Edebiyyat.az » Proza » Akutaqava Rünesko - Bataqlıq

Akutaqava Rünesko - Bataqlıq

Akutaqava Rünesko - Bataqlıq
Proza
nemət
Müəllif:
15:52, 11 yanvar 2020
1 562
0
Akutaqava Rünesko - Bataqlıq


 

Bu əhvalat bir yağışlı gündə, nahardan sonra olmuşdu. Şəkil qalereyası zallarının birində yağlı boya ilə işlənmiş bir şəkil tapdım. “Tapdım” demək bəlkə də bir az böyük çıxır, çünki məhz belə deməyə əsas yoxdu; axı yarıqaranlıq küncdə ancaq bu şəkil asılmışdı, yalnız o idi dəhşətli dərəcədə kasıb çərçivəyə salınan, elə bil asan kimi də unutmuşdular. Şəkil “Bataqlıq” adlanırdı, müəllifi tanınmış adam deyildi. Şəkildə vur-tut lilli su, nəm torpaq, birdə bu torpaqda sıx bitmiş ot və ağaclar təsvir olunmuşdu; burada adi tamaşaçının nəzərini cəlb edəsi, demək olar, heç bir şey yox idi.


Qəribəydi, belə ağaclıq çəkmiş rəssam, qətiyyən yaşıl rənglərdən istifadə eləməmişdi. Qamışlıq, qovaqlar, əncir ağacları – hamısı bulanıq sarı rəngdəydi. Adamı əzən sarı rəngdə, çiy gil rəngində. Doğrudanmı rəssam yaşıllığı bu rəngdə görmüşdü? Yoxsa nə üçünsə bu rəng onun xoşuna gəlirmiş və qəsdən onu gözə çarpdırmaq istəmişdi? Sarsılmış halda şəklin qarşısında dayanmışdım, bu sual mənə əzab verirdi və nə qədər çox baxdıqca, şəklin özündə necə böyük məna gizlətdiyini o qədər aydın başa düşürdüm. Xüsusilə də ön plandakı torpaq, – torpaq o qədər inandırıcı çəkilmişdi ki, addımını ona necə qoyduğunu, topuğunadək hamar, titrək lehməyə necə batdığını aydınca hiss eləyirdin. Yağlı boyayla çəkilmiş çox da iri olmayan bu şəkildə, təbiətin məğzini mümkün qədər kəskin verməyə çalışan bədbəxt rəssamı görürdüm. Bu sarı bataqlıq mənə hər bir sənət incisi qədər sarsıdıcı, dərin təsir edirdi. Qalereyanı dolduran irili-xırdalı şəkillərin arasında öz gücünə görə bu əsərə bərabər ikinci bir şəkil tapılmazdı.

– Siz, deyəsən, mat qalmısınız? – kimsə əlini çiynimə şapıldatdı, elə bil məni qanacaqsızcasına yuxudan oyatdılar, həmin hisslə çevrildim. – Hə, buna necə baxırsan?

O, təzəcə qırxılmış çənəsini saymazyana şəklə tərəf uzatdı. Modalı qəhvəyi pencək, qıvraq bədən, özündənrazı görünüş – qəzetlərin birinin ədəbi tənqidçisiydi. Yadıma düşdü ki, artıq ilk dəfə deyil məhz bu tənqidçi məndə xoşagəlməz hisslər oyadır və çox könülsüz cavab verdim:

– Şedevrdi!

– Şedevr?! Qəribədi! – Tənqidçi qarnı atıla-atıla güldü.

Yaxında dayanmış bir neçə tamaşaçı, sözləşiblərmiş kimi, onun gülüşünə eyni vaxtda dönüb bizə sarı baxdılar. Mən özümü lap naqolay hiss elədim.

– Qəribədi! Yeri gəlmişkən, bilirsinizmi, rəssam heç də sərgini təşkil eləyənlərdən deyil, di gəl həmişə bu rəsmi göstərməyə can atmışdı deyə, mərhumun ailəsi münsiflər heyətini yalvar-yaxarla razı saldı, axır ki, onu götürüb bu küncə dürtdülər.

– Mərhumun ailəsi? Deməli, şəklin müəllifi ölüb?

– Hə, ölüb. Ancaq elə sağlığında da ölüydü.

– Bunu necə başa düşək?

–  Artıq çoxdandı özünü bilmirdi.

–  Bunu da o vaxt çəkib?

– Əlbəttə! Hansı ağıllı adam bu rəngdə şəkil çəkər. Sizsə hələ heyran da olmusunuz, qəribə deyilmi!

Tənqidçi yenə razı-razı güldü. O, şübhəsiz, mənim öz nadanlığımdan utanacağımı yəqinləşdirmişdi, həm də, görünür, öz üstünlüyünü hiss elətdirmək istəyirdi.

Təəssüf ki, onun ümidini qırdım. Onu dinlədikcə məğrurluğa bənzər bir hiss get-gedə məni həyəcanlandırırdı. Həmin həyəcanla təkrar-təkrar şəklin seyrinə daldım. Və  bu balaca kətana baxdıqca mən yenə dəhşətli səbirsizlikdən, həyəcandan iztirab çəkən bədbəxt rəssamı gördüm.

– Hə, görünür, istədiyi heç cür alınmayıb, alınmayıb deyə başına hava gəlib. Bütün məsələ bundadı!

Və eyni açılmış tənqidçi, demək olar ki, sevincək gülümsədi. Öz həyatını qurban verən adsız-sansız sənətkarın adamlardan, cəmiyyətdən aldığı yeganə mükafat bax bu idi.

Bədənimdən güclü bir titrəyiş keçdi; mən yenə, artıq üçüncü dəfə baxışlarımı kətana zillədim. Orda qəmli səmayla qəmli su arasında son dərəcə böyük qüvvə bahasına – təbiət biz özümüzük – çiy gil rəngində qamışlar, qovaq, əncir ağacı yaşayırdı.

– Şedevrdi!

Mən bu sözü qürurla, inamla tənqidçinin düz gözünün içinə baxa-baxa təkrar elədim.


Aprel 1919-cu il.

Tərcümə: Saday BUDAQLI

Sim-sim.az
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)