Edebiyyat.az » Təqdimat » AZAD QARADƏRƏLİ - VİKİNQLƏR VƏ AZƏRLƏR

AZAD QARADƏRƏLİ - VİKİNQLƏR VƏ AZƏRLƏR

AZAD QARADƏRƏLİ - VİKİNQLƏR VƏ AZƏRLƏR
Təqdimat
nemət
Müəllif:
18:11, 04 aprel 2020
1 484
0
AZAD QARADƏRƏLİ - VİKİNQLƏR VƏ AZƏRLƏR

 

 

 




 

         bu barədə mütəxəsslərimizin fikirləri daha önəmlidir, lakin...

 

 

 

            Tur Heyerdalın Qobustan haqqında fikirləri, özlərini Qobustanın sahiblərindən biri kimi, daha dəqiqi norveçlilərin, onların əcdadı vikinqlərin azərlərlə - azərbaycan türkləri ilə eyni kökdən olduqları haqda məlumatlar  mənə lap əvvəldən macəra kimi gəlmişdisə, son zamanlar oxuduğum daha bir neçə material, xüsusən də Norveçli alimlərin Qobustan qayalarındakı bir şəkil-yazını kompüterlərin köməyi ilə oxumaları bu yazını yazmağıma vəsilə oldu. (https://zen.yandex.ru/media/tertiaroma/naideno-ubeditelnoe-svidetelstvo-ob-azerbaidjanskom-proishojdenii-vikingov-5e84629501822a01b7227c3c?fbclid=IwAR22YBlBaGYFyVUCy9lu4TyqzloTxntcV7MoE3GiKJBGaw0jbJUhxhJ1Uc8 ) Bəri başdan deyim ki, bu kəşf dünya tarixini dəyişə biləcək bir kəşf ola bilər və bir sıra xalqların (məsələn, macarların, daha sonra elə norveçlilərin və ümumən skandinaviyalıların) özlərini vaxtilə türkdilli hesab etmələri də əlavə edilsə, onda dünya xalqlarının əski türk sivilzasiyasına, o cümlədən Azərbaycan türkələrinin – azərlərin tarixini öyrənmək baxımından marağının artacağı istisna deyil.

            Burada bir məsələyə münasibət bildirmədən keçməyim: son vaxtlar bəzi aydınlar qardaş Türkiyədə bizə azərilər deyilməsinə etiraz edir,  sadəcə Azərbaycan türkləri, yaxud da azərbaycanlılar adlandırılmasını israr edirlər. Məlum həqiqəti təkrarlamadan qeyd edim ki, biz azəri deyilik, bu bəlli, amma azərik axı! Ölkəmizin adındaki AZƏR szü də deyir ki, biz AZƏRlərik. Fikrimizcə, qədim türk kəlməsi olan AZ kəlməsi əski türklərin gözəllik ilahəsi olan AYZIT, yaxud AZITın adından götürülmüş, kutsal, gözəl, yəni indiki anlamda müqəddəs deməkdir. Əlbəttə, AZın dürlü-dürlü mənaları da vardır ki, bunları burada sadalamağı lüzumsuz bilirəm. Niyə AZƏR adının üzərində dayandığımı bir az sonra izah edəcəyəm.

            Qayıdaq Heyerdalın nəzəriyyəsinə. O, konkret olaraq nə deyirdi?

             Dünyaca məşhur norveçli səyyah, etnoqraf və alim-antropoloq Tur Heyerdal 1981-1994-cü illərdə  qayaüstü rəsmləri tədqiq etmək üçün Qobustana xüsusi səfərlər təşkil edib. O, müşahidələrinə əsasən  Qobustan abidələrini və ümumən Xəzər sahillərini böyük bir sivilizasiyanın beşiyi adlandırmışdır. Heyerdal öz ehtimallarını təkcə Qobustandakı qamış qayıq təsvirlərinin əsrlərlə sonra vikinqlər tərəfindən Norveç mağaralarının divarlarında həkk edilmiş apaloqları ilə üst-üstə düşməsilə deyil, həmçinin orta əsrlərdə yazılmış saqalarda (norman dastanlarında) xatırlanması ilə sübuta yetirə bilmişdir. Qobustan qayaüstü rəsmlərinə aid olan qayıq və üzərindəki günəş təsvirləri qədim Azərbaycanın insan məskənləri ilə Mesopotamiyanın Şumer-Akkad sivilizasiyaları arasındakı əlaqələrin əyani sübutu kimi də maraqlıdır. 

            T.Heyerdal özünün məşhur nəzəriyyəsini əsaslandıraraq dünya alimlərinə müraciət etmişdir:

            “...Avropa deyil, Azərbaycan inkişaf etmiş svilizasiyasının qaynayıb daşan mərkəzi olmuşdur. Geniş ticari əlaqələrin və  mədəni impulsun naviqotoru olan Azərbaycan ərazisini tədqiq etmək vacibdir. Biz tarixi qumda və dənizdə axtarmalıyıq. Müasir Azərbaycanın qədim və xarici əlaqəlirni araşdırmaq üçün alimlər səy göstərməli və buranın tarixi mənbələrini təyin etməlidirlər”.

            Öz nəzəriyyəsini inkişaf etdirən səyyah-alim, Skandinav xalqları ilə yanaşı Meksika, Peru, Amerika, Asiya və Afrika xalqlarının həyatında azərbaycanlıların oynadıqları rolu sənədlərlə isbat etməyə çalışıb. Alim daha sonra öz tədqiqatlarını inkişaf etdirərək yazırdı: ”Qədim azərbaycanlıların gəmiləri Xəzər dənizində və rus çaylarında aşağı-yuxarı gedib-gəlirdi. Və onların qayalarda çəkdikləri gəmi rəsmlərilə vikinqlərin min il sonra Norveçdə çəkdikləri rəsmlər arasında oxşarlıq təsadüfi ola bilməz. Skandinaviyada, xüsusilə Norveçdə iki müxtəlif növ gəmi rəsmlərinə rast gəlmək olar. Bunlardan biri Qobustandakı rəsmlərə bənzəyir: üfiqi çəkilmiş xətt gəminin əsasını, şaquli xəttlər isə gəminin heyətini və yuxarı qaldırılmış avarları əks etdirir. Digər gəmi növü "dəri gəmi"sindən ibarətdir. Bu cür gəminin qısa və geniş burnu olur, içərisi ağacla (qamışla)  örtülürdü. Qaya rəsmləri bu cür gəminin çöldən görünüşünü əks etdirir.”  

            O da maraqlıdır ki,  1241-ci ildə islandiyalı Snor Sturlasonun “Norveç vikinqləri krallarının saqası”nı əsas gətirən Tur Heyerdal norveçlilərin ulu babalarının adının Odin olmasını bildirir və qeyd edir ki, Odin Skithbalanthncr (skidblandenr) adlı gəmilərlə bu ərazilərə gəlib. Odin qatlama gəmisi ilə saqada qeyd olunduğu kimi yerlilərin qəlbini fəth etmişdir. Saqaya görə Odin "Aser" adlı məmləkətdən gəldiyindən çox zaman onu "Asa-Odin", "Aser Odin", "Odinsan" adlandırırdılar və Snor dəqiq olaraq, Aserin Qafqazdan, Qara dənizdən cənubda yerləşən ərazilərdən gəldiyin göstərir.

            Bu isə Azərbaycan tədqiqatçısı Mahmud İsmayılovun gəldiyi nəticədir: “Aslar qədim, çox qədim, dilləri bizim dilimizin kökkündə dayanan soy, xalq olmuşdur. Asları tədqiqatçılar türkdilli soyların ən ulu əcdadlarından biri sanırlar. Ehtimal var ki, yurdumuzda məskunlaşan asların adı ilə bu yer aslar diyarı, aslar məskəni, asların yurdu, as ərlərin, as kimilərin yurdu, Asər yurdu adlandırmışlar. Asların adına qədim Orxon-Yenisey yazılı abidələrində də rast gəlinir. Dünya tarixi ilə məşğul olan təqdiratçıların bir qismi Asiya qitəsini - qitənin ən böyüyünün adını bu ərazinin ən qədim məskunlarının, asların adı ilə bağlayırlar. Tədqiqatçıların söylədiklərinə görə asların bir qolu eramızdan çox-çox əvvəl Azərbaycanda məskunlaşıblar.”

            Deməli, bütün hallarda AS, yaxud AZlar biz AZƏRlərik. Həm qədim xalq kimi, həm də indi bu torpağın sahibi kimi öz adımızı AZƏR deməkdən qorxmamalıyıq. Həm də ona görə  ki, Norveç alimləri kompüterlərin köməyi ilə Qobustan qayaüstü şəkil-yazılarını oxuyarkən eyni nəticəyə gəliblər! İndi sizə lap başda göstərdiyim mənbənin yardımı ilə kompüterlərin oxuduğu mətni – şeir parçasını burada təqdim edəcəyəm:

 

Ay viking, alp viking, arslan viking,

Köroğlunuñ kökü-tamırı da viking

Qobustan dağlarınıñ qurdu da viking,

Otuñ, suyuñ, toprağıñ beği de viking.

Azer olup Quzeye baqmış da viking,

Quzeye göçmek istemiş de viking,

Qayığı yapıp alpları çağırmış viking,

Alpları qayıqta toplayıp gitmiş viking.

Gün doğdu, gün battı yüzüp yürüyur viking,

Xezer deñizni, Edil ırmağnı, geçiriyur viking,

Quzey yerlere yigit-er gibik varıyur viking,

Yel esir, dalğa yükseler, qorqmaz da viking.

İşte Quzey ada görünür, yanaşır viking,

İşte bu yerde oturup yaşacaq viking,

Qobustan dağlarına hasret olacaq viking,

Ay viking, alp viking, arslan viking.

Erik saçıp bir terek yetiştirdi viking,

Erik yanağı bir oğul büyüttü de viking,

Bu adada alp Erik büyüdü, o da viking,

Güzel viking, yabanlara yılğısıñ, viking!

            Bura qədər yazdıqlarım mənim həm gənclik illərindəki macəraçı axtarışlarımın yekunu, həm də internetdən aldığım impulsların dərəcəsi kimi yozula bilər. Zira mən bu qəbildən olan məsələləri həm də bir yazıçı kimi öyrənir və yeri gəldikcə roman, yaxud hekayələrimdə də istifadə edirəm. Hələ kitablaşdırılmayan, lakin vaxtilə “Yazı” dərgisinin bir neçə sayında çap olunmuş “Cülyettanın sağ tərəfinə toxunmaq “ adlı romanımda belə bir yer var: “...Dədəm  Qorxmazlı  tayfasındandır.  Bu Qorxmazlılar  doğrudan da,   qorxmaz adammışlar. Nə Zəngəzur mahalında, nə Qaradağda  kimsə onların qolunu  qanıra bilməzmiş.  Əsilləri   indi  xarabalıqları qalan Kotannar   kəndindən  olan bu tayfanın adamları ömrü boyu maldarlıqla, qoyunçuluqla  məşqul imişlər.  Qocam Raziyə   danışırdı ki,  əri  Heydərqulu  iri palıd   milini meşədən çiynində gətirərmiş. Beşyaşar cöngəni  tək   yıxıb kəsər, sonra da təkcə qaldırıb zingindən asar,  soyarmış.   And içirdi ki, kolxozun palturka maşınını  çiyni ilə saxlayar, getməyə qoymazmış.“

            Bu Kotannar camaatının yaşadığı yerdən bir az yuxarıda Sobu kəndi vardı. Sobudan yuxarıda bir yoxuş vardı, Vəng yoxuşu deyərdilər. 

            Bir dəfə babamdan soruşmuşdum bu Vəng haqqında. Nə desə yaxşıdır:”Bala, onlar üç biz boyda olarmışlar. Döyüşkən camaatmış. Bir az da vahiməliymişlər. Başlarında buynuz olarmış...” 

            Vəng – viking, buynuz – vikinlərin buynuz hoqqaları...

            Hə, Vəng yoxuşuna çatmamış bir xeyli geri qayıdıb sola, aşağı düşsən, gedib Vejnəli kəndinin üstünə çıxacaqsan. Bu da Vənglə səsləşən daha bir yer adı. Üzü dağlara gedib bir az da aşağı düşsən Ordubadın Aza kəndi ilə qarşılaşacaqsan. Tarixi mənbələr deyir ki, bu kəndin yerində vaxtilə Aza, yaxud Azar, və ya Azat adını daşıyan şəhər olmuşdur... Bu da AZların, yaxud Asların şəhəri...

            AZlar, AZƏRlər və VİKİNQlər... Hə, az qala unudacaqdım: lap başda göstərdiyim mənbədəki videoda deyilir ki, bu günkü Norveçdə özlərinə ASER deyən, eynilə biz AZƏRlərə oxşayan bir xalq yaşayır...

            Nə bilim, bunlar bir yazıçı hoqqabazlığı kimi də gələ bilər sizə. Amma... 

            Tələbə vaxtı Qobustana bizi səfərə aparan professor Əlisa Şükürlü (o demişdi ki, könüllüdür, kim istəyir gəlsin, istəməyən gəlməsin) mənim sehrləndiyimi görüb demişdi:

            -Bilirəm niyə donmusan... Buranı yazan yazıçı hələ anasınnan olmuyub... 

            Sonra indi Norveç kompüterinin oxuduğu yazı-şəkli  (onu essenin sonuna qoymuşam) göstərib:

            -Bax, orda bir roman yatır, - demişdi...

            (Mərhum professor o vaxt mənim ilk hekayələrimi yazmağa başladığımı artıq bilirdi.)

            Korona virus günlərində çox şey çıxacaq ortaya. Biri elə bu Qobustan mətnlərinin oxunması...

            Bu, əsil inqilabdır! Elmi inqilab, mədəni inqilab...

            İnqilablar ərəfəsində vəba, cüzam, qarayara kimi pandemiyaların tüğyan etdiyi tarixdən bəllidir.

            O biri inqilabları da zaman göstərər...

 

                                                                                                                       03.04.2020

 

            Oxunan şəkil-mətn isə budur:



                           


 

            

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)