Edebiyyat.az » Söhbət » Fyodor Dostoyevski ilə müharibə haqqında söhbət

Fyodor Dostoyevski ilə müharibə haqqında söhbət

Fyodor Dostoyevski ilə müharibə haqqında söhbət
Söhbət
Necef Esgerzade
Müəllif:
17:56, 12 may 2019
3 180
0
 – Müharibə haqda nə düşünürsüz?
 
-Müharibənin insanlıq üçün bəla olduğu qənaətində olmaq vəhşi düşüncədir. Əksinə, o, ən əhəmiyyətli hadisədir. Siyasi, xalqlararası müharibə bütün münasibətlərə xeyir verir, ona görə də vacibdir.
 
– Axı insanlar bir-birini öldürür, burda vacib olan nədir?

– Əvvəla, insanların müharibəyə bir-birini öldürmək üçün getməsi fikri səhvdir: ilkin planda bu haqda düşünülmür, əksinə, onlar öz həyatlarını qurban verməyə gedir. Bu, tamam başqa məsələdir. Həyatda həmvətənlərini, vətənini qorumaq naminə öz həyatını qurban verməkdən gözəl ideya ola bilməz. Humanist ideyalar olmadan isə insanlıq yaşaya bilməz, Hətta mən təxmin edirəm ki, insanlıq müharibəni məhz bu humanist ideyanı həyata keçirmək üçün sevir. Buna ehtiyac var.

 – İnsanlıq müharibəni sevir?

– Bəs necə? Kim müharibə vaxtı qaçır? Əksinə, hər kəsdə ruh yüksəkliyi yaranır, sülh zamanı olduğu kimi adilik və darıxmaq haqda giley-güzar eşidilmir. Müharibə bitdikdən sonra isə onu xatırlamağı çox xoşlayırlar, hətta məğlubiyyət halında belə riqqətə gəlirlər. Bir də müharibə dövründə bir-biri ilə görüşən zaman insanların başlarını bulaya-bulaya “Nə böyük bədbəxtlik, gör nələr yaşadıq!” dediyinə inanmayın. Bu, sadəcə olaraq, ənənədir. Əksinə, hər kəsin qəlbində toy-bayram olur. Sadəcə, müharibəni tərifləməkdən hamı çəkinir.  

– Yəni müharibə olmadan humanist ideyalar mümkün deyil? Axı sülh vaxtı onların həyata keçməsi daha rahatdır.

– Tamamilə yanlışdır. Əksinə, humanizm uzunmüddətli sülh zamanı məhvə sürüklənir, əvəzində utanmazlıq, biganəlik meydana gəlir.  Uzunmüddətli sülh zamanı sosial üstünlük insanlığın ən pis, kobud tərəfinə keçir. Ən əsası isə var-dövlət və kapital tərəfə. Doğrudur, namus, insanpərvərlik, özünüqurbanvermə hələ ki təqdir olunur, qiymətləndirilir, amma sülh nə qədər çox davam etsə, bütün bu gözəl, əxlaqi nəsnələr solur, quruyur, ölür, zənginlik isə hər şeyi zəbt edir. Axırda ancaq ikiüzlülük qalır. Uzunmüddətli sülh süstlük yaradır, fikirləri qarışdırır, hissləri kütləşdirir, pozğunluğa səbəb olur.

– Bəs elm, incəsənət müharibə zamanı inkişaf edirmi?

– Elm və incəsənət həmişə müharibədən sonrakı ilk mərhələdə inkişaf edir. Müharibə onları yeniləyir, təravətləndirir, təkan verir. Uzunmüddətli sülh zamanı elm də süquta uğrayır. Elmlə məşğul olmaq özünü qurban verməyi tələb edir. Amma gəlin düşünək, neçə alim dünyanın qanayan yarası önündə davam gətirə bilir? O da parlamaq, diqqəti cəlb etmək istəyir. Siz necə düşünürsünüz, həqiqi əməksevərlər çoxmu qalıb? Şöhrət istəyirlər. Buna görə də elmdə şarlatanlıq, effekt arxasınca qaçma, hər şeydən öncə isə faydalanmaq əsas yer tutur, çünki alim də zəngin olmaq istəyir.  İncəsənətdə də eyni haldır: effekt arxasınca qaçmaq. Sadə, aydın, sağlam ideyalar artıq dəbdə olmur. Az-maz ölçü hissi, harmoniya qalır. Hisslərdə və ehtiraslarda isə sanki əyintilər yaranır. Əgər dünyada müharibə olmasaydı, incəsənət çürüyərdi. İncəsənətdəki bütün gözəl ideyalar müharibə, mübarizə tərəfindən yaranıb.
 
– Bəs xristianlıq?

– Xristianlıq müharibə faktını etiraf edir və uzaqgörənliklə qeyd edir ki, qılınc sülhün sonuna qədər gedə bilməz, bu, çox əladır və vəcdə gətirir. Şübhəsiz ki, o, yüksək mənəvi anlamda müharibəni rədd edir və insan sevgisini tərənnüm edir. Qılıncların kotana çevriləcəyi zaman mən özüm hamıdan əvvəl, hamıdan çox sevinəcəyəm. Bəs bu, nə zaman baş verə bilər?  
Bugünkü dünya həmişə və hər yerdə müharibədən pisdir, o qədər pisdir ki, onu qorumaq da  əxlaqsızlıqdır. Qiymətləndirməli, qoruyub-saxlamalı heç nə yoxdur.
Sülh zamanı qorxaqlıq kök salır. İnsan öz təbiəti etibarilə dəhşətli dərəcədə qorxaqlığa, utanmazlığa meyillidir və özü də bunu çox gözəl bilir. Bəlkə də, elə buna görə o müharibəyə belə susayır, onu çarə kimi görür. Müharibə insansevərliyi inkişaf etdirir və xalqları birləşdirir.

 - Xalqları necə “birləşdirir” ki?

– Onları bir-birinə hörmət etməyə məcbur edərək. Müharibə insanları təravətləndirir. Xeyriyyəçilik ən çox elə müharibə meydanında inkişaf edir. Bu hətta qəribə faktdır ki, sülh müharibədən daha çox əsəb yaradır. Gəlin xatırlayaq,  “Krım kampaniyası” zamanı biz ingilis və fransızlara nifrət edirdikmi? Əksinə, sanki onlarla daha da yaxınlaşdıq, doğmalaşdıq. Onların bizim qəhrəmanlığımız haqdakı rəyləri ilə maraqlanırdıq, onların əsirlərini müalicə edirdik. Bizim əsgər və zabitlər atəşkəs zamanı postlara üz tuturdular, hətta az qala, onlarla qucaqlaşır, araq içirdilər.
Müharibə zamanı zülm çəkənlərə hər kəs o anda yardım edir, sülh zamanı isə biz insafa gəlib üç rubl verənə kimi bütün əyalət aclıqdan məhv ola bilər.
– Sizcə, sadə xalq müharibə zamanı daha çox zülm çəkmirmi, başqa yüksək təbəqələrdən fərqli olaraq məhrumiyyətlərə sinə gərmirmi?

– Müharibə məhz sadə xalqa görə ən yaxşı nəticələrə gətirib çıxarır. İstəyirsiniz, lap ən humanist insan olun, yenə də özünüzü sadə insanlardan üstün hesab edirsiniz.
Bizim zəmanədə öz ürəyini xristianlıq ölçüləri ilə kim ölçür ki? Ciblə ölçülür, hakimiyyətlə, güclə ölçülür və sadə xalq kütləsi də bunu əla bilir. Necə azad olursunuz-olun, necə qanunlar yazırsınız-yazın, insanlar arasındakı qeyri-bərabərlik heç vaxt aradan qalxmayacaq. Yeganə əlac müharibədir. Müharibə xalqda ruh yüksəkliyi yaradır və onun şüurunda ləyaqət duyğusunu gücləndirir. Müharibə savaş zamanı hamını bərabərləşdirir və ağa ilə nökəri barışdırır. Yüksək insani keyfiyyətlər ortaya çıxır, insanları ümumi ortaq səbəb olan vətən üçün birləşdirir. Müharibə zamanı qəhrəmanlığın tam bərabərliyi meydana gəlir.
Axan qan vacib hadisədir. Zəngin və mujik 1812-ci ildə birgə savaşdılar, bir-birinə sülh zamanında olduğundan daha yaxın oldular. Müharibə kütləyə özünəhörmət aşılayır, ona görə də xalq müharibəni sevir. Müharibəyə aid mahnılar bəstələyir, əfsanələr, hekayələr yazır. Yox, müharibə bizim zamanda vacibdir, onsuz dünya məhvə sürüklənər.

Müsahibə ilk dəfə 1876-cı ildə “Səs” qəzetində çap olunmuşdur.
 
Rus dilindən tərcümə — Xatirə Nurgül
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)