Aysel Atəş - Azərbaycanda yazara verilən dəyərlə Türkiyədəki dəyər arasında uçurum var.
Söhbət
Aysel Atəş - Azərbaycanda yazara verilən dəyərlə Türkiyədəki dəyər arasında uçurum var.
- Xoş gördük, Aysel Ateş Abdullazadə. Cəhənnəm istisini xatırladan iki min iyirminci il necə keçdi?
- Xoş gününüz olsun! Doğrudur, 2020 ağır il oldu. Virus bəlası bütün dünyanı qarışdırdı. Amma biz yaradıcı insanlar üçün o qədər ağır oldu, pis keçdi deyə bilməyəcəm. Onsuz da evini sevən, evdə rahatlıq tapan biri olaraq karantin rejimi mənə nələrsə qatdı, əksiltmədi. Yarım qalan yazıları tamamlamaq, yarımçıq kitabları oxuyub bitirmək, daha çox yazmaq, bütün bacara bildiyim işləri toparlamaq üçün karantinli aylar əlverişli oldu. Ertələnən işlər üçün əlverişli zaman yarandı. Bu zamandan istifadə etmək isə insanın iradə və məharətindən asılı idi. Çox gileylənən, hər şeydən narazı olan insan elə bu dönəmdən də narazı qaldı. Kiçik bir zaman dilimini dəyərləndirənlər üçünsə qızıl kimi dəyərli istifadə edildi bu 5-6ay. Türkiyədə xeyli müddətdir, hər şey normallaşdığı üçün burada bu dönəm daha qısa oldu. Azərbaycanda hələ indi indi yumşalma gedir.
- Türkiyə ədəbiyyatına keçmək problemlər yaratmadı? Həm dil, həm də öyrəşmək baxımından?
- Yox! Mən Azərbaycanda olanda da elə Türkiyə türkcəsində yazırdım. Xüsusilə şeirlərimi bu türkcədə daha dolğun ifadə etdiyinə inanıram. Dili yaxşı bilirdim, Türkiyəyə gələndən sonra daha da təkmilləşdirdim. Oxuduqca, yazdıqca insan daha çox öyrənir. Praktik öyrənmə hər zaman daha uğurlu hesab edilir. İndi artıq Azərbaycan türkcəsində yazmağı bəzən qarışdırıram. Çünkü günlük məişət dili, yazılarımın dili bu türkcədə olduğu üçün insan yadırğayır.
Türkiyə ədəbiyyatı və medyasına keçmək, bu yolda addımlar atmaq mənim üçün çətin olmadı. Çünkü həm dili yaxşı bilirəm, həm də bu ölkədə yazıya, ədəbiyyata,sənətə qiymət çox yüksəkdir. Səndəki potensialı görürlərsə, dəyərləndirirlər. 2019-cu ilin Oktyabr ayında Türkiyə türkcəsində ilk kitabım çap olundu. “En Tanıdık Yabancı” adlı romanım Türkiyənin ən nüfuzlu kitab satış mağazalarında və onlayn kitab saytlarında satışa verildi. Və bütün bunlarla yayın evi məşğul oldu. Azərbaycanda yazara verilən dəyərlə Türkiyədəki dəyər arasında uçurum var. 2016-cı ildə Azərbaycanda çıxan “Günəşin Düşmədiyi Odalar” kitabımı öz hesabıma nəşr etdirmişdim. Təqdimat yazarın öz hesabına, görüş yazarın öz hesabına və.s. Belə bir ortamda şairlər və yazarlar da həvəsdən düşür. Kimsənin sizə dəstək olmadığını bilərək topluma, insanlara xidmət edirsiniz və bu xidmət qarşılığında Maddi qazancınız yoxdu. Burada kitabınızı çap edən yayın evi Türkiyənin dörd bir yanında təşkil olunan kitap sərgilərinə yazarını göndərir, orada həm kitabı satılır, həm imza günü və görüşü keçirilir, həm də tanınır. Çox fərqlər var. Azərbaycanda ədəbiyyat sahəsi çox geridədir.
- Şeirlərini qardaş ölkədə necə qarşıladılar?
- Şeirlərim çox yaxşı qarşılandı. Belə də gözləyirdim. Qeyd etdiyim kimi, Azərbaycanda olanda da bu türkcədə yazırdım, buraya gələndən sonra isə tamamilə bu türkcədə davam etdim. Çünkü artıq oxucu çoxluğum burada idi. Həm də bizimkilər bu türkcəni aydın başa düşür, anlayır. Burada isə bizim türkcə anlaşılmır. Türkiyənin ədəbiyyat cameəsinə daxil olanda Azərbaycanca olan bütün şeirlərimi çevirdim bu türkcəyə. Davamlı olaraq da yazıram. Ədəbiyyat sərgilərində nəşr olunur. Bununla yanaşı, İzmirin böyük bir xəbər saytı olan MedyaEge qəzet və onlayn qəzetində hər həftə köşə yazılarım yer alır.
- Türk ədəbi camiyəsi ilə bizim ölkənin ədəbi camiyəsi arasında hansı fərqlər var?
- Fərqlərin olduğunu yuxarıda da qeyd etmişəm. Ciddi fərqlər var. Öncəliklə, dəyər, qiymət məsələsi. Ölkə öz yazarına, şairinə qiymət verməlidir.
Bir də buranın insanı – oxucusu daha duygusaldı, daha tərənnümçüdür. Şeirləri çox sevirlər. Azərbaycanda şeir kitabları təqdimat günündən başqa satılmır. Burada isə elə deyil. Elə şairlər var ki, onların kitabı həmişə soruşulur.
Nəşriyyat sahəsində fərqlər çoxdu. Çox olan şey həmişə seçim yaradır. Nəşriyyat evləri çoxdu. Çox olması ilə yanaşı verdikləri xidmət, kampaniyalar, dəstəklər çox uyğundur. Bəlli aylarda yazarlar üçün kampaniyalar təşkil olunur. Ödənişsiz kitab nəşri yaxud cüzi məbləğ ilə kitab çapı. Bununla bərabər yazara təklif haqqı da ödənir.
Onu da qeyd edim ki, bu ölkədə yazar və şair də bizim ölkədəkilərdən fərqlənir. Adamlar çox ciddi işlə məşğul olduqlarının fərqindədirlər və əməklərinin sui-istifafəsinə əsla yol vermirlər. Müəllif haqqlarına dayanan bütün qanunları bilir və tələb edirlər.
Burada ədəbiyyat sabahın 7-də 28May’ın bir köşəsində qurulmuş xaşxanada 50-50vurmaqdan ibarət deyil. Burada ədəbiyyat deyəndə, 8-10 xalanın yığışıb deyə-gülə iştirak etdiyi təqdimatlardan danışılmır.
Və burada ədəbiyyat, acından ölən, səfil yazar, bomj şair görüntüsünü andırmır.
- İki ölkə ədəbi mühitini tanıyan biri kimi gənc həmkarlarına nə demək istərdin?
- 2014-2017-ci illərdə Azərbaycan ədəbi mühiti demək olarsa, bəli, o mühiti gördüm. Bütün çirkabları, kirliliyi ilə üzdə olan “şair-yazar” tayfasından çox şey “oxudum”, çoxlarını tanıdım. Bizim ədəbi mühitimiz çayxana söhbətini aşa bilməmişdi. Təqdimatlarda, görüşlərdə “padxod” edən dayı tipindən qurtula bilməyən adamların yazdıqlarını oxumağımız təklif olunurdu. Əxlaqsız adam əxlaqdan yaza bilməz. Ədəbiyyat əxlaqdır, düzgün, tərtəmiz bir yoldur. Öz yolunu bilməyən biri nə yazıb ədəbiyyat yaradacaq?
Bu kirliliyin içində təmiz qalan, mənəviyyatı saf və qələmi müdrik insanlar da var. Onlar indi də yaşayır, yazır və yaradır. Mənim həmkarlarım onlardır. Başlarını aşağı salıb lazımınca ciddi ədəbiyyatla məşğuldurlar.
- Şeirlərindəki ruhi tarazlıq, saflıq, eşq oxucunu tilsimləyə bilirmi? Müasir poeziya ilə dil tapırsan?
- Şeirlərimlə bağlı çox dəyərli geri dönüşlər alıram oxuculardan. Şeirləri oxuyanda hiss etdiklərini, o anı yaşadıqlarını qeyd edirlər. Şeir bir az da zövq məsələsidir, məncə. O qədər güclü bir şeir ola bilər, amma mənim ruhuma xitab etmir, məni silkələmir. Şeir yaşantıları toxunanda dəyərli olur oxucu üçün. Özündən, yaşadıqlarından bir parça tapanda özününküləşdirir şeiri. Bu baxımdan yetərincə tilsimləyici şeirlərim var.
- Çağdaş türk şairlərdən kimlərlə münasibətin var?
- Antalyada dəyərli çağdaş yazarlarla münasibətim var. Eylül Ayça Karakuş, Ulviyye Küccük, Zehra Yiğiter və başqaları. Bir araya gəldiyinizdə ədəbiyyatı bölüşürük.
Həmçinin Antalya xaricində başqa şəhərlərdə yazıb-yaradan şair dostlar var. Bunlardan biri Mavi dərginin sahibi Abdo Uçucudur. Çox dəyərli düşüncələri və Türkiyə ədəbiyyatına xidmət edən şeirləri var. Yemlihal Uzunyol, Neslihan Lebriz, Ayşegül Göçmen. Və bizi bu dəyərli qələm sahibləri ilə Mavi dərgi birləşdirib.
- Oxucu olmaq, yoxsa şeir yazmaq?
- An məsələsidir. Bəzən oxucu olub gözəl bir şeylər oxumaq, ruhunu təzələmək, bəzən isə içindəkiləri kağıza tökmək.
- Azərbaycanlı müəllifləri Türkiyədə tanıtmaq üçün nə etməliyik?
- Dəyərli yazarlarımızın kitablarını Türkiyə türkcəsində çevirib satışa çıxarmaq lazımdır. Türkiyə nəşriyyatları ilə danışıb bunu dövlət xətti ilə də etmək mümkündür. Zatən dövlət öz yazarının dünyaya çıxmasında maraqlı olmalıdır. Bunun üçün lazımı qurumlara müraciət olunmalı, çıxış üçün gərəkli hazırlıqlar başlamalıdır.
Bizim burada Antalya-Azərbaycan Kültür və Dayanışma Dərnəyinin bir layihəsi var. Bu layihə ilə klassik Azərbaycan ədəbiyyatı nümunələrini çevirib nəşr etdirəcəyik. Bu, Azəbaycan ədəbiyyatının tanınmasında böyük rol oynayacaq. Həmçinin çağdaş yazarlarımız üçün də bu layihə gerçəkləşdirilməlidir.
- Biz klub və Edebiyyat.az saytının əməkdaşları adından sənə təşəkkürümüzü bildiririk.
- Mən təşəkkür edirəm. Sizinlə ədəbiyyat adına söhbət etmək çox maraqlı oldu.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
LALƏ HÜSEYNOVA - SİRR
Akutaqava Rünoske - Cəhənnəm iztirabları
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Uilyam Folkner: “Yaxşı romançı amoral birisidir”