Şah Təhmasib haqqında
Təqdimat
Şah Təhmasib haqqında
ƏHMƏD AĞAOĞLUNUN "İRAN VƏ İNQİLABI" KİTABINDAN BİR HİSSƏ
Şah Təhmasib (1524-1576) taxta gələrkən iki qüvvətli qəbilənin rəislərini, təkkəli xanı Mustafa Şahla74 ustaclu xanı Dədə Sultanı birlikdə xəlifətül-xülafə təyin etdi. Bütün məmləkətin idarəsi bu iki rəisin adamlarına keçdi. Bir az sonra bunların arasına ixtilaf soxuldu; qovğa ta saraya qədər sirayət etdi. Bundan mütəəssir olan Şah iki rəisi də çıxararaq Şamlu rəisi Hüseyn xanı naib sultan təyin etdi. Fəqət şərqin əski ənənəsinə uyğun olaraq gərək hökmdarın dəyişməsi və gərək idarədəki bu təşəttüt münasibətilə məmləkətin müxtəlif tərəflərində üsyanlar vaqe oldu. Əsasən Bağdadda Zülqədriyyə eli rəisi, Gilanda kiyalar, şirazda qıvamilər, şirvanda ġirvanşahlar üsyan etdilər. Daxildəki bu vəziyyət təbiətilə xaricin də müdaxiləsini çəkir, Lahor gürganiləri Qəndəharı və özbəklər də Xorasanı istila edirlər. Daxili üsyanları yatızdırmaq üçün ġah Təhmasib ya bizzat səfərə çıxır və yaxud əsgər göndərir; 1527-ci ildə Bağdadı qurtarır, eyni sənədə özbəkləri Xorasandan çıxarır, şirvanşahlar üzərinə yürürkən Osmanlılara tabe olan Gürcüstanı istila edir və bundan dolayı 1533-cü ildə Osmanlılara qarşı qoymaq məcburiyyətində qalır. Vəziri-əzəm İbrahim Paşa və Sultan Süleyman şəxsən İrana səfər edirlər. Süleyman Kürdistanı istila etdikdən sonra Təbrizə qədər varır və oradan da Bağdada doğru yürüyür və zəbt edir. 1543-cü ildə hind şahı Baburun oğlu Humayun atasına qarşı üsyan edərək Şah Təhmasibə sığınır, Qəzvinə qədər gəlir, İranın yardımı ilə Kabili alır və Hindistanda hakimiyyətini təsis edir. 1548-ci ildə İsmayılın qardaşı İlyas ġirvan hakimi ikən üsyan edir, Osmanlılara sığınır və Osmanlı yardımı ilə İrana qarşı müharibəyə başlayır. Sultan Süleyman şəxsən səfərdə iştirak edir, Təbrizə qədər gedir, fəqət o sənəki qızğın şiddəti dolayısı ilə geri qayıtmaq məcburiyyətində qalır. Şahın göndərdiyi elçilərin təklifi üzərinə iki dövlət arasında bir sülh əqd edilir. Bu sülhnamə iki dövlət arasında yapılmış ilk müqavilədir. Bir İran şairi bu sülhnaməni bu rübai ilə qarşıladı:
Padişahı Rum şehi Kamikar
Sülh cu kerdənd behəm ixtiyar.
Mevhibi iqbal dər in köhnə deyr
Gulgulə efkənt ki assulh hayı!
Tərcüməsi:
Rum padşahı ilə Kəmikar şahı,
Bir-birilə sülh bağladılar.
Bu köhnə dünyaya qayda qoydular,
Sülhü qorumağa vədə verdilər.
Bir az sonra Sultan Süleyman Səlimi vəliəhd təyin edir və bundan mütəəssir olan Bəyazid üsyana qalxır, fəqət məğlub olaraq şah Təhmasibə sığınır. Şah Təhmasib vasitəçilik edirsə də, Süleyman Bəyazidin təslimi üzərində israr edir və şaha Bəyazidi geri verir. Bu münasibətlə Sultan Süleymanın şaha göndərdiyi hədiyyələr haqqında İran tarixçiləri və şairləri mübaliğəli hekayələr və qəsidələr yazdılar. Fəqət Osmanlı mühərrirləri də Bəyazidin təslimi üçün Süleymanın üç yüz min və Səlimin də yüz min duka altunu göndərdiklərini qeyd edirlər. Bəyazidin dörd oğlu ilə bərabər Təbrizdəki faciəli sərgüzəşti məlumdur. Bir İran şairi bu münasibətlə bu beyti yazmışdır:
Dər heyrətən ki, xalqı cihanra günahı çist
Çün karı dehr xanə şukuft əst ruribər.
Əz bəhri çend sal mali cah
Gahi pedər pesər kuşət, gahi pesər pedər.
Tərcüməsi:
Bəşərin günahı nədir görəsən?
Yaxınlar dünyada üz-üzə durur.
Mal, sərvət üzündən hərdən
coşaraq, Gah ata oğulu, gah oğul atanı öldürür.
Bundan sonra bu iki türk dövləti arasında davamlı bir sülhün qurulması imkanı hasil olur kimidir. Fəqət bu kərə də araya Avropa intriqaları girir. Son zamanlarda Hindistana soxulmuş olan portəgizlilərin məşhur admiralı Alf. D»Albercguerecque İrana heyətlər göndərərək türklərə qarşı ittifaq təklif edir. Avstriya imperatoru Ferdinandın İstanbuldakı səfiri isə hökmdarına yazdığı bir raportda bu məzmunda sözlər söyləyir: «Bizimlə harabi arasına iranlılar girmişlər! Türklər həmən üzərimizə atılacaqlar, fəqət onları iranlılar geri çəkməkdədirlər». ġah Təhmasib 55 il hökmdarlıq etdikdən sonra öldü. Qüdrətli, əzmkar, tədbirli bir şəxsiyyət idi. Fəqət onun zamanında belə şah İsmayılın qurduğu dövlətin əsaslı təməllər üzərində bulunmadığı görünməyə başladı! İdarə başında bulunan qəbilə rəisləri aralarındakı ixtilafa davam edirlər və fürsət düşdükcə üsyandan da geri durmurlar. Bu intiriqa ruhu saraya da sirayət edir və qadınları da içinə olaraq dövləti ta qəlbindən yeməyə başlayır. Nə qəribədir ki, hətta gürcü və çərkəz qadınları özlərinin türk məmləkətlərini yıxmaqdakı müdhiş qabiliyyətlərini göstərməyə başlayırlar. ġah Təhmasibin iki oğlu vardı: İsmayıl və Heydər Mirzə. Heydər Mirzənin anası gürcü qızı idi. Onun ögey bacısı Pəri xanım isə çərkəz xanı Şamxalın qızından olmuşdu, bu qadın da İsmayıl Mirzəni tutur.
Bu surətlə saray ikiyə bölündü. Sarayın arxasınca rəislər və qəbilələr də ikiyə bölündülər. Qəbilələrdən ustaclularla qacarlar Heydər Mirzəni tuturdular. O birilər, məsələn, ağqoyunlu, qaraqoyunlu, əfşar, qarabağlı, təkkəlilər də İsmayıl Mirzə tərəfdarı idilər. Hələ padşahın cənazəsi meydanda ikən İsmayılın tərəfdarları Pəri xanımın təhriki ilə saraya hücum edərək Heydər Mirzəni öldürdülər. Pəri xanım naibüssultan oldu və on doqquz ildən bəri həbsdə olan İsmayıl Mirzəni gətirmək üçün adamlar göndərdi. Fəqət yeni padşah gəlincəyə qədər şəhərdə və məmləkətdə dəhşətli qətliamlar və qarətlər yapıldı, müxtəlif qəbilələrin rəisləri öldürüldü.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Seyid Hüseyn - Həzin bir xatirə
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Piter Keri - Qərbdə yel dəyirmanı
F.ENGELS - AİLƏNİN, XÜSUSİ MÜLKİYYƏTİN VƏ DÖVLƏTİN MƏNŞƏYİ