Edebiyyat.az » Proza » Fərid Muradzadə - Çiçəklənən arzular.

Fərid Muradzadə - Çiçəklənən arzular.

Fərid Muradzadə - Çiçəklənən arzular.
Proza
nemət
Müəllif:
22:34, 07 dekabr 2019
1 815
0
Fərid Muradzadə - Çiçəklənən arzular.


                                                 

 
 İlk fəfə idi ölkədən kənara çıxmışdım. Qəribə hisslər keçirirdim. Yad ölkə, fərqli düşüncə
tərzinə malik insanlar, maraqlı mühit və ecazkar mənzərələri gördükcə insan özünü dünya
içində bir dünyada hiss edir. Bu ilk səfərim bilavasitə işlə bağlı idi. İşlədiyim firmanın satış təmsilçisi olaraq bu sərgidə iştirak edirdim. Xərclərimizi firma çəkdiyi üçün səyahət imkanlarımız olduqca məhdud, hətta, yox idi, desəm daha doğru olar. Cəmi iki gün bu ölkədə qalacaqdıq. Dükan-bazarların, müxtəlif brend geyim butiklərinin, şəkil qalereyalarının, muzey və tarixi abidələrin hamısının iş vaxtı sərgi saatları ilə eyni vaxta təsadüf edirdi ki, bu da bizim belə yerləri ziyarət etməyimizi əngəlləyirdi. Əsrarəngiz bir qış axşamı idi. Quşbaşı qar yağırdı. Hər tərəf ağ örpəyə bürünmüşdü. Asta-asta yağan qar işıq dirəklərindən asılmış sarımtıl işıq fonunda qəribə rəng çaları yaradırdı. Sabah səhərəyaxın buradan ayrılacaqdıq. Təmiz havada gözəl qar mənzərəsini seyr edə-edə gəzişirdik. Bağlı dükanların vitrinlərində müxtəlif dünya brendləri sərgilənmişdi. İdman geyimləri satılan bir mağazanın qarşısından keçərkən ,,Adidas" firmasına məxsus kişi üçün idman kostyumunu görəndə bir andaca 27 il əvvələ qayıtdım.....
İnsan ömrünün elə anları olur ki, o anlar ömrünün sonuna qədər unudulmur. Yaşananların istər
şirin, istərsə də acı xatirələri heç zaman yaddan çıxmır. Bəzən vaxtında əldə edə bilmədiklərini
sonrakı illərdə yetərincə əldə edirsən, lakin bu sənə keçmişin acılarını unutdurmur. Bu gecikmiş
 sevgiyə bənzəyir. Ömrün payızında insanın qarşısına çıxan sevgi kimi. Hər şey zamanında gözəldir, amma təəssüflər olsun ki, heç də hər zaman istədiklərini əldə edə bilmirsən. Xüsusən də uşaqlıq illərində əldə edə bilmədikləri insanı ömrü boyu yaralı qoyur. Heç vaxt sağalmayan, bitişməyən, bəlkə də özündən və qəlbindən başqa kimsənin bilmədiyi, görmədiyi yara yaranır insan ürəyində.İ
llər insan ömrünü külək kimi qova-qova onu yaşa doldurub bəlli bir zamanacəl saatına qədəristəsə də, istəməsə də aram-aram aparır. Bizim qeyri-ixtiyari yaşamağa təhkim olunduğumuz həyat tamamən təzadlarla doludur. Hələ həyatı tam mənası ilə dərk edə bilmədiyimiz uşaqlıq illəri idiBiz Bakıdan təxminən 380-390 km-lik məsafədə yerləşən bir rayonun ucqar dağ kəndində yaşayırdıqKəndimizin olduqca gözəl mənzərəsisəfalı yerləri var idiDağlar qoynundakı bu kəndin ilin bütün fəsillərində xüsusi bir gözəlliyi olardı. İndi xaraba qalmış yurd yerlərində o vaxt həyat vardı, yaşayış vardı. O vaxtlar bizim də ömrümüzün şən və qayğısız, dünyadan və dünyadakı pisliklərdən xəbərsiz olduğumuz
 vaxtlar idi. Böyümək eşqi uşaq qəlbimizi elə doldurmuşdu ki, dəli bir istəklə ancaq böyümək barədə düşünürdük. İllər ötdü hər kəs kimi mən də böyüdüm, boya-başa çatdım, gənc oldum, yaşa doldum və böyüyə-böyüyə bu kiçik dünyanın nə qədər böyük problemləri olduğunu gördüm. Qloballaşan problemləri gördükcə uşaqlıq illərimdəki böyümək həvəsi ilə eynən ,,uşaqlaşmaq" istədim, amma bu qeyri-mümkün idi. Qeyri-mümkünlük hansısa bir nəzəriyyə deyil, o real həyatın və olacaqların imkansızlığıdır, mümkünsüzlüyüdür və qaçılmazlığıdır. Kəndimizdə yaşadığımız zamanlar dünyanın dərd-sərindən uzaq idik. O vaxtlar indiki kimi texnologiya sahəsində inkişaf yox idi. O zamanlar biz dünya içində qapalı bir dünya olan ,,şanlı Sovet Sosialist Respublikasında " yaşayırdıq. İndiki kimi bir neçə saniyə ərzində dünyadan məlumat əldə etmək mümkünsüz idü. Adi bir məktuba cavab gəlməsi və yaxud da onun bəlli bir ünvana göndərilməsi üçün bəzən günlərlə gözləyərdik. Bizim ucqar kəndimizə ara-sıra əminəvəsi qonaq gələrdi. Məndən iki yaş böyük olan bu əminəvəsi bizə baxanda çox ,,müasir oğlan" idi. Onların yaşadığı mühit bizimkindən çox-çox fərqlənirdi. Şəhər həyatı, yeniliklər, dəb, müxtəlif zövqlərin kəsişdiyi, müxtəlif tiplərin cəmləşdiyi şəhər mühiti, şəhər mədəniyyəti və şəhərli dünyagörüşü təbii ki, fərqli idi. Əminəvəsi maraqlı əhvalatlar danışırdı. Hərdən videozallarda yaşına uyğun olmayan baxdığı filmlərdən, döyüş və dedektiv kinolardan bəhs edirdi. Deyirdi ki, şəhərdə filan-filan yerlərdə (elə danışırdı ki, sanki mən oraları əzbər tanıyırdım) videozallar fəaliyyət göstərir. Onun danışdığı bizə bir az qəribə gəlirdi. Bizdə kinoya ancaq evdə ağ-qara ,,Rekord" televizorda, ən yaxşı halda isə kənd klubunda baxılırdı ki, bu sonuncuda da ancaq köhnə hind kinoları göstərilirdi,
70-80-ci illərdə aid kinolar. Hələ 90-lara,,çatmamışdıq". Əminəvəsi şəhərdəki müxtəlif xarici markalı avtomobillərdən bəhs edirdi. Deyirdi ki, onun dostunun univermaq müdiri olan atasının avtomat ötürücü mühərrikli ,,Mercedes" maşını var. Bu avtomat ötürücünü yaxşı başa düşməmişdik, sonralar aydın oldu. İlk dəfə əminəvəsinin əynində gördüyüm ,,Adidas" idman kostyumu yaman xoşuma gəlmişdi. O zalım da elə bil qəsdən bizə yanmışlıq verirdi. Kənd hara, ağappaq krosovka və dəbli idman kostyumu hara?! Nə isə mən bu ,,Adidas"‐ dan bir də həmin ağ krosovkadan istəyirdim. Yayın son ayı idi. Bilirdim ki, mənim səliqəli və təmizkar atam mütləq yenə bizi rayon mərkəzindəki ,,Univermaq"a aparacaq, məktəb ləvazimatları və yeni paltarlar alacaq. O zaman atama deyəcəkdim ki, mənə bir dəst də Adidas və ağ krosovka alsın. Atam etiraz etməzdi və buna imkanı da vardı. Vaxt yetişmişdi. Səhər tezdən kənddən rayon mərkəzinə gedən avtobusla rayona yola düşdük. Alınacaqları aldıqdan sonra atama fikrimi bildirdim. İdman ləvazimatları
 satılan şöbədə (ümumiyyətlə atamı univermaqda yaxşı tanıyırdılar) bildirdilər ki,- müəllim, (atam ixtisasca müəllim idi) -hazırda Adidas yoxdur və necə deyərlər ,,sifarişlə gətirilir, əlaltdan" satılır. Əgər istəsəniz gələn həftə gəlin. Qiyməti də uşaq üçün
1500 rubl olacaq. Tərslikdən mənim ayağımın ölçüsündə ağappaq krosovka da qalmamışdı. Bir sözlə bunları yalnız gələn həftə əldə etmək mümkün idi. Uşaq ağlımla növbəti həftənin xəyallarını, planlarını qururdum. Lakin çox vaxt hər şey istədiyimiz və planladığımız kimi olmur...
Yeni dərs ilinin ikinci günü məktəbimizin həyətinə ermənilər tərəfdən atılan BM 21- Qrad mərmisi düşdü. Bu mərmi dağıdıb tökdüyü məktəb həyəti, qırıb-sındırdığı ağac budaqları kimi mənim də istəklərimi alt-üst etdi. Mənfur düşmən davamlı şəkildə kəndin hər bir nöqtəsini atəşə tutur, bombardman edirdi. Məktəb fəaliyyət göstərə bilmirdi, çünki yüzlərlə şagirdin həyatı təhlükə qarşısında idi. Bizim kənd məktəbi 11 illik olduğu üçün ətraf dörd kəndin də şagirdləri bizim məktəbimizdə təhsil alırdılar. Artıq bir aya yaxın idi ki, dərsə gedə bilmirdik. Vəziyyət çox gərgin idi. Atam təhsildə tələbkar olduğu üçün bizi şəhərdəki, gənclik illərində min-bir əziyyətlə, zəhməti hesabına aldığı, hal-hazırda isə dayımın müvəqqəti yaşadığı iki otaqlı evimizə göndərdi. İndi həyatımızın yeni bir dövrü başlayırdı. Valideynsiz keçən iztirablı uşaqlıq illərinin ilk səhifəsi yazılırdı. Şəhərdə ,,Adidas " geyinmiş uşaqları gördükcə uşaq qəlbim sızıldayırdı, amma sirrimi, dərdimi bir kimsəyə deyə bilmirdim. Həyatda dərdi, qəmi, kədəri ürəyimdə çəkməyi mən o zaman öyrəndim. İstədiyini dilə gətirə bilməməyi, qaraqabaq olmağı, susqunluğu, tənhalığı, xəyal qırıqlığını, ögey münasibətin nə olduğunu mən onda bildim. Ürəyin üşüməyini onda duydum. Gecələri gizli ağlamağı, amma gündüzlər özünü şux tutmağı o illərdə dərk etdim. Yaxşılıq heç zaman unudulmur. İnsan əməlləri ilə ucalır. Vicdanı təmiz, əxlaqı gözəl, kasıb amma mərd bir qonşumuz vardı. İndi dünyasını dəyişib. Atamgillə binaya ilk köçən qonşulardan idi. Valideyinlərimizin yanımızda olmadığını və məktəb proqramlarından geri qaldığımızı nəzərə alaraq bizə dəstək oldu. İşdən icazə alıb bizi yaxınlıqdakı məktəbə apardı. Direktorla danışıb vəziyyəti izah etdi və biz həmin məktəbə bərpa olunduq. O gözəl qəlbli əmiyə hər zaman rəhmət oxuyuram. Əməli-saleh insan idi.
 Məktəbdə yenə də bu mənfur ,,Adidas" gözümə görünməyə başladı. İdman paltarında gələn uşaqlardan utanırdım. Atam hər ay bizə pul göndərirdi, amma biz o pulu xərcləyə bilmirdik. Hər gələn adamla qatıq, süd, yumurta, ət və s də göndərirdilər, amma o ərzaqlar mənim gözümdə deyildi. Nəhayət canımı dişimə tutub atama bir məktub yazdım. İdman paltarı alıb göndərsin deyə. Atam da həmkəndlimiz İbrahim əmi ilə mənə
2000 rubl pul göndərmişdi. Bu dəfə heç kimə heç nə demədən qonşu mikrorayondakı ,,Sənaye dükanına" getdim, orada ,,Adidas" görmüşdüm. Amma heyhat.... cibgirlərin cibləri talan etdiyi vaxtlar idi. Hansı bir hissin təsiri ilə baş vermişdi, bilmirəm, amma mən pulun 1500 rublunu bir cibimə,500 rublunu isə digər cibimə qoymuşdum. Əlimi 1500 rubl olan cibimə qoyub pulu bərk-bərk ovcuma sıxmışdım. Bilirdim ki, apara bilərlər. Dükanda adam çox idi. Hamı da təlaşla əlindəki ya da cibindəki pulu güdürdü. Bəlkə də məndə pul olduğunu əvvəlcədən bilmişdilər. Bir neçə nəfər özünü ora-bura vuraraq hay-həşir saldı. Bir-ikisi tutaşdı. Adamları ora‐bura itələdilər və bu qarışıqlıqda mən də yıxılmamaq üçün hər iki əlimlə növbəyə durduğumuz yerdəki dəmirlərdən tutmalı oldum. Sonra sakitlik oldu. Əlimdə idman kostyumu kassaya yaxınlaşıb əlimi cibimə atanda içimdən bir soyuq gizilti keçdi. 1500 rubl yox idi. Elə bil ki, bu qədər pul cibimdə heç olmamışdı. Suyu süzülə-süzülə geri qayıtdım və az əvvəl həvəslə bükdürdüyüm formanı satıcıya təhvil verdim. Havalar soyuq olduğu üçün qalan puluma bir cüt ayaqqabı alıb oradan çıxdım və o gündən bir daha ,,Adidas" barədə düşünmədim. Bu idman kostyumunun bir günahı olmasa da mən nədənsə ona artıq bir növ qibtə və nifrətlə baxırdım....
Artıq sərgidən qayıtmışdım. Həyatımda ilk dəfə getdiyim xarici ölkə haqqındakı təəssüratlarımı
bölüşərkən Adidasın tarixçəsini danışmalı oldum. Bu dəfə də ala bilməmişdim, çünki mağaza
bağlı olmuşdu. Bizim isə əfsus ki, orada duracaq zamanımız olmamışdı...
Soyuq fevral ayı idi. Kiçik çillə tüğyan edirdi. Qar yağırdı. İşdən yenicə gəlmişdim. Uşaqların
üzündə nəsə qəribə bir ifadə vardı. Deyib-gülür, oynayırdılar. Əlimdəki kitabı kənara qoyub, -nə
üçün yatmırsınız?- deyə soruşduqda 4‐cü sinifdə oxuyan oğlum və 5 yaşlı qızım xorla cavab
verdilər ki,-sabah sənin ad günündür, biz ilk olaraq səni təbrik etmək istəyirik. İndi xatırladım,
sabah doğrudan da ad günüm idi. Bu dəfə istirahət gününə təsadüf etmişdi.  Deməli bir il də yaşlandım. Uşaqlara baxdıqca qəribə hisslər keçirirdim. Zaman necə sürətlə keçirmiş, ilahi! Dünənə qədər özüm də uşaq idim. Elə bil bir anlıq mən keşmişimi gördüm, uşaqlığımla həmsöhbət oldum. Gözlərim bir nöqtəyə dikilib qalmışdı. Məhz o nöqtədə mən öz uşaqlığımla görüşüb-danışırdım. Saniyələr içində keçmiş və indiki zamandakı ,,mən"lə xeyli ,, söhbətləşdik".
Ata, -deyə oğlum məni səslədi. Əlində iki şəkil albomu tutmuşdu. Uşaqlar albomu vərəqləyə-vərəqləyə mənə müxtəlif suallar verirdilər. Aradan bir qədər vaxt keçmiş həyat yoldaşım çay gətirmək üçün mətbəxə keçmişdi. Uşaqları mətbəxə səslədi. Mən yenə də albomdakı şəkillərlə baş-başa qaldım. Birdən üçü də birlikdə qarşımda dayanıb gülə-gülə, -ad günün mübarək -deyə məni təbrik etdilər. Saata baxdım 00:00 göstərirdi. Yoldaşım əlindəki hədiyyə bağlamasını mənə verdi. Təşəkkürümü bildirib hədiyyə bağlamasını açanda gözlərim yaşardı.
Bir dəst ,,Adidas" idman kostyumu və bir cüt 41 ölçülü ağ krosovka.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)