Edebiyyat.az » Proza » Nicat Şükürlü – Ayaqqabı

Nicat Şükürlü – Ayaqqabı

Nicat Şükürlü – Ayaqqabı
Proza
nemət
Müəllif:
20:52, 13 noyabr 2019
1 486
0
Nicat Şükürlü – Ayaqqabı
  


 Dərsdən çıxan Nərgiz məktəb darvazasının önündə anasını görüb təəccübləndi. Adətən anası bu vaxtlar işdə olurdu.
– Dərs necə keçdi, qızım?
Qızından çantasını götürüb çiynindən aşırdı. Əl-ələ tutub yola düşdülər. Nərgiz həmişəki kimi əla qiymətlər almışdı. Ərinin atıb getdiyi, təhsili olmadığı üçün xadiməliklə məşğul olan anası Durnanı yalnız yaxşı qiymətlər almaqla sevindirə bilirdi. Durnanın təhsilsiz olduğu üçün özünə acığı tuturdu. Yavan çörək də yesə, qızını oxuyacaqdı.
– Ana dilindən, riyaziyyatdan “beş ulduz” almışam. Ad günümə görə yox. Həqiqətən, yaxşı hazırlaşdığım üçün.
Durna fəxrlə qızına baxıb gülümsədi. Yavaşca əlini sıxdı. Evlərinə doğru dönməli olduqları, həmişə olduğu kimi indi də təmir gedən N küçəsindən düz keçdilər. Bu yol bir yerə – Nərgizin çoxdan bəri xəyal etdiyi ayaqqabıların satıldığı küçəyə aparırdı. Anası heç vaxt onu məktəbdən götürməyə gəlməmişdi. Həm də bu gün ad günü idi...
Nərgiz bilmirdi sevinsin, ya yox. Yaşı az olsa da, nə vəziyyətdə yaşadıqlarını anlayırdı. Arzusunda olduğu ayaqqabıları almağa anasının pulu çatmazdı. Nərgiz özünü “böyük qız” kimi aparmağa çalışsa da, səbrini basa bilmədi.
– Ana, hara gedirik? – deyə soruşdu.
– Sənə sürprizim var, qızım.
Sürpriz nə ola bilər? Anası ilə, demək olar ki, heç vaxt arzusunda olduğu ayaqqabıların satıldığı dükana getməmişdilər. Oradan yalnız varlı-hallı adamlar alış-veriş edirdi. Məsafə azaldıqca kiçik ürəyi quş kimi çırpınırdı. Anasından başqa heç nə soruşmadı. Yolda anası bir neçə tanışı ilə qarşılaşdı. Çaşıb həmin qadınlardan birinə dedi:
– Qızıma ayaqqabı almağa gedirəm.
Bəlkə də, heç ağzından qaçırmamışdı. Çünki səsində bir sevinc vardı. Qızına istədiyi ayaqqabını ala bilməyin sevinci... Bundan sonra ana və övladının qarşısına kim çıxıb hara getdiklərini soruşurdusa Nərgiz hədsiz sevinclə deyirdi:
– Anam mənə istədiyim ayaqqabını alacaq!
O qədər xoşbəxt idi ki, uçmağa qanadı çatmırdı. Anasının önündə şıltaqlıq edir, hoppanıb-düşürdü. Heç düşünmürdü ki, bir ayaqqabıya “aşiq olmasından” anası necə xəbər tutub. Nərgiz hər gecə yuxuda sayıqlayırdı. Durna da qızının arzusunu həyata keçirmək üçün böyük çətinliklə qənaət edib qəpiyi qəpiyə caladı. Nəhayət, Nərgizin ad gününə yaxın pul düzəldi.
Mağazanın qənşərində dayandılar. İkisi də xoşbəxt idi, ikisinin də çiçəyi çırtlamışdı. Üzlərində təbəssüm mağazaya daxil oldular. Özləri qoyubmuş kimi ayaqqabıları dərhal tapıb götürdülər. Satıcı qıza heç nə demədən kassaya yaxınlaşdılar.
– Bu ayaqqabını alırıq, – ana-bala bir ağızdan dedilər, sonra bir-birilərinə baxıb gülümsədilər.
Kassir dedi:
– Axı heç yoxlamadınız. Bəlkə, heç qızınızın ayağına olmayacaq. Alınan mal geri qaytarılmır.
– Lazım deyil. Qızımın ayaq ölçüsünü bilirəm, – Durna cavab verdi.
Pulu ödədi, mağazadan çıxdılar. Məktəbə təptəzə ayaqqabılarını geyinib getməyin xəyalını quran Nərgiz əlində torba sevinclə anasının önündə hoppanıb-düşürdü. Birdən tükürpədici bir səs eşitdi. Sanki kimsə yerə çırpılmışdı. Nərgiz çevrilib anasının al qan içində yerdə uzandığını gördü. Hansısa əclafın içib hündür mərtəbəli binadan atdığı içki şüşəsi anasının başında partlamışdı. Anasını bu vəziyyətdə görən Nərgizin dili-ağzı qurudu, təptəzə ayaqqabılarının içində olduğu torba əlindən yerə düşdü. Anasının yanına yüyürdü. İnsanlar ana ilə qızını dövrəyə almağa başladılar. Təcili yardım çağırdılar. Durna çətinliklə dedi:
– Qızım, narahat olma, mən yaxşıyam. Ayaqqabıların hardadı?
Nərgizi sanki ildırım vurdu. Ayağa qalxıb kütləni yara-yara birtəhər torbanı əlindən saldığı yerə çatdı. Kimsə ayaqqabıları götürüb getmişdi. Təptəzə ayaqqabılarının nə izi vardı, nə tozu...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)