Edebiyyat.az » Proza » Rövşən Yerfi - Axır nəfəs (hekayə)

Rövşən Yerfi - Axır nəfəs (hekayə)

Rövşən Yerfi - Axır nəfəs (hekayə)
Proza
nemət
Müəllif:
21:48, 10 yanvar 2020
3 023
0
Rövşən Yerfi - Axır nəfəs (hekayə)





                                                                              
       Atanızın son günü yadınızdadımı?..

 
Saat 23:23 idi. Tam çaşqınlıq içindəydi, nə edəcəyini qərarlaşdıra bilmirdi. On dəqiqə əvvəl telefonuna gələn zəngdən eşitdiyi üzücü qara xəbərin ağırlığı çiyinlərinə çökmüşdü. Kiçik qardaşı Muradın səsi qulağından getmirdi: “Vaxtında xəbər etdik, gəlmədin, yazıq kişi səni gözləyə-gözləyə iyirmi dəqiqə qabaq rəhmətə getdi...”

Bu sözləri eşidəndə ürəyi sıxıldı, nəfəsi daraldı, halsızlaşdı. İçinə ağrıya bənzər ağırlıq yayıldı. Elə bil şüurunda qısa qapanma yarandı, nəsə deməyə, dilini tərpətməyə heyi olmadı. Susdu.  

Qardaşının hüznlü səsi olmasaydı, inanmazdı eşitdiyinə. İlahi, gecənin bu vaxtı atası rəhmətə getmiş, vəfat etmiş, ölmüşdür... Fərqi yoxdur, yəni daha canlı deyil, nəfəs almır, ruhu yəqin ki, indi göylərdədir.

Dəhşət... Onun bir daha incik baxışlarını görməyəcəkdi, qınayıcı sözlərini eşitməyəcəkdi, darıxacaqdı məzəmməti üçün. Kaş yenə eşidəydi...

İllərdir ata-anasından kənarda, uzaqda yaşasa da ürəyində atasını çox istəyirdi. Eynən atasının da onu çox istədiyini bilirdi. Elə çox istəməyindən idi ki, atası daim ondan narazı qalırdı. “Heç mən deyənə qulaq asmadın, ancaq öz bildiyini etdin”, deyirdi. Doğru idi. Ağlı kəsəndən üzünə qayıtmasa da, atasının məsləhətləri heç vaxt onu qane etmədi. Həmişə öz düşündüyü, öz istədiyi kimi yaşamaq istəyirdi. Niyə belə istəyirdi, niyə belə idi, özü də özünü anlamırdı.

Atası onu ərköyün böyütməmişdisə də, bacardığını da əsirgəməmişdi. Kasıb idi, varından çox hörməti vardı. Cavan yaşında kolxoz sədri işləmişdi. Aclıq illərində imkanı ola-ola, anbardakı buğdaya dəyməmiş, ailəsinə arpa çörəyi yedirtmişdi. Qanuna əməl edən, sərt intizamlı, kimsəyə zərər verməyən olmuşdu. Hörməti də elə buna görə qazanmışdı.

Amma dünyanı tanıyandan atasının belə olması onu oğlu kimi fərəhləndirməmişdi. Başqa vəzifəlilərin uşaqlarını görəndə onların imkanlı dolanışığına ürəyində az da olsa həsəd çəkmişdi. Qərara gəlmişdi ki, o, atası kimi olmayacaqdı, onun sayaq hamını düşünməyəcək, kiminsə nə deməsindən narahatlıq keçirməyəcək, yalnız özü üçün yaşayacaqdı.

Orta məktəbi bitirəndə qərarlaşdırdı ki, nə bu kənddə, nə də bu rayonda qalmayacaqdı. Atası ilə qalmaq, ona baxmaq onsuz da, kiçik olduğu üçün Muradın boynuna düşürdü. Uzaqlara gedəcəkdi. Hər addımında irad bildirən, qınayan, şəbədə qoşan adamlardan uzaq olub, kimsənin onu tanımayacağı yeni dostların, tanışların arasına gedəcəkdi.

Getdi də. Yeddi dağ aralı bir şəhərdə oxudu, işlədi, evlənməyə qız da tapdı. Qızı yanına qoşub kəndə, evə aparanda atası da, anası da dedi ki, “ay bala daha özün öz məsələni həll etmisən, biz nə deyə bilərik?” Çarəsiz qalıb razılaşdılar. Nə onlar gəlinə, nə də gəlin onlara qaynayıb qarışmadı...

O gündən atasının qəlbində ondan sındığını, acığı gəldiyini duydu. Sonralar ildə bir dəfə güc-bəla ilə vaxt tapıb kəndə, ata-anasına dəyməyə gəlirdi. Onu da tələm-tələsik. Gəlişlərin birində atası demişdi:
-Ay oğul, sən ki gedib-gəlməyə belə əziyyət çəkirsən, gəlmə. Vaxtın çox olanda gələrsən. Uşaqlıqdan təkliyini arzuladın, tək başını istəmisən, bizi də sənsizliyə vərdiş elətmisən, Allah köməyin olsun, bu cür özünə əziyyət vermə...
-Ay ata, bu nə sözdü, oğlun deyiləm? Əziyyət çəkmək borcumdu.
-Eh, bala, oğul ki axır nəfəsində yanında olmadı, nə oğuldu... Get, yolun avand!

Həmin söhbətdən “axır nəfəs” yaddaşında ilişib dərin batan tikana dönmüşdü.

Bir il əvvəl Murad zəng etmişdi ki, “kişinin vəziyyəti pisdir, imkan elə gəl, barı sevinsin”. Səfəri rahat oldu, gəldi, bir gecə qaldı. İynə-dərmanı ilə maraqlandı. Ürəyinə damdı ki, atası bu müalicələrlə uzağı bir-iki il yaşayacaq, vaxtı çox qalmayıb.
Qayıdanda bərk xəstələndi, yolda soyuqlamışdı. Yoldaşı qarasına danışmışdı: “Gərək soyuq havalarda getməyəydin. Sən hər dəfə o kəndə gedəndə başına nəsə gəlir. Kəndin nəzəri səni kəsir.”

Keçən ay Murad yenə onu kəndə çağıranda üzrxahlıq etdi ki, ailəliklə “qrip”ik, ona görə gələ bilmirəm. Axırıncı dəfə, ötən həftə Murad təkrar zəng edib “halı ağırdı” xəbərdarlığını edəndə işindən icazə ala bilmədi, düşündü ki, gələn həftənin istirahət günündə gedərəm. Ağlına gəlməzdi ki, atası həftənin axırına qalmaz.
 
Demə, atasının son günləri imiş. Can üstə imiş, ölümü üçün can çəkirmiş. Nitqi tutulsa da nəzərləri həsrətlə onu axtarırmış  Hamı gözləyirmiş ki, o, gəlsin, kişi onu görəndən sonra rahat gözünü yumsun...

Anası da yanıqlı-yanıqlı deyibmiş ki, “nooldu, yenəmi “qrip”di, bunun xəstəliyi sağalmadı? Yəqin arvadı qoymur gəlsin”...
Yox, sağlığında, axır nəfəsində yanında olmasa da, necə var dəfninə çatmalı idi.
-Alo, Murad, eşidirsən, sənə xahiş edirəm, yalvarıram, mən gələnə kimi kişini dəfn eləməyin. Gözləyin məni, eşidirsən? Məni gözləyin...
-Yaxşı, sənə görə sabah saat üçə kimi gözlərik. Ancaq qışdı, kəndə qar yağıb, gün qısadır, axşam tez düşür. Kənar yerlərdən - şəhərdən, qonşu kəndlərdən dəfnə gələnlər olacaq. Onlar da qaranlıq düşməmiş evlərinə qayıtmalıdırlar. Ona görə camaatı çox gözlədə bilmərik..
-Murad, xahiş edirəm! Bax bu dəqiqə yola çıxacağam, necə var gəlib çatmalıyam, gözləyin məni...

Qəhərləndi, kövrəldi, ip isti gözyaşı yanaqlarını yandırdı. O, mütləq dəfnə çatmalıydı. Çatmasaydı bunu ömrüboyu özünə bağışlamayacaqdı, ölənədək nisgilli qalacaqdı. Gecə ilə maşın tutub Bakıya, oradan rayona, saat üçədək kəndə çatmalı idi.
 
Evdən çıxanda yoldaşı soruşdu:
-Bəs məni aparmırsan?
-Yox, əvvəl özümü çatdırım, sonra sənə zəng edərəm, uşaqlarla birgə gələrsən.

Gecə yolboyu səhərədək gözünü yuma bilmədi. Atası ilə son görüşünü, uşaqlıq illərini xatırlayıb, uzun-uzun düşüncələrə daldı. Doğrudan dünya fani imiş, mənasız imiş. Tam əmin idi ki, mütləq, o, atası ilə yenə görüşəcək. Bu dünyada olmasa da, o biri dünyaya gedən kimi hamıdan əvvəl onunla görüşəcəkdi. Qucaqlayıb öpəcəkdi, narazılığını bilib könlünü alacaq, oxşayacaqdı. İnsan niyə hər şeyin qədrini onu itirəndən sonra dərk edir? Niyə naşükür və nankordur?..

Hava işıqlaşana Bakıya, günortaya da rayona çatdı. İndi qalırdı yolun ən çətin hissəsi – üç saatlıq buzla, qarla örtülmüş dağ yolu.

Taksi işləyən bir “Villis”lə razılığa gəldi, xahiş etdi ki, onu saat üçədək kəndə çatdırsın. Sürücü dedi:
-Əmi, söz vermirəm, hava qış havasıdı, yollar qarlıdı, çətindi, amma, Allahın köməyi ilə çalışaram ki, vaxtında yetişək.

Əsas çətinliklər yolun ortasından – Təngə dərəsindən sonra başladı. Üzü dağlara tərəf getdikcə yoxuşlar sərtləşir, qarın qalınlığı artırdı. “Villis” sürüşməmək üçün sürücü maşını aramla sürürdü. Bu gedişlə biz gecikəcəyik, - düşündükcə qanı qaralırdı.
-Əmi, burada bir çətin yer var, işğın gedən yerdi. Yağış, qar yağan kimi yol paralanır, sürüşür. Ən qorxulusu oradı, onu keçəndən sonra problem yoxdur. Qalan yolu birtəhər gedəcəyik, - sürücü ona ürək-dirək verdi.

Az keçmədi “Villis” işğın deyilən yerə yaxınlaşanda sürücü maşını saxladı.
-Nə oldu, niyə saxladın?
-Əmican, görürsən qar yığını sürüşüb yolu tamam örtüb, görünmür. Necə sürüm? Yolu gərək görəm ki, sürüm də...
-İndi bəs necə olsun?
-Maşında “lopatka” var. “Lopatka”nı götürüb yolu təmizləməliyik, başqa çarəsi yoxdur.
-Ay oğul, bu qədər yolun qarını biz nə vaxta təmizləyib qurtararıq? Mən çata bilməyəcəyəm dəfnə.
-Tezləşməsini istəyirsənsə, gəl belə et, - əli ilə aralıdakı kəndi göstərdi, - keçib əziyyətdən, get o kəndə, görsənən həyət traktorçunundu, ona xahiş et, gəlsin yolu tez təmizləsin. Yoxsa, “Lopatka” ilə təmizləmək  çox vaxt aparacaq.

Allah çarəsini kəsmişdi, hər kəsə yalvarıb-yaxarmağa hazır idi. Təki dəfnə gecikməsin.

O, qara bata-bata yoxuşdakı kəndə sarı yol aldı. Bir neçə dəfə sürüşüb yıxıldı, yaxşı ki, bərk əzilmədi. Sürücünün göstərdiyi həyətə girib, traktorçunu harayladı:
-Ay traktorçu qardaş, kömək elə bizə, Allah xatirinə...

Əvvəlcə bir başıbağlı qadın evin qapısından boylandı.
-Ay bacı, yoldaşına de, çölə çıxsın, xahişimiz var.
-Yoldaşım evdə deyil.
-Paho... batdım ki,.. bəs haradadı?
-Qardaşıgildədi...
-Uzaqdadı qardaşıgili? Bacı yolda qalmışıq, yasa gedirik. Allah xatirinə, uşağı göndər, onu çağırt, gəlib bizə yol açsın.

Yas sözünü eşidən qadın, tövrünü dəyişdi, tələsdi:
-Bu dəqiqə uşağı göndərərəm, çağırar.

Traktorçunun gəlməyi on beş dəqiqə çəkdi.
-Qardaşoğlu, sənə qurban olum, atam rəhmətə gedib, dəfninə tələsirəm, yolu qar örtüb, traktorunla yolu təmizlə, mən dəfnə çatım...
-Əmi, Allah rəhmət eyləsin, vallah, traktorda “salyarka”m yoxdur, qurtarıb. “Xod”laya bilmirəm.
-Qonşulardan soruş, gör kimdə var pulunu verim al, sənin də hörmətini edəcəyəm.

O, cibindən bir neçə onluq çıxarıb traktorçuya verdi. Traktorçunun  “salyarka”nı   tapıb, traktoru işə salması yarım saat oldu.

Daha yarım saat da vaxt yolun təmizlənməsinə sərf edildi. Saat elə bil uçurdu. Heç ayrı vaxt dəqiqələr belə tez keçmirdi. Zaman üç tamam olub dördün yarısına addımlamışdı. Deyilən vaxtdan keçmişdi. Görəsən onu gözləyib dəfni saxlayarlarmı, - fikirləşirdi. Axı, Murada yalvarmışdı ki, onu gözləsinlər. İnanmırdı Murad, o, çatmamış kişini dəfn etməyə qərar versin.

Nəhayət, yol açıldı. “Villis” yenə qarlı yolda aramla irəliləməyə başladı.
-Əmi, daha çətinliklər arxada qaldı, uzağı bir saata kənddəyik.

Darıxdığından əsəbləri gərildiyindən başqa söz demədi:
-Sür, bacardığın qədər tez sür, - dedi.

Saat beşə az qalanda maşın kənd görünən yerə çatdı.
-Hə, əmi, şükür ki, çatdıq, - sürücü sevinclə dilləndi.

Ağ qara bürünən kənd uzaqdan göz oxşayırdı. Nəzərini kəndin yuxarısındakı qəbiristanlıqdakı adamların qaraltıları cəlb etdi: deyəsən onu gözləməyə səbrləri çatmayıb, qəbiristanlıqdadırlar... Halı dəyişdi, axşamdan bəri içinə yığılan qəhər boğazında düyünləndi. “Demək, o, atası ilə vidalaşa bilmədi, demək, o, son nəfəsinədək atasını xatırlayanda həmişə vicdan əzabı çəkəcəkdi. Niyə belə olsun, nə üçün?..”

Yaxınlaşdıqca hərəkət edən adamların üzlərini kəndə sarı çevirdiklərini təxmin etdi:  
-Sən çatdın, amma, mən deyəsən çata bilmədim, - kədərlə dilləndi, - o qaraltıları görürsən? Ora qəbiristanlıqdır, sür birbaşa ora.

Sürücü onun qəmləndiyini görüb dinmədi.

Zənnində yanılmamışdı. Adamlar onun atasını dəfn edib geri, kəndə qayıdırdılar.

Maşını saxlayıb kiminləsə görüşmək halı yox idi. O, indi hamıya nifrət edirdi. “Yarım saat da olsa, gözləsəydilər dünya dağılardımı, başınıza uçardımı, yaramazlar! Qoymadız cənazəsini, dəfnini də olsa görüm, sizi lənətə gələsiz,”- əsəbindən göz yaşlarını saxlaya bilmirdi:
-Saxla burada, gözlə məni.
Qəbiristanlığın önündə tələsik maşından düşüb heç kimə baxmadan, əhəmiyyət vermədən məzarların arasındakı yeni torpaqlanmış kiçik təpəciyə tərəf addımladı.

Adamların arasından çıxıb ona yaxınlaşmaq istəyən Murad çağırdı:
-Səid, bir dəqiqə dayan...

O addımlarını saxlamadan çevrilib qardaşına qışqırdı:
-Sənə yalvardım axı, məni gözləyin. Niyə gözləmədin, niyə tələsdin?..
-Səid, söz verdiyim kimi üçədək gözlədik, sonra bir saat da artıq gözlədik. Dördü keçəndən sonra kənardan gələn camaatı gözlətməyək, dedilər. Sən heç axır nəfəsində də gəlməmişdin deyə, ümidimiz yox idi gəlib çatmağına...

Elə bil kürəyinə bıçaq saplandı qulağına dəyən “axır nəfəs”dən. Yerində dayandı, hiddətlə qardaşına baxdı:
-Gəlmə yaxın, get burdan, imkan ver torpağı ilə tək qalım. Heç kimi görmək belə istəmirəm...

Murad onun qəzəbli gözlərini görüncə susaraq geri döndü. Camaata qarışıb uzaqlaşdı. O, qəbrin önündə arxası kəndə çöməlib günahkar uşaq sayaq əlləri ilə üzünü örtdü...
“Ata, sən haqlı çıxdın, neyləyəsən o oğulu ki, nə axır nəfəsinə, nə də dəfninə çata bilmədi, - hıçqırtısını saxlamağı bacarmadı, - dünyamı dəyişən günü birinci səninlə görüşəcəyəm, ata...”

Niyə, o, ləngidi? Niyə yol qarla örtülüb itdi? Bəlkə, atasının incik ruhuydu yolu bağlayan, onu ləngidən, açığından dəfnə çatmağa imkan verməyən?..

 Heç nə ilə izahını tapmırdı. Görünür, həyatda insanın anlamağa gücü çatmayan hələ çox şeylər vardı. Sağlığında yetərincə bilmədi atasının qədrini. Ötən həftə çağırılanda kaş ki, gələydi, atasını gözüyolda qoymayaydı... Deməli, o, bu cəzaya layiqdi.

Hələ harasıdır... Şübhəsiz, həyat ona da “borclu” qalmayacaqdı. Üç oğulundan - ən azından biri, Türkiyədə oxuyub qalanı, güman ki, onun da gözünü yolda qoyacaqdı.

 Ah, çəkib uşaqlıqda atasının öyrətdiyi duanı oxumaq üçün ayağa durdu: “Gərək belə olmayaydı, ata! Çox heyf ki, taleni, olanları, olacaqları dəyişmək mümkünsüzdü...”

O, boğazına yığılmış qəhərini boşaldanadək ürəyində atası ilə danışıb, vidalaşıb “Villis”ə qayıtdı.
-Sür, şəhərə qayıdıram.
-Əmi, bəs evə dəymirsiz?
-Yox, istəmirəm kimsəni görüm...

Hamıdan küsmüşdü. Qardaşından, onu arvaddan qorxan hesab edən anasından, kənd camaatından, elə özündən də ömürlük küsmüşdü...

 
 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)