Edebiyyat.az » Söhbət » Dərviş - ...Düşüncə tərzi keçən əsrdə qalan beyinlərə qarşı müharibə...

Dərviş - ...Düşüncə tərzi keçən əsrdə qalan beyinlərə qarşı müharibə...

Dərviş - ...Düşüncə tərzi keçən əsrdə qalan beyinlərə qarşı müharibə...
Söhbət
admin
Müəllif:
23:32, 13 avqust 2020
1 678
0
Dərviş - ...Düşüncə tərzi keçən əsrdə qalan beyinlərə qarşı müharibə...

 



- Xoş gördük, Dərviş. Vətənin keşiyində duranda yaza bilirdin?

- Xoş gördük. Məhdudiyyətlərlə dolu bir yerdə yalnız yazmaq mənə rahatlıq verirdi. Bir neçə mahnı və ikinci kitabım olan “ŞƏHƏR”i hərbi xidmətdə olduğum müddətdə yazıb bitirdim. Hazırda həmin kitab üzərində işlər gedir.

 

- İlk kitabın sənə gözlədiyin uğuru gətirdimi?

- “BOZ” ilk olaraq özümə yaxşı təsir etdi, bir çox şeyi daha dərindən dərk etməyə başladım. Satış barədə isə qane edirdi deyə bilərəm. Çünki kitab satışa çıxdığı ilk ayda Azərbaycanda ən çox satılan yerli ədəbiyyat siyahısında yer almışdı. Həmçinin hərbi xidmətdə olarkən dəfələrlə kitablarımı sifariş edən əsgər yoldaşlarım var idi. Öz komandirlərimin əlində kitabımı görmək isə açığı desəm sevindirirdi məni. Bütün bunlar yəqin ki, “BOZ”un uğurundan irəli gəlir.

 

- Əsgərlikdən sonra düşüncələrində nə kimi dəyişikliklər baş verdi?

- Əslində yaradıcılıq fəaliyyətimdə ilk addımları atmağa başlamışdım ki, hərbi xidmətə getməli oldum. Amma getməzdən qabaq artıq qayıdarkən nələri edəcəyimin planını beynimdə cızmışdım və hazırda o xətt üzrə gedirəm. Düşüncə olaraq hərbi biliyə yiyələndim və azadlığın həqiqətən hər şeydən üstün olduğunu bir daha anladım.

 

- Müharibə, yoxsa sülh?

- Monoton həyat yaşayan, özünə belə faydası olmayan, düşüncə tərzi keçən əsrdə qalan beyinlərə qarşı müharibə; cəmiyyətə xeyri dəyən, müasir dəbdən çox müasir düşüncəsi olan insanlara qarşı sülh və onlara demək istədiyim cümlə - yaxşı ki, varsız.

 

- Yaradıcılığında hansı üslubdan istifadə edirsən və sevilirmi?

- İlk roman macəra, elm və fantastik olaraq üç janra bölünmüşdü. Məqsəd həm üç fərqli janrı bir kitabda birləşdirərək oxucular arasında birlik, həm də digər janrlara qarşı da həvəsin yaradılması idi. Sevildiyinə gəldikdə isə bir insan sənin kitabının hansısa bir səhifəsini oxuduqdan sonra “mən azadam” deyə qışqırırsa, bir insan kitabın müəyyən bir yerini oxuduqdan sonra göz yaşlarını saxlaya bilmədiyini deyirsə, bir insan elmi janrda olan məlumatlardan sonra sənə təşəkkürünü bildirirsə demək müəyyən mənada onlara təsir etməyi bacarmışam. Yazdığım kitabı sevmələri elə onu yazan şəxsi də sevmək sayılır. Bu sevgi isə böyük motivasiya olur mənə. Buna görə də həmin oxuculara çox sağ ol deyirəm.

 

- Həmkarlarınla münasibətin nə yerdədir?

- Ətrafımda xeyli yazıçı və şair tanışlar var. Bəziləriylə mütəmadi olaraq görüşürəm, bəzilərini isə ancaq hansısa təqdimat və ya bu kimi məclislərdə görürəm. Ümumi olaraq münasibətim yaxşıdı. Məncə, öz üzərlərində daha çox işləməlidirlər. Çünki daha yaxşısını bacara biləcəklərinə inanıram. Düşünmürəm ki, hələki kimsə zirvədədir və məncə, buna görə mübarizə aparmaq da yersizdi. Zirvədə olduğunu oxucuların bəlli edir. Əks halda Kafka yaxud Dostoyevskinin öz dövrlərində “mən hamıdan yaxşıyam” dediyini düşünmək bir qədər gülünc görünür. Gəlin, çalışaq bu cəmiyyəti irəli aparaq. İnkişafda olan xalqın yazıçısı da irəlidə olacaq.

 

- Yazıçı vətənpərvər olmalıdır?

- Əgər yazıçı yazmazdan əvvəl hansısa cümlələrlə xalqın problemini həll edəcəyini düşünürsə, tanımadığı bir oxucunun “gözünü açmağa” nail ola bilirsə demək o öz vətəninə yardım edir. Ki, bu da sevgidən irəli gəlir.

Hərbidə olarkən oradakı ab-hava çox başqa idi. Bununla bağlı da çox yazım var. Orada olarkən anlayırsan ki, insan nəyə görə vətəni sevməlidir. Bir fikir də bildirmək istərdim. Məncə, yazıçı hərbiçidən daha çox vətənpərvər olur. Çünki hərbiçi bir gülləylə bir düşməni məhv edə bilirsə, yaxşı yazıçı bir qələmlə elə bir cümlə yazar ki, sabahkı gün görərsən bir milyon insan üzü Qarabağa gedir.

 

- Səmimi cavablara görə çox sağ ol. Uğurların bol olsun.

- Təşəkkür edirəm. Sizə də işlərinizdə uğurlar arzu edirəm. Azad qalın.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)