Edebiyyat.az » Söhbət » Fuad Poladov (müsahibə)

Fuad Poladov (müsahibə)

Fuad Poladov (müsahibə)
Söhbət
admin
Müəllif:
22:43, 11 iyul 2020
1 229
0
Fuad Poladov (müsahibə)



 O vaxtlar üç aylıq yay tətilini ana nənəmin yanında – İsmayıllıda keçirirdik. Kənd həyatı insan üçün həm uşaqlıq məktəbidir, həm də təbiətlə tanışlıq dövrüdür. Məsələn, mən üzməyi dənizdə yox, çayda öyrənmişəm, kənddə at çapmışam, ağaca çıxmışam. İlk dəfə teatrla bağlı “eksperimentlərimi” – səhnəciklərimi də orada göstərmişəm. Rayonda olduğum dövrlər yaddaşımda çox işıqlı bir xatirə kimi qalıb.
Mənim oynadığım rollar da, əsasən, şəhər tipajları, şəhər uşaqları olub. Amma “Küçələrə su səpmişəm” filmindəki Xəlil, bir də Dram teatrında “Darıxma, ana” tamaşasında oynadığım Aftandil obrazları rayonda oxuyub böyüyən obrazlardır. Belə obrazları yaradanda, əlbəttə, uşaqlıqda ətrafımda olan uşaqlardan nə isə əxz etmişəm, yadda qalan nələrisə həmin obraza qatmışam.
Yadıma gələndən, daha doğrusu, hələ məktəbə getmədiyim illərdə hardansa aktyorların şəkillərini tapır, qəzet köşklərindən əcnəbi aktyorların şəkillərini alıb alboma yapışdırırdım. Yadıma ilk gələn o albomdur. Sonra, gördüyünüz kimi bu uşaq həvəsi cücərdi, böyüdü, qol-qanad açdı.
Azdrama”dan Rus Dram Teatrına keçdim, daha sonra İttifaqın nəzdindəki Zəfər studiyasında çalışdım. Bu dəyişikliklər darıxmaqla yox, axtarışla bağlı idi. Oturub nə isə gözləmək mənə xas deyil. Dayanmaq sənət adamı üçün durğunluqdur. Hiss edəndə ki, burada baş verənlər səni qane etmir və başa düşürsən ki, nə isə yeni bir şey axtarmaq lazımdır. Mən də həmişə axtarışlara üstünlük vermişəm və tapmışam. Məsələn, əgər ancaq “Azdrama”da qalsaydım, heç vaxt Çexovu və ya bir çox dünya dramaturgiyasından olan müəllifləri oynaya bilməzdim.
Hamletin yaşı yoxdur. Hamlet elə bir zirvədir ki, onu hər aktyor, hətta aktrisa da fəth etmək istəyir. Fransız aktrisası Sara Bernar belə, bu obrazı canlandırıb. Bir də ki, 50 yaşını keçən adam Məcnunu, Koroğlunu oynaya bilər, Hamleti oynaya bilməz? Hamlet çox mürəkkəb obrazdır və burada əsas məsələ sənin bu obrazla nə demək və necə demək istədiyindir. Məsələn, “Olum, ya ölüm?” monoloqunu sən bugünkü tamaşaçıya nə deyərək çatdırırsan? Onda hansı hissləri oyadırsan?
Qəhrəmanlarımla mənim aramda elə bir bənzərlik, yaxınlıq yoxdur. Bircə Xəlil obrazını vurğulamışam həmişə. Çünki onun düşdüyü vəziyyətlərə, mən düşmüş olsaydım, adekvat addım atardım. Aktyor hansısa qəhrəmanda hansısa cəhəti sevib onu canlandırır. O qəhrəmana valeh olur və deyir ki, görəsən, bunu səhnədə necə canlandırmaq, necə yaratmaq olar. Obraz nə qədər mürəkkəb olsa, aktyor üçün bir o qədər maraqlı olur. Hər bir tamaşaçının da öz qəhrəmanı var. Buna görə, tarixi şəxsiyyətləri, tanınmış qəhrəmanları oynamaq çox çətindir. Kinoya, teatra bir balaca marağı olan tamaşaçının beynində, içində öz Hamleti olur. İndi sən Hamleti elə yaratmalısan ki, həm onunku olsun, həm də onunku olmasın, səninki olsun.
Bir diletant sual var: “Obraz üzərində necə işləyirsiniz?” Bu sualın cavabı yoxdur. Deyim ki, oxudum, öyrəndim, məndən əvvəl oynayan aktyorların ifasına baxdım, yerişini fikirləşdim, sözlərini əzbərlədim və çıxdım oynadım. Onda hər adam deyər ki, bunu mən də eləyə bilərəm. Amma burada elə incə nüans var ki, onu sözlə ifadə etmək olmur. Elə bil şairə deyirsiniz ki, şeiri necə yazırsan? Belə bir deyim var, “hiss olunur, amma izah olunmur”. Necə yaratdığımı hiss edirəm, ancaq sözə çevirə bilmirəm. Amma hazırlıq prosesində, məşqlərdə onun necə canlandığını, ürəyinin, başının, gözünün nə vaxt yarandığını hiss edirəm, duyuram və bilirəm ki, hazırdır.
Hələ cavan vaxtlarımda rus rejissorlarından birinin bir fikrini oxumuşdum. Bu söz həmişə beynimdə fırlanırdı: “Nə qədər böyük aktyor, o qədər böyük pauza”. Fikirləşirdim ki, bunun sirri nədir, sükutu necə oynamaq olar. Sonra filmdə bunun əyani sübutlarını gördüm. Bir dəfə televiziyada məşhur bir müğənni oxuyurdu. Arxada dayanıb, skripkada onu müşayiət edən ortayaşlı bir qadın var idi. Öz partiyasının başlamasını gözləyirdi. O skripkaçının sükutu məni daha çox cəlb edirdi, nəinki müğənninin ifası. Bu qənaətə gəldim ki, o musiqinin içində daha dərindir, daha çoxdur. Əgər aktyor həqiqətən yaratdığı qəhrəmanı səhnədə yaşaya bilirsə, o susanda da maraqlı olur. Səhnənin hansı küncündə dayanırsa-dayansın, maraqlı olur. Əgər sən həqiqətən yaşayırsansa, o obrazda və vəziyyətdəsənsə, tamaşaçı üçün maraqlı olacaqsan. Mən sükutun sirrini bunda görürəm.
Pauza o demək deyil ki, sən səhnədə dayanıb, susasan və sadəcə, nəfəs alasan. Yaşamalısan, o danışanda sən nə düşündüyünü çatdırmalısan. Bəzən filmdə iki nəfər söhbət edir, biri danışır, o biri ona qulaq asır. Bəzən görürsən ki, o qulaq asan sənin üçün daha maraqlıdır. Çünki onda ikinci plan, üçüncü plan işləyir, o, düşünür ki, “Bu mənimlə niyə belə danışır?”, “Bu sualı niyə verdi?”, “Məndən nə cavab gözləyir?”
Deyirlər, aktyorluq peşədir, amma zahirən belə görünür, əslində olduqca ağır işdir aktyorluq. Aktyorluq yarım Allahlıq kimi bir şeydir. Sən vərəqlərdə yazılan sözlərə can, ruh verirsən. Sözdə mövcud olan adamı səhnədə canlandırırsan. İndi bu peşə ucuzlaşıb. Kimə daş atırsan, aktyora, dramaturqa, ssenaristə, rejissora dəyir. Əslində, çox çətin, həm də maraqlı sənətdir. Gərək, xəstələnə biləsən, bu xəstəliyə yoluxasan. O xəstəliyə yoluxdunsa, nəsə alınacaq, yoluxmadınsa, elə belə gəlib gedəcək, ucuzlaşacaqsan. Bütün bu ucuzlaşmalar da hamısı təzyiqlədir. Elə bil ekrandan da, tamaşaçı salonundan da baxırsan ki, aktyor sənə təzyiq edir. Təzyiq edir, “mənə bax”, “mən yaxşıyam” deyir. Amma tamaşaçıya təzyiq yox, təsir etmək lazımdır. Biz təsirlə təzyiqi səhv salmışıq.
Sezar, Əmir Teymur, Napoleon, Qacar, Timon... Onlarla tarixi qəhrəmanı oynamışam. Amma Napoleon mənə həddindən artıq maraqlı gəlir. Onun həyata baxışı, dövrü, siyasəti, başqalarından fərqli davranışları olduqca maraqlıdır. Makiavelli hakimiyyəti, siyasəti ən yaxşı bilən yazarlardan biri idi. Napoleon isə deyirdi ki, Makiavellinin siyasətdən xəbəri yoxdur. Napoleonun dövrü və həyatı mənə daha cəzbedici gəlir. Real həyatda isə mən özüm üçün qəhrəman axtarmıram. Qəhrəmanlarım səhnədədir.

Əslində, sənət həmişə bir addım öndə, bir pillə yuxarıda olmalıdır. Səhnə, podium nə üçündür, ora niyə çıxırsan? Tamaşaçı sənə ona görə aşağıdan yuxarı baxır ki, ona nə isə çatdırasan. Bu gün teatr, dramaturgiya, sənət öz tamaşaçısından geri qalıb. Teatrın zamanla ayaqlaşmaq problemi var. Əgər müasir dramaturgiya qıtlığıdırsa, klassikaya müraciət etmək lazımdır. Amma klassikaya da müntəxəbat, söz yığını kimi yanaşmaq olmaz. Tamaşaçıya nə demək, nəyi çatdırmaq istədiyini yaxşı bilməlisən. Yoxsa, repertuarı, səhnəni tarixi şəxsiyyətlərlə doldurmaq nəyə lazımdır?
Brejnevin dövründə deyirdilər ki, Azərbaycan iri addımlarla irəliləyir, indiki dövrdə Azərbaycan “şiroko şaqat” eləmir, elə bil qaçır, harasa tələsir. Tələsəndə də sən ətrafındakıları görmürsən ona dəyirsən, bunu yıxırsan. Qaçanda sən teatr, kino üçün əsas olan şeyi insan amilini unudursan. İnsan amili olmayanda diqqət də olmur, bizim millət isə diqqəti sevir.
Bu gün teatrla yaşayan, dramaturgiya ilə həqiqətən məşğul olan şəxs Əli Əmirlidir. O, həqiqətən bu xəstəliyə yoluxub, bu sahədə püxtələşib. İkinci belə bir adamın adını çəkmək çətindir. Olanlar da teatra yuxarıdan aşağı baxır, deyir “əşi, yazaq verək də, oynasınlar”. Mən də gedib baxaram, əl çalaram, səhnəyə çıxaram.
Neçə ildir İlqar Cahangirin, Elşən Rüstəmovun yaradıcılığını izləyirəm. Hikmət Rəhimov, Anar Heybətov da istedadlı və ümidverici gənclərdir. Onların işlərinə maraqla baxıram, uğurlarına öz uğurum qədər sevinirəm. Görürəm ki, seçdikləri yol düz yoldur. Amma bəzən görürsən ki, azdırmağa çalışırlar, lazım oldu-olmadı yükləyirlər. Tofiq Kazımov teatra dəvət etdiyi gənclərin 2-3 illik repertuarımı əvvəlcədən müəyyən edirdi. Ona görə də teatra hökmən yaradıcı rəhbər, yəni baş rejissor lazımdır. Onun missiyası həddindən artıq böyükdür. Hər rəhbər baş rejissor ola bilməz, hər rejissor da rəhbər. Bu mənada Ədil İsgəndərov və Tofiq Kazımovun adları Azərbaycan teatr tarixində qalıb və qalacaq.
Stanislavski deyir ki, bir var özünü sənətdə sevmək, bir də var sənəti özündə sevmək. Özünü sənətdə sevmək odur ki, gəldin, tamaşanı hazırladın, alqışları aldın və getdin. Sənəti özündə sevəndə isə, onun ağrısı da, sevinci də sənin üçün doğma olur.
Kino ilə müqayisədə teatr aktyorun istedadsızlığını daha tez və qabarıq üzə çıxarır. Bu gün baxdığınız seriallarda çox nadir hallarda peşəkar aktyorlar görmək mümkündür. Aktyorluğu o qədər ucuzlaşdırıblar ki... Serialda, kinoda bu mümkündür, amma teatrda aldatmaq mümkün deyil. Səhnə güzgüdür və hər şeyi olduqca şəffaf göstərir. Səhnədə aldatmaq və gizlənmək olduqca çətindir.
Kino ilə müqayisədə teatr mənim üçün daha doğmadır. Əgər seçim qarşısında qalsam ki, teatrda da, kinoda da ürəyim istəyən rolu oynayım, mən teatrı seçərdim. Mən səhnəni, səhnədə gedən prosesi çox sevirəm. Kino bir qədər texniki, mexaniki işdir. Düzdür, böyük aktyor orda da böyük aktyordur, burda da. Teatrda ən incə detal belə tamaşaçının gözü qarşısında baş verir.
Özümü bədii qiraət ustası hesab etmirəm. Düzdür, pis oxumuram, sadəcə, özünəməxsus ifadə etməyə çalışıram. Məni ifadə edən misra yəqin ki, Bəxtiyar Vahabzadənin “bircə ondan razıyam ki, özümdən narazıyam” misrasıdır. İstəyirəm ki, son nəfəsimə qədər bu narazılıq davam etsin.

Ömrümün 40 ildən çoxu Sovet dövründə, qalanı da müstəqillik illərində keçib, heç birində rahatlıq tapmamışam. Mən ümumiyyətlə, rahatlıq axtaran adam deyiləmmən həmişə problem axtarmışam. Mən narahat olanda rahat oluram, narahatamsa deməli, mən yaşayıram. Hər şey səni narahat edir, düşündürür, səbəbi axtarırsan, analiz edirsən. Buna görə harada olmağımdan asılı olmayaraq həmişə bir dənə amalım olub: “İrəli, irəli, irəli”.
Bir dəfə məclislərin birində rəhmətlik Yaşar Nuri mənə yaxınlaşdı. Teatrdan 5-6 il idi ki, ayrılmışdım. Qucaqladı məni, dedi ki, hər şey var, ev də var, maşın da var, ad da var, bircə şey yoxdur – Teatr. Hər şey var, əsas şey yoxdur. Yaşar Nuri demiş ad var, amma o adı doğrultmaq da var. Televiziyaya çıxıb, teatr eksperti kimi danışmaq asandır. Özün çıxıb səhnədə nəsə göstərməlisən. Bizim sənətimiz ordadır. Nümunəni səhnədə göstərmək lazımdır.
Yaşlı aktyorlar giley-güzar edir ki, gənclər gəlib bizimlə məsləhətləşmir. Biz özümüzdən böyüklərin sözündən çıxmırdıq. Onda fikirləşmək lazımdır, görəsən niyə məsləhətləşmirlər? Deməli məni bəyənmirlər ki, gəlib məsləhətləşmirlər də. Axı böyük olmaq üçün də nəsə etmək lazımdır. Mən bütün tamaşalarımı təhvil verəndən sonra iki nəfərin həsrətində olmuşam - Məlik Dadaşov və Hökumə Qurbanovanın.
Adını çəkdiyim aktyorlar o biri dünyada yapışacaqlar yaxamızdan. Biz sizə ümid bəsləyirdik, teatrı niyə bu günə qoydunuz? Bunun da məsuliyyətini dərk edirəm. O biri dünyaya üzüqara getmək istəmirəm. O biri dünyaya inansam da, inanmasam da hər insanın içində bir hesablaşma var, onlarla hesablaşırsan, danışırsan axı hərdən.
İsrafil İsrafilovla bir kursda oxumuşuq. Teatra direktor təyin olunanda dedim: “İsrafil, son şans verilib. Son şans verilib ki, o dünyaya üzüağ gedək. Elədik, elədik, eləmədik cavab verə bilməyəcəyik”.
Öz təcrübəmə əsasən deyirəm ki, Milli Dram Teatrının indiki rəhbərliyi qədər gənc rejissor və aktyorlar üçün münbit şərait yaradan rəhbərlik olmayıb. İsrafil İsrafilov “bəyənmirəm” deyən rejissorları teatra çağırdı, dedi ki, gəlin, tamaşa qoyun, daha yaxşısını hazırlayın. Aktyorlardan da soruşdu ki, nə oynamaq istəyirsiniz? Buyurun, gəlin, oynayın. Necə deyərlər, bu meydan, bu da şeytan. Aktyorlar var idi, yaşları 60-ı haqlamışdı. Deyirdilər ki, ömrümüz getdi, bizə şərait yaradılmadı. Onlara da deyildi ki, gəlin, oynayın. Amma təzyiqlə yox, təsirlə oynayın. Meydan yaranandan sonra da gördük ki, “kral çılpaq” imiş.
Aktyor olsa da, olmasa da, gərək insan fərdiyyətini yaratmağı bacarsın. Həmişə bir fərd kimi özümü formalaşdırmağa çalışmışam. Hər bir sənətkar buna can atmalıdır. Vaxtilə Ədil İsgəndərovun, Tofiq Kazımovun oturduğu kabinetdə oturub onlar kimi olmaq olmaz. Gərək özünü tapasan. Baxıram ki, teatrda bəzi aktyorlar korifey sənətkarların geyindiyi otaqda yer veriblər, onlar da elə bilir ki, bu yeri həmin korifey sənətkarların səviyyəsində olduqları üçün qazanıblar.
Mən filankəsin davamçısı, təkrarçısı yox, özüməm. Bir gün xalq rəssamı Altay Hacıyev dedi ki, portretimi çəkmək istəyir. Əsər hazır oldu, yuxarıda Ələsgər Ələkbərovun, aşağıda mənim şəklim, ortada isə Dram teatrının binası əks olunmuşdu. Portretin də adını “Nəsillərin dialoqu” qoymuşdu. Bəlkə də tablonun adı “Nəsillərin davamı” olsaydı, məni qane etməzdi. Çünki dialoq davam edir. Mən isə həmişə bu ünsiyyətin tərəfdarı olmuşam.
Darıxmaq, narahatçılıq özündən narazılıqdır əslində. “Mən bundan da yaxşı edə bilərəm”di darıxmaq. Bilirəm ki, bunun zirvəsi yoxdur, daxilən öz gücümə bələdəm və bilirəm ki, bundan da yaxşısını edə bilərəm. Bax, o narahatçılıqdı. Daha yaxşısını etmək, teatrın daha yaxşı vaxtlarını görmək narahatçılığı var.

Hazırladı: Leyla Əliyeva
Mənbə: Kulis.az
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)