Edebiyyat.az » Təqdimat » Rövşən Yerfi - Rafiq haqqında yadımda qalanlardan...

Rövşən Yerfi - Rafiq haqqında yadımda qalanlardan...

Rövşən Yerfi - Rafiq haqqında yadımda qalanlardan...
Təqdimat
admin
Müəllif:
22:09, 18 noyabr 2021
1 583
0
Rövşən Yerfi - Rafiq haqqında yadımda qalanlardan...




 O günlərdən, onu son dəfə görməyimdən on ildən çox vaxt keçib. Hərdən dünən olubmuş kimi inanmağım gəlmir illərin ötməsinə. Zaman dəyişsə də, düşüncəmdə Rafiq Tağı necə vardısa, elə də qalıb. Sanki, zamanın Rafiqə dəxli yoxdur, O, zamandan ucadadır. Dünyasını dəyişmiş bütün sevdiklərim sayaq həmişə mənə elə gəlir ki, nə vaxtsa yenə onunla görüşəcəyəm. Qulağımda, yaddaşımda qalan özünəməxsus səsini, diksiyasını, gülüşünü eşidəcəyəm. Yenə nəyisə müzakirə edəcəyik, mübahisəyə girişəcəyik, axırda məndən böyüklüyünü və səmimiliyini nəzərə alıb fikirləri ilə qismən razılaşacağam.
Çox xoşlayırdım Rafiqlə saatlarla söhbət etməyi. Məndən onbeş yaş böyük olsa da, münasibətində böyük yaş fərqini hiss etməzdim. Heç vaxt özünü çəkib yüksək tutmazdı, yaşıdı kimi zarafatlaşardı. Bildiyini əsirgəməzdi, bacardığı köməyi etməyə çalışardı, tənqidə açıq idi. Riyakarlığa nifrəti vardı, kimsədən çəkinməzdi, nə qüsuru varsa, adamın üzünə deyərdi: sən busan! Ona görə də, hər yeni nəsə yazanda çox istəyərdim ki, o, oxusun, tənqid etsin, zəif olan yerləri gizləməyib açıq desin. Bilirdim ki, onun tənqidi qərəzli deyil, duyduğunu, düşündüyünü deyir, 
Əksinə, tənqid olmayanda, “pis deyil” sözü ilə kifayətlənəndə pərt olurdum, deyirdim ki, “Rafiq, demək yaxşı yazmamışam, xətrimə dəyməməsi üçün yola verirsən.”
İndiki “İçərişəhər” metro stansiyası ətrafında, Sahil, Nərimanov bağlarında bir- neçə dəfə görüşmüşdük. Əvvəlcə ev telefonu ilə, 2003-dən sonra mobil telefonla tez-tez danışar hal-əhval tutardıq. Nəhayət, 2010-nun payızından feysbuk ilə də, ünsiyyət qurmuşduq. Fb-də Rafiqin ona aid hər şərhə, təbrikə diqqət ayırması, cavablaması məni heyrətləndirirdi. Olduqca nəzakətli və mədəni idi. Təəssüf ki, ən az münasibətimiz elə feysbukda oldu. Hər ikimiz profil səhifəsi açıb fb-də bir-birimizi izləməyimizin bir ili tamam olacaqdı, qatillər imkan vermədilər, onu cərgəmizdən, aramızdan apardılar...
Fb-də yazışmalarımızın bir neçəsiinin şəklini çəkib əziz xatirə kimi saxlamışam:

22/11/2010 22:33 Rovshen Yerfi Rafiq, qədəmlərin uğurlu, səhifən mübarək ! 
(Mən sentyabrdan, Rafiq isə noyabrdan Fb-yə qoşulmuşdu, bu münasibətlə yazmışdım.)
20/12/2010 18:34 Rovshen Yerfi Litparad: Arxasında müxtəlif niyyətlər gizlənən “ədəbi şou
20/12/2010 19:16 Rafiq Tağı Yazını oxudum. Düzgün fikirdir. İstənilən müsabiqə tam obyektiv keçirilməyəndə, mənasız bir oyuna çevrilir.
10/09/2011 23:23 Rovshen Yerfi Rafiq salam.Kultazda "Ağılsızlar.." hekayəmə baxmısan? Etiraf edirəm ki,belə yazılarm sənin hekayələrindən sonra "cücərməyə" başlayıb...
11/09/2011 11:33 Rafiq Tağı Rövşən bəy, salam. "Ağılsızlar"ı və "Öncə türk..."ü oxudum. Sizə bir daha uğurlar diləyirəm. Oğlunuz necədir? Sağ olun. Var olun.
(O, gəncləri çox sevərdi. Oğlumla toplantıların birində tanış olandan sonra, hər dəfə onu soraqlayardı.) 
11/09/2011 13:27 Rovshen Yerfi Təşəkkürlər !...
16/10/2011 16:12 Rovshen Yerfi Rafiq salam. Uğurlar arzulamağınızdan belə başa düşdüm ki, əvvəlki yazılar uğurlu alınmayıb.Kultaz-dakı "Yaşılımtıl"a da bax. Sizin diqqətiniz mənim üçün qiymətlidir.

Bu, fb-də Rafiqə son ismarışım oldu. Onun dərc edilmiş axrıncı yazılarım barədə qısaca uğurlar diləməyi məni qane etməmişdi. İradlara, tənqidlərə, düzəlişlərə vərdiş olmuşdum. Bu səbəbdən mobil telefonuna zəng vurub bir bazar günü onunla görüşmək istədiyimi dedim. Razılaşdıq ki, boş və xoş bir istirahət günündə görüşək. Heyhat, qismət deyilmiş...

Xəstəxanada yatarkən də, düşünmüşdüm ki, bir az özünə gəlsin, həftənin şənbə günü işdən sonra yanına gedib dəyərəm. O da mümkün olmadı...

Rafiq Tağı haqqında yadımda qalanlar bunlarla bitmir, ömür və zaman imkan verərsə, xatirələrim yenə olacaq. 











Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)