Edebiyyat.az » Təqdimat » Hicran Lilit - Totem və tabu

Hicran Lilit - Totem və tabu

Hicran Lilit - Totem və tabu
Təqdimat
admin
Müəllif:
15:41, 09 oktyabr 2021
1 612
0
Hicran Lilit - Totem və tabu




 1913-cü ildə ilk dəfə işıq üzü görmüş bu kitabda ibtidai dövrlərin mədəniyyət və psixologiyasını özündə əks etdirən 4 məqalə yer alır. Totemizmin yaranması və özündə ehtiva etdiyi həqiqət, tabuların yaranmasına təkan vermiş hallar və ya qorxular, tabuya və tabunu pozana cəmiyyətin münasibəti, tabunun psixoanalizi bu məqalələrdə geniş şəkildə izah olunur. Təcrübələrin əsas mərkəzi olan vəhşi qəbilələrin qeyri-adi tabularından söz açılır. 
 İlk məqalə “İnsest qorxusu” adlanır. İnsest qorxusundan yaranan tabular və o tabularımn yaratdığı totemizmdən söhbət açılır. İnsestin daha çox totemə bağlı olması diqqət çəkir. Freyd deyir ki, ibtidai mədəniyyətdə insest münasibətlər ailə üzvləri arasında olan münasibətlərin iyrəncliyinə görə tabu hesab olunmur, eyni totemə sahib olan insanlar arasında olan münasibətlər insest hesab olunur. 
Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” adlı bir romanı var. Bu romanda bir ailədə ana vəfat etdikdən sonra ata ilə böyük qardaş arasında evin qızı ilə kimin evlənəcəyi məsələsində mübahisə düşür. Onların mənsub olduğu Zərdüşt dini insest münasibətlərə icazə verir. Evin balaca oğlunun həm anasının dərdi ilə ürəyi parçalanır, həm də bacısının ağlamasına dözə bilmir. Buna görə də bir qərar verir və bacısını götürüb evdən qaçır. Bir çöllüyə gəlir və burda ətrafına insanlar yığır və özünəməxsus bir adət-ənənə yaradır. İnsanları 12 qəbiləyə bölür və onları 12  heyvanın adları ilə adlandırır: xoruz qəbiləsi, qoyun qəbiləsi və s. Xoruz qəbiləsindən olan oğlanla qız qəti surətdə evlənə bilməzdilər və hər bir qəbilə adını daşıdığı heyvanın xüsusiyyətlərini özündə daşıdığına möhkəm inanırdı. 
Totem və Tabu kitabını oxuyarkən bu kitab və orda baş verən hadisələri tez-tez xatırladım. Bilmirəm Yusif Vəzir Çəmənzəminli Freyddən nəsə oxumuşdu və ya ümumiyyətlə tabu və totem haqqında nəsə bilirdi ya yox. Amma Azərbaycan nağıllarının da bəzilərində öz qızı ilə evlənməyə çalışan ata obrazına, bacısını sevən qardaş obrazına, özqardaşıqızına vurulan və onu qaçırtmaq istəyən əmi obrazına rast gəlinir. 
Eyni zamanda Freyd bu məqalədə insest münasibətlərə qəti qadağa qoyan bu qəbilələrin zaman-zaman “müqəddəs orgiyaya” qapılmalarına da təccüblənir, lakin son məqaələsində ümumilikdə bunu “bayram ovqatının hər qadağanı pozmağa icazə verməsi” ilə aydınlaşdırır. 
 İkinci məqalə “Tabu və duyğuların ambivalentliyi” adlanır. Tabu Polineziya sözüdür, bu sözü dilimizə tərcümə etmək çox çətindir, çünki bizim danışdığımız dillərdə bu sözü bildirən dəqiq bir anlayış yoxdur.
Bizim üçün Tabu sözünün anlamı iki əks məna bildirən yönə ayrılır. Bir tərəfdən bu söz müqəddəs, ilahiləşmiş, başqa bir tərəfdən isə xoşagəlməz, qorxunc, yasaq, murdar anlamlarını verir. Tabunun yaratdığı məhdudiyyətlərin dini və əxlaqi yasaqlarla bənzərliyi yoxdur. Onlar bu yasaqları Tanrı buyruğu ilə deyil, öz-özünə qoyurlar. Tabunu növləri var: 
  • 1) gizli güclərin yaratdığı hansısa şəxslə və ya nəsnə ilə bağlı olan tabu;
  • 2) Ötürülən və birbaşa olmayan tabu, bu tabu ya sonradan qazanılır, ya da kahin tərəfindən ötürülür;
  • 3) Birinci iki növlü tabunun arasında yerləşən tabu.
 Tabu özündə qadağaları əks elətdirirdi və qadağaları pozmaq da cəza ilə sonlanırdı. Buna görə də cəza sisteminin yaranmasının əsas səbəbi olaraq tabu göstərilir. 
Freyd tabunun sayrışan hallar nevrozu ilə oxşar olduğunu qeyd edir və uyğun məqamları göstərir:
1)motivi olmayan qadağalar;
2)qadağaların daxili məcburiyyət yolu ilə təsdiqi;
3)qadağaların qadğan olunmuş obyektdən başlayaraq genişlənməsi və yoluxucu olması;
4)qadağalardan qurtarmaq istəyən adamlar seremonial mərasim keçirməli olurlar və bunu eləyəndə qadağalardan çıxan hökmlərin təsiri altında olurlar.
Tabunu pozan adamın keçirdiyi həyəcan və qorxu sayrışan hallar nevrozundan əziyyət çəkən adamın keçirdiyi həyəcan və qorxu ilə çox bənzəyir. Məsələn, bizim tabulardan biri – süpürgəyə toxunmaqdır. İnanca görə süpürgəyə toxunan şəxs şərə düşəcək. Süpürgəyə istəmədən toxunan şəxs 3 dəfə süpürgəyə tüpürməlidir ki, şərə düşməsin. Amma əgər belə bir şansı olmasa və ya süpürgəyə tüpürsə belə bütün gün onun beynində şərə düşmək fırlanacaq və adi bir səhv başa düşmə hadisəsi belə onda şərlənmək təsiri oyadacaq. Sayrışan hallar nevrozundan əziyyət çəkən insan da hansısa bir travma əsasında atasına və ya anasına olan qorxusunu və hər hansı bir travmasını bir əşya və ya qida üzərinə köçürür və onu uğursuzluq mənbəyi elan edərək uzaq qaçır. Məsələn, bir kişi inanır ki, əgər hər həftəsonu anasının qəbrini ziyarət etməsə anası onun yuxusuna gəlib onu cəzalandıracaq. Bu fikir o qədər dərinə işləyib ki, hər hansısa bir qəza nəticəsində anasının qəbrini ziyarət etməsə, gecə yuxusunda anasının kabusu ona əziyyət verir. 
Eyni zamanda Freyd istər tabunun, istərsə də sayrışan halların sıxılmış  həzzin şüuraltında yaratdığı əkslikdən törədiyini düşünür. Əslində insan qadağanı şüuraltı həzz və ya istək hallarına qarşı qoymaq üçün yaradır. Ən çox istədiyini özünə qadağan edir. 
Amma bir fərqi unutmaz olmaz: Nevroz xəstəlik, tabu isə sosial hadisədir. 
 3-cü məqalə “Animizm, magiya və düşüncənin qüdrəti” adlanır. Burda insanların ruhlara dərin inam və hörmət bəsləməsindən və eyni zamanda qorxmasından bəhs olunur. İnsanların izah edə bilmədikləri bir çox şeyləri magiya və ya düşüncənin gücü ilə izah edirdilər. Burada əsas diqqətimi çəkən bir insanın başqa bir insanı öldürdüyü silaha göstərdiyi münasibət oldu. İnanca görə silaha yaxşə müenasibət göstərsən, onda tez sağalarsan, ruhun xilas olar və s. Qeydə alınmış bir məlumata görə bir qadın tarlada işləyərkən ayağı taxtanın üstündəki mismara batanda qızını məcbur edir ki, yarasına əl vurmasın və məlhəmi hmin mismara vursun. Nəticədə 2 gündən sonra yarası çirk verib onu öldürür. 
 Sonuncu məqalə isə “Totemin infantil qayıdışı” adlanır.  Burada Freyd Totemizmin köklərinə gedərək, tədqiqatçıların da fikirlərini də əsas götürərək totemin başlanğıcının atanın hakimiyyətini qısqanan qardaşların atanı öldürməsi ilə əlaqələndiyini göstərir. Öz qəbiləsində rəqib istəmədiyi üçün qəbilədən kişiləri qovan ata, sonunda oğlanlarının qəzəbinə tuş gəlir. Həm atasının qadınlarına, həm də hakimiyyətə sahib olma istəyi qardaşların birləşib atanı öldürməsi ilə nəticələnir. Lakin qardaşlar bundan rahatlıq tapmır və böyük günah işlətdiklərini anlayaraq bu günahı təmizləmək üçün atalarını totem olaraq yaradırlar. Qardaşlıq sözü də burdan yaranır, zaman zaman mövcud olan sistemə və ya dinə baş qaldıranlar qardaşlıq adı altında birləşirlər. Totemizmin Edip komleksinə oxşarlığını görə bilərik, ya da elə totemizm Edip kompleksinin yaranmasına səbəb olub. 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)