Murad Muradov - Ağ və qara göyərçinlər (Hekayə)
Proza
Murad Muradov - Ağ və qara göyərçinlər (Hekayə)
Təyinatımı uzaq dağ kəndinə vermişdilər. Orada müəllim işləyirdim. Həyatımda önəmli rol oynayan bir əhvalat da orada baş verdi.
Kirayələdiyim ev məktəbdən xeyli aralı idi. Dərsə vaxtında çatmaq üçün Günəşin al şəfəqləri məni salamlamamış yataqdan qalxmalı olurdum.
Günlərin bir günü həyatımı büsbutün dəyişən gözlənilməz bir hadisə baş verdi. Və başıma gələn bu hadisə həyatımın dəyişməsinə, yeni məcraya düşməsinə səbəb oldu.
Onun adı Mustafa idi. Yaşı altmışı keçmişdi. Üzünün qırış-qırış olması, balaca, zil qara gözlərinin çuxura düşməsi aydınca sezilirdi. Kəndin kənarında yerləşən kiçik bir evdə tək-tənha yaşayırdı. Ev hər tərəfdən hündür kol-kosla çəpərlənmişdi. Qulluq görməyən evin baxçasında qol-budaqlı, hündür meyvə ağacları da var idi.
Mən hər səhər məktəbə gedərkən onu çubuqlardan toxunmuş, güclə açılıb bağlanan həyət qapısının yanında qoyulmuş kötükdə əyləşən, siqaret çəkə-çəkə öz göyərçinlərini yemləyən görürdüm. Mustafa kişini başqa yerlərdə görmək, demək olar ki, mümkün deyildi. Kəndin uşaqları ondan qorxub çəkinərdilər. Səbəbi, onun haqqında kənddə gəzən xoşagəlməz söz-söhbətlər idi. Etiraf edim ki, mən də ilk vaxtlar onunla rastlaşanda bir az həyəcanlanardım. Hər dəfə ağır-ağır salamımı alıb, “işin avand olsun, bala” deyərdi mənə.
Başqa bir kəlmə kəsməz, söhbət etməzdik onunla.
Kənddə danışılanlardan belə məlum olurdu ki, Mustafa kişi iki nəfərin başını amansızcasına kəsərək qətlə yetirib. Və buna görə də ömrünün çox hissəsini həbsxanalarda keçirməli olub. Deyilənlərə görə onu buna vadar edən doğma oğlunun və halal arvadının öz gözləri qarşısında öldürülməsi səbəb olub. Hələ bu az imiş kimi, cinayəti də onun üstunə atıblar. Məhkəmə bu qanlı hadisədə şübhəli məqamların çoxluğunu, kişinin əvvəllər heç bir cinayət törətmədiyini, kənddə sayılıb-seçilən ziyalılardan olduğunu nəzərə alıb, ona ömürlük həbs cəzası verməyib. Nəhayət, uzun illərdən sonra azadlığa çıxan kişi insanlardan qaçaraq tənha yaşamağa üstünlük verib..
Doğrusu, eşitdiyim bu söz-söhbətlər məni rahat bıraxmırdı və nəyin bahasına olursa olsun, hadisənin necə baş verdiyini bilmək istəyirdim. Odur ki, hekayəti ağsaçlı kişinin dilindən eşitmək üçün fürsət gəzirdim.
Bir səhər ağsaqqal yenə də siqaret damağında, fikirli-fikirli, yanındakı kisədən dən götürüb quşları yemləyirdi. Göyərcinlər ağ və qara rəngdə idilər. “Niyə bəs yalnız ağ və qara rəngli göyərcinlər? Niyə başqa rəng yox, məhz ağ və qara?” Məncə, onunla söhbətə elə bu sualla başlamaq olardı. “Bu ki, əla oldu” - deyə düşündüm.
Növbəti günlərin birində yenə rastlaşdıq. Mustafa kişi adəti üzrə salamımı alıb xeyir-duasını da əsirgəmədi. Mən yoluma davam etməyib ona baxırdım. O isə məni görmürmüş kimi öz sevimli məşquliyyətində idi. Göyərçinlərin arasına girib, ona bir qədər də yaxınlaşdım. Quşlar hürkərək ətrafa ucuşdu. Mən isə gəlib düz qocanın qarşısında dayandım. Mustafa kişi tərpənmədən sual dolu gözləri ilə mənə baxdı. Çünki indiyə kimi aramızda belə bir hal olmamışdı. Özümü ələ alıb, cəsarətimi topladım:
- Ağsaqqal, icazə olar sizdən bir söz soruşum?
Araya sükut çökdü. Elə bil cavab vermək istəmirdi. O qədər həyəcanlı idim ki, şiddətli ürək döyüntülərimi belə hiss edirdim. “Nə baş verəcəksə, qoy elə indi baş versin” – deyə düşündüm.
Damağındakı siqareti yerə atıb, ayağındakı qaloşunun uc tərəfi ilə siqareti əzib söndürdü.
Göyərçinlərə dən götürdüyü kisənin ağzını örtüb üstünə yastı bir daş parçası qoydu. Mənə cavab vermədən, üzümə baxmadan ağır-ağır balaca mənzilinə tərəf addımladı. Özümü saxlaya bilməyib sualımı ucadan səsləndirdim:
-Niyə sizin göyərçinlər yalnız ağ və qara rəngdədirlər?! Başqa rənglərdən xoşunuz gəlmir?
Sualımı cavabsız qoyub, evinə daxil oldu.
Həmin günkü düşüncələrimi izah etməkdə çətinlik çəkirəm. Məni dərd göturmüşdü. Bu işin axırı necə olacaqdı, anlaya bilmirdim.
Ertəsi gün yenə rastlaşdıq. Salam verdim, salamımı aldı. Xeyir-dua verdi və yenə öz işi ilə məşqul olmağa başladı. Mənsə iti addımlarla ordan uzaqlaşdım...
Aradan bir neçə gün keçdi. Hər şey qaydasında idi. Ta o günə qədər ki,
Mustafa kişi və göyərçinləri həyət qapısında gözümə dəymədi. Maraq məni götürdü. Dözə bilməyib həyətə boylandım. Səs-səmir, hərəkət deyilən hec nə yox idi.
Fikirli halda yoluma davam etdim. Həmin gün dərs zamanı da qarışıq fikirlər məni rahat buraxmadı.
Xasiyyətimə yaxşı bələdəm. Nələr baş verdiyini öyrənməsəydim nə dincliyim olacaqdı, nə də ki yuxu yata biləcəkdim.
Gəlib onun evinin önündə dayandım. İçimdəki səs “nəsə düz deyil” deyirdi və məni məcbur edirdi ki, həyətə girim, nəyin baş verdiyini öyrənim. Belə də etdim. Həyətə daxil olub, ağ pərdə ilə örtülən evin yeganə pencərəsinə qulaq kəsildim. İçəridən boğunuq ösgürək səsi gəlirdi.
Cəsarətimi toplayıb qapını döydüm. Cavab gəlmədi. Qapını yavaşca itələdim. Qapı açıldı. Qoca yataqda idi. Yavaşca başını çevirib mənə baxdı. İmkan vermədim nəsə desin. Salam verib yaxınlaşdım və əl uzatdım. Həm salamımı aldı, həm də görüşdü mənimlə.
Əlləri od tutub yanırdı, hərarəti var idi. Təcili nəsə etməliydim. Ətrafa göz gəzdirdim. Küncdəki masanın üstündə içi su ilə dolu böyük bir bardaq var idi. Bardağın yanındakı stəkanı su ilə dolurub, ağsaqqalın dodağına yaxınlaşdırdım. Sudan içən kimi elə bil kişinin gözlərinə işıq gəldi. Çarpayısının baş tərəfindən asılmış dəsmalı su ilə isladıb, onun alnına qoydum. Halı özündə olmayan kişini sorğu-sual etmədən oradan tələsik uzaqlaşıb aptekə yollandım. Qızdırmaya qarşı bəzi dərmanlar alıb tez geri döndüm. Etiraz etsə də, dərmanları məcburən ona içirtdim. Elə bil mənim gəlişimdən narahat olmuşdu. Başının üstündə xeyli dayandım. Deyəsən vəziyyəti yaxşılaşmağa başlamışdı. Daha əvvəlki kimi zarıldamırdı. Alnından, üzündən gilə-gilə ağappaq tərlər axırdı. Susmuşduq, heç birimiz danışmırdıq. Yaxşı xörəklər hazırlamaqda səriştəm olmasa da, sup bişirə bilirdim.
... Halsız olduğu üçün qaşıq götürüb onu yedizdirməyə başladım. Qəribə baxışları var idi. Nə istədiyini başa düşə bilmirdim.
Çay hazırlığına başlamışdım ki, kişinin yatdığını gördüm. Başa düşdüm ki, aclıq və susuzluğun, ağrı və hərarətin təsirindən yuxu yata bilmirmiş.
Onu narahat etməyim deyə yavaşca bayıra çıxdım. Qapının ağzındakı kötüyün üstündə oturub düşüncələrə daldım. Ötən illəri, qohum və dostları xatırladım. Ancaq yenə də bu ağsaqqalın yalqız həyatını, düşdüyü acınacaqlı durumu unuda bilmədim. Xeyli vaxtdan sonra qayıdıb yenidən otağa daxil oldum. Elə bil kişi məni gözləyirmiş, içəri girməyimlə gözlərini açması bir oldu.
- Ağsaqqal, məni yaman qorxutdunuz, - deyə söbətə başlamaq istədim.
Bir söz demədən yerindən ağır-ağır qalxıb, ayaqlarını çarpayıdan aşağı salladı. Yanındakı stulun üstündəki siqaretdən bir dənəsini yandırıb dodaqlarına yaxınlaşdırdı. Dərindən elə bir qüllab götürdü ki, sanki uzun illər idi siqaretin yolunu gözləyirdi.
- Sağ ol, daha yaxşıyam. Gedə bilərsən, - deyə öz minətdarlığını bildirdi.
- Salamat qal. Nə vaxt istəsən, qulluğunda hazıram, - deyib ordan uzaqlaşdım. Fikirləşdim ki, başqa sorğu-sualın yeri deyil.
Həmin gün ağsaqqala yenidən baş çəkmədiyim üçün gecəni rahat yata bilmədim. Ancaq səhər işə gedərkən çox sevindim. Çünki qoca evinin önündə yenə də sevimli işi ilə məşqul idi. Ağ və qara göyərçinlər bir müddət ac qaldıqları üçün dimdiklərini yerdən ayırmır, mədələrini yemlə doldururdular.
Yaxınlaşıb salam verdim. Salamımı alıb, yenə də eyni qayda ilə xeyir-duasını verdi mənə. Baş işarəsi ilə təşəkkürümü bildirib, yoluma davam etdim. Arxamca xırıltılı səsini eşitdim:
- Hər şeyə görə sağ ol, bala.
- Siz də sağ olun. Borcumdur, - deyə çevrilib cavab verdim.
- Mənə verdiyin sualın cavabını bilmək istəyirsənmi?
Cəld geri dönüb ona yaxınlaşdım.
- Əlbəttə istəyirəm! Çox istəyirəm, - dedim.
Əl işarəsi ilə mənə oturmaq üçün yer göstərdi. Göyərçinlərə yem atdığı balaca boşqabı yerə qoyub, damağındakı siqaretdən dərin bir qullam götürdü.
- Saxladığım bu, ağ və qara göyərçinlərin rəmzi mənaları vardır. Onlar yaxşılığın və pisliyin əlamətləridir. Unutma ki, hayat var ikən həmişə yaxşılıqlar və pisliklər də bizimlə olacaqdır. Həyatda yaxşı və ya pis adam kimi iz buraxmaq isə bizim özümüzdən asılıdır. Qara göyərçinləri görəndə mənə qarşı edilmiş haqsızlıqlar, pisliklər yadıma düşür və qanım bərk qaralır. Bu vaxt mən qəzəbdən boğulur, hiddətlənir və qisasçılıq hissi ilə alışıb yanıram. Lakin qisasçılıq hissi ilə yaşamaq vəziyyətdən çıxış yolu deyildir. Qisasçılıq, ədavət indiyə kimi heç kimə xeyir gətirməyib. Sakitləşib özümü ələ almaq, hirsimi boğmaq üçün mənə kömək olan ən yaxın dostlarım ağ göyərçinlərdir. Mən onların timsalında işıqlı sabahları görürəm. Axı dünyamız yaxşı insanlardan xali deyil. Biz həmişə çalışmalıyıq ki, ağ göyərçinlərin, yəni işıqlı insanların sayı günbəgün çoxalsın, ömrümüz şən və maraqlı keçsin. Buna görə də onları saxlayıram...
Ağsaqqalın söhbəti insanlara münasibətdə mənim üçün yeni bir mərhələnin əsasını qoydu; həyatda heç vaxt qisasçılıq hissi ilə yaşamamaq, sənə pislik edənlərə qayğı və ehtiramla yanaşıb, həyatın gözəlliyini anlatmaqla onları da doğru və düz yola çəkmək.
Qış tətili arxada qalmışdı. Artıq iki gün idi ki, Mustafa kişi gözə dəymirdi. Tərəddüd etmədən evinə yaxınlaşıb, qapını döydüm. Qapını açan, səsimə səs verən olmadı. Qapını itələyən kimi açıldı. Arxa tərəfdən bağlı deyildi. Yerimdə donub qaldım. Gördüyüm mənzərə məni bərk sarsıtdı. Mustafa kişi yatağında arxası üstdə cansız vəziyyətdə uzanılı qalmışdı. Daha mən ondan yeni nəsihətamiz söhbətlər eşidə bilməyəcəkdim.
Şagirdlərimlə məktəbin həyətində balaca bir dam tikib, göyərçinləri ora köçürdük. Bundan sonra onları biz bəsləyəcəkdik...
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)
Seyid Hüseyn - Həzin bir xatirə