləcəyi vaxtını və son arzusunu bilirdi. Ölüm ayağında olan birisinin son arzusunu bilməsi və hər dəfəsində onu dilə gətirməsi məncə elə tanrı tərəfindən verilmiş son hədiyyədir.

Dayı ilə tanrı arasında olan anlaşılmazlığı, şikayət olaraq nə dayı barəsində tanrıya nə də tanrı barəsində dayıya bir kəlmə də olsun demədim. Bu söhbətlərdə sadəcə dinləyici idim.  Düz on iki gündən sonra dayının oğlunun ad günü idi. Ən böyük və elə ən son arzusu da o vaxta kimi sağ qalıb oğluna bir velosiped almaq idi. Bunu ona keçən ad günündə söz vermişdi. Bilmirəm bu dayı kim idi? Harda gəlib çıxmışdı bura?  Amma onun oğlu ilə mənim ad günüm eyni günə düşürdü. Dayı ilə olan tanışlıqdan sonra bu ilk belə təsadüf deyildi, nəsə dayını mənə bağlayan çox şeylərin olduğunu düşünürdüm. Dayı son arzusu barədə mənə ilk dəfə söhbət açanda elə bu palataya köçdüyüm ilk günə təsadüf edirdi. Ayın on altısı idi və oğlunun ad gününə cəmi on altı gün qalırdı. Onun ən böyük arzusu bu son altı günü başa vurub yaşama əlvida demək idi. 

 Elə hər yuxudan oyananda məndən ayın tarixini soruşurdu, vaxt onun üçün gecikirdi. Dayını tanıdığım bu günlər ərzində yanına heç kim gəlmədi, digər xəstələrin dediklərinə görə də əvvəl də heç kim dayı ilə maraqlanmayıbmış. Mən heyf ki, bunu çox gec öyrəndim, dayının əslində kimsəsiz olub evdən atıldığını çox gec bildim. Görünür elə bu səbəbdən və mənim bilmədiyim başqa səbəblərdən dolayı dayı tanrıdan şikayətlənirdi. Amma mən bu mövzuda dayı ilə heç razılaşmadım özlüyümdə, ən azından son arzu insan üçün çox vacibdir və dayı bunu bilirdi, nə edəcəyini bilirdi. Amma bilmək ilə iş düzəlmir. Nə edəsən. Dayının sözləri ilə desək tanrı yenə öz ədalətsizliyini göstərdi. Dayı mənimlə son söhbətini edəndə ayın on doqquzu səhər saatları idi. Son söhbətində yenə də son arzusunu danışdı xəstə olsa belə ayağa durmağa çalışıb belə deyirdi: "on üç gün qalıb. Cəmi on üç gün".

Dayının bu sözləri çox yaxşı yadımdadır və son günümə kimi həmin sözləri unutmayacam. "Kiminsə üçün az görünən, kiminsə üçün isə həddindən çox görünən on üç gün".

Son on üç gün. Bəziləri ümumiyyətlə indi, sabah yaxud sonrakı günlərdə nə edəcəklərini bilmirlər, amma mən əgər tanrı növbəti dəfə ədalətsizliyini göstərməsə, sağ qalıb yaşasam nə edəcəyimi çox yaxşı bilirəm. "Mən nə edəcəyimi çox yaxşı bilirəm'- ürəyimdə təkrarladım.  Bu söhbətdən sonra dayı üzünü divara çevirdi. Mən də həmişəki kimi heçnə demədim. Dayının yaşamasını çox istəyirdim, amma yenə də dayının sözü olmasın tanrı ədalətsiz davrandı.

Dayının öləcəyini mən son söhbətdən sonra tutmamışdım. Axırıncı ağrıkəsici dayıya vurulandan sonra mən bildim ki, bu gün işlər heç də qaydasında olmayacaq. Ağrıkəsicidən sonra dayı hər dəfə mənə anlatdığı o hekayəni danışmadı. Sadəcə bircə dəfə "bilirəm" dedi və dayının son sözü idi. Mən yuxuya gedə bilmədim, bir neçə saat sonra hava almaq üçün çölə çıxmışdım. Qayıdanda isə palatada hay-həşir olduğunu gördüm, dayı artıq ölmüşdü. Hamı çox pis olmuşdu, bu ölüm mənə isə çox ağır təsir eləmişdi. Açığı bu hadisədən cəmi bir gün keçib. Dünən səhər söhbət elədiyim adam bu gün artıq yanımda yoxdur, nəinki yanımda heç ümumiyyətlə həyatda yoxdur, çox qəribədir. Dayının son sözlərini daha doğrusu mənlə söhbət elədiyi zaman dediyi son sözləri qulağımda cingildəyir: "mən nə edəcəyimi çox yaxşı bilirəm". 

Artıq on iki gün qalıb dayının oğlunun ad gününə. Dayının son arzusunu yerinə yetirəcəm, hardan olursa olsun onun oğlunu tapıb dayının ruhunu şad edəcəm. Amma bundan sonra nə edəcəyimi bilmirəm. Dayıdan fərqli olaraq mən hələki nə edəcəyimi bilmirəm. Həkimlər deyirlər ki, ad gününə kimi palatadan gedəcəm. Lap yaxşı mənim elə ən çox istədiyim şeylərdən biri buradan getməkdir. Burada, elə təkcə bu palatada 5 gün ərzində çox şeylər gördüm. Ümumi isə iki həftədən çoxdur ki, burdayam. Amma bu palata mənə çox şeylər göstərdi. Nəysə bu hekayəni dayıya həsr edirəm və son olaraq dayının şərəfinə onun öz dilimdən deyirəm: 'Mən hələki nə edəcəyimi bilmirəm'.                                      
20.10.18 (palata)                

(Dayının adı ilə) " Bu hekayə yazılmış məktubu oxuyan təmizlikçi oturub elə palatada yatağın üstündəcə fikrə dalmışdı. Birdən qonşu palatadan həkimin səsi eşidildi:

- Nə oldu niyə ilişib qaldın, gəlmirsən?

Təmizlikçi fikirlər içində batırdı. O, heç həkimin danışığına fikir verə bilmədi. Biraz keçəndən sonra həkim palataya daxil olur. Təmizlikçi cəld ayağa qalxır. Həkim deyir:

- Nə olub, bayaqdan çağırıram.  

Əlində məktub olan təmizlikçi cavab verməyə cəhd edir:
 
- Heç bağışlayın həkim, biraz fikrə dalmışdım.

- Burada kim yatırdı?

Həkim gəlib təmizlikçinin əlindəki kağıza baxır və yanındakı yeri göstərib deyir:
- Bu palatadan iki gün ardıcıl meyit çıxdı.

Sağdakı palatadakı dayı iki gün öncə ağır xəstəlikdən ölmüşdü. Onun yanında isə cavan bir oğlan yatırdı. Deyirlər ki, onun ölümünə çox pis olubmuş. Əslində onu bir neçə günə evə göndərmək fikrimiz var idi amma heyif həyat öz oyununu kimlə necə oynayacağını sona kimi sirr olaraq saxlayır. O əlindəki kağız nədir bəs? 'Heçnə boş şeydir' deyir və kağızı bükərək öz cibinə qoyur. Hələ də oxuduğu hekayə və palatada olan hadisələr barəsində düşünə-düşünə həkim ilə birlikdə palatadan çölə çıxırlar. Bir azdan sonra palatadakı xəstələri öz yerlərinə qaytarırlar amma dayı və cavan oğlan olan iki yanbayan yer isə hələki boş olaraq qalırdı. (21.10.2018)
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)