Nəcəf Əsgərzadə - Şah İsmayıla kimlər zərbə vurur?
Teatr
Nəcəf Əsgərzadə - Şah İsmayıla kimlər zərbə vurur?
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı... ŞAH İSMAYIL tamaşası...Zalda iynə atsaydın, yerə düşərdi. Dostum Rəhimlə ( Rəhim məni tamaşaya dəvət etdiyi üçün təşəkkür
edirəm. Var ol!) yerimizi aldıq. Tamaşanın başlamasına az qalırdı. Və budur...
Və budur... İşıqlar söndü. Pərdə açıldı. Tamaşa başlandı! Tamaşanın əvvəlindən sonuna qədər qəzəb məni boğdu...boğdu...boğdu... Pərdələr bir-birini əvəz etdikcə, daha çox əsəbləşirdim. Bizdən fərqli olaraq digər tamaşaçıların hər pərdə bağlanan zaman davamlı əl çalması mənə çox təəccüblü gəlirdi. Onlar nəyi alqışlayırdılar?
Sanki biz "ŞAH İSMAYIL" deyil, "Leyli və Məcnun" tamaşasına baxmağa gəlmişdik. Şah İsmayıl dərd içində boğulur. Başını aşağı salıb taxtda oturub. Bir tərəfdə vəzirlər, vəkillər, əyanlar durub, digər tərəfdə qadınlar yan-yana düzülüb. Şahın kefini açmaq üçün hamı ağız-ağıza verib mahnı oxuyur. Şahın kefi düzəlmir. Sonra rəqqasələr gəlir. Şahın qabağında onlar öz məharətlərini göstərirlər. Onlar da Şahın əhvalına bir əncam çəkə bilmirlər. Şahın dərdi böyükdür. O, xəyanətdən şübhələnir. Yanında-yörəsində etibar edəcək bir kəs belə yoxdur. Hətta ŞAH öz oğluna ( Şahın oğlu rolunda oynayan aktyor Şah İsmayıl rolunu ifa edən aktyordan yaşlı görünürdü. Şah İsmayıl rolunda aktyor çox arıq idi, oğlu rolunda olan aktyor isə xeyli kök idi. Belə səhvin edilməsi tamaşaçıda elə bil təsəvvür yaradır ki, sanki Şah İsmayılın oğlu bütün ömrünü sarayda keçirib. Yeyib, içib, zənənlərlə eşq yaşayıb, yatıb, piy bağlayıb) belə inanmır. İnanmır, amma ona xeyir-dua verib, səfərə yola salır. Salır ki, oğlu gedib işləri həll etsin. Xəyanətkarı tapsın. Oğlu atasına dayaq dursun. Ona kömək etsin. Yağıların bədnam əməllərinin qabağını alsın. Şahın oğlu nə edir bəs?
Şahın oğlu yola düşür. Yolda rastlaşdığı bir gülzara bir könüldən min könülə vurulur. Ona nəğmələr qoşur, onun üçün manhılar oxuyur. Qız da hiss olunur ki, ŞAHIN oğluna biganə deyil. Atasından qorxmasa bu dəqiqə ona qoşulub qaçar. ŞAHIN oğlu qıza sevgisinin nişanəsi kimi üzüyünü bağışlayır. Bu tərəfdən qızın atası gəlir. Şahın oğlu yenidən yola düzəlir. Sən demə, kənarda durmuş sərbaz hər şeyi görürmüş. Həmən sərbaz aləmi qatır bir-birinə. Hər şeyi qızın atasının ovcuna qoyur. Yaxşı ki, qız da cəld tərpənir. Oğlanın bağışladığı üzüyü ordan keçən yolçu vasitəsilə ilə yenidən oğlana geri göndərir. Burada baş verənləri yolçudan oğlana danışmağını xahiş edir.
Adam dəhşətə düşür. ŞAH İSMAYIL oğlunu göndərir ki, yaranan təhlükəni aradan qaldırsın. Oğlu da düşüb bir gülzar arxasınca. Bu XƏYANƏT deyil, bəs nədir?
Şahın oğlu xəbəri alır. Atasının verdiyi tapşırığı unudur. Qoşunu yığır, gedir, qızı xilas etməyə. Yoluna bir qadın çıxır. Bu qadın bir əlində qılınc, bir əlində qalxan dağı qoruyur. Şahın oğlu dağdan keçmək istəyir, qız oğlanı irəli buraxmır. Bunlar başlayırlar savaşmağa, vuruşmağa, qılınclaşmağa. Qız deyir ki, mən ölsəm təslim olmaram. Məni öldürsən də, mən sənə tabe olmayacağam. Nəysə, qız "ağır" döyüşün sonunda uduzur. Oğlanın qabağında diz çökür, deyir əfv et, məni. Mən sənə kəniz olaram. Bayaq dediyin nə idi, indi dediyin nədi? Deyəsən zalda feministlər yox idi. Yoxsa aləmi bir-birinə qatmışdılar).
Sərgüzəştimiz davam etməkdədir. Sözü müxtəsər edək. Oğlan gəlir gülzarı yağı düşmənin əlindən qurtarır. Məğlub etdiyi qızı da özü ilə bu xilasetmə əməliyyatına aparır. Həmən bu qız qanlı çarpışma zamanı qılıncı ilə gülzarın atasını o dünyalıq edir. Toy dönüb olur yas. Oğlanın nazlı gülzarı ah-nalə içində atasının üstünə yıxılır, onun ölümünə ağı deməyə başlayır. Sonra heç nə olmamış kimi oğlana qoşulur. Yola düzəlir.
Bu dəm pərdə bağlanır. Sonra açılır. Şah İsmayılı görürük. Beş aydır ki, oğlu gedib, ondan xəbər yoxdur. Şah İsmayıla xəbər verirlər ki, oğlu "ağır" səfərdən dönüb. Şah sevinir. Sonra yenidən üzü düşür. Qəm-kədər onu yenidən ələ keçirir. Qəm-kədər qısa müddətdə qəzəbə dönür. Oğlu gəlir, amma tək gəlmir. Gəlir, yanında aydan arı, sudan duru bir cananı qabağına salıb saraya gətirir. Şah bunu oğluna bağışlamır. Xəyanəti bağışlamaq olarmı? Siz deyin. Oğlu "şoka" düşür. Atasına yalvarır. Nazlı gülzar da şahın qabağında diz çöküb yalvarır. Bu kar etmədikdə, Şaha dərs keçməyə başlayırlar. Ədalətdən dəm vururlar. Şah da fikrin dəyişir. Oğlunun gözlərinin çıxarılmasını əmr edir. Yenə qışqır-bağır, yenə ah-nalə. Yenə ədalətdən dəm vurmalar. Şah oğlunu zindana saldırır.
Ay başınıza döndüklərim, bu ŞAH İSMAYILDIR. SƏFƏVİ HÖKMDARIDIR. VAHİD DÖVLƏTİN ƏSASINI QOYAN ŞAHDIR. 13 YAŞINDA HÖKMDAR OLUB. OTUZ İL HAKİMİYYƏTİ ƏLİNDƏ SAXLAYIB. DÖYÜŞDƏN-DÖYÜŞƏ, QƏLƏBƏDƏN-QƏLƏBƏ GEDƏN LİDER OLUB. İNDİ bir qrup adam ona dərs keçir, onun ədalətindən şübhə edir. Nə deyəsən, nə edəsən.
Nəysə. Sonda Vəziri Şahını zəhərləyib öldürür. Oğlunun canı ölümdən xilas olur. Oğlu atasının cəsədinin yanında diz çökür. Deyir ki, ata səni kim öldürdü? Vəkillərdən biri deyir ki, bunu vəzir edib. Hardan bildin vəzir edib, nə tez aşkara çıxartsın bu həqiqəti? Şübhələnirdin gəlib vaxtında şaha deyərdin də? Nə bilim vallah. Oğlu atasını basdırır. Vəziri tutdurur. Taxtda keçib oturur. Nazlı gülzarı ilə qırx gün qırx gecə davul-zurnalı toy-büsat edir.
Deyirəm ki, allah vəzirin canını sağ eləsin. Əgər o, şahı zəhərləyib öldürməsəydi, oğlu ilə nazlı gülzar bir daha qovuşa bilməyəcəkdi.
Nəyə görə Şah İsmayılı belə təqdim edirsiniz? Nəyə görə Şah İsmayılı gözdən salırsınız? Nəyə görə Şah ilə oğlu arasında şübhə yaradırsınız? Nəyə görə hər işdə EŞQ MƏSƏLƏLƏRİNİ ön plana çəkirsiniz? Nəyə görə gənc nəslin nümunələrinə zərbə vurmağa çalışırsınız? Nümunələrə zərbə vurduqca öz kökümüzü məhv edirsiniz. Bunu anlamırsınız? Nə vaxta qədər eşq, məhəbbət məsələlərində ilişib qalacaqsınız? Bundan nə vaxtsa çıxmağı düşünürsünüz?
Mən istərdim ki, bu tamaşada Şah İsmayılın siyasi fəaliyyətini görüm. Mən istərdim ki, bu tamaşada BÜTÖV AZƏRBAYCAN İDEYASINI GÖRÜM. Mən istərdim ki, tamaşaya baxan hər kəs ŞAH İSMAYILLA fəxr etsin. Mən istərdim ki, bu tamaşa ilə bizə ŞAH İSMAYILIN BÖYÜKLÜYÜN MAHİYYƏTİ İZAH EDİLSİN. Tamaşadan çıxan gənc nəsil öz TARİXİ LİDERİ FƏXR ETSİN.
AMMA GÖRÜNƏN ODUR Kİ, SİZ BUNU İSTƏMİRSİNİZ. BU YOLDA ÇALIŞMIRSINIZ. DEYƏ BİLƏRSİNİZ Kİ, MAAŞINIZ AZDI. ŞAH İSMAYILI BU GÖRKƏMDƏ TƏQDİM ETMƏKLƏ MAAŞINIZ ARTDIMI?
TƏƏSSÜF, MİN TƏƏSSÜF...
ƏFSUS, MİN ƏFSUS...
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Əlabbas Bağırov - Köhnə kişi
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )