Edebiyyat.az » Təqdimat » İlahə Ucaruh - Finlandiyanın Nuh gəmisi

İlahə Ucaruh - Finlandiyanın Nuh gəmisi

İlahə Ucaruh - Finlandiyanın Nuh gəmisi
Təqdimat
admin
Müəllif:
03:45, 15 yanvar 2022
1 324
0
İlahə Ucaruh - Finlandiyanın Nuh gəmisi

                                           



 

2018 ilin sonunda Helsinkidə “Oodi” adlı yeni kitabxana istifadəyə verildi. Ən son texnologiyalarla və konsepsiyalarla tikilmiş bu kitabxana -- 98 milyon avroya başa gəlibdir. Uzaqdan fotolarını çəkəndə bir qədər təəcübləndim --  kitabxana gəmiyə bənzəyir! Özü də çox, çox qədim bir gəmiyə. Nuhdanqalma gəmiyə. Siz də baxın. Görün, gəmiyə bənzəyir yoxsa yox?


 

 

 

 



Ən son memarlıq abidəsi olan bu binanın gəmiyə oxşaması təsadüfdür? Məncə, yox. Bu  görünüş – mesajdır. Bu görünüş -- qurtuluş mesajıdır. Bütütn dünyaya, bütün insanlara səssiz ötürülən xəbərdir. Car çəkməkdir: bəşəriyyətin fəlakətlərdən qurtulması -- təhsildən, oxumaqdan, bir sözlə – kitabdan, kitabxanadan keçir!   

Avropada sadə zəhmətkeşləri, geniş xalq kütlələrini təhsilə, mütaliəyə yönəltmə mexanizmi – protestantçılığa borcludur. Xristianların müqəddəs İncil kitabı hər bir protestant xalqın öz ana dilində olmalı idi. İncili oxumayanın nigahını kilsə kəsməzdi. Barı ibtidai səviyyədə oxuyub-yazmağı bacarmaq üçün hər kəs öz uşağını məktəbə göndərməyə məcbur olurdu.

Nəticə: Avropada elmi-texniki sıçrayış və incəsənətin sürətlə çiçəklənməsi başlayır. Bilindiyi kimi, mütaliə zamanı beyin hüceyrələri – neyronlar – aktivləşir, artır, zehin imkanları yüksəlir.

XVI əsrdə Mikola Aqrikola adlı bir keşiş, öncə latın hərfləri əsasında fin dili əlifbasını təsis edir. Sonra İncili çevirməyə başlayır. Fin dilinin əlifbası elə o ilk gündən latın qrafikasına söykənili qalıb. 9 aprel Finlandiyada fin dili və Aqrikola Günü kimi qeyd edilir. Hər məhəllədə, hər küçədə o gün dövlət bayrağı qaldırılır.

1917-ci ildə V.Lenin Finlandiyaya müstəqillik bəşx edir, 1918-ci ildə isə Finlandiyada qanlı vətəndaş savaşı başlayır. "Ağlar” (yəni burjuaziya, kapitalistlər), marşal Qustav Mannerheymin başçılığı ilə "qırmızılara” (kommunistlərə) qalib gəlirlər. Bu qələbənin nəticəsi: ölkənin ziyalıları – adətən varlı təbəqənin nümayəndələri – kütləvi məhvə, sürgünə, mühacirətə və ya repressiyalara məruz qalmırlar. Sağ qalmış aydınlar böyük səy və vicdanla vətənlərinin dirçəlməsində, güclü dövlət qurulmasında yaxından iştirak edirlər. İlk dövlət xadimlərindən olan Johan Vilhelm Snellman, məşhur tarixi çağrışında xalqa deyir: "Düşmənlərimizə biz ancaq mədəniyyətlə qalib gələ bilərik!” Bu peyğəmbəranə çağırış və uzaqgörənlik – min göllər ölkəsini, Finlandiyanı, bir rifah ölkəsinə çevirdi. Məktəb sistemi və insan haqları reformlarının ardıcıl gerçəkləşdirilməsi, liberal dəyərlərin, söz və fikir azadlığının dəstəklənməsi, elm, təhsil, həyat və xoşbəxtlik indekslərinə görə Finlandiyanı dünyanın birincilər sırasına qatdı.

Protestantçılıqdan başlayaraq bu ölkədə kitab – mədəni sərvətdir. Nəşriyyatlar, kütləvi informasiya vasitələri günü-gündən inkişaf edir. Yerli ədəbi bomond çiçəklənir. Yazıçılara, tərcüməçilərə dövlət stipendiyaları, qonorarlar, mükafatlar verilir, kitablar ictimayyətdə müzakirə mövzusuna çevrilir. Çeşidli populyar ədəbi, fəlsəfi, mədəni qəzet  və dərgilər – oxucuları fikir yenilikləri ilə tanış edir, oxucu zövqünü formalaşdırırlar. Laureat kitablar bayram ərəfələrində aktiv satılır, müxtəlif poeziya festivalları, kitab yarmarkaları təşkil edilir. Ədəbiyyatın, mütaliənin inkişafı üçün, sevilməsi üçün müxtəlif ədəbi mükafatlar, ədəbi fondlar təsis edilir. Ən böyük ədəbiyyat mükafatı – "Finlandiya” mükafatıdır. Hər il ən yaxşı bədii əsər müsabiqəsi keçirilir. Qalibə 30000 avro mükafat verilir.

Finlandiyada Ədəbiyyat Mübadiləsi adlı dövlət təşkilatı var (qısadılmış adı:   FİLİ). Amacı – Finlandiya ədəbiyyatını dünyada tanıtmaqdır. FİLİ tərcüməçilərə həm maddi yardım, həm də peşəkarlığa dəstək kursları, seminarlar, mühazirələr, yaradıcılıq evləri təşkil edir.

Fin dilinə çevirilən əsərlər mütləq komissiyadan keçirilir. Əhəmiyyətli yazı məhsullarının fin dilinə çevirilməsi  – universitetin tərcümə bölməsini bitirmiş peşəkarlara etibar edilir. A4 formatlı bir səhifənin tərcüməsi ən azı 40 avro olsa da, burada qonorar məbləğini bəyənməyənlər də var. Ağır tərcüməçi işinin layiqincə qiymətləndirilməməsini dilə gətirirlər. Düzənli tərcümə industriyası – fin dilinin ifadə imkanlarını, eləcə də ədəbi-bədii zövqün üfüqlərini, oxucu təxəyülünü və marağını  genişləndirir, dərinləşdirir.

Statistikaya görə, adambaşına mütaliə üzrə finlər dünyada ilk sıralardadırlar. Bununla belə, fəhlə-kəndli sinfi və qatı dindarlar arasında bibliofil (kitabsevər) tapmaq çətindir. Finlandiya təhsil sistemində korrupsiya, rüşvətxorluq, tanışbazlıq kimi xoşagəlməz hallar olmadığından, "qollarını çirmələyib” əməlli-başlı dərs oxumayana, ixtisasa dərindən yiyələnməyənə diplom verilmir. Uşaqlıqdan, gənclikdən başlayaraq yaradılan mütaliə həvəsi  və alışqanlığı – çətin unudulan alışqanlıqdır.


Finlandiyada ən çox satılan kitablar  – səs-küylü bestsellerlər, detektivlər, sevgi romanları və müxtəlif komikslərdir. Tərcümə kitablarını daha çox gənclər oxuyur. Yaşlı nəsl isə – "yerli mala”, öz müəlliflərinə üstünlük verir
lər.

Beynəlxalq mükafat almış müəlliflərin əsərləri böyük marağa səbəb olur. Kitabların qiyməti əsasən 10-50 avro arasında olur. Vaxtaşırı endirim kampaniyaları keçirilir. Bukinist dükanlar da az deyil. Şəhər kitabxanalarında xüsusi qutu və rəflər olur. Gərək olmayan kitabları vətəndaşlar evlərindən gətirib oraya qoyur. İstəyənlər də özünə götürür. Ümumiyyətlə, istifadə edilmiş əşyaların əhali arasında pulsuz dövriyyəsi və ya çox ucuz qiymətə satışı – həyat tərzidir. Bu  – "dünyanı yaxşılaşdırmaq” jestidir. İsrafçılığa və təbii sərvətlərin tükədilməsinə bir növ etirazdır.

Finlandiyalılar ədəbi, fəlsəfi, elmi, sosial, siyasi internet bloqlar və forumlarda fəaldırlar. Finlandiyanın Yazarlar Birliyi də var, hərdən bu təşkilata iradlar da tutulur. Alternativ yaradıcılıq birlikləri də mövcuddur.

İnternet əsri olsa da, ənənəvi kitabxanalar – kitab məbədləri – yenə də populyardır. Burada balaca uşaqlara nağıl saatları təşkil edirlər. Nağılları kitabxana işçiləri oxuyur, hərdən kuklalardan, oyuncaqlardan da istifadə edirlər. Yazarlarla vaxtaşırı görüşlər, musiqili gecələr keçirilir. Yaşlılar üçün kitabxanada pulsuz kompüter və smart-telefonların istifadəsi kursları da var. Bir dəfə kitabxanada "İt üçün kitab oxu!” məzmunlu elana rast gəlmişdim. Qapalı, utanqac, çəkingən insanları (əsasən uşaqları) başqa canlılarla ünsiyyətə alışdırma, sosiallaşdırma məqsədi daşıyır.

Ayın bəlli günləri və saatlarında xüsusi avtobuslarla — səyyar kitabxanalarla — ölkənin uzaq kəndlərinə, yaşayış məntəqələrinə öncədən sifariş verilmiş kitablar, dvd-lər, cd-lər, audio-məhsullar, hətta musiqi alətləri aparılır.

Finlandiya kitabxanalarında bədii və sənədli filmlər, audiomateriallar, səsli kitablar, musiqi not kitabları və s. verilir. Yağışlı havaya düşənlər, kitabxanadan borc çətir (yağışlıq) götürə bilərlər. Eynəklərini evdə unudanlara oxumaq üçün müxtəlif optik ölçülərdə gözlüklər də borc verilir. Bəzi musiqi alətləri, məsələn, qitaralar da pulsuz kirayə verilir. Səsdən izolyasiya edilmiş otaqlarda çalmaq istəyənlər üçün piano, royal da var.

Rifah dövlətinin yazarları nə haqda yazır? Suominin (Finlandiyanın əsl adı —Suomidir)  bənzərsiz sənət əsərləri yaradılır. Lakin Finlandiya ədəbiyyatı Skandinaviyadan kənarda yaşayanlara  — qaranlıq bir meşədir. 

Finlandiyada bütün ədəbi-fəlsəfi cərəyanlar sıra ilə bir-birini əvəz edib. Belə ki, XIX əsrin romantik ədəbiyyatı öz yerini tənqidi realizmə və tarixə buraxıb. XX əsrin əvvəlindən neoromantizm dövrü başlayıb. Modernizm, öncə isveçdillilərin poeziyasında ortaya çıxıb. (Suominin iki dövlət dili var: suomi dili və isveç dili.) Avropa simvolistləri, ekspressionistləri, imajinistləri və sürrealistləri təsir etmişdi. Avanqard, impressionist şairlərdən Paavo Haavikko, Eeva-Liiza Manner, Mirkka Rekola, Youni İnkkala, Olli Heikkonen, Helena Sinervo və b. adlarını çəkmək olar.

Şairlər suomi dilini yeniləməyə, dilin ritmlərini aşkarlamağa çalışırdılar. XX əsrin 20-ci illərində "Atəşdaşıyanlar” (Tulenkantajat) adlı yenilikçi ədəbi hərəkat yaranır. Onlar sərbəst ölçü, qafiyəsiz şeirə üstünlük verirdilər. "Pəncərələr Avropaya doğru açılmalıdır!” şüarını səsləndirirdilər. Suomi ədəbiyyatını beynəlxalqlaşdırmağa çalışırdılar. Yazıçı Mika Valtari, insanların şəhər həyatını "Böyük illüziya” adlı romanında (1928) göstərməyə çalışıb. Sonralar M.Valtari, tarixi roman janrında yazmağa başlayır. Onun 1945-ci ildə işıq üzü görmüş "Misirli Sinuhe” adlı romanı — iyirmidən çox dilə çevrilib, məşhurlaşıb.

Son 10-20 ildə detektiv romanlar populyarlaşıb. Yazıçı Leena Lehtolainen — detektiv janrının kraliçası sayılır. Zarafatla Finlandiyanın Aqata Kristisi də adlandırılır. Kitabları 20 dilə çevirilib. Bu müəllifin əsas qəhrəmanı — sirli cinayətlərin açılmasıyla məşğul olan istintaqçı-xanım Maria Kalliodur. Başqa bir məşhur yazıçı — İlkka Remes də detektiv ustasıdır, 30-dan çox romanın müəllifidir.

 

Finlandiyadan (Suomidən) uzaqlarda tanınan üç ən məşhur yazıçılar bunlardır:

1. "Mummitrol” silsilə hekayələrin müəllifi Tuve Yansson;

2. Mika Valtari (“Sinuhe” romanı ilə);

3. Arto Paasiliani  — gözlənilməz, təəcübləndirən maraqlı süjetlər, ironik detektiv və triller müəllifi. Onun "Asılmış tülkülər meşəsi”, "Dostlar əhatəsində cazibəli intihar” və s. romanlarının adlarını çəkmək olar. Son illər fin detektivi Britaniyada popularlaşmaqdadır.

Romanlar novella və hekayələrdən daha çox marağa səbəb olur. Milli mentaliteti, fin özəlliklərini göstərən, "bəli — biz, bax, beləyik!” mesajını verən əsərləri fin oxucuları çox sevir. Buna cavab olaraq yazıçılar şəhər və əyalət romanlarına üstünlük verirlərUcqar bölgələrdəki kasıb həyatı, cəmiyyətdəki problemləri qələmə alırlar. Örnək: kənd romanı janrında yazan Petri Tamminen romanlarında kişilərin qəlbindəki dərinlikləri göstərməyə çalışır. Kəndlərin boşaldılması, insanların iş dalınca böyük şəhərlərə köçməsi, epidemiya halını almış depressiya, boşanmalar, bu bəlaların da "xalq çarəsi”ndən — alkoqoldan — aşırı istifadəsi problemi qaldırılır.

Gender mövzusu — qadın-kişi münasibətlərindəki davranış klişelərini möhkəmlətmək üçün deyil. Onlar — nəyin doğru olub-olmadığıını şühbə altına salmaq məqsədi daşıyır. "Soba” ("Uuni”) romanına görə Antti Hürü (Antti Hyry) 2009-cu ildə "Finlandiya” mükafatına layiq görülmüşdü. Romanda sevginin insan həyatındakı yeri, dəyərlər və ləyaqət haqda düşüncələr yer alır.

Müasir fin qadınının daxili aləmini təsvir edən şair və yazarlar Merya Virolainenin, Roza Liksomun, Elina Hirvonenin adlarını çəkmək olar.

2005-ci ildə E.Hirvonenin yazdığı "O unutmasaydı” ("Että hän muistaisi saman”) ilk romanında baş qəhrəmanın – bir qadının - daxili həyəcanları təsvir edilir. Psixiatrik klinikada qalan qardaşı, həmçinin dostu və valideynləri ilə olan mürəkkəb münasibətlərdən söz açılır.

Yazıçı Hannu Raittila maddi mədəniyyətin gündən-günə daha çox virtual mədəniyyətə keçməsi və bunun fin ruhuna, qəlbinə olan təsirindən yazır.

Skandinaviya nuarı — kəskin realistik, qəmgin stilistikaya malik nəsrdir. Amerika nuarı ilə bənzər cəhdləri — qəhrəman və antiqəhrəman arasında sərhədin qeyri-dəqiqliyi, büsbütün xəyalqırıqlığına uğrama, düzxəttli narrativin olmamasıdır. Yəni əsərdə giriş, bağlama, kulminasiya, sonluq və s. fabula ardıcıllığının pozulmasıdır.

Fin nuarına bənzəyən Amerika, Avstraliya və ya İngiltərə yazıçılarının kitabları da burada maraqla qarşılanır. Kədərli, qorxulu əhvalatlara (trillerlərə) böyük marağa səbəb nədir? Yüksək, rahat yaşayış səviyyəsində suomilərin öz əsəblərini bir qədər "qıdıqlamaq”, qıcıqlandırmaq istəyidir.

1870-ci ildə Aleksis Kivinin "Yeddi qardaş” ("Seitsemänveljestä”) romanı ilə başlamış sosial-tənqidi ədəbiyyat, uğurla davam etdirilir. Hannu Raittila, Kari Hotakainen, Tuomas Kürö (Tuomas Kyrö) kimi yazarlar, sadə xalqın canlı danışıq dilinə, dialektinə üstünlük verirlər.

"Finlandiya” və Skandinaviya ölkələri Şurasının ədəbi mükafatlarına layiq görülmüş K. Hotakainenin bir vaxt bestsellerə dönmüş "Səngər küçəsi” ("Juoksuhaudantie”, 2002) romanı  — Helsinki şəhər sakininin həyat yoldaşı ilə barışmaq üçün hansı fəndlərə əl atmasından, qəhrəmanın çətin vəziyyətlərdə də həvəsdən düşməməsindən bəhs edir. Əsər yumor və ironiya ilə zəngindir.

Tuomas Kürönün ”Deyingən” romanı ("Mielensäpahoittaja” 2012) — dul qalmış bir qoca kişinin tənha kənd həyatından, sonra oğlunun ailəsi ilə birgə Helsinkidə yaşamasından, gəlini ilə çətin yola getməsindən və müasir şəhər həyatı ilə ayaqlaşa bilməməsindən bəhs edir. Əsər 2017-ci ildə uğurla ekranlaşdırılıb. (https://e-finland.ru/info/culture/5-luchshih-novyh-finskih-filmov-k-prosmotru-na-rozhdestvo-i-novyj-god/)

2009-cu ildə 82 yaşında vəfat edən məhsuldar yazıçı Veikko Huovinenin "Stalinin doğum günü” hekayəsi — sovetlər ölkəsində repressiya düşərgələrindən birində məhbusların Stalinin doğum gününü Bakı paxlavası ilə qeyd etməsi haqdadır. Müəllifin hekayələr toplusu elə "Bakulainen pahlava” adı ilə də işıq üzü görüb. (Bu kitaba qonaq getdiyim bir evdə rast gəlib bir az təəcüblənmişdim.)

Fantastika janrından örnəklər:

1. Müasir fin ədəbiyyatında önəmli yeri olan şair, filosof, ədəbiyyatşünas və jurnalist Antti Salminenin "Lomonosovun motoru” («Lomonosovin moottori», 2014) elmi-fantastik əsəri.

2. "Qrinviç istiqamətinə doğru 14 düyün sürətilə” ("14 solmua Greenwichiin”, 2008) romanın müəllifi Olli Yalonen (Olli Jalonen).

3. Reallıqdan uzaq mövzularda yazanlardan biri də Leena Krundur.

4. Hannu Rayaniemi (Hannu Rajaniemi) öz elmi fantastikasını ancaq ingiliscə yazır. Fantastikaya həsr olunan jurnallardan bəziləri: "Tähtivaeltaja” ("Səmagəzənlər”) və "Portti” ("Darvaza”).

Finlərin vaxtaşırı tarixi romanlara üz tutması - milli refleksiyanın davamıdır. Väinö Linnanın "Naməlum əsgər” tarixi romanı ("Tuntematon sotilas”, 2004) —1941-ci ildə fin əsgərlərinin Sovet ittifağına qarşı almanlar tərəfində döyüşmələrini təsvir edir.

Yoel Lehtonenin "Putkinotko” ("Boru dərəsi”) romanı milli özünütənqiddir. Belə ki, müəllif, 1918-ci il vətəndaş müharibəsinin köklərini araşdırır. O kökləri kasıblıq və ictimai ədalətsizlikdə görür.

Sofi Oksanenin məşhur "Təmizlənmə” ("Puhdistus”, 2008) romanı yüksək dəyərləndirilərək "Finlandia” mükafatına layiq görülüb. Bir çox dilə çevrilib. Türkiyyədə bu roman "Araf” adı ilə işıq üzü görüb. Romanda Estoniyanın sovetləşməsi zamanı insanların ruhuna, bədəninə və vətəninə qarşı törədilən zorakılıqdan danışılır.

Başqa tarixi yazarlardan: Jari Tervo, Asko Salberq, Leena Lander, Çel Vestö və b. adlarını çəkmək olar.

Romantik yazıçı kimi başlayan Volter Kilpi 30-cu illərdən sonra fin adalarındakı özünəməxsus həyatı realistik üsullarla təsvir edib. "Alastalo zalında” (1933 il) romanında hadisələrin inkişafı aşırı dərəcədə yavaş-yavaş getdiyinə, detallara çox böyük diqqət yetirildiyinə, cümlələrin olduqca uzun quraşdırıldığına görə Kilpi - Finlandiyanın Ceyms Coysu adlandırılır.

1939-cu ildə ədəbiyyat üzrə Nobel mükafatını qazanmış yeganə Finlandiya yazıçısı Emil Sillanpäädir. Müəllifin ən parlaq əsəri "Cavan ölən qız” ("Nuorena nukkunut”) romanı sayılır. E.Sillanpəəyə verilən Nobel qızıl medalını 1939-1940 il Qış müharibəsi zamanı Finlandiyanın hərbi müdafiəsi naminə dövlətə bağışlamışdı.

Adi həyat təsvirlərindən və ya problemlərindən uzaqlaşmaq istəyənlər  — memuarlar, incəsənət, elm adamlarının, tarixi şəxsiyyətlərin həyat və yaradıcılığı haqda kitablar oxuya bilərlər. Bioqrafik əsərlərə Finlandiya yazarları çox müraciət edir. Sənədli əsər janrı üzrə "Finlandiya” ədəbi mükafatını qazanmışlardan bəziləri: Hannu Mäkilänin böyük fin şairi Eyno Leino haqda "Usta” romanı (”Mestari”1995); Pentti Holapp "Dost portreti” ("Ystävän muotokuva”, 1998); Pirkko Saisio "Ayrılığın qırmızı kitabı” ("Punainen erokirja”, 2003); Helena Sinervo "Şairin evində” ("Runoilijan talossa”, 2004); Hannu Väisänen "İkinci ayaqqabı” ("Toiset kengät”, 2007).

Finlandiya öz vətəndaşlarını çox kiçik yaşlarından kitaba, mütaliəyə alışdırmağa çalışır. Örnəyin, yeni doğulmuş körpələr üçün dövlət tərəfindən analara göndərilən hədiyyə qutularına uşaq pal-paltarından və lazımi əşyalardan əlavə, kitabçalar da qoyulur. Məqsəd - körpələrə uyğun şeir, laylalar və s. oxunmasının təbliği və təmin edilməsidir.

Finlandiyanın uşaq ədəbiyyatı — ayrıca bir mövzudur. Olduqca zəngindir uşaq ədəbiyyatı var. Örnək: Hannu Mäkelä: 100-dən artıq kitab, həm nəsr, həm də 25 şeir kitabının, bir çox pyes, ssenari müəllifi uşaqlar üçün 40 kitab hazırlayıb.

Türkiyə türkcəsinə çevrilmiş uşaq ədəbiyyatı nümunələri: Timo Parvela "Ella. Kahkaha fırtınası”, "Ella ve arkadaşları”; Sinika Nopola və Tiina Nopola "Repçi Risto” (Türkiyyədə adı "Uyanık Ricky”) və b.

Finlandiyada isveç və saam dillərində də əsərlər yaradılır. Fin ədəbiyyatı ən çox alman, rus, isveç, danimarka, norvej və eston dillərinə çevirilir. Elizabeth Strouthun "Adım Lüsi Bartondur” romanını fin dilinə tərcümə edən Kristiina Rikmani — Jarl Helleman adına mükafata laiq görülüb.

Finlandiya yazıçılar birliyinin üzvlüyündə təqrivən 773 yazıçı var. Başqa ədəbi ittifaqlarda və sərbəst yazarların sayı da yüzlərlədir. 

Son illərin "Finlandia” mükafatının qalibləri bunlardlr:

2021-ci ildə: Jukka Viikilä  ”Səmavi qəbul”  romanı (”Taivaallinen vastaanotto”);

2020-ci ildə: Anni Kytömäki ”Marqarita” (roman);

2019-cu ildə: Pajtim Statovci "Bolla” romanı. Keçmiş Yuqoslaviya əsilli bu yazar, 1990 ildə doğulub. "Finlandia” mükafatını alan ilk ən gənc yazardır. Müəllif, "Tirananın ürəyi” ("Tiranan sydän”) romanı ilə ABŞ-nın nüfuzlu National Book Award mükafatı uğrunda tərcümə ədəbiyyatı nominasiyası üzrə beş finalçı namizədlərdən biri olmuşdur. İndiyədək Finlandiyanın heç bir başqa yazarı bu mükafata doğru bundan daha yüksək məqama yülsəlməyib.

2018-ci ildə: Olli Yalonen "Səma topu” (Olli Jalonen "Taivaanpallo”);

2017: Juha Hurme "Yarımada” (Juha Hurme "Niemi”);

2016: Yukka Viikilə "Engelin şəhərindən akvarellər” (Jukka Viikilä ”Akvarelleja Engelin kaupungista”);

2015: Laura Lİndstedt "Oneiron. Ölümdən sonrakı saniyyələr haqda fantaziya” (Laura Lindstedt "Oneiron. Fantasia kuoleman jälkeisestä sekunneista”);

2014: Jussi Valtonen "Onlar nə etdiklərini bilmirlər” (Jussi Valtonen "He eivät tiedä mitä tekevät”);

2013: Riikka Pelo "Gündəlik həyatımız” (Riikka Pelo "Jokapäiväinen elämämme”); 2012: Ulla-Leena Lunberq "Buz” (Ulla-Leena Lundberg "Jää”);

2011: Rosa Liksom "6 nömrəli kayuta” (Rosa Liksom ”Hytti nro 6”);

2010: Mikko Rimminen "Nenäpäivä” (”Burun günü”).


 

                              

 

 

 

 

 

 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)