Professor Zakir Məmmədəli | Tofiq Qəhrəmanov: gec tapıb, tez itirdiyimiz dəyərli yazıçımız
Təqdimat
Professor Zakir Məmmədəli | Tofiq Qəhrəmanov: gec tapıb, tez itirdiyimiz dəyərli yazıçımız
(Yazıçı Tofiq Qəhrəmanov haqqında bir neçə söz)
Üzdə olan, hər gün əsəblərimizlə oynayan, bizim bu coğrafiyada var oluşumuzu heç cür sendirə bilməyən irili-xırdalı düşmənlərimiz hamımıza yaxşı bəllidi. Əslində onlar düşmənçiliklərini gizlətməyin qayğısına çox da qalmırlar. Ən qəribəsi budur ki, hər şeyin onsuz da aşkar olmağına rəğmən, biz özümüzün bütün intellektual enerjimizi onların bu düşmənçiliyini sübut etməyə və zaman-zaman başımıza gətirilən müsibətlərdən dolayı acı-acı şikayətlənməyə (kimdən kimə?!) sərf edirik. Fəqət içimizdə olan, onilliklər boyu bəslədiyimiz gözəgörünməz düşməni isə israrla görməzdən gəlməyə davam edirik. Bu daxili düşmən bütün mümkün pisliklərə bürünərək, hər addımda yolumuzun üstündə peyda olsa da, əslində onun bir adı var: biganəlik... Onlarla aydınımızı, istedadlı yazarlarımızı, sənət və elm adamlarımızı əlimizdən alan bu amansız düşmənin qurbanlarından biri də bu gün ədəbiyyat camiyəsinin, demək olar ki, tanımadığı, fəqət istedadına və şəxsiyyətinə bələd olanların hafizəsində silinməz izlər buraxdığı Tofiq Qəhrəmanov idi. Vaxtilə Nitsşe özü haqqında yazırdı ki, çətini məni tapanacandı, tapandan sonra məni itirmək mümkünsüzdü. Nitsşeni dünya çox gec tanıdı, ancaq heç bir halda ondan uzaqlaşa bilməyəcək. Əgər Tofiq Qəhrəmanov da avropalı olsa idi, yazardım ki, eynən Tofiq müəllim kimi. Fəqət...
70-ci ilərin ikinci yarısı indiki Pedaqoji Unversitetdə jurnalistika kursu təşkil olunmuşdu. Tələbə yoldaşımla gedib həmin kursa yazıldıq. Məşğələlər hardasa saat 6 radələrində başlayırdı. Kursa xeyli yazılan vardı, oturub müəllimi gözləyirdik. İçəri orta boylu, bir az sarışın, təxmini 35–40 yaşlarında bir adam daxil oldu. Gözündə qara haşiyəli eynək vardı. Auditoriya ilə az qala ildırım sürətilə elə səmimi ünsiyyət yaratdı ki, elə bil bu adamı biz yüz ildi tanıyırdıq. Jurnalistika ilə yanaşı, ədəbiyyat haqqında elə maraqlı söhbətlər edirdi ki, dərsin necə gəlib-keçdiyindən xəbərimiz olmurdu.
Məlum oldu ki, institutumuzun “Gənc müəllim” qəzetinin redaksiyasında işləyir. Qəzetin hər ay bir-iki nömrəsində tələbələrin şeirlərini verirdilər. O vaxtlar mən də təzə-təzə yazmağa başlamışdım, amma şeirlərimi redaksiyaya aparmağa ürək eləmirdim. Tofiq müəllimin redaksiyanın əməkdaşı olması məni ürəkləndirdi. Yazdığım şeirlərdən birini seçib elə ertəsi gün axşamüstü getdim qəzetin redaksiyasına. Tofiq müəllim otaqda tək idi, nə isə yazırdı. Mənim içəri girməyimdən heç xəbəri olmadı. Açığı çox sıxıldım, özümü bir təhər toplayıb dilləndim:
– Salam, Tofiq müəllim...
Başını qaldırıb baxdı, görünür, tanımadı. Dedim jurnalistika kursunun dinləyicisiyəm, şeir gətirmişəm. Gülümsündü. Soruşdu, hansı fakültədənsən, dedim, riyaziyyat fakültəsindən. Dönüb bir də maraqla üzümə baxdı:
– Nə yaxşı! Bura, adətən filologiyadan gəlirlər.
Sonra başladı mənim cızma-qaramı oxumağa. Gözləyirdim ki, elə bu saat başını qaldıracaq, üzündən az-az hallarda əskik olan ironik təbəssümlə deyəcək ki, əşi, rəhmətliyin nəvəsi, get sən riyaziyyatınla məşğul ol, şeir yazmaq sənlik deyil. Yəqin elə həmin gündən də şeirin daşını atacaqdım. Amma belə olmadı. Başını qaldırıb bir xeyli baxdı mənə, gülümsündü:
– Yaxşıdı. Amma bu “məşum gözəllik”, deyəsən, yerinə düşmür axı burada. Sonra bir xeyli bu ifadəni dəyişmək üçün baş sındırdıq, bir şey çıxmadı. Axırda dedi, eybi yox, qoy qalsın. Şeirin gedəcək qəzetdə. Sağollaşıb otaqdan çıxdım. Elə bil dünyanı mənə vermişdilər. Uçmağa qanadım yox idi...
Elə o gündən də yaxın ünsiyyətimiz başladı. Redaksiyaya tez-tez gedirdim. Axşamlar otaqda tək olurdu. Oturub saatlarla söhbətləşirdik. Daha doğrusu, o danışirdı, mən də özümü unudub bütün varlığımla qulaq kəsilirdim ona. Altmışıncılar ədəbi nəsli, onların ədəbiyyatımızda elədiyi inqilab haqqında ilk dəfə mən onun söhbətlərindən eşitdim. Bədii ədəbiyyata uşaqlıqdan böyük marağım var idi. Əlimə nə keçirdi, oxuyurdum. Özümü bədii ədəbiyyata yaxından bələd olan sanırdım. Bir dəfə soruşdu ki, bizimkilərdən kimləri oxumusan? Xeyli yazıçının adını çəkdim, aralarında altmışıncılardan heç kim yox idi. Güldü və Anarın, Əkrəm Əylislinin, İsa Hüseynovun adlarını heç eşitmədiyim əsərlərini saydı və təkidlə tövsiyyə etdi ki, bunları hökmən oxu. Əsərlərini oxuduğum yazıçılar arasında o vaxtlar tələbələrin az qala kumirinə çevrilmiş bir-iki yazıçının da adı vardı. Mən də başladım onları tərifləməyə ki, ay dilləri belə güzəldi, bağ belə, bostan belə... Dedi, bilirsən onların yazdıqları nədi? Təsəvvür elə ki, moskovski konfet alırsan (Moskva konfetləri onda böyük matah idi!), kağızını açıb baxırsan ki, keyfiyyətsiz Bakı konfetidi.
Sonra soruşdu ki, bəs dünya ədəbiyyatından kimləri oxumusan? Drayzerin romanlarını oxumuşdum. Rus ədəbiyyatından Turgenyevin, Qoqolun, Dostoyevskinin, Tolstoyun oxuduğum əsərlərini saydım. Dedi, Drayzer dərin deyil. Sən hökmən Heminqueyi, Folkneri, Cek Londonu oxu. Heminqueyin vurğunu idi. Onun “Qoca və dəniz”ini dünya ədəbiyyatının şah əsəri hesab eliyirdi. Deyirdi ki, yazıçı əsəri rupora çevirib nəyinsə təbliğatını aparmamalıdı. Əsərdə təsvir olunanlara yazıçının şəxsi münasibəti görünməməlidi. Yazşçının vəzifəsi həyat həqiqətini aşkara çıxarıb təsvir eləməkdi. Az sözlə, bir-iki ştrixlə böyük mətləbləri çatdıra bilmək – yazıçının istedadı bunda üzə çıxır. “İnostrannaya literatura” jurnalının bir nömrəsini də buraxmırdı. Deyirdi ki, yazıçı lap bircə gün də olsa, dünya ədəbiyyatından nəyisə oxumursa, demək o, yazıçı kimi elə həmin gün ölür. Onunla hər görüşüm mənim üçün əsl məktəb idi. Ədəbi prosesi elə incəliklərinə qədər xırdalayırdı ki...
Ayda bir dəfə redaksiyada özünün yaradıb rəhbərlik etdiyi “Gənc qələmlər” dərnəyinin yığıncağı olurdu. Tələbələr şeirlərini oxuyur, çılğın mübahisələr başlayırdı. Hamıya son dərəcə həssaslıqla yanaşırdı, ancaq şeirlərə qarşı çox tələbkar idi. 2–3 saat çəkən o qaynar müzakirələrin – əsl poeziya bayramlarının – dadı damağımdan hələ də getməyib... Bu gün ədəbi mühitdə öz dəsti-xətti ilə seçilən Azad Qaradərəli, Tehran Əlişanoğlu, Şakir Xanhüseynli, Osman Fərmanoğlu və digər yazıçı və şairlər bu dərnəyin yetirmələridi. Hərdən ondan öz yazıları haqqında soruşurduq. Hamımız üçün son dərəcə maraqlı idi: ədəbiyyatı bu dərəcədə dərindən bilən, dünya ədəbiyyatına yaxından bələd olan və yazıçı qarşısında radikal tələblər qoyan bu adam özü, görəsən, nə və necə yazır? Bizim gəncliyə xas olan bu marağımızı o, əlbəttə, başa düşürdü. Üz-gözünə içinin dərinliklərindən süzülüb gələn kədər çökürdü. Çap eləmirdilər Tofiq müəllimi. Qolundan tutan, dəstək verəni yox idi... Hərdən ikilikdə olanda mənə danışırdı redaksiyalarda üzləşdiyi yaramazlıqlardan. Özündən savadca da, istedad baxımından da qat-qat aşağı səviyyədə olanların ona dərs demələrindən... Azad Qaradərəli tam haqlı olaraq, yazırdı ki, Tofiq Qəhrəmanovu anbaan, dəqiqəbədəqiqə, saatbasaat öldürürdülər. Axırda da dözməyib özünə qəsd elədi...
Bir dəfə soruşdum ki, Tofiq müəllim, bəs filankəsə (ad çəkmək istəmirəm) bu qədər rəğbətiniz var, niyə ondan kömək istəmirsiniz, axı onun kifayət qədər bununçün imkanları var? Dedi bir dəfə povestlərimi, üstündə də bir məktub, poçtla göndərdim ona ki, uyğun görsə, çap olunmasına kömək eləsin. Bir müddət sonra cavab gəldi ki, bəs sizin istedadınız var, siz yazın. Vəssalam. Nə sağlığında qolundan tutan oldu, nə də ölümündən sonra, bir neçə yetirməsindən başqa, yada salan. Halbuki yada salası, onu yaxından tanıyan, istedadına dərindən bələd olan və kifayət qədər tanınmış adamlar az deyil. Ramiz Rövşənlə Universitetdə eyni qrupda oxumuşdular (yeri gəlmişkən, Universitetin filologiya fakültəsini qırmızı diplomla bitirmişdi). Tələbə yoldaşı haqqında elə heyranlıqla danışardı ki...
Yazıçının sonralar nəşr olunan “Bahara lap az qalıb”, Gecə lampası”, “Cəlladımız zalım idi”, “Qonşular” kitabları kiril əlifbasıyla da olsa, kitabxanalarımızda var və müasir oxucunun həmin kitabları əldə edib oxuması yaxşı olardı.
Yeri gəlmişkən, bu il mərhum yazıçının 75 yaşı tamam olur. Onun əsərlərindən seçmələri yeni əlifba ilə nəşr etmək çox gərəkli və həm də savab iş olardı. İnanıram ki, Tofiq Qəhrəmanovun əsərlərinin yeni nəşri üçün maliyyə vəsaitinin tapılması və bu işin gerçəkləşməsi üçün ölkəmizdə maraqlı olan adamlar tapılar. Qoy bu yazı da həmin iş üçün bir vəsilə olsun.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
LALƏ HÜSEYNOVA - SİRR
Əlabbas Bağırov - Köhnə kişi
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə