Uilyam Folkner - Qısqanclıq
Proza
Uilyam Folkner - Qısqanclıq
-Yenə də toxuyursan?
Qadın başını qaldırdı. Onun hamar dəyirmi sifəti vardı. Mülayim qonur gözləri ani olaraq ərinin baxışları ilə rastlaşdı. Tez də gözlərini ondan çəkdi və başını aşağı salıb öz işi ilə məşğul olmağa başladı.
-Gördüyün kimi, əzizim.
-Elə hey toxuyursan! Özünə başqa bir məşğuliyyət tapsana.
Qadın köksünü ötürdü, cavab vermədi.
-Niyə dinmirsən, hə?-Əri əl çəkmədi.-Yoxsa dilin-ağzın quruyub?
-Axı sən özün, Tonio, tapşırdın ki, yuxarıda öz otağımda deyil, burda oturum,-qadın başını qaldırmadan cavab verdi.
-Pah! Burda bir kəs oturmalıdır, ya yox? Yoxsa sən istəyirsən ki, hansısa bir avaraya pul verib xanım kimi burda əyləşdirim, o da laqqırtı vursun, hə?
Yağa bulanmış önlük taxan, öz işinin mahir ustası ucaboylu gənc ofisiant onlara yanaşıb haqq-hesab qəbzini və beş dollarlıq kağız pulu stolun üstünə qoydu. Qadın pulun qalığını ona uzatdı və bir anlığa baxışları onun üzündə ilişib qaldı. Ofisiant sakit baxışla onun ərini süzdü. Onun baxışında istehzalı bir təbəssüm parlayıb tez də yox oldu. Ərinin stol üzərində uzanıqlı əli biixtiyar düyünləndi. O, nəsə təəccüblü bir şeyi ilk dəfə görürmüş kimi barmaqlarının gərkinlikdən ağarmış sümüklərinə baxdı və dodaqaltı söyüş söydü. Qadın başını qaldırdı və soyuq baxışlarla onu süzdü.
-Axmaq olma, Antonio.
Antonio özünü qışqırmaqdan güclə saxlayırdı.
-Bu hələ çox davam edəcək?
-Bunu mən səndən soruşmalıyam. Hələ acığını məndən çoxmu çıxacaqsan?
-Sənin, sənin bu riyakarlığın… o, hiddətlə pıçıldadı.
Onun xırda gözləri qəzəbdən alışıb yanırdı. Qadın səksəkəli halda ətrafına göz gəzdirdi.
-Yavaş,-dedi,-camaat baxır. Axı məndon nə istəyirsən? Bəlkə yuxarı qalxım, hə?
Ərinin sifəti vahiməli ifadə almışdı.
-Yox!- O daha özünu saxlaya bilməyərək qışqırdı. Dərhal da səsini alçaldıb davam etdi.-Daha mən dözə bilmirəm, eşidirsənmi?-O, səsini bir az da alçaldıb pıçıltıya keçdi.- Vallah öldürərəm, səni.
Qadın yenə başını aşağı salıb toxumağına davam etdi.
-Halın heç özündə deyil. Gah danışır, gah qışqırır, gah da söyüş söyürsən. Axı niyə?
-Niyəsini sən çox gözəl bilirsən.
-Mən? Mənim hansı hərəkətim səni özünü belə aparmağa vadar edir? Axı sən məni nədə qınayırsan? Məgər mən sənə yaxşı ömür-gün yoldaşı olmamışammı? Məgər mən sənin bütun istəklərini yerinə yetirməmişəmmi? Sən özün yaxşı bilirsən ki, mən hər axşam burda heç də öz xoşumla oturmuran. Sənin bu qısqanclığın ağlını lap əlindən alıb.
-Yaxşı, yaxşı! Mən səni xəbərdar elədim. Daha heç nə deməyəcəyəm.-O, gözlərini stoldan-stola gəzdirdi. Ofisiant öz çirkli önlüyündə qaşqabaqlı halda arabir görünüb yox olur, tanış olmayan təkəbbürlü qonaqlara xidmət edir, daimi müştərilərinin salamına qısaca cavab verirdi. Yaraşıqlı, ucaboylu ofisiant əlli və çevik tərpənirdi. O, nəzakətli və xoşrəftar idi. Antonio istər-istəməz bu gəncin qıvraq, incə hərəkətlərini özünün yöndəmsiz yerişi ilə müqayisə etdi və kini qaynayıb coşdu. Ofisiant bir də onların stoluna yaxınlaşdı, zala göz gəzdirdi və ani olaraq baxışları qadının sifətinə zilləndi. Antonio kənarda durmuşdu. Elə bu an o, ofisianta tərəf yeridi. Gözlərinə sanki duman çökmüşdü. O öz addımlarının səsini belə eşitmir, ayaqları altda döşəməni hiss etmirdi. Antonio yaxınlaşanda ofisiant harasa yox oldu. Başını aşağı dikmiş arvadı isə əvvəlki yerində oturaraq öz məşğuliyyətində idi. Stolun üstündə içərisində dışqurdalayan olan kiçik bir güldan vardı. Antonio stola tərəf əyilərək qeyri-iradi güldanı əlinə götürdü. Və barmaqlarını sıxdı. Güldan xırçıldayaraq parça-parça oldu, ağaç dişqurdalayanlar ətrafa səpələndi. Onun barmaqları arasında nazik qırmızı xətt əmələ gəldi və bu qırmızı xətt uzanaraq əlinin arxa tərəfinə keçdi.
-O sənə nə dedi?-Soruşdu.
Qadın başını qaldırdı, baxışları toqquşdu. Qadının gözləri birdən böyüdü, sanki hədəqəsindən çıxaçaqdı.
-Bura bax,-o, sakit tərzdə dilləndi,-deyəsən sən lap ağlını itirmisən. De görüm məndən nə istəyirsən? Məgər sən özün məni burda oturtmadınmı? Mən ki, bunu səndən xahiş etməmişəm. Altı aydır ki, günümü göy əskiyə bükmüsən. Gecə-gündüz zəhləmi tökürsən. Bütüin bunlara son qoyulmalıdır, ya yox? Özünü yığışdırıb adam kimi aparmasan məndən əlini üz, valideynlərimin yanına qayıdaçağam. Hər şey səndən asılıdır, ikisindən birini seç. Ancaq yadda saxla ki, bu, axırıncı dəfə olacaq. Mən sənə yaxşı ömür-gün yoldaşı olmuşam, özünü əvvəlki tək aparsan, bundan sonra da olaram. Ançaq bugünkü mənzərə bir də təkrar olsa, daha mənim adımı tutma.
Antonio çevrildi, sərxoş və yuxuda gəzən adamlar sayağı kənara addımladı. Ofisiantın yanından ötərkən məsum, həm də mənasız bir təbəssüm yenidən onun hisslərini coşdurdu. O, başı ilə ofisianta qısaca işarə etdi və mətbəxdən keçərək arxa həyətə çıxdı. Orada dayanıb gözləməyə başladı. Artıq titrəməyinin qarşısını almağa taqəti çatmırdı. Ofisiant onun ardınca çıxdı və darısqal qaranlıq həyətdə çəkinmədən onunla yanaşı durdu. O, Antoniodan hündürdü. Onun sərbəst duruşu döyüşdən əvvəl qılıncoynadanın vəziyyətini andırırdı.
-Bura bax,-Antonio dilləndi. Onun səsi titrəyirdi.-Mən hər şeyi bilirəm. Orda sizin aranızda nə olub? Onsuz da hər şeyi bilirəm. De görüm sizin aranızda nə olub?
-Bizim aranızda heç nə olmayıb. Ancaq biz ikimiz də belə hesab edirik ki, sənin başına hava gəlib.
-Çərənləmə!
-Çərənləmə? Sən bunu mənə deyirsən? Mənə çərənçi deyirsən?
Gənc ofisiant irəli şığıdı. Antonio özündən asılı olmayaraq geri çəkildi. Qorxaqlığına görə ürəyində özü-özünə nifrət oxudu.
-Axı mən bilməliyəm, ya yox? Az qalır ağlımı itirəm.
-Onsuz da ağlını itirmisən. Belə olmasaydı, sənin canını alardım. Bura bax ey, murdar donuz, bil ki, bizim aramızda heç bir şey yoxdur. Buna and içə bilərəm. Ancaq qadına yazığım gəlir. Mən sənin yanında ona nə dedim ki, sən eşitmədin? Əgər o qadın kimisə özuıə cəlb edirsə, hər halda o adam mən deyiləm. Bunu ona görə sənə deyirəm ki, mənim ona yazığım gəlir. Hər gün sənin kimisinin şıltaqlığı-na dözən başqa bir qadına da mənim yazığım gələrdi.
-Elə indicə sən ona nə dedin?
Gənc ofisiant onun sifətinə bir sillə çəkdi. Antonio dal-dalı çəkildi.
-Mən səni öldürərəm!-deyə bağırdı.
-Bacarmazsan,-ofisiant dilləndi.-Sən məni yalnız namərdcəsinə öldürə bilərsən. Bəs onda sənin barəndənə düşünərlər? Arvadın səni namərd adlandırsa xoşuna gələrmi, it oğlu it?
Tək qalmış Antonio kürəyini soyuq divara söykədi. O, çətin nəfəs alırdı. Öz hirsi-hikkəsinə görə, qorxaqlığına və kin-küduratinə görə özünə nifrət yağdırırdı. Bu, həqiqət idi: ofisiantı öldürə bilməzdi. O, başını qaldırdı və bu darısqal həyət üzərində sanki möhkəm ipək kimi tarım çəkilmiş ulduzlu səmaya baxdı. Ulduzlar uşaqlığından uzaq Siciliyada gördüyü həmin ulduzlardı. Onda o, balaca bir oğlan uşağı idi, həyat sadə, gözəl va qayğısızdı.
Öldürə bilməz! Ölüm fikri onu heç rahat buraxmırdı. Ancaq o, bilirdi ki, daha ondan sonra arvadının üzünə baxa bilməz. Bilirdi ki, ata ocağından ona yenica pənah gətirmiş, onun üçün bütün dünyada, həyatın özündən belə qiymətli olan bu qadın-onun ucbatından ki, bu hadisə baş verəcəkdi,-onu heç vaxt bağışlamaz. Antonio artıq yaşa dolduğu, kifirləşdiyi və kökəldiyi halda, o hələ cavan və xoşagəlimli idi. Antonio kimi başqa kişilərin də ona meyil göstərməsi məgər təəccüblüdürmü? Məgər təəccüblüdürmü ki, kişilər gözlərini onun əsmər sifətinə, qırmızı dodaqlarına, şivə kimi qap-qara saçlarına zilləyirlər? Bəs o? Onların diqqətini cəlb etmək üçün bir şey edirmi? Yox! Özünün dediyi kimi qadın ona yaxşı ömür-gün yoldaşı olmuşdu. Köçüb getmək. Yeganə çıxış yolu budur. Onu başqa şəhərə aparmaq. Yeni şəraitdə, tanış olmayan adamlar arasında daha qayğısız yaşaya bilərlər. O belə də edəcək. O, yenə də başını qaldırıb yuxarıda sayrışan, onun taleyi tək qarmaqarışıq olan ulduzlara baxdı. Tərli dərisində sərin gecə küləyinin təmasını hiss etdi və köksünü ötürdü. Axır ki, bir qarara gəlmişdi.
Arvadı, demək olar ki, razılaşdı. Bu planı qadının valideynləri ilə müzakirə etdilər və belə bir addımın zəruriliəyinə onları inandırdılar. Yəqin ki, qadın hərdənbir öz valideynlərin ərinin get-gedə artan bu qısqanclığı və hirsi-hikkəsi barədə məlumat verirmiş. Odur ki, bu qərar valideynləri o qədər də təəccübləndirmədi. Ümumiyyətlə, onlar Antonionu ağıllı adam hesab edirdilər. Bu sarsıdıcı qısqanclıq xəstəliyinə tutulanadək isə ona hətta xoşrəftar, bir sözlə, yaxşı ər kimi baxırdılar. Elə yaxşı bir ər kimi ki, onun hər bir fikrinə şərik olur, dediklərilə razılaşırdılar.
Bu qorara gəldikdən sonra Antonio özünü yaxşı aparmağa başladı. İşləri o qədər rəvan gedirdi ki, o, hətta qərarını dəyişməyə belə hazırdı, lakin arvadı fikrindən dönməzdi. Restoranı satmaq fikri ortaya çıxdıqda, həmin o ucaboylu gənc ofisiant onu almağa hazır olduğunu bildirdi. Antonio ilə onun arasında münasibət hələ də gərgin idi. Antonio hər vəchlə ondan çəkinirdi. Onlar qiymət məsələsində razılaşma üçün bir-birilə ünsiyyatə girmək məcburiyyətində qaldıqda müştəri özünü elə apardı ki, sanki heç nə olmamışdı. Onun ağayana gülüşü həminki gülüşüydu. Onun bu gülüşü, tutqun sifətində dişlərinin parıltısı Antonionu təbdən çıxardı, özünün düşündüyü kimi, sönüb öləzimiş kin və qorxu hissini yenidən alovlandırdı.
Bu dəfə ofisiant əvvəlkindən də mülayim və nəzakətli idi. O, sinyora vida hədiyyəsi baqışlamaq fikrində olduğunu bildirir və bu fikrində elə nəzakətlə inadkarlıq göstərirdi ki, onlar imtina edə bilmirdilər. Nəhayət, günorta Antonio ilə ofisiant hadiyyə seçib almaqçun şəhərə çıxdılar. Cavan oğ-lan bir düzüm billur muncuq və ya medalyon hədiyyə etmək istəyirdi. Bu cür şeylər satılan antikvar mağazasına daxil oldular. Piştaxta üzərində üst-üstə qalaq-qalaq şəkil, güldan, oyuncaq, qadın zinət şeyləri, tunc əşyalar və qədim silahlar yığılmışdı. Ofisiant nəzərdə tutduğu şeyləri götür-qoy edib almaq istədiyi müddətdə Antonio sakitco kənarda durmuşdu. Alıcı pəncərənin yanında dayanmışdı. Yuxarı qalxmış əlindən muncuğun sapı sallanırdı. Başı qarışıq olan ofisiantın müdafiəsiz olduğunu Antonio indi dərk etdi və ilk dəfə ikilikdə bir otaqda olduqları bir anda onu sanki yuxudan ayıltdı, rəqibinin həyatı indi onun əlində idi. Həmin andaca onun əli biixtiyar piştaxta üzərində üst-üstə yığılmış cır-cındır arasında münasib silah axtarmağa başladı. Lakin daxilində hansı bir qüvvəsə onun beynindəki bu ani fikirdən daşınmağa sövq edirdi. Axı har şey yoluna qoyulmuşdu. Sabah o, bu şəhərdən köçüb gedəcək və bu adamı bir daha görməyəcəkdi. Yox, aşna, deməzsənmi aldatdım?
Antonio əlinə keçən qədim bir tapançanın ölumsaçan bir alət olduğunu xayalından keçirdi-bax belə- və ağır-ağır tarixin paslı yadigarını əlinə aldı. Baş barmağı ilə çaxmağı aşağı çəkdi və tapançanın otuz ildə tərpənməyən yayı möhkəm sıxılmağa başladı. «Bax belə!»-deyə Antonio onun niyyətindən xəbərsiz olan, əvvəllər bir dəfə öldürmək istədiyi ofisiantı nişan alaraq özü-özünə pıçıldadı. Və tətiyi çəkdi.
Kiçik otağı gurultu bürüdü. Lülədən alov ildırım kimi bayıra şığıdı. Gənc ofisiant əvvəlcə şüşə vazlarla və qədəhlərlə dolu olan piştaxtanın üzərinə sərildi, sonra isə sürüşüb döşəməyə düşdu. Əlində dağılmış silah olan, dayanıb polis gələnədək qışqıran Antonionun səsi otağı başına götürmüşdü.
Tərcümə: Əli Şirinov
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Y.Mişima - Vətənpərvərlik (hekayə)
Fərid Muradzadə - Fədai
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ